Elçinlə ədəbiyyat söhbəti Akademiyada müzakirə edildi  

 

İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Elçinlə ədəbiyyat söhbəti. Yaşarın Xalq yazıçısı Elçin ilə müsahibəsi” kitabının müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli qeyd etdi ki, digər böyük şair və yazıçılarımız kimi Elçin də ədəbiyyatın söhbəti, sözü deyil, elə özüdür: “Antuan de Sent Ekzuperi deyirdi ki, su nəinki həyat üçün zəruridir, su həyatın özüdür. Bu yozumda Elçin də ədəbiyyatın özüdür. Yəni necə ki, həyatı susuz təsəvvür etmək olmaz, Azərbaycan ədəbiyyatını da Elçinsiz, o cümlədən bizim başqa böyük sənətkarlarımız olmadan təsəvvür etmək çətindir. Ona görə də zənnimcə müzakirə etdiyimiz kitabın adı Elçinlə ədəbiyyat söhbəti deyil, Elçinlə ədəbiyyatın vəhdəti olsaydı, daha doğru olardı”.

T.Kərimli geniş məruzə üçün sözü filologiya elmləri doktoru Şirindil Alışanlıya verdi. Ş.Alışanlı hər xalqın sənətkarı haqqında formalaşmış obrazı olduğunu vurğuladı: “Xalqın Mirzə Cəlil, Səməd  Vurğun, Xəlil Rza obrazı olduğu kimi Elçin, Anar, Əkrəm Əylisli obrazı da var. Müasir ədəbi fikrimizin Elçin obrazı onu müəyyən edən mənəvi, ictimai, estetik daşıyıcıları ilə inkişafda yaranıb. Bu obrazlar silsiləsində Elçinin yerini onun yarım əsrə yaxın zəngin yaradıcılıq yolu fərdiləşdirir. Mənim bir yazıçı, ictimai xadim və şəxsiyyət kimi Elçin haqqında təsəvvürlərimi bu gün müzakirə etdiyimiz “Elçinlə ədəbiyyat söhbəti” daha da zənginləşdirdi”. Ş.Alışanlı müzakirəyə təqdim olunan kitabın müsahibə formasında düşünülməsini təqdirəlayiq hesab etdi: “Müsahibənin dolğun alınması, mövzu və mətləblərin vüsəti, zaman və məkan keçidləri bu ədəbiyyat söhbətini canlı və dinamik edib. Elçin özü bu söhbətlərdə deyir ki, mən heç vaxt mövzunu janra görə müəyyən etməmişəm, mövzu özü janrı seçib. Konkret olaraq bu söhbətin janrı uğurlu seçilib, tərəfmüqabillərin yaradıcılıq potensialını üzə çıxarıb”.

Məruzəçi “Elçinlə ədəbiyyat söhbəti”nin ədəbi fikrin həm tarixi, həm də metodoloji məsələlərini əhatə etdiyini, milli və dünya ədəbi fikrinin müasir oxucuya az məlum olan faktlarını ortaya qoyduğunu, yaxud hamıya məlum əsərlərin burada yeni, gözlənilməz mövqedən təhlil olunduğunu bildirərək müzakirə iştirakçılarının diqqətini Elçin müəllimin “dünyada nə qədər yazıçı mövcuddur, o qədər də yaradıcılıq psixologiyası var” fikrinə çəkdi: “Elçin müəllimin mütaliə dairəsinin genişliyi, dünya ədəbi fikrinin ən görkəmli əsərləri ilə yanaşı, bəzi kölgədə qalmış yazıçıların da yaradıcılığına bələdliyi və onlara fərdi yanaşma tərzi, nəzəri və bədii qavrayış vüsəti həsəd doğurur. Əlbəttə, Elçinin böyüdüyü mühit əsl sənət və ədəbiyyat ab-havası ilə yoğrulmuşdu. Lakin bədii istedad Allah vergisidir, gen yaddaşıdır. Bu mühit, təbii istedad və özünün dediyi kimi, sübh çağından yazı stolunun arxasında olması Elçini müasir ədəbi fikrin böyük söz sahibinə çevirib. Bu, az qalır yarım əsrlik yaradıcılığının, vətəndaşlıq mövqeyinin bəhrəsidir. “Elçinlə ədəbiyyat söhbəti”nin hər bölməsində bunu hiss etdim, yüksək intellektinin, fitri istedadının təbii qovşağının şahidi oldum. Ədəbiyyat söhbəti həm də vətəndaşlıq tariximiz, böyük milli dəyərlərimiz, doğma dilimiz haqqında müdrik bir qələm əhlinin mənalı düşüncələridir”. Ş.Alışanlı bildirdi ki, ədəbiyyat söhbətində Elçinin erudisiyası, müasir ədəbi gedişatı bütün istiqamətləri ilə duymaq və ümumiləşdirmək bacarığı hər bir vicdanlı oxucuda fəxarət hissi yaradır. “Elçinlə ədəbiyyat söhbəti”nin janrı bu gün aktual olan ədəbi-ictimai məsələlərin geniş spektrinə nəzər salmaq imkanı verir”, deyən məruzəçi qeyd etdi ki, müsahibəni oxuyanda qoyulan sualların böyük həyat təcrübəsinə malik yazıçını dərindən narahat edən problemlərdən doğulduğunu hiss edirsən: “Bu gün klassik irsə qayıdışda, onun hansı tərəflərinin, hansı ənənələrinin nümunə gətirilməsində anlaşılmaz məqamlar çoxdur. Bu baxımdan, Elçin müəllimin ədəbi irsimizin Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir mərhələlərini səciyyələndirən mülahizələri ilə yekdil olmaqla bədii düşüncənin təkamülündə aparıcı ədəbi şəxsiyyəti şərtləndirən bədii-estetik amillər haqqında mülahizələri, cari ədəbi həyatdakı yanlışlıqları üzə çıxarmaqda metodoloji əsas yaradır”.

Ş.Alışanlının fikrincə, mətbuat və televiziyanı qafiyəpərdazlıq, meyxana meydanına çevirmək, bədii tərəqqidə xüsusi çəkisi və rolu olmayan ədəbi nümunələrin həndəvərində dolanmaq ədəbi tərəqqiyə qətiyyən xidmət etmir, əksinə, ədəbi zövqləri korşaldır, sənət haqqında meyarları müəyyən etməkdə çətinlik çəkən oxucu və dinləyicini əsl ədəbiyyatdan uzaqlaşdırır.

O, müzakirəyə çıxarılan kitabda verilən başqa bir məqama – ədəbiyyatşünaslıq formalaşdıqdan onun əsas qollarından olmuş ədəbiyyatların qarşılıqlı təsir problemlərinə də diqqəti çəkdi: “Qarşılıqlı təsir və əlaqələrin mühüm qollarından biri kimi Elçin müəllimin ədəbiyyatımızın dünya dillərinə, dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı mülahizələrinin arxasında zəngin faktiki materiallar dayanır. Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi ilə bağlı fikirlər, ümumiləşdirmələr bir də ona görə əsaslı, ağlabatandır ki, Elçin müəllim özü də bu proseslərin daimi iştirakçısı olub, onun uğurlarına və sənətkarlıq baxımından problemlərinə yaxından bələddir”. Azərbaycanda bədii tərcümə tarixinə nəzər salan, bu sahədə xidmətləri olan şəxsiyyətlərin əməyini yüksək dəyərləndirən Elçinin müasir ədəbi prosesi, tərcümə işi üçün münbit zəmin olduğu halda böyük yaradıcılıq problemlərinin varlığından danışdığını qeyd edən Ş.Alışanlı fikirlərini gətirdiyi sitatla davam etdirdi: “Elçin yazır: “Bizim tərcümə ədəbiyyatımızın yeni mərhələyə ehtiyacı var. Bir tərəfdən yeni əsərlər tərcümə olunmalıdır,  bir tərəfdən isə 30-40, 50-60-cı illərdə artıq tərcümə olunmuş bir sıra böyük ədəbiyyat nümunələri yenidən tərcümə edilməlidir. Aradan keçən illər ərzində Azərbaycan ədəbi-bədii dili nə qədər inkişaf edib, leksikası zənginləşib, üslub anlayışı estetik bir kateqoriya kimi müəyyənləşib, nə qədər yeni lüğətlər yaranıb, bunlar bir kənarda qala bilməz. Həm də orijinaldan tərcümə kimi problemimiz var”.

Məruzəçi bildirdi ki, Elçin müəllimin müşahidə etdiyi bir məsələ tərcümə sənətini öyrənmək baxımından diqqəti cəlb edir: “Müəllif haqlı olaraq qeyd edir ki, tərcümə etmək daha artıq bir zəhmətkeşlik, səbr tələb edir. Bunun da səbəbi odur ki, orijinal yazanda sən özünü ifadə edirsən, xoşuna gələni yazırsan, gəlməyəni pozursan. Ancaq tərcümədə bu, mümkün deyil. Çünki tərcüməçi başqasının özünüifadəsini oxucuya çatdırır. Elçinin bədii tərcümə haqqında mülahizələri bu sahədəki problemləri də ortaya qoyur. Sabir, Mirzə Cəlil irsini dünyaya çatdırmağın çətin və yeganə yolu onların bədii irsini, onun mahiyyətini, onun konteksini özündə təcəssüm etdirəcək tərcümələri dünyaya çatdırmaqdır”.

Dünya ədəbiyyatı nümunələrinin dilimizə əsasən rus dilindən çevrildiyini xatırladan Ş.Alışanlı bu mərhələnin öz maarifləndirmə missiyasını yerinə yetirdiyini, bu gün hər bir yazıçının mənsub olduğu xalqın dilini, tarixini, bədii estetik görüşlərini, ümumən mədəni aləmini dərindən bilən tərcüməçilər hazırlamağın böyük bir problemə çevrildiyini nəzərə çatdırdı. O, indi nəinki, Avropa dillərinə, heç rus dilinə tərcümə sahəsində də yüksək səviyyəli mütəxəssis olmadığına təəssüfləndi. Məruzəçi bunu da diqqətə çatdırdı ki, Elçin müəlimin müsahibəsində klassik irsi yenidən dəyərləndirməyin nəzəri-metodoloji problemləri barədə fikirləri də bu gün ədəbiyyatşünaslığımızı, eləcə də humanitar fikrimizi məşğul etməli əsas məsələdir.

“Söz azadlığı, demokratik elmi fikir meydanının varlığı məqamında daha mürəkkəb məsələlər ortaya çıxır, vaxtilə formalaşmış sterotipləri yeniləri əvəz edir”, deyən Ş.Alışanlı müzakirədə iştirak edənlərin diqqətini təqdim olunan kitabda verilmiş başqa bir problemə yönəltdi: “Sənətə qiymət verməkdə adlar və titullar, siyasi mənsubiyyət, hakim ideologiyaya qulluq və yarınmaq bədii yaradıcılığın bir sıra tərəflərini kölgədə qoyan meyarlar sistemi yaradıb. Bunların bir çoxu bu gün də yaşayır. Xüsusilə ad almaq, mükafat xəstəliyi, özü haqqında mif yaratmaq ciddi ədəbi tənqidə, ədəbi prosesə qarşı biganəlik yaradır. Elçin müəllim haqlı olaraq yazır: “Yazıçı bədii yaradıcılıq baxımından nə dərəcədə tükənsə, onun özü haqqında mif yaratmaq ehtirası da o qədər artır”.

Biz haqlı olaraq, Sovet hakimiyyəti illərində tariximizin saxtalaşdırıldığından, hakim ideologiyanın tələbi ilə təhrif edildiyindən şikayətlənirik. Bəs bu gün, Azərbaycanın müstəqilliyi dövründə bir çox səhifələri yenidən araşdırılan tariximiz necə yazılır? “Elçinlə ədəbiyyat söhbətində” bu məsələyə də münasibət bildirilir. Ş.Alışanlı dedi: “Vaxtilə qadağan olunmuş mühacirət ədəbiyyatının, yaxud 37-ci ilin qurbanı olmuş sənətkarların dəyərləndirilməsindəki ifratlar Elçin müəllimi haqlı narahat edir və XX əsr ədəbiyyatının yeni tarixinin yazılmasında bu cür ifratlar ciddi psixoloji problem yaradır”. O, qeyd etdi ki, ədəbiyyat tariximizdə hər kəsin – Almas İldırımın da, Əhməd Cavadın da, Səməd Vurğunun da, Rəsul Rzanın da, Süleyman Rüstəmin də öz yeri var. Təhrif etmək, onları bir-birinə qarşı qoymaq lazım deyil və onların hər birini  öz vüsətinə görə, yaradıcılığının tutumuna görə dəyərləndirmək lazımdır: “Elçin müəllim bu tipli problemlərə dünya ədəbiyyatı konteksində nəzər yetirir, buna onun intellekti, mütaliə dairəsi imkan verir”.

Nüfuzlu Nobel mükafatı ilə bağlı Elçin müəllimin maraqlı fikirlərinə diqqəti çəkən məruzəçi söylədi: “Ədəbiyyat söhbətindəki bu mövqe ilə tamamilə razıyam, böyük mükafatlar almaq, hələ yazıçının dahiliyinə tam dəlalət edən amil deyil”.

Ş.Alışanlı janrlar barədə Elçinin fikirlərinin inandırıcılığını onun özündən gətirdiyi sitatla nəzərə çatdırdı: “Elçin yazır: “İnsanın imkanı hansısa həddə tükəndiyi kimi görünür ədəbiyyatda da janrın müəyyən həddi var”. Məruzəçi Elçinin “Dolça” və “Qarabağ şikəstəsi” əsərlərini Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələri sırasında yada saldı. “Elçinlə ədəbiyyat söhbəti”ndə bu hekayələrin yaranma tarixi barədəki mülahizələrin də yazıçı istedadı, imkanları haqqında təsəvvürləri genişləndirdiyini qeyd etməklə yanaşı,  yazıçının yaradıcılığındakı bir sıra cəhətləri vurğuladı: “Abşeron təbiətini də, bu bölgənin adamlarını da Elçin qədər real, cazibədər təsvir edən ikinci yazıçı tanımıram. Şukşin rus şimalını hansı vüsətlə təqdim edirdisə, Elçin də Abşeronu belə bir sənətkarlıqla ədəbiyyata gətirdi”.

Ş.Alışanlı bildirdi ki, ümumiyyətlə, Elçinin 60-cı illərdə qələmə aldığı hekayələrində sadə adamlara, onların mənəvi-əxlaqi dünyasına qayıdış əslində ədəbiyyatın, sözün həqiqi mənada insana qayıdışı idi. Yazıçı ilk hekayələrindən olan “Baladadaşın ilk məhəbbəti” əsəri haqqında yazır: “Baladadaşa qədər bizim ədəbyyatımızdakı Baladadaşlar, onların başlarındakı iri kepkalar yalnız satira obyekti, ironiya predmeti idi. Görünür, bu iri kepkalı Baladadaşın daxili aləmindəki incəlik, romantika oxucu üçün gözlənilməz oldu, Baladadaş koloritini hiss etdi, onun mənəvi dünyasındakı akvereli qiymətləndirdi və bu bölgü güman edirəm ki, mənə imkan verir, deyim, oxucu onu sevdi”. “Elçinlə ədəbiyyat söhbəti”ndə verilən bu fikirləri xatırladan Ş.Alışanlı dedi: “Onunla razılaşırıq ki, Baladadaş Azərbaycan ədəbiyyatında yeni obraz idi. Abşeronun koloritini bu şəkildə real əks etdirən ikinci əsər mən tanımıram”.

Qarabağ mövzusunda Azərbaycanda bir sıra romanların, povestlərin, hekayələrin, hətta elmi əsərlərin yazıldığını nəzərə çatdıran məruzəçi Elçinin “Qarabağ şikəstəsi” hekayəsindən aldığı təəssüratı belə dilə gətirdi: “O kiçik hekayədən aldığım təəssüratı mən böyük romanlardan almamışam”. Ş.Alışanlı onu da bildirdi ki, müharibə nəticəsində evindən, el-obasından didərgin düşənlərin həyatı, düşüncələri o qədər real, inandırıcı bir tərzdə verilib ki, “Qarabağ şikəstəsi”ndə döyüş səhnələri olmasa da faciənin müqayisi barədə oxucuda tam dolğunluğu ilə təsəvvür yaranır.

Ş.Alışanlı müsahibədə qoyulmuş digər problemlər barədə də geniş danışdı. Elçinin bir çox ölkələr kimi, Azərbaycan ədəbiyyatında da mövcud olan ikidillik məsələsinə münasibətini, eləcə də Azərbaycan kinosunun milli mahiyyətinin davam etdirilməməsi barədə mülahizələrini qeyd etdi.

Məruzədən sonra müzakirələrə başlanıldı. Filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova yeni kitab barədə düşüncələrini belə ifadə etdi: “Bu cür kitabların ərsəyə gəlməsi ədəbiyyatımız üçün hədsiz pozitiv qida verir. Bu günki hərc-mərcliyin, çap texnikasının yaratdığı deqredasiya prosesində ədəbiyyat haqqında sağlam təsəvvürlər əldə etmək, ciddi elmi-nəzəri səviyyəli müxtəlif ədəbiyyat məsələlərinə işıq salmaq cəhdi çox önəmlidir”. E.Akimovanın da fikincə, “Elçinlə ədəbiyyat söhbəti” ona görə bu qədər uğurlu alınıb ki, Elçinlə müsahibə aparan yazıçı-jurnalist Yaşarın özünün də mütaliəsi və intelektual səviyyəsi yüksəkdir və o, Azərbaycan ədəbiyyatının istedadlı hekayəçilərindən biridir.

Elçin müəllimin ədəbiyyatımızı yaradıcılıq problemləri konteksində düşünən ziyalılarımızdan olduğunu vurğulayan E.Akimova dedi: “Elçin müəllim daim diqqəti ədəbiyyatımızdakı boşluqlara yönəldir və bu problemlərlə bağlı sözün həqiqi mənasında həyəcan təbili çalır. 1990-ci illərdən başlayaraq Elçin müəllimin bu məqamlara həssaslığı göz önündədir”. E.Akimova Elçin müəllimin milli təəssübkeşlik hissinin yüksək olduğunu vurğuladı: “Müxtəlif məsələlərə münasibət izhar edərkən, dünya ədəbiyyatı ilə bağlı bu və ya digər məqamlara aydınlıq gətirərkən Elçin müəllim milli ədəbiyyatın öz konteksindən çıxış edir. Ona ilk növbədə konkret milli etnik-mədəni sistemin hüdudları daxilində qiymət verməyə çalışır”.

E.Akimova Elçinin öz yaradıcılığı ilə bədii ədəbiyyatımıza gələn gənclərə nümunə olduğunu vurğuladı: “Elçin müəllim 60-cı illərin peşəkar qələm sahibidir və bu günə qədər də çağdaş ədəbiyyatımız haqqında dəqiq, obyektiv, söz demək qüdrətini özündə saxlayır. Şəxsən mənim ədəbiyyat zövqümün və təsəvvürümün formalaşmasında Elçin nəsrinin, Elçin tənqidi yaradıcılığının müstəsna yeri və xidməti var”.

Filologiya elmləri doktoru Sara Osmanlı “Elçinlə ədəbi söhbət”in janr seçimindən geniş söhbət açdı. O, bildirdi ki, bu kitab müsahibə janrında yazılıb, amma kəmiyyət və keyfiyyət baxımından ənənəvi müsahibə səddini aşır, burada müsahibə ədəbi söhbətə çevrilir.

Müzakirələrə qoşulan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Elçin müəllim qədər obyektiv, səmimi az tənqidçimiz olduğunu diqqətə çatdırdı: “Yəqin bunun əsas səbəbi odur ki o, yazıçıdır, özü bilir  yazıçılıq nə deməkdir, əsər necə yaranır. Mən belə hesab edirəm ki, Elçin müəllimin obyektivliyi, səmimiliyi, xeyirxahlığı tənqidimizdən qırmızı xətt kimi keçir”. Q.Paşayev Yaşar müəllimə də təşəkkürünü bildirdi: “Qəzetlərdə, televiziyalarda bəzən naşı, işini bilməyən adamlar müsahibə götürürlər. Belələri ilə söhbətdə hətta layiqli, ləyaqətli, xidməti olan müsahibin də səviyyəsi enir. Yaşar müəllim professional səviyyədə, ədəbiyyat bilicisi, elmi-nəzəri məsələlərə dərindən bələd olan mütəxəssis kimi bu müsahibəni elə qurub, elə suallar hazırlayıb ki, onu əvvəldən-axıradək oxuyursan, ləzzət alırsan, artıq bir şey görmürsən”.

Q.Paşayev Ş.Alışanlının məruzəsindən də çıxış edərək söylədi ki, bəzən elə adamlar qiymətləndirilir, mükafatlar alır, fikirləşirsən: “Ona hansı əsərinə görə bu mükafat verildi?”. Ən mötəbər mükafatlardan olan Nobel mükafatı laureatları arasında da belələri çoxdur. Onların əsərləri nə tanınır, nə də oxunur. Q.Paşayev istedadının, zəhmətsevərliyinin və mütaliəsinin sayəsində Elçin müəllimin bu səviyyəyə yüksəldiyini vurğuladı.

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı tələbəlik illərindən Elçinin hekayələrini böyük maraqla oxuduğunu söylədi: “Mənim ədəbiyyata gəlməyimdə Elçin yaradıcılığının böyük əhəmiyyəti var və onu hər zaman öz müəllimlərimin sırasında görürəm”.

M.Qasımlı “Elçinlə ədəbiyyat söhbəti”ni Yaşar müəllimin professonal səviyyədə, ədəbi-nəzəri və ədəbi həyatı dərindən bilən  mütəxəssis kimi hesablanmış sualları və Elçin müəllimin həyat təcrübəsi, yazıçı təcrübəsi, elmi təcrübəsi sayəsində verdiyi cavabları ilə yüksək dəyərləndirdi. O, qeyd etdi ki, dünya ədəbiyyatına, rus ədəbiyyatına, milli ədəbiyyata, foklorçuluğa, ədəbiyyatın ən müxtəlif dönəmlərinə münasibəti Elçin müəllimin ədəbi-nəzəri baxışlarının bir söhbət kontekstinə yığılmış şəkli də hesab oluna bilər.. M.Qasımlı müzakirə olunan kitab barədə fikirlərinə belə yekun vurdu: “Mən düşünürəm ki, bu, bizim ədəbiyatşünaslarımızın stolüstü kitabı olacaq”.

Filologiya elmləri doktoru Tehran Əlişanoğlu, professor Qurban Bayramov, şair Yusif Həsənbəy və başqaları da müzakirədə iştirak edərək öz fikirlərini bildirdilər. Onlar da “Elçinlə ədəbiyyat söhbəti”ndə Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının bütün problemlərinə toxunulduğunu qeyd etdilər, böyük əhəmiyyəti olan bu kitabın ədəbiyyatımız, ədəbiyyatşünaslığımız üçün əsl töhfə olduğunu diqqətə çatdırdılar.

Müzakirənin sonunda təqdim olunan kitabın ərsəyə gəlməsində xidməti olanlara söz verildi. Xalq yazıçısı, ədəbiyyatşünas, tənqidçi Elçin ədəbiyyatımızın bu günki problemlərindən və qarşıda duran vəzifələrdən söhbət açdı: “Sovet dönəmində söz azadlığının həsrətini çəkdik. O illərdə “Qlavlit” deyilən bədnam bir idarə fəalliyyət göstərirdi. Onun tələbləri, məhdudiyyətləri var idi. “Qlavlit” ədəbiyyat tariximizin qara bir səhifəsi kimi arxada qaldı. Həqiqət bundan ibarətdir ki, söz azaddır. O azadlığın ki, 30 il qabaq xiffətin çəkirdin, indi onun içində ədəbiyyat yaratmalısan. Çünki bu azadlıq səni hər tərəfə – ucuz gülüşə qədər şirinikləndirir. Bunu biz bu günlərdə külli şəkildə ədəbi makulaturada görürük. Kitab mağazalarına girmək kifayətdir ki, vəziyyətin necə olduğunu deyək. Bu azadlıq içində ədəbiyyatın taleyi barədə düşüncələrim üçün şəraiti məhz gördüyünüz bu yazar – Yaşar yaratdı”. Elçin bu kitabda verilmiş müsahibənin əvvəlcə “525-ci qəzet”də, sonra “Azərbaycan” jurnalında çapdan çıxdığını və indi kitab şəklində təqdim olunduğunu qeyd etdi: “Bu müsahibə ilə bağlı mən ikili hisslər keçirdim. O yaxşıdır ki, kiminlə görüşürəm, danışıram xoş sözlər deyir. Amma digər tərəfdən narahatlıq hissi keçirirəm, söhbət bu kitabda mənim dediyim fikirlərin səviyyəsindən yox, ədəbiyyatdan  gedir və biz ədəbiyyat haqqında söhbətin sükutu içindəyik. 1 nəfər, 2 nəfər, 5 nəfər yazır, deyir amma bu mövzuları davam etdirmək, daha professonal, daha artıq, daha maraqlı demək, istədiyimiz səviyyədə deyil. Məndə təəssürat yarandı ki, Azərbaycan gəncliyi, yəni bizim sabahımız, Azərbaycan ədəbiyyatının taleyini həll edəcək adamlar axtarışdadırlar. Bu, mənim xoşuma gəldi. Amma bu axtarışların nəticəsi olan o hekayələr, o povestlər, o romanlar çox təəssüflər olsun ki, hələ istənilən səviyyədə deyil. Ola bilsin ki, bəziləri başqa cür fikirləşsin. İstənilən səviyyədə deyil və mən çox arzulayıram, ədəbiyyatla bağlı istəklərimdən biri budur ki, həmin axtarışlar böyük ədəbi qələbələrə,hadisələrə gətirib çıxarsın. Bir sıra cavanlar var ki, mən onların barəsində “525-ci qəzet”də yazdım”. Elçin müəllim Şərif Ağayarın, Mübariz Cəfərlinin və başqalarının kitabları haqqında yazdığı məqalələri xatırlatdı: “Bütün bunlar bir yerdə yenə məndə o təəssüratı yaratdı ki Azərbaycan gəncliyi özünü  axtarır və bu axtarışlar hara gedib çıxacaq, bu, artıq onların özündən asılıdır. Bu cavanların biri çox, biri az istedadlıdır, amma hamısında çox ciddi problem gördüm ki, onu mütləq həll etməlidirlər. Bu problem də mütaliə problemi, ədəbiyyatın içində olmaq problemidir. Ədəbiyyatın içində olmaq problemi deyəndə mən əgər belə demək mümkündürsə, ədəbi şounu nəzərdə tutmuram. Böyük ədəbiyyatın içində olmaqdan söhbət gedir. Məsələn, mən o mütaliə ehtirasının geniş coğrafiyasını, sərhədlər tanımayan mündərəcatını çox təəssüflər ki, orada görmədim”.

Elçin Sovet vaxtı dəbdə olan bu şüarı – “Yazıçı həyatı öyrənməlidir” şüarını yada saldı. Bunun yazıçının istehsalat prosesinin, pambıq yığımının, və sairənin öyrənilməsi kimi başa düşüldüyünü bildirdi: “Rəhmətlik İlyas Əfəndiyev deyirdi ki, həyatı bu mənada öyrənmək yox, həyatı hiss eləmək lazımdır. Eyni zamanda Sovet dövründə həyatla kitabı qarşı-qarşıya qoymaq təmayülü də var idi və mənə elə gəlir ki, bu tamami ilə yanlış  müqayısədir. Yəni, belə deyirdilər ki, filankəs həyatdan gəlib, filankəs kitabdan. Əgər yazıçının əsərləri ədəbiyyatın böyük estetik meyarlarına cavab verirsə, onun kitabdan, ya həyatdan gəlməsinin heç bir əhəmiyyəti yoxdur, çünki belə bir şey yoxdur. Söhbət yaxşı kitabdan gedirsə, bu elə həyatın inkası, həyatın ifadəsidir”.

Elçin müxtəlif dövrlərdə, eləcə də Sovet hakimiyyəti illərində yaşamış şair və yazıçılarımızın yaradıcılığının dəyərləndirilməsinə birtərəfli yanaşmanı da düzgün hesab etmədi. Həmin əsərlərin Azərbaycan dilinin inkişafına, Azərbaycan poeziyasının estetik mündərcatına nə qədər yeniliklər gətirdiyini qeyd etdi.

“Elçinlə ədəbiyyat söhbəti”ni aparan yazıçı Yaşar da müzakirədəki çıxışında mütaliənin insanın düşüncələrinin formalaşmasında mühüm rol oynadığına diqqəti çəkdi: “Elçin müəllimin hekayələrini, povestlətini hələ məktəb illərində oxuya-oxuya ədəbiyyat deyilən dünyanın sirrlərini, möcüzələrini görmüşəm və özüm də yazmaq eşqinə düşmüşəm”. Yaşar qeyd etdi ki, ədəbiyyatla bağlı demək olar ki, elə bir məsələ yoxdur ki, bu kitabdan  kənarda qalsın, eləcə də teatr, kino sənəti ilə bağlı müsahibədə maraqlı fikirlər var: “Azərbaycanda ədəbiyyatçılar və yaxud ədəbiyyatşünaslar hansısa bir sahəni mükəmməl bilirlər.  Ancaq Elçin müəllimin müsbət xüsusiyyətlərindəndir ki, ədəbiyyatı konseptual şəkildə  dərk edir. Onun yazılarından da görünür, ədəbiyyatın elə sahəsi yoxdur ki, Elçin müəllim onunla bağlı fikirlərini geniş şəkildə, əsl mütəxəssis kimi bildirməsin”.

“Elçinlə ədəbiyyat söhbəti”nin ümumilikdə janr etibarı ilə çox nadir kitablardan olduğunu qeyd edən Yaşar bildirdi: “Çox istedadlı cavanlarımız var ki, mütaliələri zəifdi, istedadlarını qidalandıra bilmirlər. Bu kitabla bağlı belə bir bənzətmə eləyərdim: Moskva metrostansiyası çox böyükdür, haradasa 100-dən artıq stansiyası var. Orada metroda azmamaq üçün yolgöstərən verirlər. Mən bu kitabın da ədəbiyyatda yolgöstərən funksiyası daşıdığını deyərdim. Yəni bizim hansısa gənc şairimiz, ya nasirimiz bu kitabı oxuyub, azmayacaq,o  yolu tapacaq. Burada ətraflı olmasa da, o ədəbiyyat stansiyalarına gedən bütün yollar göstərilir.

Mən inanıram ki, bu kitab, Elçin müəllimin düşüncələri bizim oxucular üçün böyük mənəvi qida olacaq”.

Tədbirin sonunda T.Kərimli  tədbirə təşrif buyuranlara təşəkkür etdi.                     

 

 

Zöhrə Fərəcova

 

525-ci qəzet.- 2012.- 9 iyun.- S.24-25.