Böyükağa Mirzəzadənin yaradıcılığı haqqında kitabın təqdimatı olub

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xalq Rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığından bəhs edən kitabın təqdimat mərasimi gerçəkləşib.

“Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığı” adlanan kitab görkəmli incəsənət xadiminin 90 illik yubileyi münasibətilə işıq üzü görüb.

Mərasimdə çıxış edən rəssamın yaxınları, sənət dostları görkəmli fırça ustasının həyat yolundan, onunla bağlı xatirələrini bölüşblər.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın müəllifi görkəmli sənətkarın ailəsində böyüyüb ərsəyə gəlmiş Leyla Mirzəzadə, redaktoru Zakir Abdullayevdir.

Azərbaycan və rus dillərində hazırlanan nəşrə ölməz rəssamın əsərlərindən ibarət nəfis kataloq kimi də baxmaq olar. Burada xalq rəssamı Böyükağa Mirzəzadənin rəngkarlıq və qrafika işlərindən nümunələr geniş yer alıb.

Təqdimat mərasimi çərçivəsində açılmış sərgidə görkəmli fırça ustasının özünün əsərləri ilə yanaşı, nəvəsi Leyla və nəticəsi Zinyət Mirzəzadələrin yaradıcılıq nümunələri də nümayiş etdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2012.- 13 yanvar.- S.7.