Adı naşirinin adı ilə eyniləşən qəzet

 

Yalnız Rusiyadakı türkdilli müsəlmanlar arasında deyil, xaricdə də çox yaxşı tanınan Qaspıralı İsmayıl bəyin adı onun 130 il bundan əvvəl – 1883-cü il aprelin 10-da Krımın məşhur Baxçasaray şəhərində nəşr etməyə başladığı “Tərcüman” qəzetinin adı ilə eyniləşmişdir.

Məlumdur ki, Rusiyada türk dilində əvvəlinci qəzet 1875-ci ildə nəşrə başlayan H.Zərdabinin “Əkinçi”si idi. “Əkinçi”dən sonra bu işin davamçısı İsmayıl bəy Qaspıralı hesab olunur. Qaspıralı özü Ə.Topçubaşovun da yazdığı kimi “bu işləri görərkən hər zaman Həsən bəy Məlikov-Zərdabini minnətdarlıq hissi ilə yada salır, onu müsəlmanlar arasında ictimai fəaliyyət və maarifin yayılması sahəsində ilk cığır açan şəxs sayırdı”.

Məlumdur ki, “Tərcüman” qəzeti 1883-cü il aprelin 10-da nəşrə başlamışdı. Bu tarix təsadüfən seçilməmişdi. 10 aprel 1883-cü il Krımın Rusiya tərəfindən işğal olunmasının 100 illiyinə təsadüf edirdi. Qaspıralı qarşısına qəzeti imperiyanın türkdilli əhalisinin ümumi mətbuat orqanına çevirmək məqsədini qoymuş və buna böyük mənada nail olmuşdur. O, “Dildə, fikirdə, işdə birlik” tezisini qəzetin şüarına çevirmiş, “Tərcüman” qəzeti vasitəsilə Krımdan Kaşğara qədər geniş bir ərazidə – Volqaboyunda, Qafqazda, Orta Asiyada, Sibirdə ardıcıl surətdə təbliğ etmişdir. İsmayıl bəy tam otuz bir il “Tərcüman”ın redaktoru və naşiri olmuşdur. Ümumiyyətlə, “Tərcüman” qəzeti 35 il fəaliyyət göstərmişdir. Qəzet 1883-cü ildən 1905-ci ilədək iki dildə – türk-tatar və rus dillərində, 1905-ci ildən 1918-ci ilədək isə yalnız türk-tatar dilində buraxılmışdır. Qaspıralı 1883-cü ildən 1914-cü ilədək qəzeti nəşr etdirmiş, ölümündən sonra isə bu vəzifəni oğlu Rüfət Qaspıralı həyata keçirmişdir. Qəzetin son sayı 10 fevral 1918-ci ildə işıq üzü görmüşdür.

“19 əsrin ən böyük islahatçısı”, “türk dünyasını oyandıran” İsmayıl bəy Qaspıralı “Tərcüman” qəzetində dərc etdirdiyi yazıları ilə bütün türk xalqlarını ortaq və təmiz bir ədəbi dil zəminində birləşdirmək istəyirdi. Qaspıralı islahatçılıq fəaliyyətinə başlayarkən Azərbaycan maarifçiləri H.Zərdabi, S.Ünsizadə, C.Ünsizadə və S.Vəlibəyovun, həmçinin A.O.Çernyayevskinin naşirlik, müəllimlik təcrübəsindən bəhrələnmiş, “Tərcüman” nəşrindən sonra Ə.Topçubaşov, S.Qənizadə, N.Nərimanov, F.Köçərli kimi onlarla ziyalının “mürşid”inə çevrilmişdir.

1851-ci ildə anadan olmuş İsmayıl bəy hələ 21 yaşında olarkən, yəni 1872-ci ildə dünyanı səyahətə çıxır. O, Türkiyə, Misir, Əlcəzairə gedir, burada Şərq dillərini öyrənir, sonra Avropa ölkələrində, o cümlədən Parisdə olur, fransız dilini öyrənir, o ölkələrdəki ictimai-siyasi cərəyanları nəzərdən keçirir və Avropa maarifçiliyini müsəlman və türk dünyasında təbliğ etmək üçün vətənə qayıdıb geniş fəaliyyətə başlayır. Çox yaxşı təhsil görmüş, dərin biliyə, böyük istedada, təşkilatçılıq bacarığına malik olan İsmayıl bəy ilk növbədə “Tərcüman” qəzetinə çox böyük əmək sərf edirdi. Onun oxucularının sayını artırmaq üçün daxili Rusiya ilə yanaşı Türküstana və Qafqaza səyahət etmiş, yerli ziyalılar ilə görüşmüş və əlaqələr yaratmağa çalışmışdır. Bu işdə xeyli maneələri aradan qaldırmağa nail olmuşdur. “Tərcüman” qəzetinin tirajı da, oxucularının sayı da getdikcə artmaqda idi. Məsələn, Ə.M.Topçubaşov İ.Qaspıralı haqqında “Kaspi” qəzetində yazdığı “İsmayıl bəy Qasprinskinin xatirəsi” sərlövhəli məqaləsində qeyd edir ki, 1893-cü ildə qəzetin tirajı 1600-ə çatırdı. Bu, o dövr üçün ən böyük tiraj hesab oluna bilər. Qeyd edək ki, “Tərcüman” qəzetinin 1893-cü ildə 10 illiyi xüsusi təntənələr ilə qeyd edilmişdir. Bu münasibətlə “Kaspi” qəzetinin 1893-cü il 7 aprel tarixli 71-ci nömrəsində “Desətiletie musulğmanskoy qazetı “Perevodçik”” (“Müsəlman qəzeti “Tərcüman”ın on illiyi”) sərlövhəli yazı dərc edilmişdir. Belə fərz eləmək olar ki, bu yazı Ə.Topçubaşovundur. 1903-cü ildə qəzetin 20 illiyi, 1908-ci ildə isə 25 illiyi mərasimləri keçirilmişdir. Qəzetin 20 illik yubileyi də böyük coşqu ilə qeyd edilmiş, bu münasibətlə Bakıda və Qafqazın digər türklər yaşayan şəhərlərində tədbirlər keçirilmişdir. Məsələn, “Kaspi” qəzetində bu dəfə Ə.Ağayevin “Nadir yubiley” sərlövhəli iri həcmli, çox sanballı və qəzetin fəaliyyətini geniş təhlil edən təqdir xarakterli, elmi-nəzəri və tarixi məqaləsi işıq üzü görmüşdür. Bu yazı qəzetin 29 aprel 1903-cü il tarixli 93-cü nömrəsində dərc olunmuşdur. (Məqalə V.Quliyevin təqdimatı ilə “525-ci qəzet”in 2 mart 2013-cü il tarixli nömrəsində ruscadan tərcümə edilərək dərc olunmuşdur).

Qaspıralı dəfələrlə Qafqazda, o cümlədən Bakıda olmuşdur. Onun H.Zərdabi və Ə.Topçubaşovla çəkilmiş şəkli bu tarixi hadisəni özündə əks etdirir. Məlumdur ki, 1892-ci il dekabrın sonlarında Həsən bəyin qızı Tubu xanım Əlimərdan bəylə ailə həyatı qurub. Həmin ərəfədə Həsən bəy də Bakıda idi və əlimizdə olan şəkil məhz həmin dövrdə çəkilib.

1905-ci ilin ortalarında Bakıda nəşr olunan gündəlik “Həyat” qəzetinin baş redaktoru, qüdrətli qələm və fikir sahibi Əlibəy Hüseynzadə qəzetin 1905-ci ildə işıq üzü görmüş 131 nömrəsini xüsusi zövqlə cildlənmiş təqdimat məktubu ilə Baxçasaraya “Tərcüman” qəzetinin naşiri və baş redaktoru, tanınmış jurnalist və mədəniyyət xadimi İsmayıl bəy Qaspıralıya göndərmişdi. 1906-cı il martın 15-də “Tərcüman” qəzetinin 26-cı nömrəsində İsmayıl bəyin bu münasibətlə Əli bəy Hüseynzadəyə “Açıq məktub”u dərc olunmuşdur. Çox səmimi, böyük müdrikliklə yazılmış bu məktubu böyük tarixi sənəd adlandırmaq olar.

Azərbaycan ziyalıları ilə İ.Qaspıralı arasında məslək və əqidə yaxınlığı kimi çox qüvvətli dostluq münasibətləri də mövcud olmuşdur. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri kimi tarixə düşən Nəsib bəy Yusifbəyli 1907-ci ildə “Tərcüman” qəzeti redaksiyasında siyasi və ictimai mövzularda məqalələr yazmağa başlamış və redaksiyanın fəal yazarlarından biri olmuşdur. N.Yusifbəylinin Qaspıralının qızı Şəfiqə xanımla ailə qurması Azərbaycanla qohumluq əlaqələrinə bir nümunə ola bilər.

İ.Qaspıralının vəfatı Azərbaycanda çox böyük əks-səda doğurmuşdur. Bütün mətbuat orqanları bu hadisə ilə bağlı xeyli yazılar dərc etmişlər. Məsələn, “İqbal” qəzetinin 14 sentyabr tarixli 737-ci nömrəsində “Böyük və tarixi milli matəm”, yenə qəzetin həmin nömrəsində “İsmayıl bəy vəfat etdi” sərlövhəli nekroloq, “Bəsirət” qəzetinin 13 sentyabr tarixli 21-ci nömrəsində “Qiymətli atamız İsmayıl bəy”, “Dirilik” jurnalının 16 sentyabr tarixli 1-ci nömrəsində “Ustadı-əzim İsmayıl bəy”, “Kaspi” qəzetinin 14 sentyabr tarixli nömrəsində Ə.Topçubaşovun çox iri bir məqaləsi “Paməti İsmail beka Qasprinskoqo”, C.Hacıbəylinin yenə qəzetin həmin nömrəsində “Redaktor izdatel qazetı “Tardjiman”. İzvestnıy musulmanskiy obşestvennıy deatel”, yenə “Bəsirət” qəzetinin 20 sentyabr tarixli 22-ci nömrəsində N.Nərimanovun “Baxçasarayda imtahan meydanı” sərlövhəli məqaləsi dərc olunmuşdur. N.Nərimanov yazırdı: “İsmayıl bəy öldü – deməyə dilim gəlmir, öldü sözündə yoxluq var. İsmayıl bəy yoxdu – xəbəri məni dərin-dərin fikirlərə salır, məni qorxudur, ürəyimi sıxır, gözlərimi torlandırır, əqlimi çaşdırır. Şiddətli müharibədə baş komandanın ölməyi xəbəri qoşunu sərgərdan qoyduğu kimi, İsmayıl bəyin vəfatı da bizi böylə hala saldı.

İsmayıl bəy öldü – deyirkən bir sual öz-özündən meydana gəlir. İndi millətin dəyanətli, qeyrətli hamisi kimdir? Bu sualı öz-özümə verirəm və fikrə gedirəm. Qələm əlimdən ixtiyarsız düşür.

Millətin həyatına dair mühüm bir məsələ müzakirəsində doğru bir yol göstərən kim olacaq? Hanı gizli xəzinənin açarı, hanı fikirləri birləşdirən əql? Ürəkləri döyündürən nitq? Millətin hüququnu müdafiə edən qələm?

Millət bu suallara dürüst diqqət edərsə, bədbəxtliyin nə payədə böyük olduğunu düşünər.

Açıq söz: bu otuz iki ilin ərzində İsmayıl bəyin millətinə etdiyi xidməti heç kim etməyibdir.

Fəqət millət üçün ümidsiz yaşamaq mümkünmü?

Şəksiz İsmayıl bəyin ruhu millət balalarından özü kimisini meydana çıxaracaqdır.

Fəqət nə etmək? Nə tövr hərəkət etmək ki, İsmayıl bəy kimi qəhrəmanlar çoxalsın?

Əlbəttə, tərbiyə! – deyəcəksiniz.

Əvət, əfəndim: tərbiyə! Yəni “millət uğrunda bütün ömrünü sərf edən şəxsi millət unutmaz” – sözlərini balalarımıza nəinki düşündürmək və hətta onlara göstərmək lazımdır”.

Keçən ilin oktyabrında paytaxtımız Bakıda qloballaşan dünyada türkdilli ölkələr arasında geniş iqtisadi və mədəni əlaqələrin sağlam təməllər üzərində qurulması, ilk növbədə bu ölkələrdə yaşayan millətlərin qarşılıqlı anlayış, dialoq və mədəniyyət zəminində ortaq maraqlar və faydalar ətrafında birləşdirilməsi məsələsini müzakirə edən “Türkdilli ölkələrin və toplumların ikinci media forumu”nda geniş və faydalı müzakirələr oldu. Burada həmçinin Krımdan, Baxçasaraydan gəlmiş İsmayıl bəyin həmyerlisinin çıxışını dinlədik. Məlum oldu ki, İsmayıl bəyin ənənələri yaşayır. Azərbaycanda da İsmayıl bəy çox böyük hörmətlə yad edilir.

Ə.Ağayev və Ə.Hüseynzadənin 1908-ci ildə “İrşad” qəzetinin 3 may tarixli 61-ci nömrəsində “Tərcüman” qəzetinin 25 illiyi münasibətilə qəzetin müdir və sahibi-imtiyazı İ.Qasprinski cənablarına təbrik məktubları dərc olunmuşdur. Bu məktubda oxuyuruq: “Tərəqqiyi-maarif və təməddün uğrunda məsruf olunan 25 illik qeyrət və zəhmətinizin səmərəsi nəticəsi olaraq bu gün icrasına təşəbbüs olunan şənliginiz aləmi-islamda əmsalı görülməmiş bir vüquati-tarixiyyədir. Bu şənliklər illərdən, əsrlərdən bəri millətin mövcibi əsarəti olduğu cəhalətin, nadanlığın əlindən xilas olması münasibəti ilə icra olunan şənliklər olduğundan, bunlara mütərəqqi, təməddün səmərəsi gün kimi aşikar olan tükənməz bir qeyrət və fəaliyyətin nəticeyi-həyatbəxşəsi denilməyə həqqi şayan olan şənlik və şadlıq təbiri daha münasibdir”.

İsmayıl bəy Qaspıralı ilə Azərbaycanın əlaqələrinə dair mətbuatda dərc olunmuş yazıların bir neçəsini oxuculara təqdim edirik.

 

Samir Xalidoğlu (Mirzəyev)

 

 Müsəlman qəzeti “Tərcüman”ın on illiyi     

 

Aprelin 10-da “Tərcüman” qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 10 ili tamam olur. Qəzet qabaqcıl tatarlardan biri İsmayıl bəy Qasprinskinin redaktorluğu ilə mütəmadi olaraq nəşr olunur.

Bununla belə cənab Qasprinskinin Rusiyada yaşayan dindaşlarının mənəvi və intellektual dünyagörüşünün artırılması sahəsində göstərdiyi böyük zəhmətini də qeyd etmək vacibdir.

Onun maarifçilik fəaliyyəti sayəsində hətta bu təşəbbüslərə şübhəli nəzər və fanatizm nöqteyi-nəzəri ilə yanaşan, dini kitablardan başqa heç nə oxumayan mollalar belə mətbu sözə hörmətlə yanaşır və onun təbliğ etdiyi ideyalara rəğbət göstərirdilər.

Qəzet nəşrinin bütün ağırlığını öz çiyinlərində daşıması ilə yanaşı, cənab Qasprinskinin tatar dilində dünyəvi kitabların nəşri və yayılmasında da böyük xidmətləri vardır. O, eyni zamanda tatar məktəblərinin şagird və müəllimləri üçün çoxlu kitab və dərsliklər nəşr etdirir. O, Baxçasarayda dərs dediyi məktəblərdə tədris sistemində yeni islahatlar həyata keçirməyə başlayır və tədrisi yeni metodlarla təlim edir. Hətta Baxçasaray mollaları da cənab Qasprinskinin bu islahatlarına rəğbətlə yanaşır və öz xüsusi məktəblərində bu üsulla dərs keçməyə başlayırlar. Bununla yanaşı Krımın digər şəhər və kəndlərindəki molla məktəblərində də təlimdə bu yenilik tətbiq olunur.

Ölkənin nisbətən ucqar müsəlman şəhərlərində də, məsələn Şuşada da indi məşhur maarifpərvər publisistin 10 illik yubileyi şərəfinə hazırlıq görülür, təkcə nədənsə bakılılar hələlik bu nəcib hərəkata qoşulmamışlar. Məlumdur ki, bu şəhərdə maarifpərvər və qabaqcıl müsəlmanlar az deyil.

 

“Kaspi” qəzeti, 7 aprel 1893, ¹71

 

 

İsmayıl bəy Qaspıralının Əli bəy Hüseynzadəyə “Açıq məktub”u    

Rəfiqi-möhtərəm “Həyat”!

 

“Həyat”ın bir sənəlik nüsxələrini məxsusi cəm edərək altun qızıl yazı ilə nami-acizanamə cildlənib və bu da az olur kimi məxsusi bir beyt daha qoşub yenə qızıl altun boya ilə “Təqdimnamə” əlavə və dərc edib göndərmişsən. Çox yaşa, qardaşım, çox yaşa! Lakin mən bu qədər rəğbətə kəndimi layiq görmədiyimdən böylə bir hədiyyə almaqla doğrusunu söyləyim, zərrə qədər ümidim yox idi. Kəsrəti-iştiğalımdan (işin çoxluğundan) ötrü doğrudan-doğruya “Həyat” səhifələrinə beş-on sətir yazı vermək əlimdən gəlmədi isə də, 15-20 sənədən bəri Qafqasiyada İslami bir qəzetənin, bir “Həyat”ın zühuruna duaçı bulunduğum məstur (gizli) degildir.

Fəqət quru duaçılıqdan irəliyə varmadığım həm məlumdur. Şükr xudaya, maşallah zəmanəyə! İyirmi sənəlik bir həsrətimə qarşı “Həyat” görüldü, “İrşad” eşidildi. Ümidvaram ki, “Həyat” “İrşad”a, “İrşad” “Həyat”a xadim olub, məmati ta Qaf dağlarına qədər sürməyə cəhd və qeyrət edərlər.

Rəfiqi-möhtərəm! “Təqdirnameyi-qədirdanə”ni dəfə-dəfə oxudum. 25 sənədən bəri bir neçə yazılar yazıb məcmui ilə söylədiyim “Bir söz” nə olduğunu anlamış olduğunu anladım. Bəncə bu pək böyük bir təsəllidir. Nədən təsəllidir? Sualı gəlirsə, söyləyim: “İnsanları təfriq edən 3 şey vardır: biri məsafə uzaqlığı, biri din başqalığı və biri dilsizlikdir”. Bundan 25 sənə müqəddəm əhvali-milliyəmizi mülahizə edərək zəif başım ilə dərdlərimizə dərman izlədikdə gördüm ki, dinimiz həp bir isə də, məsəfa ilə dilsizlik bizləri təfriq edir (ayırır). Səmərati-mədəniyyədən olan paraxodlar, dəmir yollar, teleqraflar sənəbəsənə məsafələrə qələbə etdikləri dəxi görülüb, səbəbi-təfriqəmizə ancaq “dilsizlik”, yəni lisani-ədəbiyyəmiz olmadığı baş səbəb olduğu gün kimi aşkar oldu. Bu əsnada cümlə “obrazovannı”-“ziyalı” qardaşlarım kimi mən də türkcə İslamı yazmaya bilməz idim.

Lakin başımı daşa vurub, əlimə qələm alıb, ən ibtida yazıb nəşr etdiyim sətirləri vicdanıma təqdim və ərz edirəm. 1298 səneyi-hicriyyəsinin cəmadiül-axirinin 20-ci gününə təsadüf olan 1881 sənəsinin may 8-ci günü əski türkcədə birinci oxu, birinci əsər mənasındakı “Tunğuc” nam pərakəndə vərəqəyi nəşr etmiş idim. Bunun başında yazdığım “birinci söz” bu sətirlərdən ibarətdir: (eynənnəql) “Lisani-tatariyyənin, yəni türkinin işlənməsinə və irəliləməsinə çalışmaq istərəm. Mən bir usta və qələm əhli deyil isəm də, vətənimin yetişib gələn gəncləri qələm və fünun ərbabı, əməl və qeyrət sahibləri olurlar. Hüsni-zənn ilə bu baltalama qaba qələmimizi yol və car açmaya məxsus elədim”.

25 sənədən bəri dediyim, yazdığım, çalışdığım budur! Car (çarə) aramaq, yol açmaq! Başqa bir şey deyildir. Çünki qəvi, nəcib ömürlü, qəddəmli və cəsarətli olan türk millətinin pərakəndə düşüb Səddi-Çindən Ağ dənizə qədər cayradığı halda nüfuzsuz, davuşsuz qaldığı lisansızlığından, yəni “lisani-ümumiyə” malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə ömür etdim, bu etiqad ilə məzara gedəcəyəm.

25 sənədən bəri bu məslək üçün arkadaş bəkliyor idim. Bunun üçün “Həyat”ın vücudu mənə böyük təsəlli oldu.

Keçən sənə avqustda, bu sənə yanvarda Rusiya müsəlmanlarının ümumi ictimai və məclislərini görmək ilə müşərrəf və bəxtiyar oldum. Bu məclislərin lisani-halı bizlərə nə dərs verdi? “ümumittifaq və iş üçün ümumi lisani-ədəbiyyə lazımdır” – dedi.

Vaqeən bir ovuc qədər olan “Tərcüman”ı oxuyub gəlmiş kazanlı, krımlı, şirvanlı, bakılı, hacıtərxanlı, sibiriyalı, türküstanlı, buxaralı türklər bir-biri ilə bilazəhmət söyləşdikləri göründü və bunun ilə bərabər məhəlli və yerli şivədən mandə (qalmış) türkiyyat görməmiş, oxumamış olanlar ilə bərabər rusca, fransızca, nemesə dilləri bilən ziyalı obrazovannı qardaşlarımızın bir-birilə türkcə söhbət eləmədiklərinə nəzəri-ibrətlə müşahidə edildi. Məzkur məclislərimizdə pək mühüm, pək müfid əsaslar qonuldu. Fəqət təkrar edirəm, ən mühüm səmərəsi “lisani-ümumi”yə hacətimizin zahiri olduğudur.

Əziz qardaşım, mənə “Həyat”ın hamisi demişsən. Gözəl, amma bu sözün təfsiri hacətidir. “Həyat”ın hamiyi-həqiqisi millətdir. Mən yalnız onun tərcümanıyam. Millət sənə daim hami olur. Fəqət yeganə şərtimi unutma – hər nə yazacaq isən qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanı ilə yazı yaz. Sözün ötər, vicdanlara yetər, əks halda bisəmərə gələr, keçər, gedər. Qardaşım, sənə bu sözlərim həm rica, həm nəsihət, həm vəsiyyətdir.

 

Xatimə (son söz)

 

“Vəsiyyətdir” dediyimə tərs məna verilməsin. Mən şimdidən sonra daha ziyadə çalışacağam. Zaman və hal böylə iqtiza etdi. Lisan birliyini, lisani-ədəbi-ümumiyi daha ziyadə mühafizə etmək günləri gəldi. Şükürlər olsun xudaya, üç-beş aylar içində səkkiz-on ədəd qəzetələrimiz doğdu. Hər birinin niyyəti-xalisəsi maarif, mədəniyyət və tərəqqiyyatı-milliyə xidmət etməkdir. Amma bunun ilə bərabər hər biri başqa bir şivə, başqa bir imla, başqa bir üsuli-ifadə tutdu. Əgər böylə gedirsə, əhvali-millət ağırlaşacaqdır.

“Mətbuatımız yaponca tərəqqi ediyor” sözləri eşidildi. Hay, hay! Böylə olsa idi, nə xoş! Amma deyil. Çünki yapon adalarının hər birində birər şiveyi-məhəlliyyə olduğu halda mühərrirləri və ədibləri ən ibtida “lisan birləşdirməkdən” işə başladılar. Və bu sayədə dil və lisan ilə bərabər millətin fikirlərini, niyyətlərini və işini birləşdirdilər. Çünki lisan və ədəbiyyat birliyi sair cümlə birliklərin əsası və nəkzidir.

 

“Tərcüman”, İsmayıl

(“Tərcüman” qəzeti, 15 mart 1906)

 

Baxçasarayda “Tərcüman” qəzetəsinin müdir və sahibi-imtiyazı İsmayıl bəy Qasprinski cənablarına

Tərəqqiyi-maarif və təməddün uğrunda məsruf olunan igirmi beş illik qeyrət və zəhmətinizin səmərəsi nəticəsi olaraq, bu gün icrasına təşəbbüs olunan şənliginiz aləmi-islamda əmsalı görülməmiş bir vüquati-tarixiyyədir. Bu şənliklər illərdən, əsrlərdən bəri millətin mucibi əsarəti olduğu cəhalətin, nadanlığın əlindən xilas olması münasibəti ilə icra olunan şənliklər olduğundan bunlara mütərəqqi, təməddün səmərəsi gün kimi aşikar olan tükənməz bir qeyrət və fəaliyyətin nəticeyi-həyatbəxşəsi denilməyə həqqi şayan olan şənlik və şadlıq təbiri daha münasibdir.

Bu müqəddəs yolda hər kimdən əvvəl siz qədəm qoyub tamam 25 ildir ki, mütəəssib, cahil, nadan qəvaini tərəqqinin mucib olduğu əhəmiyyəti anlamaqdan aciz bir millət ilə qəhrəmananə mübarizə edirsiniz.

Lakin nə ətrafınızı əhatə edən kəsr və fəsad, nə ortalığı istila edən zülmət, cəhaləti-hasili-kəlam heç bir maneət əhdi-insaniyyətinizə almış olduğunuz vəzifeyi-müqəddəsənin icrasından sizi geri qoymağa müqtədir olamadı.

Olamadı da, siz yenə rəhgüzarınızda təsadüf etdiyiniz minlərcə ehtiyacat, tükənməz-bitməz fəlakət və müşkülat arasından keçib amali-müqəddəsənizə nail oldunuz.

Nəticəyi-karda hasil olan səmərələr isə sərf etdiyiniz səy və zəhmətlərə dəgər. İmdi siz ətrafınıza ətfi-nəzər etdikcə şübhə yoxdur ki, yetirməniz olan məarifmənd cavanları görməklə bir zaman layətnahi zülm və məşəqqətlərə tabavər müqavimət olan qəlbiniz ziyayi-fəxr ilə münəvvər olacaqdır. Sizin şagirdlərinizdən mədud olan biz acizlər isə açmış olduğunuz təriqi-təməddün ilə irəlilədikcə sizə qarşı qəlbimizdə ikiqat minnətdarlıq, hiss ediriz ki, bunun birisi vücuda gətirdiginiz işlərdir, ikincisi isə rəhbərlik xüsusunda görünən himmətiniz.

Bu münasibət ilə səbəbi-feyz və həyatımız olan ustadi-giraminizə tuli ömürlər ehsanını cənabi həqdən halisinə niyaz və təmənni edəriz.

 

“İrşad”

 

Əhməd bəy Ağayev və Hüseynzadə

“İrşad” qəzeti, 3 may 1908, ¹61

Rusiyada əhli-islam və təsisatları    

 

Peterburqda rusca nəşr olunan “Mir islama” (İslam dünyası) jurnalının son dəfə idarəmizə gəlmiş 11-ci nüsxəsində Rusiya dövlətinə tabe olan əhli-islamın miqdarına və dürlü təsisatlarına dair Rıbakov cənablarının verdiyi bir xeyli məlumat dərc olunuyor. Bu məlumatında Rıbakov “Tərcüman” qəzetəsinin 1907 sənəsində verdiyi hesaba Rusiya müsəlmanlarının miqdarı 18 milyon 73.979 can göstərilmiş olduğunu söylüyor. Fəqət 1913 sənəsində nəşr olunan “Suvvorin” təqdimində 18 milyon və professor Bartoldun təqdimatına görə 20 milyon nüfuz hesab olunduğunu göstəriyor. Amma “Özgə məzhəblər” departamentinin hesabına görə Rusiyada islamların miqdarı yalnız 16 milyon 22.673 nüfuz olduğu göstərilir ki, bu hesaba görə arada dörd milyona qədər bir ixtilaf vardır. Bu ixtilaf münasibətilə “Tərcüman” qəzetəsi diyor ki, bu qədər böyük təfavüt hesablar arasında hər vaxt dövr ilə gələn adəti yalnışlardan çox ziyadədir.

Hesabı araşdırmağa və təshihinə qalxışmayıb yalnız Rusiya himayəsində bulunan Buxara və Xivə xanlıqları əhalisi ilə birlikdə imperatorluq daxilində 31 milyon müsəlman bulunduğunu zikr etməklə iktifa edəcəyiz. Buxara və Xivə hesaba qatılmadığı təqdirdə imperatorluq daxilində 24 min 321 mahala və 26 min came, 45 min 329 məscid xadimi mövcud imiş ki, 375 kişiyə bir xadim isabət ediyor, deməkdir. Bu son sənələrdə müsəlmanların təsisati-mədəniyyələri də artmaqdadır. Bu cümlədən 5 cəmiyyəti-diniyyə, 48 cəmiyyəti-xeyriyyə və 34 cəmiyyəti-maarif və tərəqqiyyun cəmiyyətləri vardır. Qəzetə və jurnalları 18 danədir. Hazırki halda 20-dir. Müsəlman basmaxanaları 23 danə olub, kitabın mağazaları da 194 ədəddir.

 

“İqbal” qəzeti, 10 yanvar 1914, ¹550

 

“Bu günlərdə Türküstanda müsəlman dilində “Sədayi-Türküstan” adında bir qəzetə çıxacaqdır”.

 

“İqbal” qəzeti, 9 yanvar 1914, ¹549

Ziyai-əzim İsmayıl bəy Qasprinski   

 

Teleqraf xətləri dünən bizə qara bir xəbər gətirdi. Öylə bir qara xəbər ki, bütün Rusiya və sair yerlərin müsəlmanlarını matəmə bürüsə, rəva və bicadır.

Bu qara xəbər bilirsinizmi nədir, qarelərim?

Otuz beş sənədən bəri ömrünü, həyatını, vaxtını, cavanlığını milləti uğrunda fəda edən, millət yolunda var qüvvəsilə çalışan, hər bir zəhmətə qatlaşan, dünyada ləzzəti millətinin səadətində görən İsmayıl bəy Qasprinskinin vəfatı xəbəridir. Heç yadımdan çıxmaz. Neçə il bundan əvvəl mənim əlimə bir misyoner kitabçası keçdi. Bu kitabça gizlin saxlanılırdı. Kitabçada müsəlman ruhaniləri ilə maarifpərvərləri xüsusunda söhbət edilirdi. Kitabın bir yerində deyilirdi: Biz misyonerlərin zəhmət çəkib müsəlmanlar arasında təbliğatda bulunmamız nahaqdır.

Zira, yüz misyonerlərin görmədiyi işi bir müsəlman mollası bir anda icra edər. Nə qədər müsəlmanlar arasında cahil mollalar çoxalsa, bir o qədər biz misyonerlərin mənfəətidir.

Kitabın digər bir yerində müsəlman ziyalılarından söz açıb deyir:

Müsəlman ziyalılarının başçısı Baxçasarayda yaşayan “Tərcüman” qəzetəsinin müdiri və sahibi-imtiyazı İsmayıl bəy Qasprinskidir. İsmayıl bəy Qasprinskinin ümdə səyi, çalışması, amali-arzusu odur ki, müsəlmanların üsuli-qədim məktəblərini üsuli-cədid məktəblərinə döndərib orada zəmanəyə dair hər bir şeydən dərs verilsin. Bir ziyalı şəxs üçün bundan artıq millətə xidmət ola bilməz. Biz misyonerlərin ümdə səyi, çalışması həmin İsmayıl bəyi müsəlman milləti yanında əhəmiyyətdən salmaqdır. Şükürlər olsun ki, müsəlman mollaları bizim əvəzimizə də bu xidməti də ifa ediyorlar”.

 

Nə isə...

 

İsmayıl bəyin Rusiyada birinci olaraq müsəlman qəzetəsi nəşr eləməsi tamam otuz beş ilə yaxındır ki, “Tərcüman” qəzetəsini davam etdirir idi. İsmayıl bəy hər cürə zərərə davam edib qəzetəni qapatmayıb davam etdirmişdir. İsmayıl bəy Rusiyanın maarif işlərinə böyük xidmətlər edib, Rusiyada mövcud olan məktəblərin ümumi üsuli-qədim məktəbi ikən, bunların çoxunu üsuli-cədid məktəblərinə döndərən İsmayıl bəy Qasprinski olmuşdur.

İsmayıl bəy Qasprinski dəfaət ilə Türkistana, Misirə, Osmanlı torpağının əğləbinə gedib, onlara üsuli-cədid məktəbinin nə qədər millətə nafe olduğunu düşündürüb bir çox məktəblər açdırtmışdır.

İsmayıl bəyin milləti uğrunda çəkdiyi zəhmətləri, millətinə yetirdiyi mənfəətləri yazmaqdan min dəfə acizəm...

Ağlar göz ilə diyərəm: Ey ədibi-möhtərəm, ey ustadi-kamil, ey əbülmühərririn, sənin etmiş olduğun xidmətlər millətin yadından ta ruzi-qiyamət çıxmayacaqdır.

Əmin olgilən, ey ustadımız! Sənin əkmiş olduğun toxumlar qövmümüz getdikcə nəşvü-nüma edib gögərər.

Rahat yat qəbrində, ey mənəvi atamız! Ey həqiqi millət xadimi! Allah sizin qəbrinizi nur ilə doldurub baqimandələrinizə və ümummüsəlmanlara bu ağır müsibətə davam etməyə səbr və əta eləsin!

 

Hacı İbrahim Qasımov

 

“Bəsirət” qəzeti, 13 sentyabr 1914, ¹21

 

 İsmayıl bəy Qasprinski 

 

İsmayıl bəy Qasprinskinin ölmək xəbəri bizə də erişdi, bu dəhşətli xəbər bizi böyük yas və heyrətə saldı. Biz onun ölməgini gözləməyirdik və doğrusunu deyək, onun ölümünə inanmırdıq. Bizim xəyalımıza və fikrimizə gəlməzdi ki, İsmayıl bəy kimi adam ölə bilər. Böyük və sevgili adamın ölməgi insanı heyrətə salır, bir müddət onun əqlini çaşırır, ruhunu və hisslərini qəbz edib hərəkətdən salır. Həzrəti Rəsulun vəfatı xəbərini Abdullah ibn Ənəs və Həzrəti Ömər eşitdikdə inanmadılar və ibn-Xəttab qılıncı sıvırıb məscidin qapısında durdu və dedi:

“Hər kim ki, həzrəti peyğəmbər fövt oldu desə, bu qılınc ilə onu belindən iki biçərəm!”.

İmperator Petr Kəbirin vəfatı xəbərini onun müqərriblərindən bəziləri eşitdikdə inanmadılar və Petr Kəbir ölməz deyib iddia etdilər. Tarixdə bunun əmsalı çoxdur. Ana öz istəkli balasının ölməyinə bavər etməyib “Mənim balam ölməz” deyib nalə və fəryad edər.

Bizim yəqinimizdir ki, sevgili ustadımızın vəfatı xəbəri bu minval çoxları əvvəl dəfədə cəsədi-biruh halına salıb mat və məbhut qoyacaqdır və çoxları bu qara xəbərə inanmayıb şəkk və şübhədə qalacaqlar.

İsmayıl bəy diriliyimizin mayası və millətimizin ruhi mənziləsində idi. İsmayıl bəy öldü demək millətimizin çırağı söndü, həyat və işrətimizin rövnəqi pozuldu deməkdir. Bir sülüs əsr boyunca millətin tərəqqi və təalisi yolunda bilaaram çalışmaq, hər tərəfdən onun üzərinə həvalə olunan oxlara sinəsini sipər etmək, onun nicat və səadətinə çarələr aramaq, cəhalət kibi möhlik mərəzlərinə tədavi edib sihhət və səlamətə çıxartmaq yüngül və asan iş degil. Bu ağır zəhmətlərə və böyük məşəqqətlərə mütəhəmmil olmaq ancaq İsmayıl bəy kimi sahibi-hünərlərin və qəlbi bütünlərin əlindən gələr.

 

Pir deli bayəd ke, bari-ğəm kəşəd

Rəxş mibayəd təni-rüstəm kəşəd1

 

İsmayıl bəyi biz çoxdan tanıyoruq. Zaqafqaz darülmüəlliminində təhsildə olduğumuz zamanı onun “Tərcüman”ı başladı çıxmağa. O vəqtləri dünyadan bixəbər idik. Kim olduğumuzu və təkliflərimizi anlamazdıq. Mərhum “Tərcüman” ilə bizi ayıltdı. Bizdə yatmış hisslərimizi oyadan, bizi hərəkətə gətirən, öz vəzifələrimizi bildirən, amal və əfkarımıza qüvvət verən bu kişi oldu. Yüzlərcə, bəlkə minlərcə bizim kimiləri onun yetirmələri, dostpərvərdələri olubdur ki, imdi ustadlarının vəfatı onları dağidar və pərişanhal edəcəkdir.

1890-cı sənədə həqir müsəlman şöbəsinin cünbindəki ibtidai məktəbin sabiq müəllimi Səfərəli bəy Vəlibəyovla möhtərəm ustadımızı ziyarət etmək qəsdilə Baxçasaraya ezam olduq. On gündən ziyadə İsmayıl bəy öz evində bizi qonaq saxladı. Zövceyi-möhtərəməsilə haqqımızda artıqlığıyla yaxşılıqlar etdilər ki, hərgiz o nəvazişlər unudulmaz. O vəqtləri uşaqları balaca idilər. Rifət 6 yaşında və Şəfiqə xanım 4 yaşında idi. “Tərcüman”ın balaca mətbəəsində mərhum İsmayıl bəy bizi də işə qoşdu. Bekar oturmaq olmazdı, çünki ailənin üzvləri ki, ibarət ola özündən, xanımından, həmşirəsindən və iki nəfər cavan qayınlarından bilaaram iş görməkdə idilər.

Zəncirli mədrəsənin müdiri mərhum Əlhac Həbibullah əfəndi ilə və Baxçasarayın sair əyanilə mərhum bizi tanış elədi, yeni üsulda təsis etdigi məktəbi göstərdi və üsuli-təlimdə mahir olan mərhum Vəlibəyov nümunə olaraq  xocalar hüzurunda gözəl bir dərs verdi. Bundan əlavə İsmayıl bəy Krımın bir parə yerlərini bizimlə gəzib orada olan müsəlmanların dolanacağılə filcümlə bizi bələd etdi.

Krımın ən münbit və məhsul bitirici yerləri imdiki qəvi düşmənimiz olan nemsələrin yədi-təsərrüfünə keçməsindən söz açıb, ruslar, nemsələr həqqində etdigi yaxşılıqları və onlara verdigi imtiyazları suzişli qəlbilə zikr edib diyordu:

Rusların böylə politikalarını bən anlaya bilmiyorum ki, nə səbəbə öz fəqir və məzlum rəiyyətləri olan Krım tatarlarına bu qədər cəfayı rəva görüb də onların ata-babalarından qalan yerlərini məğrur və xudbin nemsələrə verirlər. Bir vəqt olar ki, o politikanın səməri acı olduğunu görüb peşiman olarlar...

İsmayıl bəyin 25 sənə bundan müqəddəm dedigi sözlər imdi eynilə nəticə verir...

O vəqtləri İsmayıl bəy 35 və ya daha artıq sənəyə erişmiş isə də hənuz cavan görünürdü. Onun açıq qabağı, gözəl siması, əqilli gözləri, uzun gərdəni və tərlan baxışı cümləyi özünə mayil edirdi. İmdi “İqbal”ın 737-ci nömrəsində onun təsvirini görüb 24 il bundan irəli gördügüm gözəl şəkil və şəmayili nəzərə gətirirəm, onun hərəkat və səkənatında müşahidə etdigim lətafət və nəzakəti gözümün önündə köçürürəm...

İsmayıl bəy gələcəyimizə yaxşı gözilə baxırdı. Həyatımıza ümidi, səadətimizə etiqadi-kəmalı var idi. Hər şeydən artıq bizə xoş gələn – İsmayıl bəyin fel və qövlündə müşahidə olunan səbat və mətanəti-qəlb idi. Mərhumun əqidəsi buna idi ki, hər bir şey insanın öz əlindədir, istərsə edər. Mətləb ancaq istəkdədir, işə şüru etməkdədir. İsmayıl bəy diyordu ki, bizim müsəlmanlar əksərən xəyalət aləmində yaşıyorlar, bu aləmi boşlayıb fəaliyyət aləminə daxil olmaq gərəkdir. O qism işə iqdam etmək lazımdır ki, ondan bir xeyir və fayda hasil olsun. Doğrudan da İsmayıl bəyin hanki bir işinə diqqət yetirilsə, onda böyük tədbir və təcrübə və əncamında böyük fayda müşahidə olunur.

İsmayıl bəy əldəki tavuqu havada uçan qaza dəgişdirən adamlardan degil idi. Sözümüzün həqq olmasına onun heç bir şeydən böyük işlər, əsərlər və binagüzarlıqlar tərtib və təsis etməgi şəhadət verir.

İsmayıl bəyin böyük xidmətlərindən birisi millətimizi, dinimizi və dilimizi şər ədadan mühafizə etməgidir.

Biz Baxçasarayda olan zamanı İsmayıl bəyə hər tərəfdən vüsul olan məktublar cümləsindən bir kağız da “Tərcüman”ın senzoru professor Smirnovdan yetişdi. Smirnovun adını eşitmişdik, amma kim və nə məsləkdə olduğunu bilməzdik. Məktubdan “fəziləti” məlum oldu. Bildik və tanıdıq. İsmayıl bəy məktubu bizə oxudu və ziyadə əhəmiyyətli olduğuyçün üzünü götürməgə həqirə izn verdi. Kağız çox tul və təfsil üzrə yazılmışdır. Tamamını zikr etməgə ehtiyac yoxdur. Vəli onun birinci yerlərini tərcümə etməgi lazım görürük, ta ki İsmayıl bəyin nə yolda və kimlər ilə cəng və cidalda olmağı dürüst təyin olunsun. Smirnov yazır:

“Yadımdadır – əzizim İsmayıl – keçmişdə “İslam”ın həqqində söylədigim sözləri siz eşidib məni “seminarist”* ləqəbilə müttəhim etdiniz. O vəqti mən cavan idim, təcrübəm yox idi. Sizin iradınıza cavab verməkdə aciz qalıb qızardım və özümü itirdim. Xəyal elədim, bəlkə İslamın həqqində mən səhv dedim, bəlkə “İslam” həqqdir. Amma imdi sinn və təcrübəm artıbdır, “seminarist” adını üstümə götürməkdə utanıb qızarmıram, bəlkə bu adilə iftixar edirəm. Mən müddəti-mütəmadi artıq şövq və diqqətlə “İslam” nə olduğuna baxdım, onun barəsində söylənən sözlərə qulaq asdım və yazılanları oxudum, bənə yəqinlik hasil oldu ki, “İslam” ilə mədəniyyət və Avropa “sivilizasiya”sı sülh və saziş edə bilməz və o kəslər ki, bu doğru olan əqidənin ziddincə fikir edirlər və İslamı mədh qılıb çığırırlar – onlar – ya Əhməd Midhət kibi yalançı və həyasız fanatiklərdir. Və yainki özləri “İslam” nə olduğunu dürüst anlayıb fəhm etmiyorlar. Və fəhm etdikləri surətdə həqiqi müsəlman degillər...”

“Həqiqəti-əmrdə “İslam” nədir və nədən ibarətdir? Başdan ayağa kibr və qürurdan tərtib olunmuş ehkam – təsis qılınmış batil və müzürr bu din, bu dini qəbul edənlərdən “İslam” çox şeymi tələb edir? Xeyr-xeyr çox az? İslamın əmri: Allaha və onun yalançı peyğəmbərinə etiqad elə, bəzi füruğatı əmələ gətir, füqəra üzərinə artıq qalanından pay atıb adını “zəkat” qoy, islamdan xaric olan bədbəxtlər və dini tələblər ilə əlaqə və müamilə etmə, fürsət məqamında onları üz, döy və incit, yoxsa əl vurma, özünü murdarlama, amma bəzi məqamlarda onlara özünü xeyirxah və sülhedici göstər və əgər – xudanəkərdə – onların təbiyyətinə düşsən təqiyyə ilə.. səbr et... Allah kərimdir, vəqt olar əlin açılar, zülm və cövrdən xilas olarsan, bu təklifləri yerinə yetirəndən sonra Allah əvəzində sənə behişt, huri, qilman və könlün istədikcə plov verəcəkdir...

Bu səbəblə dini-islamı əxlaqsız və elm və məarifdən bibəhrə olan vəhşi qövm və taifələr artıq şövq və həvəs ilə qəbul edirlər və niyə də qəbul etməsinlər: islamın təklifləri yüngül və asan – əvəzində verdigi mərd huri və qilman! Daha bundan gözəl din ola bilərmi?

Pəs “xristianstva”, yaxud dini-nəsara nədir? Ağır və insan tab gətirməyən bir yük. Onun qüvvəsindən və taqətindən ziyadə əmrlər və təkliflər: “hər adamı öz nəfsini sevən kimi sev!”. Nə müşkül əmr, nə ağır təklif! Bundan o çıxır ki, öz nəfsindən, rahatlığından və şəxsiyyətindən əl çək. Kim bunu bacarar? Bu qism təkliflər müsəlman üçün yaramaz, müsəlman öz kibr və qürurundan, öz şəxsi mənfəətindən və münbitindən əl çəkə bilməz. Odur ki, müsəlmanlar gündə beş vəqt namazlarını qılıb da düz bir cənnətə daxil olurlar, amma isəvilər öz dinlərinin ağır və məşəqqətli təkliflərini əda etməkdə aciz qalıb insaflarının atəşində yanıb qovrulurlar!..

Bundan sonra Smirnov müsəlman ruhanilərinin fanatizmindən bəhs edib və həqlərində bəzi naşayəstə sözlər söyləyib etiraz dilini müsəlman intiligentləri üzərinə açıb diyor:

“Sizin ziyalılarınız da əllərində bir şeyi olmadığı halda ibn-Sina ilə gəldi, Əli Quşçu ilə getdi deyib qışqırırlar. Amma bunu bilmiyorlar ki, ibn-Sinalar vəqti çoxdan keçibdir. Lazımdır onları yaddan çıxartmaq, bu əsrdə onların etdigi hünərlərlə iftixar etmək nəinki boş və biməzmundur və hətta gülüncdür. Və bir də ibn-Sinaların və Əli Quşçuların ülum və mədəniyyətə düşmən olan “İslam” ilə nə münasibəti?...

Necə ki, yuxarıda zikr olundu kağız uzundur, bu yazdığımızdan da oxucular hissə götürə bilərlər. 1870-ci illərdə mərhum Həsən bəy Məlikzadə Qafqaz müsəlmanlarını ülum və məarif kəsbinə – dəvət edən zaman və mahi-məhərrəmdə baş çapmağın əqlən və şərən caiz olmadığını sübuta yetirdigi əsnada müsəlmanların özləri ona föhşlər göndərirdilər. Qarabağ və Quba şairləri şənində həcvlər yazırdı. On-on beş sənə sonra İsmayıl bəy himmət kəmərini belinə bağlayıb Həsən bəy kibi müsəlmanların qəflətdən ayılıb ülum və məarif kəsbinə rəğbət etmələrinə öz tərcümanilə çalışmağa başladı. Bu halda da smirnovlar, çerivanskilər, ostroumovlar meydana çıxıb büğz və ədavətlərini göstərdilər və müsəlmanların din və ayinləri ülum və tərəqqiyə zidd olmağını və müsəlmanlar qabili-tərəqqi olmadıqlarını sübuta yetirməgə çalışdılar və “islam”ın həqqində olmazın iftiraları və böhtanları söyləməkdən çəkinmədilər.

Həsən bəyin düşmənləri ilə İsmayıl bəyin düşmənləri arasında təfavüt çox idi; Həsən bəyin düşmənləri bir az vəqtdən sonra öz əməllərindən peşiman olub ondan əfv dilədilər və Hadiül-müzillin “Əkinçi”nin axırıncı nömrələrinin birində öz həcvindən xəcalət çəkib Şeyx Sədinin bu şerilə üzrxahlıq etmişdir:

 

Biya ke növbəti-sülh əst dustü ənayət

Beşərt an ke nəkuim əz ançerəfti-hekayət2

 

Bu düşmənlər əvamlıqları ucundan xeyirxahlarına düşmən olmuşdular. Amma İsmayıl bəyin düşmənləri əqidə və məslək düşmənləridir. Bunların ədavəti qərəz və büxldən nəşət edən ədavətdir ki, getdikcə artıb çoxalır, qüvvətlənir. Söz yoxdur ki, düşmən nə qədər qüvvətli olsa, bir o qədər də onunla müqabilə və mücadilə etmək çətindir. Mərhum İsmayıl bəy bu qism böyük din və əqidə düşmənlərilə müdam cəngdə olub bir an da olmuş olsa qəsdində qüsur və fəaliyyətdə fütur göstərməyibdir. Bu cürət və səbat, bu məharət və kəmal ancaq İsmayıl bəy kibi sahibi-hünərlərin və dahilərin əlindən gələrdi. İmdi İsmayıl bəy vəfat etdi və öz vəfatı ilə bütün Rusiya müsəlmanlarını sahibsiz və hamisiz qoydu. Bu ağır müsibətə görək nə sayaq davam edəcəyik. Allah səbr, cəmil əta eləsin.

F.Köçərli

“İqbal” qəzeti, 28 sentyabr 1914, ¹749  

1 Qoca ürək qəm yükü çəkməlidirRustəm bədəninə al-qırmızı çəkməlidir.

2 Ey inayət dostu, gəl ki, sülh çağıdır

O şərtlə ki, əvvəl olanlar haqqında danışmayaq

(*) Ruhani seminariyalarda təlim alan adamların əksəri kutahbin və mütəəssib olduqları üçün “seminarist” ləqəbilə bir növ ittiham olunurlar.

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2013.- 10 aprel.- S.4-7.