Folklor və
“Qafqaz evi” problemi
"Qafqaz evi", əlbəttə, daha
çox siyasətçilərin işlətdiyi bir ifadədir
və bu ifadəni tez-tez işlədən siyasətçilərin
heç də hamısına inanmaq olmur. İnanmaq olmur ki,
dilindən "Qafqaz evi" ifadəsi düşməyən
siyasət adamlarının hər biri ev tikməklə məşğuldur,
ev yıxmaqla yox. Beynəlxalq təşkilatlar
qarşısında xal yığmaqdan ötrü xalqlar
dostluğundan dəm vuran, amma altdan-altdan xalqlar arasında
düşmənçilik toxumu səpən və qanlı
toqquşmalara bais olan siyasət adamlarını az görmədik,
həmin adamlar ucbatından başımız az bəlalar
çəkmədi. Amma bütün bunlara baxmayaraq, gəlin
etiraf edək ki, "Qafqaz evi" heç də pis ifadə
deyil və həmin ifadəni saf niyyətlə işlədib
Qafqaz xalqlarının mehribanlığı,
qarşılıqlı mədəni əlaqələri
yolunda xeyli iş görmək olar. Bu istiqamətdə işlər
görüb böyük uğurlar qazanacağımıza
inanmaq üçün dönüb keçmişə baxmaq,
folklor adlı mənəvi məkanda bir vaxtlar
xalqlarımızın necə
qaynayıb-qarışdığını xatırlamaq kifayətdir.
Fərəhli haldır ki, qonşuluq
münasibətlərində folklor əlaqələrinin nə
qədər böyük rol oynadığını görkəmli
folklorşünaslarımız vaxtında dəyərləndirib,
bu sahədə ciddi araşdırmalar aparıblar. Məsələn,
çağdaş Azərbaycan folklorşünaslarından bir
çoxunun ustadı olan M.H.Təhmasib dastanlara həsr etdiyi fundamental
əsərində mövzuya Qafqaz xalqlarının folklor əlaqələri
fonunda yanaşmağı əsərin vacib xətlərindən
biri sayıb. M.H.Təhmasib "Dədə Qorqud" eposunda
mühüm yer tutan Təpəgözlə vuruş motivini
araşdırarkən ərəb və yunan mənbələri
ilə yanaşı, Qafqaz xalqlarının folkloruna, xüsusən
də Şimali Qafqaz, Dağıstan və Abxaziya xalqları
ilə bağlı "Nart" eposuna nəzər
salmağı yaddan çıxarmayıb. M.H.Təhmasib
"Nart" eposunun mənşəyini skif və monqol mifləri
ilə əlaqələndirən V.İ.Abayev və V.A.Kaloyevdən
fərqli olaraq, diqqəti "Dədə Qorqud" üzərinə
yönəldib .
Folklorşünas Valeh Hacılar M.H.Təhmasibin
araşdırmalırını davam və inkişaf etdirərək,
Basatla gürcü eposunun qəhrəmanı Amirani arasında
müqayisə aparıb. "Amirani" eposunun svan
variantına müraciət edən V.Hacılar həmin
variantda Amiraninin Təpəgözlə vuruşmasını və
Təpəgözü onun öz qılıncı ilə
öldürməsini xatırladıb, qeyd olunan epizodun Basat - Təpəgöz
qarşılaşmasına çox yaxın məzmun
daşıması üzərində dayanıb.
Qafqaz eposları arasında süjet-motiv səsləşmələri
başqa bir görkəmli folklorşünasın -
Y.B.Virsaladzenin də diqqətini cəlb edib. Y.B.Virsaladze "Dədə
Qorqud" eposundakı "Bəkil oğlu Əmran" boyu
ilə gürcü eposu "Amirani" arasında
süjet-motiv oxşarlığı müşahidə edib.
Epos səsləşmələri barədə Y.B.Virsaladzenin gəldiyi
qənaət M.H.Təhmasibin gəldiyi qənaətdən bir
az fərqlidir. M.H.Təhmasib Təpəgöz süjet-motiv səsləşmələrindən
danışarkən Şimali Osetiya və Azərbaycan-türk
variantlarını müstəqil variantlar sayır. Amma
Y.B.Virsaladze "Amirani" - "Dədə Qorqud" səsləşmələrindən
danışarkən "Bəkil oğlu Əmran" boyunun
gürcü mənbəyi əsasında yaranması qənaətinə
gəlir və bu qənaəti Y.M.Meletinskinin də dəstəklədiyini
xüsusi olaraq qeyd edir .Əlbəttə, Y.B.Virsaladze və
Y.M.Meletinski ilə mübahisə etmək, misallar çəkib
"Bəkil oğlu Əmran" boyunun ümumtürk
mifologiyası və folklorundan gəlmə bir süjet
olduğunu əsaslandırmaq mümkündür. Yeri gəlmişkən
qeyd edək ki, belə bir əsaslandırma işini
folklorşünas V.Hacılar müəyyən qədər
yerinə yetirib .Mübahisəni davam etdirməyi lüzumsuz
sayırıq. Çünki bu yazıda başlıca məqsəd
xalqları (o cümlədən biz ədəbiyyatşünasları)
ayıran yox, birləşdirən məqamlar üzərində
dayanmaqdır.
Gəlin boynumuza alaq ki, keçib gəldiyimiz
tarixi yolda qonşu xalqın danılmaz mədəni təsirindən
heç də həmişə ürək
açıqlığı ilə
danışmamışıq, siyasi şərait və belə
demək mümkünsə, milli eqoizm bizə mədəni əlaqələr
tarixini necə var, o cür öyrənməyə mane olub. Məsələn,
fars ədəbiyyatının Azərbaycan ədəbiyyatına
təsir göstərməsi uşağın da bildiyi bir həqiqətdir.
Çünki uşaq Nizami Gəncəvi kimi dünya
şöhrətli şairin fars dilində yazmağından xəbər
tutan kimi məsələnin nə yerdə olduğunu
az-çox anlamağa başlayır. Amma gəlin görək,
uşağın da bildiyi bir faktdan siyasi rejim və rejimə dəm
tutan ədəbiyyatşünaslıq necə istifadə edib?!
İkinci Dünya müharibəsindən cəmi iki il sonra N.Gəncəviyə
yubiley keçirmək, onun 800 illiyini təntənə ilə
qeyd etmək tədbirləri arxasında siyasi bir oyun da gizlənməyibmi?
Bəli, sovet rejimi N.Gəncəvinin farsdilli olmağından
siyasi təbliğat faktı kimi istifadə edib və təntənəli
Nizami tədbirlərinin arxasında antitürk kampaniyası da
aparılıb. Həmin siyasi kampaniyanın bir zərəri
etnik mənşəyin unutdurulması idisə, başqa bir zərəri
də ifrat milli təəssübkeşlik meylinin, gizli də
olsa, formalaşmasına rəvac vermək idi. İfrat təəssübkeşlik
meylinin nəticəsi idi ki, milli ruhlu ədəbiyyat
adamlarımız fürsət düşən kimi antiiran əhvali-ruhiyyəli
yazılar yazırdılar. Məsələn, S.Vurğun XX əsrin
qırxıncı illərində Sovet İttifaqının
İranla bağlı siyasi maraqlarının olmasından
istifadə edib "Yandırılan kitablar" adlı
şeir yazdı və o şeirdə hiddət hissi ilə Azərbaycan
dilinə və mədəniyyətinə İrandakı
"cəllad" münasibətindən bəhs etdi. Yaxud N.Gəncəvinin
"Leyli və Məcnun" poemasını dilimizə
çevirərkən S.Vurğun türk dilini fars həqarətindən
qorumağa yönəlmiş misralara xüsusi fikir verdi.
Söhbətin nədən getdiyi aydın olsun deyə
"Leyli və Məcnun" poemasından məşhur epizodu
yada salaq: farspərəst Şirvan hökmdarı Axsitan N.Gəncəviyə
fars dilində məhəbbət dastanı yaratmaq sifarişi
verir. Farspərəst hökmdarın N.Gəncəviyə
sifarişini S.Vurğun "müəyyən qədər
orijinaldan fərqli" ( M.İbrahimov) şəkildə tərcümə
edir:
Türk dili yaraşmaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə
.
Bu təhqiramiz sözlər müqabilində
N.Gəncəvinin hiddətləndiyini S.Vurğun tərcümədə
xüsusi olaraq nəzərə çatdırır:
Qulluq halqasına düşdü
qulağım,
Qan vurdu beynimə, əsdi dodağım
Orijinaldan müəyyən qədər
uzaqlaşmağa S.Vurğunu vadar edən məhz sovet
dövründə aparılan antitürk kampaniyası idi. Bəli,
S.Vurğun imkan daxilində antitürk təbliğatına
qarşı antiiran mövqeyi nümayiş etdirməyə məcbur
olurdu.
Farspərəstlik - türkpərəstlik
qovğası bizdə 40-50-ci illərdən sonrakı mərhələlərdə
daha açıq və daha kəskin şəkil aldı. Amma
həmin kəskin və açıq qovğadan misallar çəkməyi
də bu yazıda artıq və yersiz bir iş hesab edib, ifrat
təəssübkeşliyin həqiqəti üzə
çıxarmağa mane olduğunu bir daha xatırlatmaq və
əsl mətləbə - folklor əlaqələri
mövzusuna qayıtmaq istəyirik.
Qeyd etməyi vacib bilirik ki, Şərqin
müxtəlif xalqlarının yazılı ədəbiyyatında
farsca əsərlərin yaranmasına bənzər bir hadisə
şifahi ədəbiyyatda da baş verib. Bu, Azərbaycan
folklorunun təsir dairəsinin genişlənməsi və
qonşu xalqlarda (ermənilərdə, gürcülərdə,
Dağıstan xalqlarında) türkcə folklor nümunələrinin
yaranması hadisəsidir. Əsrlər boyu davam edən bu
proses ilk növbədə aşıq sənəti ilə, bu
sənətin regionda geniş yayılması ilə
bağlıdır. Azərbaycan yazılı ədəbiyyatına
əsaslı təsir göstərən və onu yeni bir
inkişaf istiqamətinə yönəldən aşıq sənəti
tədricən qonşu xalqların mənəvi
dünyasına daxil olmağa, onların da mədəniyyətinin
tərkib hissəsinə çevrilməyə başladı.
Erməni ədəbiyyatşünası V.Papazyan 1910-cu ildə
Tiflisdə çap etdirdiyi "Erməni ədəbiyyatı
tarixi" əsərində yazır ki, XIII-XVI əsərlərdə
erməni ədəbiyyatı böyük dəyişikliklərə
məruz qalıb. Son üç-dörd əsrin içərisində
erməni ədəbiyyatı fars, sonra isə türk dilinin təsiri
altında inkişaf edib. Elə həmin təsirin nəticəsidir
ki, erməni şifahi poeziyasının bəzi nümunələrində
fars, türk söz və ifadələri özünə
geniş yer tapıb . Erməni dilinə və erməni mənbələrinə
yaxından bələd olan folklorşünas İsrafil
Abbaslının araşdırmalarından onu da öyrənirik
ki, erkən orta əsrlərdən etibarən erməni ədəbiyyatında
ikidilli poeziya nümunələri yaranmağa başlayır.
Misralarının, bəndlərinin yarısı ermənicə,
yarısı türkcə olan həmin nümunələr,
xüsusən də xalq mahnıları Azərbaycan ədəbiyyatının
erkən orta əsrlərdəki təsir dairəsi barədə
aydın təsəvvür yaradır. Bu təsir XVII əsrdən
sonra daha da güclənir və həmin dövrdə türkcə
şeirlər qoşan erməni aşıqları (Qul Yeqyaz,
Tatur, Dostu, Sayat Nova, Nağaş Hovnatan, Qul Artun və b.)
yetişir:
Ay ağalar, ay qazılar,
Gög çadırda duran kimdi?
Əzəl mizan-tərazuni
Ora çəkib quran kimdi?
Salmaslı Qul Artundan gətirdiyimiz bu gəraylı-qıfılbənd
XVII-XVIII əsrlər türkdilli erməni aşıq
şeirinin səciyyəvi nümunəsidir. Belə nümunələrin
sayı və sanbalı sonrakı əsrlərdə, təbii
ki, daha da artıb:
Çərxi-fələk, sənin
dövranın dönsün,
Əcəb məni bu seyrana yetirdin.
Necəsən ah çəkim, gərdənin
yansın,
Çərxi dönmüş bu zamana
yetirdin.
(XIX əsr, Keşişoğlu
Mkrtıç. )
Nazlı dilbər, sənin siyah tellərin
Qiymət bilən üçün
İrana dəyər.
O qələm qaşların, ala gözlərin
Misir, İsfahana, Tehrana dəyər.
(XIX əsr, Artunoğlu. )
Azərbaycan aşıq şeiri
üstündə türkcə qoşma, gəraylı, divani
yaradan erməni sənətkarları sırasında
Şamçı Melko, Əzbər Adamı, Miskin
Bürcü, Karapet Kalayfan, Musesoğlu Vartan, Sumbat, Gərdişi,
Zəhri, Şükrü, Pərişan, Atəş, Fikri,
Çırağı və başqalarının
adını çəkmək olar.
Bəs aşıq sənəti
özünə Gürcüstanda necə meydan tapıb?
Yaxşı olar ki, bu suala gürcü həmkarlarımızın
sözləri ilə cavab verək. 1958-ci ildə Tiflisdə
çap olunan "Gürcü ədəbiyyatı
tarixi"ndən öyrənirik ki, "XVII-XVIII əsrlərdə
Gürcüstanda bədahətən şeir deyən şair -
aşıqların, nəğməkarların poeziyası
xüsusən geniş vüsət aldı. Onlar şeir
qoşur, həmin şeirlərə musiqi bəstələyir,
çox zaman öz əsərlərini özləri xalq
çalğı alətlərinin müşayiəti ilə
ifa edirdilər. Aşıqlar öz şeirlərində şəhərin
aşağı sosial təbəqələrinin, xırda tacir
və peşəkarların hiss-həyəcanlarını ifadə
edirdilər. Elə bu da aşıqların, ümumiyyətlə,
ədəbiyyata, o cümlədən gürcü ədəbiyyatına
gətirdiyi özünəməxsus bir yenilik idi" .
Gürcü həmkarlarımızın dediklərindən
aydın olur ki, aşıq
yaradıcılığının bizim yazılı ədəbiyyatın
xəlqiləşməsində oynadığı rol
gürcü yazılı ədəbiyyatına münasibətdə
də özünü göstərib. Gürcü
aşıqlarının türkcə şeirlər
qoşması məsələsinə gəlincə, bu sahədə
V.Hacıların araşdırmalarını xüsusi qeyd etmək
lazımdır. Gürcüstandakı gürcü, həmçinin
yunan və aysoru aşıqlarının
yaradıcılığını hərtərəfli şəkildə
araşdıran V.Hacılar gürcü mənbələri və
özünün şəxsi müşahidələri əsasında
Gürcüstandakı aşıq mühiti barədə
geniş məlumat verir. V.Hacılar 1917-ci ildə Mesxet-Cavaxetə
səfər edən akademik E.Tağaşvilinin gündəliyindən
maraqlı qeydlər təqdim edir: "Biz burada ermənicə,
ya gürcücə yaxşı danışa bilənə təsadüf
etmədik. Burada daha çox işlənən dil tatar
(türk) dilidir. Tatarca böyük də bilir, kiçik də,
ailədə də bu dildə danışırlar. Bu, mədəni
irsdir, ənənənin məhsuludur. Mənim yol
yoldaşım Markoz yolda tatar mahnıları oxuyurdu.
Soruşduqda - gürcü mahnısı bilmirəm, - dedi…
Balantada 40-a yaxın ev var, hamısı gürcüdür,
çoxu tatarca danışır.
Çixarulada gürcülər erməni
dilini, ermənilər də gürcü dilini bilirlər, lakin
ən çox tatarca danışırlar. Koteliyada 90 evdən
üçü erməni evidir, qalanı gürcü. Burada
hamı tatarca bilir. Buranın camaatı deyir ki, tatar dilində
danışdığımız kimi gürcücə
danışa bilmirik, ailədə də tatarca
danışırıq" .
Yeri gəlmişkən xatırladaq ki,
oxşar dil mühiti Ermənistanda da müşahidə edilib.
Ermənistanın da əksər bölgələrində ermənilər
uşaqdan-böyüyə Azərbaycan türkcəsində
danışmağı bacarıblar və bu vəziyyəti
erməni maarifçilərindən bir çoxu vaxtilə
öz əsərlərində qeyd edib. X.Abovyan belə
maarifçilərdən biridir. Erməni folkloru ilə
yanaşı, Azərbaycan folklorunun da toplanması ilə məşğul
olan, öz əsərlərində Azərbaycan şifahi xalq ədəbiyyatı
nümunələrinə dönə-dönə üz tutan
X.Abovyan ermənilər arasında Azərbaycan folklorunun
geniş yayılmasının başlıca səbəblərindən
birini dil amili ilə əlaqələndirib:
"Özünün şairanəliyi, səslənməsi və
axıcılığına görə tatar (türk) dili...
bütün dillər arasında yeganə dildir!" .Əlbəttə,
Azərbaycan türkcəsinin "yeganə dil"
adlandırılmasını bu dilə rəğbətin
qabarıq ifadəsi kimi başa düşürük və
belə hesab edirik ki, E.Tağaşvili və X.Abovyan kimi
ziyalılara bugünkü qarışıq bir şəraitdə
daha böyük ehtiyac var. V.Hacılar o cür
ziyalıların yolunu davam etdirərək, XVIII-XX əsrlərdə
türkcə şeirlər qoşan neçə-neçə
gürcü aşığı ilə bizi tanış edir:
Aşıq Ruhani (İoseb Beridze), Aşıq Şivğa
(Luka Beridze), Aşıq Levan Tavrişvili, Aşıq Zeyin
(Topo Beridze), Aşıq Sandro Zendgidze, Aşıq Pəktayi
(Yakob Zazadze), Aşıq Mixeyil Zazadze, Georgi Saracişvili,
Aşıq Niko Davlaşeridze, Səfil Lado (Vladimir Beruaşvili),
Sandro Qavrelişvili, Aşıq Eto (Ekvtime Davlaşeridze).
V.Hacılar adları çəkilən bu sənətkarlar
barədə bioqrafik məlumat verməklə kifayətlənmir
və onların türkcə onlarla şeirini oxucuya təqdim
edir. V.Hacıların ayrı-ayrı arxivlərdən
topladığı və folklor ekspedisiyaları zamanı
müxtəlif söyləyicilərdən şəxsən
lentə aldığı bu şeirlər bayatı, gəraylı,
qoşma, təcnis, cığalı təcnis, dodaqdəyməz
qoşma, divani, dodaqdəyməz divani, müxəmməs və
s. janrları əhatə edir. Nümunələr arasında hətta
deyişmələrə də rast gəlmək olur:
Hayıf olmuş, pərdələrin
sökülmüş,
Əl dəyməmiş, qulaqların
bükülmüş,
Ağ sinəndən qamışların
tökülmüş,
Hanı, sazım, hanı sənin tellərin?
Qış olanda yel səninçün əsərdi,
Barmaqların pərdələrim
basardı,
Dostlar söyünərdi, düşmən
küsərdi,
Hanı, Şivğam, hanı sənin əllərin?
Bu, XIX əsrin adlı-sanlı
gürcü aşıqlarından sayılan
Şivğanın (Luka Beridzenin) sazla məcazi deyişməsindən
bir parçadır. Bu parça aşıq sənətinin
müxtəlif ənənələrinin gürcü
aşıq yaradıcılığında ortaya
çıxması baxımından maraq doğurur.
Gürcü aşıq yaradıcılığında
qarşılaşdığımız ən maraqlı
faktların biri isə dastan janrı ilə
bağlıdır. Gürcü aşıqları nəinki məşhur
Azərbaycan dastanlarını məclislərdə söyləməklə
məşğul olublar, həm də həmin dastanlar
üstündə yeni-yeni dastanlar yaratmağa təşəbbüs
göstəriblər. Aşıq Zeyinin (Topo Beridzenin) "Cəlal-Sayad
Səlvinaz" dastanı bu təşəbbüsün bariz
nümunəsidir. V.Hacıların türkdilli gürcü
aşıqları ilə bağlı gərgin və səmərəli
fəaliyyətinin bir nəticəsi də həmin dastanı
canlı ifadan yazıya alıb çap etdirməsidir.
Son dərəcə yığcam şəkildə
nəzər saldığımız bu məsələ ilə,
yəni erməni və gürcü aşıqlarının
zaman-zaman Azərbaycan türkcəsində
yazıb-yaratması ilə bağlı ən
düşündürücü cəhətlərdən biri
hal-hazırda erməni və gürcü tədqiqatçılarının
həmin tarixi həqiqətə münasibətidir. Azərbaycana
qarşı ərazi iddiasının irəli
sürüldüyü Ermənistanda Abovyanların qonşu
xalqa rəğbət ifadə edən fikirlərinin
qulaqardına vurulması gözlənilən haldır. Bəs
Azərbaycanla mehriban qonşuluq əlaqəsində olan
Gürcüstanda vəziyyət necədir, gürcü ədəbiyyatşünasları
gürcü aşıqlarının türkcə
yazıb-yaratması tarixindən obyektiv şəkildə
danışa bilirlərmi? Suala müsbət cavab verməyə
çətinlik çəkirik. Çünki əldə olan
bəzi faktlar məlum mədəni hadisəyə obyektiv
münasibətdən danışmağa o qədər də əsas
vermir. Məsələn, çağdaş gürcü tədqiqatçılarından
V.Matsaberidzenin fikrincə, gürcü aşıqları
başqa dildə yox, yalnız ana dilində
yazıb-yaradıblar; yaxud İ.Qrişaşvilinin qənaətinə
görə, aşıq sənəti Gürcüstana Azərbaycan
türklərindən yox, farslardan keçib . Bu cür faktlar
göstərir ki, bizdə farsca yazmaq ənənəsinə
müəyyən qədər qısqanc münasibət
olduğu kimi, Ermənistan və Gürcüstanda da türkcə
yazmaq ənənəsinə müəyyən qədər
qısqanc münasibət var. Əlbəttə, heç kim o
fikirdə deyil ki, azərbaycanlılar təzədən
qayıdıb fars, ermənilər və gürcülər də
təzədən qayıdıb türk dilində əsərlər
yazmalıdırlar. Amma sağlam qonşuluq münasibəti
kimi son dərəcə vacib işi ağıl-kamalla həyata
keçirmək tərəfdarı olan hər kəs istəyir
ki, "Qafqaz evi" quru söz olmaqdan çıxıb, əməldə
öz təsdiqini tapsın, xalqlarımız siyasi iddialar
ucbatından üzə-üzə dayanmasınlar.
Muxtar KAZIMOĞLU
Filologiya üzrə
elmlər doktoru,
AMEA Folklor
İnstitutunun direktoru
525-ci qəzet.- 2012.-
2 may.- S.6.