Tişə ustası Cəlal Qaryağdı

Azərbaycan heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında onun əvəzsis xidmətləri olub. O, həmçinin Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən sayılır. Özünün bədii yaradıcılıq fəaliyyəti və çoxsaylı diqqəti cəlb edən yaradıcılıq nümunələri ilə adını Azərbaycan təsviri sənət tarixinə əbədi daxil edib. Bu görkəmli tişə ustası Xalq Rəssamı Cəlal Qaryağdıdır (1915-2001). Tanışlıq üçün qeyd edək ki, Cəlal Məhərrəm oğlu Qaryağdı 1915-ci ildə Azərbaycanın qədim incəsənət beşiyifüsunkar təbii gözəllikləri ilə insanları valeh edən Şuşa şəhərində dünyaya göz açıb. O, əvvəlcə ixtisas təhsilinə Azərbaycan Rəssamlıq Texnikumunda (1928-32), daha sonra isə Tbilisi Rəssamlıq Akademiyasında (1932-35) yiyələnib. Gənc heykəltəraş sənətin xüsusi incəliklərini müəllimi Gürcüstanın Xalq Rəssamı, professor Y.İ.Nikoladzendən əxz edib. C.Qaryağdı yaradıcılığının lap erkən dövrlərindən sərgi və müsabiqələrdə uğurla iştirak edib. Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq Rəssamı fəxri adlarına layiq görülüb.

C.Qaryağdı heykəltaraşlığın müxtəlif janrlarında monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltəraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

C.Qaryağdının monumental heykəltəraşlıq əsərləri ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı bölgələrini də bəzəyir və tamaşaçıların bədii estetik zövqünün formalaşmasına müsbət təsir göstərir. Heykəltəraşın monumental heykəltəraşlıq əsərlərinə nümunə olaraq M.P.Vaqifin heykəli (1939-40, Bakı, Nizami Muzeyinin qərb fasadının lojası), M.Ə.Sabirin heykəli (tunc, qranit, 1958, memarlar Ənvər İsmayılov və Qəzənfər Əlizadə, Bakı), N.Nərimanovun heykəli (tunc, qranit, 1966-68, memar Tahir Abdullayev, Bakı, açılışı 1972-ci ildə olmuşdur), həmçinin Qazaxda S.Vurğunun heykəli (1966), Ordubadda Y.Məmmədəliyevin abidəsi (1977) və s. göstərmək olar. Bakı şəhərinin mərkəzində ucaldılmış Azərbaycanın satirik şeirinin ən görkəmli nümayəndələrindən olan M.Ə.Sabirin heykəlini həmin məkandan kənar təsəvvür etmək mümkünsüzdür. Oturmuş halda, başında buxara papaq, sağ əlində dillər əzbərinə çevrilmiş Hophopnaməsini tutmuş vəziyyətdə təsvir edilmiş şairin düşüncəli çöhrəsindən sanki aşağıdakı misraları süzülür: Dindirir əsr bizi dinməyiriz Atılan toplara diskinməyiriz Əcnəbi seyrə balonlarla çıxır Biz hələ avtomobil minməyiriz Abidənin ətraf aləmlə və heykəlin postamenti ilə üzvi bağlılığı ustalıqla tapılıb və son dərəcə uğurlu həll edilib. Azərbaycanın görkəmli maarifçisi və dövlət xadimi N.Nərimanovun əzəmətli heykəli C.Qaryağdının cəlbedici əsərlərindəndir. Lakin bu nəhəng abidənin postamentlə uyğunsuzluğu gözə çarpır. Heykəltəraşın həyat yoldaşı Firəngiz Hüseynova abidə barədə deyir: Hələ o vaxt, abidənin açılışına az qalmış Moskvaya məktub göndərib, azərbaycanlıların Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istədiklərini xəbər verdilər. Heykəl hazır idi. Tuncdan tökülmüş abidənin kiçildilməsi mümkün deyildi. Ancaq Sovet hökuməti Nərimanovun öz xalqına Kirovdan uca nöqtədən baxmasına yol vermədi. Heykəlin postamenti kiçildildi. Cəlal o zaman bundan çox narazı qaldı. Ordubad rayonunun mərkəzində ucaldılmış məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin abidəsi şəhərə xüsusi yaraşıq verir bu abidə həmyerlilərinin qürur yerinə çevirilib.

Qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin qərarı ilə əvvəlki vəziyyəti saxlanılmaqla, abidənin yeləşdiyi parkda təmir bərpa yenidənqurma işləri aparılmış ətraf ərazi yaşıllaşdırılmışdır. C.Qaryağdı həmçinin tanınmış incəsənət xadimlərinin hərbçi qəhrəmanların büst-portretlərinin müəllifidir. Bunlara misal olaraq Sövet İttifaqı qəhrəmanları A.Quliyevin (1945), B.Kəngərlinin (1947), H.Aslanovun (1948-49), snayperçi qadın Z.Qəniyevanın (1948), Bülbülün (1948), X.B.Natəvanın (1949), M.Ə.Sabirin (1962), Q.Qarayevin (1963), F.Əmirovun (1964) büstlərini həmçinin Tarzən, Kamançaçı, Xanəndə (hamısı 1967) fiqurlarını qeyd etmək olar. Heykəltəraş Qara Qarayevin portret əsərində mərmərdə dahi bəstəkarın dəqiq anatomik cizgiləri ilə yanaş yüksək daxili psixoloji aləmini uğurla həll edə bilmişdir. Ümumiyyətlə C.Qaryağdınının büst-portretlərinə dərin psixoloji ifadəlilik yüksək plastik ifadə həlli ilə işlənilmə xüsusiyyətləri xasdır. Sadalanan xüsusiyətləri tişə ustasının Bəhruz Kəngərli, Xurşid Banu Natəvan digər büst portretlərinə şamil etmək olar. Tişə ustasının yaradıcılığında hərbçilərə qəhrəmanlara xüsusi yer ayırması təqdirə layiqdir bu tendensiyanın digər sənət adamlarının da yaradıcılığına sirayət etməsi arzu ediləndir. C.Qaryağdının Azərbaycanın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhramanı Həzi Aslanovun obrazına bir neçə dəfə müraciət etməsi qeyd olunanlara bariz nümunədir. Eyni zamanda belə əsərlərin gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanmasında xüsusi önəmi vardır. C.Qaryağdınının dahi Azərbaycan şairi N.Gəncəvinin Xosrov Şirin poemasının motivləri əsasında yaratmış olduğu Fərhad Bisutin dağını yararkən adlı barelyefi (1947) diqqətçəkəndir. Əsər barəsində sənətşünaslıq doktoru Nurəddin Həbibov yazır: Qabartma heykəli dərin ekspressiya qüvvəsinə malikdir. Gərgin dramatik vəziyyətdə verilən Fərhadın fiquru Bisutun dağının sərt cizgiləri fonunda möhtəşəm əzəmətli görünür. Qeyd edək ki, C.Qaryağdının yaradıcılığı sovetlər dönəminə təsadüf etdiyindən, onun bir çox əsərlərinin zamanın ideologiyasının tələblərindən kənar yaratması mümkün deyildi. Həmin əsərlər bu gün sənət nöqteyi-nəzərdən cəlbedici görünsələr , bu əsərlərin ideoloji baxımdan geniş tamaşaçı auditoriyasının marağına səbəb olacağı mümkünsüzdür. Lakin, unutmaq olmaz ki, heykəltəraş bu əsərlərin yaradılmasında gərgin fiziki əməklə bərabər, yüksək yaradıcılıq enerjisi sərf etmişdir.

Azərbaycan təsviri sənətinin inkişafına özünün bədii yaradıcılıq nümunələri ilə xüsusi töhvələr bəxş etmiş Cəlal Qaryağdı kimi sənət ustalarının xalqımız dövlətimiz tərəfindən həmişə xüsusi ehtiramla anılacağı şübhəsizdir. Əsəd QULİYEV sənətşünas,AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

 

525-ci qəzet.- 2012.- 20 mart.- S.7.