Fərhad Abdullayev: ”Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin çoxu mülkiyyət hüququ ilə bağlıdır”
“Ötən il Konstitusiya Məhkəməsinə
1605 şikayət ərizəsi daxil olub”
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad
Abdullayevin APA-ya müsahibəsi
-
Artıq bu ilin üç ayı geridə qalıb. Bildiyimizə
görə cari ildə Konstitusiya Məhkəməsi bir
sıra əhəmiyyətli sorğuları icraata qəbul
edib baxmaqdadır, bəzilərinə isə yekun vurulub. Buna
baxmayaraq, yenə də müqayisəli şəkildə təhlil
üçün bilmək istərdik ki, ötən il ərzində
Konstitusiya Məhkəməsinə neçə şikayət
daxil olub?
- 2012-ci il üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 1605 şikayət ərizəsi daxil olub, onlardan 395-i Konstitusiya Məhkəməsinin Palatalarına verilib, digərləri isə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə bir sıra dövlət strukturlarına müvafiq tapşırıqlarla göndərilib.
- Daxil olan fərdi şikayətlərin məzmunu, qəbul olunan qərarlar və müraciətlər barədə məlumat verərdiniz.
- Ümumilikdə, ötən il ərzində daxil olmuş sorğu, müraciət və şikayətlər əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 34 qərar və qərardad qəbul edilib. Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərlə əlaqədar qeyd edə bilərəm ki, şikayətlərin bir çoxu məhz mülkiyyət hüququ ilə bağlıdır. Bunu da təbii hesab etmək olar. Ümumiyyətlə, bir çox xarici konstitusiya nəzarəti orqanlarının təcrübəsi göstərir ki, insanlar Konstitusiya Məhkəmələrinə müraciət etməklə Konstitusiyada təsbit edilmiş mülki hüquqları ilə bağlı məsələlərə toxunurlar.
Ötən ildə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrdən daxil olmuş müraciətlər əsasında 11 qərar qəbul edib. Hazırda isə məhkəmələrdən daxil olmuş bir sıra müraciətlərin icraata qəbul edilməsinin mümkünlüyü Konstitusiya Məhkəməsinin Palataları tərəfindən öyrənilir.
Məhkəmə müraciətlərində
digər məhkəmələr, hüquq-mühafizə
orqanları və ümumiyyətlə, cəmiyyət üçün mühüm
problemlərin aradan
qaldırılmasına köməklik edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli
məsələlərə toxunulur.
Bu fakt onu
göstərir ki, məhkəmələr
öz hüquqi
mövqelərinə obyektivlik gətirmək
və bununla da ədalətli
qərar qəbul etmək üçün
Konstitusiya Məhkəməsinə
müraciət edirlər. Konstitusiya Məhkəməsi müasir hüquqi yanaşmaları tətbiq etmək məqsədilə
həmin müraciətlərlə bağlı yüksək məhkəmə
orqanları ilə əlaqələr yaradır, habelə beynəlxalq
məhkəmələrin hüquqi
mövqelərindən istifadə edir.
Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
qəbul edilmiş qərarlarda əks olunmuş hüquqi
mövqelər Konstitusiyanın əsasları, onun
aliliyi və birbaşa
qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq aktların müddəaları,
o cümlədən insan
hüquqlarının və azadlıqlarının üstünlüyü prinsipi
nəzərə alınmaqla formalaşdırılır.
- Bu
il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
yaradılmasının 15 ili tamam olur. Bununla bağlı
hansısa tədbirlərin keçirilməsi nəzərdə
tutulurmu?
- Bəli,
2013-cü ilin iyul ayında Konstitusiya Məhkəməsinin təsis
edilməsinin 15 ili tamam olur. Yubiley tarixi ilə əlaqədar
olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
bir sıra Xarici ölkələrinin konstitusiya nəzarəti
orqanlarının sədrlərinin və hakimlərinin, eyni
zamanda, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların
iştirakı ilə “XXI əsrdə Konstitusiya ədalət
mühakiməsi” mövzusunda beynəlxalq konfransın
keçirilməsini nəzərdə tutur. Konfransa xarici
qonaqlarla yanaşı, respublikamızın dövlət
orqanlarının nümayəndələrinin və
hüquqşünas alimlərin də dəvət
olunmaları nəzərdə tutulur. Onu da qeyd edim ki, ədalət
mühakiməsi orqanları bir qayda olaraq yubiley tədbirləri
keçirməklə öz beynəlxalq əlaqələrini
gücləndirir, yeni hüquq inkişafı yollarını
axtarırlar.
-
Konstitusiya Məhkəməsinin digər ölkələrin məhkəmələri
və beynəlxalq təşkilatlarla münasibətləri
hansı səviyyədədir?
-
Yarandığı ilk günlərdən etibarən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin
genişləndirilməsinə xüsusi əhəmiyyət
verir, xarici ölkələrin
konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa
Şurasının Venesiya Komissiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ) və digər nüfuzlu beynəlxalq
təşkilatlarla sıx əməkdaşlıq edir. Həyata
keçirilən beynəlxalq əməkdaşlığın
davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
bir sıra dövlətlərin,
o cümlədən Türkiyə, Belarus, Moldova, Bolqarıstan
və İndoneziya Respublikalarının Konstitusiya Məhkəmələri
ilə qarşılıqlı əməkdaşlıq
haqqında memorandumlar imzalayıb.
Fikrimcə,
bu müqavilələr Məhkəməmiz ilə qeyd edilən
dövlətlərin konstitusiya nəzarəti orqanları
arasında əməkdaşlıq münasibətlərinin
yüksək səviyyədə inkişafı, Konstitusiya Məhkəmələri
arasında hüquqi sahədə əlaqələrin daha da
möhkəmləndirilməsi və qarşılıqlı təcrübə
mübadiləsi üçün geniş imkanlar yaradır.
Konstitusiya Məhkəməsi konstitusiya ədalət
mühakiməsinin müasir tendensiyalarını davamlı
olaraq izləyir və fəaliyyətində tətbiq edir. Məhkəməmiz
beynəlxalq təcrübəyə böyük diqqət
yetirməklə, öz qərarlarında beynəlxalq hüquq
aktlarının, eləcə də “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın müddəalarına,
habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququna istinadlar edir. Bu, ilk növbədə
qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi
müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən
irəli gəlir. Digər tərəfdən isə bu daha
keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin
məhkəmənin mövqeyinin zənginləşdirilməsinə
və düzgün əsaslandırılmasına xidmət
edir.
- Bəzən
belə bir fikir səslənir ki, Azərbaycanda
hüquqşünasların kadr
çatışmazlığı var. Bu fikirlə
razısınızmı?
- Qeyd
etmək istərdim ki, bu gün Azərbaycan
Respublikasının ali təhsil ocaqlarında kifayət qədər
hüquq fakültələri var və hər il xeyli sayda
hüquqşünas ərsəyə gətirilərək, cəmiyyətimizə
təqdim olunur. Buna baxmayaraq, ali hüquq təhsili
almış hüquqşünasların praktiki fəaliyyətə
başlaması zamanı müəyyən problemlərə
rast gəlinir. Bu isə peşəkar və professional
hüquqşünasların
çatışmazlığını ehtiva edir. Fikrimcə,
hər bir hüquqşünas inkişaf edən hüquqi
tendensiyaların izlənilməsinə, beynəlxalq hüququn
milli hüquqla müqayisəli şəkildə öyrənilməsinə,
hüquqi dəyərlərin mənimsənilməsinə,
peşəkarlığının artırılmasına və
hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə
daim xüsusi diqqət yetirməlidir.
525-ci qəzet.-
2013.- 5 aprel.- S.3.