Fəryad... Və Vicdan

 

Noyabrın 17-də görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunun 85 yaşı tamam olur. Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən Fəryad və vicdan essesini oxuculara təqdim edirik.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Əli İldırımoğlu öz əxlaq və mənəviyyat platformasında ardıcıl və bəzi hallarda sərtdir. O kəndin təmizliyini, bakirəliyini, əxlaqi mükəmməlliyini bu gün deqratasiya uçurumunda olan dünya sivilizasiyasına qarşı qoyur: Kürsək vaxtı köpəklə qancıq kənd arasında, adamların gözü qarşısında bir-birinə səmtiməzdi, dalda bir yerə çəkilərdi... İndi sivilizasiyanın fontan vurduğu bəzi-bəzi dəbdəbəli şəhərlərdə günün günorta çağı intim hisslərin əsirinə çevrilən açıq-saçıq geyimli nazlı-qəmzəli qızların, elə dulların da, kişi qiyafəli gədə-güdələrin, ədəb normalarına sığmayan və ikrah hissi doğuran davranışlarının şahidi olduqca on bir evli Təzə Həsənlidə gördüklərimi xatırlayıb təəssüf hissi keçirirəm. Budur Əli İldırımoğlunun kəndi-kəsəyi, eli-elatı. O, bu əxlaq və mənəviyyatı bayraq edir və çəkinmədən dünyanın psevdosivilizasiyasına alternativ kimi qoyur. Haqlı da edir. Bu, eyni zamanda bir görkdür. Ədib, sanki erməni vandallarına üzünü tutub deyir ki, buyurun, bir daha tanış olun, qənim kəsildiyiniz, qanına susadığınız Azərbaycan xalqı, böyük türk qövmü budur! Hətta itləri belə əxlaq və mənəviyyatda dünyanın əksər insanlarına nümunə olan alicənab xalq budur! Bir daha tanıyın!..

Əsərin bədii məziyyətlərinə gəldikdə burada da Əli İldırımoğlu yaradıcılığına xas şirin təhkiyə, obrazlı dil, zəngin təəssüratlar təbii və etnoqrafik mənzərələr öndədir. Dil faktoru başqa əsərlərində olduğu kimi burada da ədəbi hadisə səviyyəsindədir, çoxqatlı, çoxlaylı, obrazlı və fəlsəfidir.

Bədii əsərin gücü təsvir vasitələrinin reallığında və zənginliyindədir. Bu mənada yaddaş, daha dəqiqi, yazıçı yaddaşı, qəlbin, ürəyin, qanın, genin yaddaşı çox kara gəlir. Yazıçı yaddaşı universal və professional yaddaşdır. Universal yaddaş qar necə xışıldayır, mətbəxdən hansı iy gəlir, qapı hansı intonasiyayla cırıldayır, yaxud yağış damcıları nə pıçıldayır, sərin meh altında xışıldayan otların səsindəki ahəng necədir, sübh çağının intonasiyası hansı səslərin harmoniyasından yaranır və sair və ilaxır. Əli İldırımoğluda bütün bunlar bədii bir sistem halındadır. Ümumi harmoniya onun bütün yaradıcılığı boyu təbii bir ritm kimi səslənir. Dil, üslub, qeyd etdiyimiz kimi, təbii bir hadisə, estetik substansiya kimi görünür. Sanki bu dil canlıdır, nəfəs alır, ürək kimi döyünür... Əli İldırımoğluna xas yazı tərzi, canlı təsvirlər, səlis dil, aforizmlər, idiomlar bu əsərdə də oxucunun yol yoldaşıdır. Kəndin koloritini, ovqatını yaxşı bilən yazıçı bu qüdrətli vasitədən məharətlə, qədərincə bəhrələnir, zəngin ədəbi dilin vasitəsilə oxucu üçün bədahətən, gözlənilməz mənzərələr yaradır. Sözügedən romanda da solub getməkdə, itib-batmaqda olan kənd mənzərələrini, ata sözlərini ciddi-cəhdlə qoruyub saxlayır, yaşadır və beləliklə də oxucu yaddaşını xeyli qidalandırmış olur. Əsərdə dil faktı, söz, intonasiya, ifadələr özü canlı hadisə kimi təzahür edir.

Əsərdə sözlə etnoqrafik mənzərələrin ahəngdarlığı yeni bədii məziyyət yaradır. Söz hadisələrin daha çox daxilindən, məğzindən maya tutur. Şübhəsiz, dəqiq, canlı təsvirlər, real təhkiyə, hadisələrin təbiət görüntüsü, konturları daxili mahiyyətin açılmasına xidmət edir. Amma əsas bədii-estetik substansiya dərindədir, içdədir. Bu parçaları oxuduqca sevinirsən, qürur duyursan və düşünürsən ki, nə yaxşı ki, belə müdrik yazıçılarımız var, onlar bizim qan yaddaşımızı əbədiyyətə daşıyıb aparır, milli mənliyimizi daim yadımıza salır... Əli müəllim bu məqamlarda, sanki şairdir. Doğrudan da bu parçalar sənə gözəl, həzin, lirik bir şeir parçası qədər estetik həzz verir.

El, elat, tərəkəmə həyatının dəqiq, canlı və zəngin təsvirləri, bədii-etnoqrafik yaddaş təkcə nostalji hisslər kimi boy göstərmir, yazıçının estetik idealına çevrilir. Bir parçaya diqqət edək. El yaylağa hazırlaşır. Burada köç ovqatı, yır-yığış anı o qədər zərgər dəqiqliyi ilə təsvir edilir ki, elə bil canlı tablo yaradılır: ...Axşam fərməşlər qabqarıldı. Alaçıq çubuqlarını, keçəni, paltar-palazı, qab-qaşığı yükləmək üçün iki öküz, bir qatır, iki ulaq ayrıldı. Qönçə xala axta ata yüklənmiş qoşa fərməşin arasında oturdu... Oğlanlarından biri atın yedəyini çəkir, o biriləri də əllərində çubuq yüklü ulaqları sürürdülər. Nəcəf arxada, itlər də ləhləyə-ləhləyə yan-yörədə gedirdi... Bədii füsunkarlıq təkcə dəqiq, yerli-yataqlı təsvirlərdə deyil, eyni zamanda etnoqrafik mənzərədə, ruhumuzu tərpədən milli ovqatdadır. Obrazlı, koloritli dil və təhkiyə bunu bir daha tamamlayır.

Köç yaylağa qalxarkən baş verən bəzi hadisələr, bu olayların yaratdığı əhval-ruhiyyə də eyni məntiqin tərkib hissəsidir: Həsənli dərəsindən düzə çıxanda hava işıqlandı. Artıq it qurddan seçilirdi. Ətraf aydın görünürdü. Köç yolunda mal-heyvan əlindən tərpənmək olmurdu. Qucağı uşaqlı bir qadın altındakı kəhər atı sağa-sola səyirdib, qarışığa düşüb, itən balalı inəyini soraqlayırdı. İrəlidəki aşırımda, kövşən qoruqçuları ilə tərəkəmə çobanları arasında dava-dalaş qalxmışdı. Qarovulçular qollarına bəlgə dolamışdı. Tərəkəmə çobanları çomaqlarını başlarının üstünə qaldırıb mənəm-mənəm deyirdilər. Onlar bir-birinə hərbə-zorba gəlsə də, hökumətin qorxusundan cəsarət eləyib dəyənəklərini işə salmırdılar... Necə də təbii, gözəl səhnədir. Bu gözəlliyin mayasında isə yazıçının qüdrətli realizmi, həyat hadisələrinə sadiqliyi dayanır.

Burada da ədib, əxlaq məsələlərini önə çəkir, xalqımızın ömrü boyu tapındığı və özünün də daim ehtiram göstərdiyi ağsaqqallıq institutunu, ağsaqqallıq kultunu önə çəkir. Allaha bəndəlik eləməyən çobanlar və qarovulçular ağsaqqal sözü, ağsaqqal təpgisi qarşısında tab gətirməyib geriləyirlər. Əsərdə belə görüntülər kifayət qədərdir. Oxuduqca, sanki maraqlı bir ekran əsərinə baxırsan. Nəcinin balaca dostu üçün suluq düzəltmə mərasiminin təsviri, Qönçə xalanın keçini bəyənməyənlərə cavabı belə səhnələrdəndir. Qönçə xala keçini belə öyür: Dərisini aşa qoyub dağar, cılğı düzəldirəm. Dağara yığılan yuxa çörək pilə kimi yumşaq qalır. Həm də həftələrlə qalsın, nə quruyur, nə də ki, kif atır. Dəyirmana ağnağaz eləyəndə içinə dən yığıram. Tuluq düzəldib nehrə yerinə işlədirəm. Dağa-arana gedəndə cılğısına ağartı yığıram, gəzilindən çul, palaz toxuyuram, sicim hörürəm. Ətini demirəm, pendirinə gələndə qoyununku onun yanında yalandı... Budur, əsl elat mədəniyyəti, kənd yaddaşı... İtib getməkdə olan bu ənənələr, unudulan bu ifadələr, onların məna tutumu müəllif tərəfindən elə belə, gəlişi gözəl xatırlanmır. O bizi bir daha tərpədir, soy kökümüzə qaytarır, milli varlığımızı qorumağa çağırır.

Romanda etnoqrafik mənzərələr, folklor yaddaşı koloritli dil və təhkiyə ilə üzvi şəkildə qovuşub maraqlı ahəngdarlıq yaradır. Yenə misallara müraciət edək: Qoca nənəm... süd dolu qazanı ətəyinin ucu ilə sacayağının üstündən götürüb dəhlizin küncünə qoydu...; Qoca nənəm yer hanası qurmuşdu...; Ağlım artdıqca dərdim də artır; Qısır qoyunun südü ələ düşməz; Sonra əsgər gedərəm. Onacan da (əmim) özünə bir çoban pəsənd eləyər; Qoca nənəm saplıcada əyirdək qızartdı. Sonra sacarası bişirdi...; Vaxtsız yağan qar əriyib yox olmuşdu. Əkin-biçin adamları bunu yaxşı əlamət saymırdılar. Deyirdilər ki, qış qulun saldı; Hamı yatmışdı. Tək-tək evlərin pəncərəsindən işıq gəlirdi. Çoban itləri peyin komalarının üstündə yumurlanıb nəfəsləri ilə özlərini isidir və səslərini çıxartmırdılar; Nəcəf özündə xeyli yüngüllük hiss edib qoyun damının ağzında civirdən hörüb düzəltdiyi yöndəmsiz çarpayısına uzandı.; Nəcəf tövlədən çıxanda orda-burda domuşan itlər sahibini görən kimi gərnəşib ayağa qalxdılar. Belə misalların sayını istənilən qədər artırmaq olar.

Adətən, belədir, əsəri müəyyən zaman çərçivəsində oxuyub başa vurursan. Təəssürat isə uzun sürür. Şübhəsiz, yaxşı əsər yaddaşın oyaq xatirələrində səni uzun müddət tərk etmir, ilk sevgi kimi qəlbində həzin bir iz buraxır. Biz Daş yağan gün romanından da eynən bu təəssüratları aldıq. Əsər bizə nə verdi?.. Estetik zövq verdi, əxlaqi kamillik, mükəmməllik aşıladı... Bir az bizi tarixə apardı, yaddaşımızın alt qatlarını tərpətdi, mürgülü duyğularımızı oyatdı, bir az da ruhumuzu diksindirib özümüzü özümüzə qaytardı... Başqa sözlə, yaddaşımızı təzələdi, unutqanlığımızı unutdurmağa çalışdı...

Qədim Şərq filosoflarından, yunan estetlərindən üzü bəri, müasir nəzəriyyəçilərədək işıqlı adamlar dünyanın gələcək taleyi barədə qayğı və çabalarını, adətən belə bir fraza ilə ifadə edirlər: Dünyanı gözəllik xilas edəcək. Bəzən bunun paradoksunu da eşidirik: Gözəlliyin özünü xilas etmək lazımdır. Bəlkə doğrudan da belədir?.. Belədə, xilasa ehtiyacı olan xilaskar ola bilərmi?.. Etiraf etməliyik ki, günü-gündən çirklənən, sifətini itirən dünyamızın xilası qarşısında gözəllik də acizdir. İş o yerə gəlib çatıb ki, hər bir gözəllik özü öz bətnində potensial çirkab, riya, əclaflıq bəsləyib yaradır. Eləsə, bəşəriyyətin xilası naminə alternativlər axtarışı zorunda qalmaq təbii deyilmi?.. Ən optimal, zəruri və real alternativ bu gün vicdandır. Bütün eybəcərliklərə qarşı bir sipər kimi vicdanı qoymalıyıq. Qoy bu, lap adicə qarışqa vicdanı olsun. Hər halda Əli İldırımoğlunun Daş yağan gün əsərinin bədii-estetik qayəsi bunu deməyə əsas verir.

 

 

Loğman RƏŞİDZADƏ

 

525-ci qəzet.- 2012.- 3 noyabr.- S.19.