Fəryad... Və Vicdan

Noyabrın 17-də görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunun 85 yaşı tamam olur. Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən Fəryad və vicdan essesini oxuculara təqdim edirik.

 

(Əvvəli ötən şənbə saylarımızda)

Əsərdə ən təsirli simvollardan biri alapaça madyan və qundağı sədəfli qoşalülədir. Ən dramatik hadisələr məhz bu adların fonunda cərəyan edir. Qatı şovinist, qəddar, qaniçən dağbəyi Andranik Poqosyan hər bir ermənidən daha çox ermənidir və azərbaycanlılara qarşı nifrətinin də həddi-hüdudu yoxdur. Başqa cür ola da bilməz. Onun ata-babası zaman-zaman azərbaycanlıların soyqırımında iştirak etmişdir. Özü isə Həsənli kəndini dağıdıb yandıran, əhalini qılıncdan keçirən vandallardandır. Belə vücuddan nə gözləyəsən?.. Müəllif onu öz hərəkət və davranışları, fikir və düşüncələri ilə ifşa edir. Budur, Andranik Poqosyan: Türklərin kökünü yer üzündən kəsmək lazımdır!.. Bu türkləri mənim kimi tanıyan yoxdur. Başımın tükü qədər türk qırmışam. Yenə ürəyim soyumur... Bu əbləhə öz millətinin nümayəndələri sadə cobanlar da nifrət edir. Akop Armenaka göz vurub Andraniki işarə verir: Dağbəyi gəlir. Başımızın ağasına bax! Andranikdir! İt oğlu, it- deyə nifrətini bəyan edir. Öz üzdəniraq sələfi, adını fəxrlə daşıdığı Andranik Özanyanın mənfur əməllərinin davamçısı olan bu tipin Həsənli qətliamı zamanı qənimət kimi götürdüyü qoşalülə tüfəng və alapaça madyan son anda onun qəniminə çevrilir, bu qaniçən ermənidən nakam Həsənlinin intiqamını alır.

Nəcəflə Andranikin təkbətək qarşılaşdığı, Andranikin cəhənnəmlik olduğu səhnədə yazıçı humanizmi zirvə həddindədir. Nəcəf, sədəfli tüfəngi (sonradan məlum olacaq ki, tüfəng elə onun atası Cəbrayılınmış) ələ keçirib at üstdə olan Andranikə atəş açır, lakin qırma tutmur. Şahə qalxmış at Andraniki yerə çırpır. Bir ayağı üzəngidə ilişib qalmış Andraniki alapaça sürüyüb daşdan-daşa vurur və bu murdar cəmdək selin ağzında lilə, çamura qarışıb yox olur. Bəli, o, ən murdar, ən iyrənc ermənini belə, azərbaycanlı gəncin əlilə öldürmək istəmir, Nəcəfin təmizliyini, ləyaqətini və digər üstün məziyyətlərini sonadək qoruyub saxlayır. Ədib bu hadisəni qəzavü-qədər, taleyin intiqamı kimi təqdim edir. Bəli, hər kəs, son anda öz əməllərinə məhkumdur. Tüfəngin və alapaçanın son anda əsl sahibinə qismət olmasında da müəllif bəşəri məntiq axtarır. Və Mikayılın dili ilə etiraf edir: Görünür, qoşalülə haçansa açılıb sahibinin qanını almalıymış. Nahaq qan yerdə qalmaz. Alapaça madyanla Cəbrayılın qoşalüləsinin hərlənib-fırlanıb gəlib bura çıxması o göydəki gözəgörünməzin işidir...

Əli İldırımoğlu bədii məqsəd naminə mürəkkəb, mistik simvollardan da kifayət qədər yararlanmışdır. Xüsusən yuxu və qarabasmalardan... Nəcəfin yuxuları, üzünü görmədiyi valideynləri ilə xəyali həsb-halları, mənfur, qaniçən əcdadlarının Arsenin gözünə görünən ruhları, qarabasmaları və s. Bunlar heç də real, təbii yuxular deyil, daha çox ədəbi yuxulardır, məqsədə, ideyaya, yazıçı amalına xidmət edən ədəbi vasitələrdir. Bu mistikada daha çox Xeyirlə Şərin savaş ahəngi var. Arsen Nəcəfə isinişmək istəyəndə babası Manuk yuxusuna girib onu hədələyir, yaxud qaniçən Andranikin, Nijdehin, Hamazasın, Dronun ruhları qarabasma kimi onun gözünə görünüb qana-qadaya sövq edir.

Nəcəfin yuxusu da özü kimi sadə və səmimidir. Onun yuxusuna daha çox anası girir - isti, mehriban aurasıyla. O, öz yuxusunu dostu Rövzətə nəql edir: Arsenlə söhbət etdiyim günün gecəsi anam yuxuma girdi. Mənə dedi ki, oğul, o erməni dığasının şirin sözünə əsla aldanma. Çünki ixtiyarı özündə deyil. Ona başqa cür dil verənlər var... Onlardan etibar gözləmək ağılsızlıqdır.

Bəli, bu da bir paradoksdur. Arsenin yuxusuna girən cin-şəyatin sifətli daşnakların qan püskürən təhrikləri və nəcib bir azərbaycanlı ananın isti, səmimi məsləhətləri... Heyhat, Nəcəf bu məsləhət və nəsihətlərə də qulaq asmadı, öz acı taleyinin məşum sonluğuna tələsdi. Arsen isə qanlı fitvalara uyub köhnə düşmənçiliyi təzələdi, bir erməni olaraq erməni kimi hərəkət edib erməni kimi də yaddaşlarda qaldı. Heç vaxt köhnəlməyən erməni vəhşiliyi də bax, elə budur.

Əsərdə məhəbbətə layiq obrazlardan biri Qretadır. Anası erməni olsa da, atası azərbaycanlıdır. Görünür, ona müəllif sayğısı da buradan qaynaqlanır. Ötəri, epizodik olsa da, bu obraz sonsuz müəllif sevgisilə yadda qalır. Bu da müəllifin yenə humanizmindən, daim işıqlı insanlar sorağında olmasından irəli gəlir. Qreta Arsenin həyat yoldaşı olsa da, ondan çox uzaq və ona son dərəcə yad adamdır. Damarlarında daşnak qanı axmasın deyə, hətta Arsendən uşaq doğmaq istəmir. Nəcəfə səmimi münasibətlərində reallıq və təbiilik var. Bu əlaqələr epizodik olsa belə, hər halda onların arasındakı səmimi hisslərə yazıçı oxucunu inandıra bilir. Son anda bu münasibətlər yazıçı təxəyyülündə müqəddəs bir simvola çevrilir. Arsen Nəcəfi arxadan vuran zaman sanki köməyə can atan Qretanın simvolik silueti canlanır. Müəllif təsvirində bu, çox lirik və hüznlü səslənir: Qreta qaranquş kimi ərinə tərəf uça-uça özünü Nəcəfə tuşlanan güllənin qabağına atmaq istəyirdi... Necə kədərli, kədərli olduğu qədər də romantik bir səhnə... Əsərdə sevgi-məhəbbət macərası, demək olar ki, yoxdur. Lakin bu kiçik səhnə və Nəcəflə Qretanın ötəri münasibətləri istənilən məhəbbət romanının bədii effektini verə bilir.

Romanda dərin, bitkin, real, bəzən də romantik mənzərələr toplusuna rast gəlirik. Bunlar insan mənzərələridir, təbiət, ictimai, siyasi, etnoqrafik, əxlaq, mənəviyyat mənzərələridir.

İnsan mənzərələri xüsusi diqqətçəkəndir. Əsərin fabulası da bir-birindən fərqli, bir-birindən zəngin və təzadlı insan xarakterləri üzərində qurulub. Müəllif problemin həlli yollarını da xarakterlərin işığında çözələyir. Bu insanların bəzisi haqda artıq söhbət açmışıq, onların tərzi-halını sərf-nəzər etmişik. Bunları böyük ciddi bir qalereya da adlandırmaq olar. Hər biri ciddi bir romanın baş qəhrəmanı ola biləcək mərtəbədə dayanan bu insanlar qoyulan problemi araşdırmaq üçün xüsusi açar rolu oynayır. Gürcü Çeburdanidze və yəhudi Betker bu qalereyanı əlvanlaşdırır və tamamlayır. Onların hər ikisi alimdir, hadisələrə real və vicdanlı münasibətləri var. Müəyyən rakursdan yanaşanda əsər bu obrazlarsız da keçinə bilərdi, yəni onlar olmasaydı belə, əsərə ciddi xələl toxunmazdı. Lakin bir məqamı unutmamalıyıq. Qarşıya qoyulan yazıçı niyyətinin həlli üçün, bu obrazlar həm də kifayət qədər mühümdür. Onların hər biri müəllifin diliylə danışır və bədii mətləbin açılışına xidmət edir. Başqa sözlə, yazıçı erməni xislətinin iç üzünü açmaq məqsədilə təsvir etdiyi real hadisələri, həyati detalları alim sözü, ziyalı mövqeyilə təsdiq edir. Üstəlik, onlar kənar şəxslərdir, qeyri millətdən olan müstəqil, neytral arbitrlərdir. Müəllif onların simasında tarixə ekskurs edir, onların elmi dəlil və nəzəri qənaətləri ilə təsvir etdiyi hadisələrə möhür vurur. Beləliklə də, öz ədəbi mövqeyini alim-ziyalı rəyilə əsaslandırır. Çeburdanidze və Betkerin açıqladığı tarixi faktlar müəllif dilində də tutarlı, fundamental səslənə bilərdi. Lakin bu obrazların əsərə daxil edilməsi bir neçə yöndən müəllif mövqeyinə obyektiv tutalqa, əsərə isə müəyyən rakurslarda bədii təravət verir.

Üç millət - azərbaycanlı, erməni və gürcü uzun müddətdir ki, qonşuluqda yaşamağa məhkum olmuşlar. Müəllif bura dördüncü tərəfi, yəhudiləri də əlavə edir. İnsafən, yəhudilər əsrlər boyu azərbaycanlıların içində yaşamış və daim səmimi münasibətlər sərgiləmişlər. Odur ki, kənar arbitr kimi yəhudi xalqının nümayəndəsinin də məsələyə münasibət bildirməsi, müəllifin qələbəsidir.

Qatarda, bir kupedə yol gedərkən Çeburdanidze Andranik Poqosyanın məkrli xislətini ilk baxışdan duyur və ona qarşı sərt mövqe tutur. Ermənilərin illər boyu Azərbaycana və azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı xəyanətkar mövqeyini tarixi faktlarla bir-bir sadaladıqdan sonra Çeburdanidze, sanki ittihamnamə irəli sürərək deyir: ... Heyvanların başına bıçaq çəkənlərə qəssab, insanları qətlə yetirənlərə cəllad deyirlər. Qulağını aç, yaxşı eşit. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, Tanrının xəlq etdiyi bəndələrə göz yaşı yox, sevinc bəxş etməyi özünə şərəf bilənlər tarixin qızıl səhifələrində əbədiləşir, bütün məxluqatın qəlbində heykəlləşirlər. Fitnə-fəsad törədənlərin yalnız bir mükafatı var - o da nifrət və lənətdir!

Hadisələr bir-birini izlədikcə ictimai-siyasi mənzərələr məqbul atributlara çevrilir. Təkcə romanın əhatə elədiyi dövr, hadisələrin cərəyan etdiyi konkret lokal zaman və məkan deyil, bütövlükdə problemə tarixi yanaşma və siyasi baxış, yazıçı mövqeyi son dərəcə professional, bədii məntiq və fəlsəfi yanaşma mövqeyindən üzə çıxır. Ermənilərin xalqımıza qarşı məkrli siyasətinin tarixi köklərini araşdıran müəllif, onların vəhşi təbiətini, millətçi psixologiyasını bütün çılpaqlığıyla açıb göstərsə də, yenə öz estetik idealına, humanizminə, bəşəri mövqeyinə sadiq qalır, bütövlükdə erməni millətini qaralamır, onun radikal qanadını, qana-qadaya həris millətçi-şovinist zümrəsini bədii hədəf seçir. Nəcəfin diliylə öz mövqeyini bəyan edir: Vallah-billah dünyanı qarışdıran, ədavət salan elə o bəylərdir. Bax, elə erməniləri də fittiyib üstümüzə salan, kənd-kəsəyi yandırıb viran edən o xaçpərəstlərin bəyləridir. Hansı millət olursa-olsun, kasıb-kusuba qalsa, heç vaxt bir-birinə dəyib-dolaşmaz...

Hər bir əsərin uğurlu bədii həlli üçün ən vacib bədii komponentlərdən biri əxlaq və mənəviyyat ünsürləridir. Burada ailə-məişət münasibətlərindən tutmuş dini inanclara qədər hər şey çox vacib mənəvi-əxlaqi atributlara kimi üzə çıxır. Məsələn, uşaq olmağına baxmayaraq, balaca qəhrəmanın babası onun ən adi şıltaqlığına belə dözmür, bunu əxlaq və tərbiyədən kənar sayır: Ağacın əyrisini şıv vaxtı düzəltmədin, yoğunlayandan sonra ha çalışsan, xeyri yoxdur. Gərək uşağı bələkdə, küçüyü dəməkdə öyrədəsən... Uşaq nə qədər əziz olsa da, tərbiyəsi ondan əzizdir.

Bu övladlıq ehtişamının bir nümunəsi də Nəcəfin əmisi Mikayıl qarşısında itaətidir. Bəlkə mütilik həddində olan tabeçilik oxucunu heç də qane etməsin. Amma müəllifə görə bu, ağsaqqal qarşısında ədəb və ərkan nümunəsidir.

 

(ardı gələn şənbə sayında)

 

 

Loğman RƏŞİDZADƏ

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.19.