Yarışan aviatorlarla mədəniyyət xadimləriydi

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinin “Bədən tərbiyəsi və İdman” kafedrası hər dərs ilində keçirdiyi tədbirlərin, kütləvi tamaşaların, müxtəlif növ idman yarışlarının miqyasını artırır, onları daha maraqlı, baxımlı edir. Sevindirici haldır ki, kafedra əməkdaşları son illərdə bir sıra xarici ölkə universitetlərinin müvafiq qurumları ilə də sıx əlaqələr yaradıb və onlarla mütəmadi görüşlər keçirir, yarışlar təşkil edir, doğma ölkəsinə çalışdıqları ali təhsil ocağına dalbadal mükafatlar, tərifnamələr, medallar gətirirlər.

 ADMİU-nun bu sahədə yerli ali təhsil ocaqlarıyla əlaqələri isə daha geniş spektrə malikdir. “Bədən tərbiyəsi və idman” kafedrasının müdiri, idman ustası, əməkdar məşqçi, Fəxri bədən tərbiyəçisi, professor Ağayusif Qurbanov, İdman klubunun sədri, Fəxri bədən tərbiyəçisi, dosent Bahadur Qafqazlı və Fəxri bədən tərbiyəçisi, İdman ustası Arzu İbrahimov, idman veteranı, dosent Səmayə Əliyevanın təhsil ocaqlarının müvafiq kafedraları ilə işgüzar əlaqələr sayəsində tələbə və müəllimlər arasında keçirilən görüşlər, müxtəlif idman yarışları ənənə halını alıb. Bu günlərdə Milli Aviasiya Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları arasında baş tutan idman yarışı da belə səmərəli əməkdaşlığın bəhrəsidir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş, Milli Aviasiya Akademiyası ilə ADMİU-nun əməkdaşlarının dostluq görüşündə milli mentalitetimizdə önəmli yer tutan nərd, şahmat və dama yarışları nəzərdə tutulmuşdu.

Milli Aviasiya Akademiyasının və ADMİU-dan gəlmiş azarkeşlərin iştirakıyla bir neçə saat davam edən yarışlar gərgin ötüşdü və sonda hər iki tərəfdən qaliblər müəyyən edildi. Aviasiya Akademiyasının əməkdaşlarından Aydın Məmmədov, Əzəmət Ağayeva, Ə.İbrahimov, Q.Qarayev, İ.Cavadov, G.Əhmədov, M.Nağıyeva, N.Hüseynov, B.Əliyev, S.Şükürov, M.Mehdiyev, T.Xəlili ilə yanaşı ADMİU-nun məşhur sənət xadimlərindən xalq artistləri İlham Namiq Kamal, Ramiz Əzizbəyli, Zamiq Əliyev, professor İlqar Hüseynov əməkdar artistlərdən Vamiq Məmmədəliyev, Əhliman Rəhimov, Ötkəm İskəndərov, Əli Nuruzadə, dosentlər Fəzail Orucov, Vaqif Gərayzadə, Vidadi Həsənov, Gülağa Zeynalov, baş müəllim Məmməd Məcidov, əməkdar müəllim Ənvər Vəliyev, professor İlqar Hüseynov, kadrlar şöbəsinin mütəxəssisi Günay Quliyeva, Sənətşünaslıq fakültəsinin dekan müavini Raifə Səfərova, həmin fakültənin tədris ustası Nəsib Səfərov birinci yer tutaraq medal və fəxri fərmanlarla mükafatlandırılıblar.

 

 

İntiqam

 

525-ci qəzet.- 2012.- 11 may.- S.7.