“Məqamlar” kitabının geniş təqdimatı oldu

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı, professor Kamal Abdulla, şair Salam Sarvan və yazıçı- jurnalist Etimad Başkeçidin ədəbi söhbətlərindən ibarət “Məqamlar” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açıb. xalq yazıçısı son vaxtlar yazıçıların ədəbiyyat söhbətlərinə göstərdikləri marağı yüksək dəyərləndirib və belə söhbətlərin aparılmasının vacibliyini vurğulayıb. Kamal Abdullanın yaradıcılığına yaxından bələd olduğunu bildirən xalq yazıçısı onun ədəbiyyatla bağlı aydın düşüncələrinin kitabda geniş yer aldığını deyib.

K.Abdulla haqqında çox yazılar yazıldığını, yaradıcılığı barəsində yetərincə danışıldığını, lakin onun haqqında yenidən yazmağa ehtiyac olduğunu qeyd edən AYB-nin katibi Arif Əmrahoğlu onun insanı düşünməyə vadar edən bir qələm sahibi olduğunu vurğulayıb. Daha sonra A.Əmrahoğlu kitabda yer alan bir necə məqama, “Dədə Qorqud” dastanındakı surətlərin yenidən mənalandırılmasına, Koroğlu obrazı və dilimizlə bağlı məqamlar ətrafındakı söhbətlərə münasibətini bildirib. Kamal Abdullanın gənclərə olan müsbət münasibətini dilə gətirən A. Əmrahoğlu yazıçının bu səmimiyyətini də yüksək qiymətləndirib və kitabdakı söhbətlərdə ədəbiyyata baxışın ön planda olduğunu diqqətə çatdırıb.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Şirindil Alışanlı çıxışında “Məqamlar” kitabı ətrafında müzakirə etmək üçün böyük bir meydan olduğunu dilə gətirib. Daha sonra kitabda yer alan maraqlı və özü üçün mübahisəli məsələlərə öz münasibətini bildirib: “Burda bir fikir var ki, gənc nəsil xarici dil bilməsə, xarici ədəbiyyatı oxumasa müasir yazıçı ola bilməz. Ancaq mən deyim ki, burda yaradıcılıq söhbəti var. “Ədəbiyyat ədəbiyyat üçündür”. Mənə elə gəlir ki, Kamal müəllimin dediyi “ədəbiyyat ədəbiyyat üçündürsözü bizim vaxtı ilə ifşa etdiyimiz “sənət sənət üçündürsözü ilə tam fərqlidir. O, “ədəbiyyat ədəbiyyat üçündür” deyərkən, həm də oxucusunu nəzərdə tutur”. Şirindil Alışanlı kitabda təkcə ədəbiyyat sahəsi ilə deyil, cəmiyyətimizdəki bir sıra problemlərə də maraqlı münasibətlərin olduğunu qeyd edib.

Xalq şairi Fikrət Qoca kitabda öz əksini tapan maraqlı söhbətlərdən birinin də yazıçının oxucuya olan münasibətinin olduğunu vurğulayıb: “Hər bir yazıçı eyni zamanda bir oxucudur. Əgər hər yazıçı özünün oxucusunu yetişdirə bilirsə bu artıq böyük ugurdur”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid çıxışına Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı və “Məqamlar” toplusunun işıq üzü görməsi münasibəti ilə təbriklə başlayıb və “Unutmağa kimsə yox” romanını son illərin ədəbi hadisəsi kimi dəyərləndirib. “Məqamlar” kitabı ətrafında geniş müzakirələrin mümkünlüyünü vurğulayan Rəşad Məcid həmin söhbətlərdə ədəbiyyat təəssübkeşliyinin qabarıq şəkildə hiss olunduğunu diqqətə çatdırıb və ədəbi nəsillərin bir-birilərinə olan münasibəti məsələsinə öz fikrini bildirib.

Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli söhbətlərdə yazıçı səmimiliyini hiss etdiyini bildirib və kitabın geniş oxucu kütləsinə çatmasının vacibliyini vurğulayıb. Professor Məhərrəm Qasımlı kitabdan öyrənməli çox mətləblərin olduğunu bildirib:“Bu kitabda, həm dünya ədəbiyyatının, həm keçmiş sovet ədəbiyyatımızın, həm Azərbaycan ədəbiyyatının tarixi folklorundan, mifologiyasından tutmuş, bu günə qədər olan bütün problemlərə münasibət var. Bu baxımdan kitab olduqca əhəmiyyətli bir töhvədir”.

Tədbirdə çıxış edən tənqidçi Bəsti Əlibəyli kitabda yer alan atalaroğullar məsələsinə və oxucu yazıçı münasibətlərinə öz fikrini bildirib. “Məqamlar” kitabının bütövlükdə dünya ədəbiyyatına baxışın göstəricisi olduğunu deyən Bəsti Əlibəyli bu günkü Azərbaycan ədəbi tənqidi sahəsindəki gerilikdən də bəhs edib: “Bu gün Azərbaycan ədəbi tənqidi ədəbiyyatın önündə getməkdənsə, daha çox ədəbiyyatın arxasınca sürünür. Mən çox istərdim ki, Kamal müəllim Azərbaycanın bu günkü ədəbi tənqidinə də geniş münasibətini bildirsin”.

Müzakirələrdə professor Qulu Məhərrəmli, professor Niyazi Mehdi və digər ziyalılar da iştirak edib, kitab barədə öz münasibətlərini bildiriblər. Kitabın həmmüəlliflərindən olan şair Salam Sarvan toplunun yaranma prosesindən danışıb və gələcəkdə bu ədəbi söhbətlərin davamının olacağını bildirib. Daha sonra söz Etimad Başkeçidə verilib. O, kitab ətrafında aparılan müzakirələrin “Məqamlar”ın, hansısa bir prosesin başlanğıcını qoyan bir kitab olduğunu göstərdiyini dilə gətirib. Tədbirin sonunda çıxış edən Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib:”Mən başda görkəmli yazıçımız Anar müəllim olmaqla Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, onlar bu kitabın müzakirəsinə şərait yaratdılar. Mənim üçün ən dəyərli qiymət kitaba, sözə verilən qiymətdir”.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 31 yanvar.- S.7.