Azərbaycan mətbuatının 84 illik “Vışka” səhifəsi  

 

 Hər qəzeti mətbuat tarixi kitabımızın bir cildi hesab etsək, o zaman onun ən qalın cildlərindən birinin adı da “Vışka” ictimai-siyasi qəzeti olar. Fəaliyyət göstərdiyi 84 il ərzində qəzetin səhifələrində Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, xüsusi ilə neft tarixini əks etdirən maraqlı yazılar dərc edilib.

Bir mətbuat orqanı üçün 84 il az müddət deyil. Həm də nəzərə alsaq ki, bu illər ərzində Azərbaycanda siyasi, ictimai, iqtisadi, sosial vəziyyət həmişə eyni olmayıb. Ancaq heç nəyə baxmayaraq, “Vışka” fəaliyyətini davam etdirib. “Vışka”çılar onu yarıyolda buraxmayıb, bu qəzetin yaşaması üçün əllərindən gələni əsirgəməyiblər. “Vışka”nın baş redaktoru Mədinə Həsənova da bu qəzetin uzunömürlülüyünün səbəbini belə izah edir: “Deyə bilərəm ki, bizim qəzetimiz xoşbəxt ulduz altında dünyaya gəlib. Onun bəxti gətirib ki, qurucuları, rəhbərlərı, işçiləri, hətta oxucuları belə “Vışka”nın 84 il yaşamasına kömək ediblər”.

Azərbaycanın xoş günlərində də, çətin dönəmlərində də “Vışka” oxucularının yanında olub. Müxtəlif illərdə bu qəzetin səhifərində dərc olunmuş bir çox oçerklər, reportajlar, məqalələr və şeirlər öz aktuallığını bu gün də itirməyib. Mədinə Həsənova buna əmindir ki, zaman-zaman “Vışka”nın səhifələrində yer verilən müxtəlif məzmunlu – təhsilə, mədəniyyətə, incəsənətə, siyasətə, ən çox da neft tarixinə dair yazılar Azərbaycanın son 84 illik tarixi barədə oxucularda dolğun təsəvvür yarada bilir.

 

MƏTBUATIMIZDA YENİ AD – “VIŞKA”

 

 ...Hər şey 1927-ci ilin mayında başladı. “Bakinskiy raboçiy” qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına  ehtiyac var. Tezliklə bu istiqamətdə işlər görüldü, yeni qəzetin nəşrinə hazırlıqlara başlanıldı. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin  11 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı.

Yeni qəzeti necə adlandırmaq barədə çox düşündülər. Mətbuat orqanı  oxucularına ilk sözü öz adı ilə deməlidir. Adı onun qayəsini, istiqamətini, məqsədini əks etdirməlidir. Oxuculara təqdim olunacaq qəzet ilk növbədə neft-qaz sənayesini, bu sahədə çalışan insanların həyatını, arzularını, problemlərini  işıqlandırmalı idi. Ona veriləcək ad da bunlara uyğun olmalı idi. Müxtəlif təkliflər söylənildi: “Jelonka”, “Qazmaçı”, “Neft üçün”, “Vışka”... Bunların hər biri məqsədə müvafiq, Azərbaycanın zəngin təbii yeraltı sərvətləri, “qara qızıl”ı ilə bağlı idi. Müzakirələr, məsləhətməşələr aparıldı. Sonunda “Vışka” adının üzərində dayandılar.

Redaksiya heyəti 10 nəfərdən ibarət idi. Qəzetin iki redaktoru: Mixail Lifşits Baris Barxaşov, Bakı Sovetindən Frenkin, Kooperasiyadan Piterski, Həmkarlar İttifaqından Qutin... Redaksiya heyətinin çox hissəsi isə fəhlə-müxbirlərdən ibarət idi. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.

1928-ci ilin 1 mart səhəri “Vışka” adlı qəzet köşklərdə göründü. 15 min tirajla işıq üzü görən yeni qəzetin ilk sayı mətbəə rəngi qurumamış əllərdə gəzdi. Qəzetin ikinci sayı 20 min, üçüncü sayı isə 25 min tirajla oxuculara təqdim olundu. 1929-cu ildə artıq “Vışka” 45 min tirajla çıxarılırdı.

 

QƏZET NƏDƏN YAZIRDI...

 

İlk saylarından qəzetin mövzu dairəsi geniş idi. “Vışka” öz oxucularına istər ölkə daxilində, istərsə xaricdə baş verən ən yeni, mühüm xəbərləri çatdırırdı. Onun səhifələrində məhkəmə xronikası da verilir, sosial həyatdakı çatışmazlıqlar da qeyd olunur, problemlər tənqid, müsbət cəhətlər nümunə kimi göstərilərək təbliğ edilirdi. Amma əlbəttə ki, “Vışka” bir mətbuat orqanı kimi üzərinə götürdüyü vəzifəyə uyğun olaraq ilk növbədə neft-qaz sənayesinin keçmişini, o illərini gələcəyini əks etdirən yazılara üstünlük verirdi. Fəaliyyətinin başlanğıcından qəzet çalışırdı ki, Baki fəhlələrinə, xüsusilə neftçilərə “Qara qızıl” adlanan sərvətin dəyərini, Vətənin xilası üçün onun qədər əhəmiyyətli olduğunu izah etsin.

“Vışka” yalnız gündəlik həmsöhbət, xəbərlər verən qəzet deyil, həm öz oxucularına köməkçi olmaq istəyirdi demək olar ki, buna nail ola bilirdi. Bütün bunlar “Vışka”çıların daim yenilik axtarışları, yorulmaz əməyi, səyi nəticəsində reallaşırdı. Qəzetin əməkdaşları neft-qaz sənayesi müəssisələrindən hazırladıqları materialları dərc etdirməklə işlərini bitmiş hesab etmirdilər. Bu fəhlə qəzetinin fəaliyyətinə neftçilər arasında müəyyən təbliğat, maarifləndirmə aparmaq da daxil idi.  Neft müəssisələrində çalışan fəhlələrin fəallığını artırmaq üçün “Vışka”nın yaradıcı heyəti toplantılar keçirir, qəzetin oxucularının bütün suallarına cavab verən məlumat bürosu yaradırdılar.

Jurnalist peşəkarlığı ilə hazırlanan materiallar “Vışka”nın səhifələrində qəzetçilik məharəti ilə yerləşdirilirdi. Qəzetin rəhbərləri əməkdaşları öz oxucularını yormamaq, usandırmamaq üçün daim yeni ideyalar, rubrikalar düşünürdülər. “Vışka”nın iki səhifəsi hekayələr, elmi-texniki yeniliklər, müxtəlif xəbərlər, müsabiqələrin keçirilməsinə ayrılırdı.

 

“VIŞKA” ƏMƏK CƏBHƏSİNDƏ...

 

Sovet  hakimiyyəti illərində Azərbaycan neft-qaz sənayesi ilə, bu sahədə çalışan insanlarla bir addımlayırdı “Vışka” qəzeti. 1930-cu ilin əvvəllərində Bakı fəhlələri beşillik planı yerinə yetirmək uğrunda yarışırdılar. Beş illik planın qısa müddətdə yerinə yetirilməsi üçün neftçilər üzərlərinə düşəndən qat-qat artıq işlər görürdülər. “Vışka”çılar isə, demək olar ki, daim onların yanlarında idilər. “Vışka”nın müxbirləri tez-tez zavodlarda olurdular. Redaksiya səfərlər təşkil edir, reydlər keçirirdi.

1931-ci ilin 1 aprelində neftçilər beş illik planı iki il yarıma yerinə yetirdikləri barədə raport verdilər. “Vışka” bu xəbəri böyük ruh yüksəkliyi ilə oxuculara çatdırdı. O illərdə təkcə Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında da fəhlə qəzetləri buraxılırdı. Onlar da “Vışka”nın səsinə səs verir, bütün dünyaya Azərbaycan əməkçilərinin qəhrəmanlıqları haqqında xəbərlər yayırdılar. Hətta xarici ölkələrin qəzetləri bu xəbərə biganə qalmırdılar. Almaniyadan “Vışka”ya belə bir teleqram gəlmişdi: “Sizin qələbəniz bizi böyük yüksəlişə ruhlandırır”.

1931-ci ilin avqustunda Bakı fəhlələrinin yarışına “Qırmızı Əmək Bayrağı” ordeni ilə nöqtə qoyuldu. Onların qazandıqları uğurda “Vışka”çıların da əməyi var idi.

“Vışka” bir sıra təşəbbüslərlə çıxış edirdi. Qəzetin təşəbbüsü ilə Bakı fəhlələri ilə Donbas mədənçiləri yarışırdılar. 1933-cü il martın sonunda fəhlələrdən ibarət heyətlə “Vışka” qəzetinin bir qrup əməkdaşı Donbas şaxtaçılarının görüşünə getdilər. Bir müddət sonra “Koçeqarka” qəzetinin rəhbəri Nikolay  İzotov “Vışka” qəzetinin yubileyində iştirak etmək üçün Bakıya gəldi.

Sovet hakimiyyəti dövründə böyük əhəmiyyət verilən növbəti beşilliklərdə Azərbaycan neftçiləri gərgin çalışırdılar. Beşilliklər Sovet Azərbaycanına mükafatlar, tərifnamələr gətirirdi. “Vışka” qəzetinin əməkdaşları da bu yarışmalarda müxtəlif janrlarda qələmə aldıqları yazıları ilə iştirak edirdilər.

1937-ci ildən 1938-ci ilədək “Vışka”nın redaktoru təcrübəli “Vışka” elmi işçi, görkəmli siyasi xadim A.Qindin oldu.

1939-cu ilin martında “Vışka” qəzetini “Bakinskiy raboçiy” qəzeti ilə birləşdirdilər. Bir il sonra – 1940-cı ilin 1 fevralında “Vışka” qəzeti yenidən müstəqil nəşr olunmağa başladı qəzet 40 min tirajla işıq üzü gördü.

 

MÜHARİBƏ İLLƏRİNİN “VIŞKA”SI

 

1941-ci ilin 22 iyununda Böyük Vətən Müharibəsi başladı. “Vışka” qəzetinin çox əməkdaşı öz geyimlərini hərbi formaya dəyişdilər. “Vışka”çılar müharibənin davam etdiyi ağır günlərində nəşr etdikləri qəzetin hava kimi, su kimi döyüşçülərə lazım olduğunu düşünür, daha böyük əzmkarlıqla çalışırdılar. Mədinə Həsənova “Vışka”nın o illərindən danışır: “1418-ci ildə davam edən müharibə günlərində “Vışka” qəzeti öz oxucularından ayrılmadı. Digər mətbuat orqanlarımız kimi onun da üzərinə mühün vəzifələr düşürdü. Böyük qələbəyə ümidlər yaradılmalı idi. “Vışka” əməkdaşlarının bir çoxu hərbi geyimdə idilər. Qəzetin redaksiyasında isə gərgin gedir, yeni rubrikalar yaradılır, həmin rubrikalarda dərc olunan yazılarda böyük vətənpərvərlik hissləri əks olunurdu”.

Əmək cəbhəsində “Vışka” qəzeti bir mətbuat orqanı kimi ön sıralarda idi. O illərin çağırış şüarı bu idi: “Hər şey cəbhə üçün, hər şey düşmən üzərində qələbə üçün!”. “Vışka” da bu şüarı öz qayəsinə çevirmişdi. Müharibənin ilk ilinin bir neçə ayı ərzində qəzetin səhifəsində 20-yə yaxın neft briqadasının necə işlədiyindən bəhs olunan məqalələr verildi. O dövrdə Bakı neftçiləri əsl qəhrəmanlıqlar göstərirdilər. İşçi qüvvəsi azalmış, bir çoxları cəbhəyə yollanmışdı. Buna baxmayaraq, Azərbaycan neft sənayesində işlər ləngimirdi. Yeni neft quyuları qazılır, buruqlar qurulurdu.

 

 

(Ardı var)

 

Zöhrə FƏRƏCOVA

 

525-ci qəzet.- 2012.- 29 iyun.- S.6.