Akademik Vasim Məmmədəliyevin
70 illiyi qeyd olunub
Bakı Dövlət Universitetində
görkəmli alim, ilahiyyat fakültəsinin dekanı, Ərəb
filologiyası kafedrasının müdiri, Əməkdar elm
xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib.
Tədbiri
giriş sözü ilə açan Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vasim Məmmədəliyevin
görkəmli ərəbşünas alim, təlim-tədris təşkilatçısı,
ictimai xadim, xeyirxah yaradıcı ziyalı kimi Azərbaycan
elminə verdiyi töhfələrdən danışıb:
“Ölkəmizin çiçəklənməsi
üçün bilik və bacarığını ortaya qoyan
Vasim müəllim nəinki Azərbaycanda, onun
hüdudlarından kənarda da millətimizə həmişə
başucalığı gətirir. Vasim müəllimin
böyük irsindən gənc alimlər, tələbələr
faydalanırlar. Onun yazdığı dərslik, dərs vəsaitləri,
metodiki vəsaitlər, elmi-publisistik məqalələr, etdiyi
tərcümələr hər zaman aktualdır. Çünki
bu əsərlərin bir ucu tarixi ənənələrə
söykənirsə, o biri ucu bugünkü həyatın
axarına uyğundur. Onun Ziya Bünyadovla birlikdə “Qurani-Kərim”i
Azərbaycan dilinə izahlı tərcümə etməsi isə
xüsusi vurğulanmalıdır. Vasim müəllim istər
vaxtilə Şərqşünaslıq fakültəsinin
dekanı kimi, istər həmin fakültədə ərəb
filologiyası kafedrasının müdiri kimi, istərsə də
hazırda İlahiyyat fakültəsinin dekanı kimi işinin
öhdəsindən çox layiqincə gəlib və gəlməkdədir”.
Rektor onu da qeyd edib ki, 1959-cu ildən taleyini Bakı Dövlət
Universiteti ilə bağlayan Vasim müəllim burda fəaliyyət
göstərdiyi ayrı-ayrı vəzifələrdə həmişə
öz sözünü deməyi bacarıb, dəyərli məsləhətləri,
yüksək elmi səviyyəsi ilə bütün kollektivin
rəğbətini qazana bilib. Vasim Məmmədəliyevi
universitetin mənəvi sütunlarından biri kimi dəyərləndirən
rektor BDU-nun “Fəxri fərman”nı alimə təqdim
edib.
Şərqşünaslıq
fakültəsinin dekanı, dosent Elxan Əzizov akademik Vasim Məmmədəliyevin
həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti
haqqında danışıb. E.Əzizov Vasim Məmmədəliyevin
həm də Azərbaycan musiqisinin, xüsusilə də
muğamlarımızın bilicisi olduğunu diqqətə
çatdırıb.
Şeyxülislam
Hacı Allahşükür Paşazadə
çıxışında Vasim Məmmədəliyevi
böyük alim kimi səciyyələndirib və bildirib ki, dəfələrlə
birlikdə səfərdə olduqları ölkələrin
böyük alimləri ilə mübahisəli mətləblərin
müzakirəsinin şahidi olub, hər dəfə də Vasim
müəllim bu müzakirələrdə haqlı olduğunu
sübut edib.
Təhsil
naziri Misir Mərdanov çıxışında deyib: “Mən
özümü çox xoşbəxt insan hesab edirəm ki,
düz 40 ildir, Vasim Məmmədəliyevlə səmimi
münasibətimiz var. Mən bu 40 ildə müşahidə
etmişəm ki, Vasim müəllimin, aradan illər ötsə
də, insanlara olan münasibəti dəyişməz olaraq
qalır. Mənim Vasim müəllimin şəxsiyyətində
diqqət etdiyim bir cəhəti də onun
yaddaşıdır. O, fenomenal bir yaddaşa malikdir”.
Moskva
Dövlət Universitetinin Bakı Filialının rektoru,
professor Nərgiz Paşayeva Vasim Məmmədəliyevin elmin
bütün səviyyələrinə bələd olan,
yalnız bilməklə kifayətlənməyib, eyni zamanda da
elmi duyan bir alim olduğunu vurğulayıb. Humanitar elm sahəsində
onun Azərbaycan xalqına verdiyi dəyərli töhfələrdən
bəhs edən Nərgiz Paşayeva Qurani-Kərimin izahlı tərcüməsi
kimi şərəfli işin həm də V.Məmmədəliyevin
çiyninə düşən böyük missiya olduğunu
qeyd edib.
Tanınmış
neft mütəxəssisi Xoşbəxt Yusifzadənin fikrincə,
ilahiyyat çox mürəkkəb sahədir:
“Amma Vasim
Məmmədəliyev müəllifi olduğu, eyni zamanda da
aparıcılıq etdiyi “Haqqın dərgahı”
verilişində islam dinini o qədər səlist və
aydın şəkildə izah edir ki, qeyri-ixtiyari insan əlində
işini yarımçıq qoyub onu dinləmək istəyir.
Azərbaycan xalqı o şəxsiyyətləri ilə fəxr
edir ki, həmin şəxsiyyətlər xalqı, dövləti
dünya miqyasında təmsil edir, tanıdırlar. Vasim Məmmədəliyev
də Azərbaycanı, xalqını dünyada təmsil edən,
tanıdan, eyni zamanda da özü dünya miqyasında
tanınan dəyərli şəxsiyyətlərdəndir”.
Millət
vəkili, akademik Ziyad Səmədzadə Azərbaycanda şərqşünaslıq
elminin böyük bir tarixi yol keçdiyini, bu sahədə
seçilən böyük alimlərdən birinin Vasim Məmmədəliyev
olduğunu deyib, onun ərəb dili üzrə nadir mütəxəssis
sayıldığını diqqətə
çatdırıb.
Bakı
Metropoliteninin rəisi Tağı Əhmədov, millət vəkili
Fəttah Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev, Bakı Slavyan
Universitetinin rektoru Kamal Abdulla, Pedaqoji Universitetin rektoru Yusif Məmmədov Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva və
tədbirdə iştirak edən bir çox elm adamları,
ictimai xadimlər, səfirliklərin nümayəndələri
də görkəmli alimi təbrik edib, onun haqqında yüksək
fikirlər söyləyiblər.
GÜNEL
525-ci qəzet.-
2012.- 15 noyabr.- S.5.