Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

(davam;)

 

1935-ci ildə İtaliya Efiopiyaya müdaxilə edəndə böhran xeyli böyüdü, Çörçillin isə buna pis hazırlaşdığı üzə çıxdı. O, iki istəyin arasında qalmışdı, bu, Millətlər Liqasının, kollektiv təhlükəsizlik konsepsiyası üzrə qurulması və Benito Mussolininin Hitlerin ağuşuna atılmasından irəli gələn qorxu idi. İspan vətəndaş müharibəsi (1936-1939-cu illər) dövründə müdaxilə etməmək fikrinə özünü inandırmışdı. İlk anda Fransisko Frankonun müdafiəçisi, sonralar isə onun tənqidçisi oldu. 1936-cı ildə VIII Eduard taxt-tacdan istefa verdikdən sonrakı böhran vaxtı o, əbəs yerə Bolduinin kral hadisəsinin ictimai tərəfdarı olmasının əleyhinə çıxdı.

Nevil Çemberlen Bolduini əvəz etdi, Kassandraya oxşar Çörçill ilə Mühafizəkar partiyasının liderləri arasındakı uçurum genişləndi. Çörçill ardıcıl olaraq Almaniyanın təcavüzkar qisası haqqında məlumat verirdi və hadisələr bu prosesin getdiyinin düzgünlüyünü təsdiq edirdi. Lakin onun xəbərdarlıqlarına ardıcıl olaraq məhəl qoyulmurdu. Onun bir ovuc ardıcılı da siyasi cəhətdən kiçik bir qüvvə olaraq qalırdı. Çemberlen onlara əhəmiyyət verməməkdə özünü daha təhlükəsiz hesab edirdi. Bu vaxt Almaniyanın Çexoslovakiya üzərinə təzyiqi artırdı.

1938-ci ilin sentyabrında Hitlerlə Münxen sazişi bağlandıqda, Çexoslovakiya natsistlərə qurban verildi. Çörçill təkid edirdi ki, bu, “ümumi və yumşala bilməyən bir məğlubiyyətdir”. Baş nazir Nevil Çemberlen və onun fransız kolleqası Eduard Deladye Hitlerlə belə mənfur sazişi imzalamışdılar. Çemberlen Londona dönərkən özünü məşhur baş nazir Bencamin Dizraeli kimi aparmaq istəmiş, sazişi hava limanında nümayiş etdirərək, sülh gətirdiyini bəyan etmişdi. Bu açıq aldanma idi. Dizraeli isə 1878-ci ildə Berlin konfransından uduşla qayıtmışdı, Kipr adası Böyük Britaniyaya verilmişdi və Londonda o, təntənə ilə qarşılanmışdı.

Çörçill isə Çemberlen hökumətinin Hitleri sakitləşdirmək siyasətini kəskin tənqid edirdi və Münxen sazişi imzalandıqdan sonra İcmalar Palatasındakı çıxışında demişdi: “Sizin müharibəni və şərəfsizliyi seçmək imkanınız var idi. Siz şərəfsizliyi seçdiniz, indi isə siz müharibəni alacaqsınız”. 1939-cu ilin martında Çörçill və onun qrupu həqiqi milli koalisiyanın yaradılmasını təkid etdi və ölkədəki bu istəyə görə onu millətin sözçüsü kimi tanıdılar və onun vəzifəyə qaytarılmasını təbliğ etməyə başladılar. Sülh az müddət ərzində dayana bildi, Çemberlen isə bütün belə əqidələrə məhəl qoymurdu.

Düşündükdə görünür ki, Çörçillin bütöv əvvəlki karyerası müharibə dövründəki liderliyə hazırlanmaq olmuşdu. Sarsılmaz vətənpərvər; öz ölkəsinin böyüklüyünə və Avropadakı, imperiyadakı və dünyadakı tarixi roluna inanan romantik; özünü fəaliyyətə həsr etməklə çağırışlar və böhranlar əsasında mübarizə aparan; tələbə, tarixçi və müharibə veteranı; uzun müddətli siyasi sürgündə olmasına baxmayaraq və ya məhz bu səbəbə görə dəmir bədənə malik olan; taqətdən düşməyən enerji və bütövlüklə özünü cəmləşdirən bir adam kimi o, elə görünürdü ki, bütün qabiliyyətlərlə elə bolluqla qidalanmışdır ki, zaman gəldikdə Britaniyanın və dünyada onun dərdlərinin xilası naminə onları bədxərcliklə israf etməkdən çəkinməyəcəkdir.

3 sentyabr 1939-cu ildə Britaniya Almaniyaya müharibə elan etdiyi gün Çemberlen Çörçilli Admiralteydə – köhnə vəzifəsinə qaytardı. Donanmaya siqnal yollandı: “Uinston geri qayıdır”. 11 sentyabrda Çörçill prezident Franklin D.Ruzveltdən teleqram aldı və ona “Donanma personu” imzası ilə cavab verdi. Bu vaxtdan onların arasında tarixi yazışma başlandı. Nəhayət, Çörçillin yorulmaz enerjisi bütün administrasiyada hiss olundu. Onun bütün cəhdlərinə baxmayaraq, apatiyada olan ingilis-fransız Antantasını “telefon müharibəsi” kimi adlanan dövr ərzində gücləndirmək səyləri uğursuzluğa uğradı.

Almanlar 1940-cı ilin mayında Norveçi tutmamışdan əvvəl Avropa müharibəsi staqnasiya (durğunluq) mərhələsində idi. Narvik və Trondheym ekspedisiyaları dəniz qüvvələrinin köməyindən asılı olduğu və bu kömək göstərilmədiyindən uğursuzluqla üzləşdikdə, Çörçill Birinci Dünya müharibəsində taleyüklü məsələ olan Dardanel və Qalliopoli xatirələrini yada saldı. Buna baxmayaraq bu vaxt əsasən Çemberlen məzəmmət edilirdi və Çörçill onu müdafiə etməyə səy göstərdi.

10 may 1940-cı ildə almanların Çökək ölkələrə (Niderlandlara) müdaxiləsi norveç fiaskosunun başına dəyən çəkic zərbəsinə bənzəyirdi. Çemberlen istefa verdi. O, xarici işlər naziri Lord Halifaksın özünün varisi olmasını istəyirdi. Lakin Halifaks müdrikcəsinə bu vəzifədən imtina etdi. Bu əvvəlcədən məlum idi ki, yalnız Çörçill milləti birləşdirə və ona başçılıq edə bilərdi. Həmin zərurət öz təsdiqini tapdı və Çörçill baş nazir oldu.

Leyborist partiyası isə anti-sosializminə görə Çörçillə köhnə qaydada inanmırdı. Koalisiya hökuməti radikal sağ və sol qüvvələrdən başqa bütün elementlərdən təşkil edilmişdi. Ona beş nəfərlik müharibə hökuməti başçılıq edirdi. Bura əvvəlcə Çemberlen və Halifaks, həm də Leyborist partiyasının liderləri – Klement Ettli və Artur Qrinvud daxil idi. Tred-yunion lideri Ernest Bevinin əmək naziri təyin olunması bu həyati cəbhə ilə əlaqəyə təminat verirdi. Lloyd Corca da təkliflər edildi, lakin o, onlardan yayındı.

Çörçill özü həm də üstəlik İcmalar Palatasında, Müdafiə Nazirliyində liderlik edirdi. Bu nümunə müharibə vasitəsi ilə dəstəklənirdi. Baş nazir öz diqqətini cəmləşdirmişdi, o, heç vaxt kollektiv rəy əleyhinə çıxmırdı. Bütün bunlarda parlament həyati əhəmiyyətli rol oynayırdı.

13 mayda Çörçill İcmalar Palatası qarşısında ilk dəfə baş nazir kimi dayandı. O, qarşıdakı çətin yol barədə parlament üzvlərini xəbərdar etdi.

“Mən qandan, ağır zəhmətdən, göz yaşlarından və tərdən başqa heç nə təklif etmirəm”. Çıxışında o, özünü və bütün milləti qazanılacaq qələbəyə qədər müharibənin bütün çətinliklərini dəf etməyə həsr olmağa çağırdı. Məqsədin sadəliyinin arxasında onun sadiq qaldığı dəqiq strategiya dayanırdı. Bütün müharibə dövrü diqqət buna cəmlənmişdi. Hitler Almaniyası düşmən idi. Heç nə bütün Britaniya xalqını almanları məğlubiyyətə çatdıracaq vəzifədən yayındıra bilməzdi. Kim qələbə məqsədini güdürsə, hətta qoy lap kommunistlər olsun, müttəfiqlik üçün qəbul ediləcəkdi. Bu cəhddə heç bir müqayisəyə gəlməyən müttəfiq isə, istər müharibə olsun ya olmasın, əlbəttə ki, Birləşmiş Ştatlar idi. Onun dəstəyini almaq və ona tərəfdar çıxmaq Çörçill düşüncəsinin mərkəzi prinsipi idi. Çörçill qələbə mehrabına hər şeyi qurban verməyə hazır idi. Parlamentin qəbul etdiyi qanuna görə “adamlar, onların xidmətləri və mülkiyyəti Tacın sərəncamında” olmalı idi. Bu, Britaniya tarixində hökumətə fövqəladə hakimiyyət vermək demək idi.

Alman aviasiyasının Böyük Britaniya şəhərlərini “yer üzündən silməyə” hazır olduğu barədə Hitlerin hədəsindən bir neçə gün sonra, alman hərbi-hava qüvvələri güclü hücuma keçdilər. Lakin almanlar ingilislərin müqavimətini qıra bilmədilər. Almaniya öz məqsədlərinə nail ola bilmədi.

Çörçill bu qərara gəldi ki, natsizmə heç bir güzəştə getmək olmaz. O, inanırdı ki, Britaniyanı qəti qələbəyə apara bilər: “Mən düşünürəm ki, bunların hamısı barədə böyük işləri görməyi bilirəm”. O, elə bil ki, Böyük Uilyam Pittin sözlərini təkrar edirdi. Böyük Uilyam Pittə 1756-cı ildə başlanan yeddi illik müharibə bir dövlət xadimi kimi ali imkan verdi. Müharibə ağır itkilərlə və siyasətin xeyli qarışıqlığı ilə başlandı. O, bəyan etdi: “Mən əminəm ki, bu ölkəni xilas edə bilərəm və başqa heç bir kəs bunu bacarmaz”. Bu özünə güvənmənin arxasında hər iki halda yüksək potensiala və ondan səmərəli istifadə etmək bacarığına tam əminlik var idi.

Fransanın sürətli məğlubiyyəti ilə üz-üzə gəldikdə Çörçill bir neçə dəfə fransız hökuməti ilə görüşmək üçün oraya səfərlər etdi ki, Fransanı müharibədə saxlamağa cəhd etsin, bunun yüksək nöqtəsi 16 iyun 1946-cı ildə məşhur ingilis-fransız ittifaqının təklif edilməsi oldu. Bütün bunlar uğursuz cəhdlərə çevrildikdə Britaniya döyüşü başlandı. Çörçill atəş xəttində olurdu, qərargahlara gedir, təyyarələrdən müdafiə batalyonlarını və sahil müdafiə qüvvələrini yoxlayırdı, “blits”(ildırım sürətli) müharibənin bombalarının zərər vurduğu yerlərə və ya qurbanlar səhnələrinə nüfuz edirdi. Daim siqarını tüstülədir, iki barmağı ilə qələbəni bildirən “V” işarəsi (victory – “qələbə”) ilə adamları salamlayır, yaxud da radio ilə xalqa açıq məlumatlar verirdi. Bu söhbətlərində o, yumor hissindən də qalmırdı. Millət onu öz ürəyində gəzdirirdi: hər ikisi “özlərinin ən yaxşı saatında” idilər.

Digər ağrılı və daha mübahisəli qərarlar Çörçillin üzərinə düşürdü. Fransız donanmasına hücum edildi ki, onun Hitlerə təslim olmasının qarşısı alınsın. Müdaxilə təhlükəsi qorxulu olduqda, Şərqi Aralıq dənizində qüvvələri gücləndirmək barədə qərar qəbul olundu. Yunanıstana da qoşunlar göndərildi, ağır başa gələn qurbanlar verildi. Krit adasından evakuasiya digər Qalliopolini yada salırdı və belə hadisələrə görə Çörçill parlamentdə ağır atəş altına düşürdü.

Britaniya Karib boğazını Birləşmiş Ştatlara verməyə və əvəzində lend-lizin tətbiq edilməsinə görə Çörçill lovğalanırdı ki, “Bizə alət verin və biz işimizi başa çatdıracağıq”. 1941-ci ilin avqustunda Nyu-Faundlenddəki Plasentiya körfəzində Çörçillə Ruzveltin dramatik keçən görüşü münasibətləri möhkəmləndirdi. Atlantik Xartiyası qəbul olundu, bu, Birləşmiş Ştatlarla Britaniya arasında ümumi prinsiplər barədə bəyanat idi.

Hitler Sovet İttifaqına qəflətən hücum etdikdə, Çörçillin cavabı sürətli və ikibaşlı idi. 22 iyun 1941-ci ildəki radio ilə çıxışında kommunizmin hansısa tənqidini dilə gətirməkdən imtina etdi və israrla dedi ki, “Rusiyanın təhlükəsi bizim təhlükəmizdir” və Rusiya xalqına kömək göstərmək vədini verdi. Bu “böyük alyans” yaratmaq barədə onun siyasəti olmaqla, Sovet İttifaqını və Birləşmiş Ştatları birləşdirirdi. Lakin 1942-ci ilin mayına kimi qarşılıqlı kömək barədə 20 illik ingilis-sovet paktı barədə danışıqlar aparıldı.

7 dekabr 1941-ci ildə yaponların Pörl-Harbora hücumu Çörçillin gözündə müharibənin bütün perspektivini dəyişdirdi. Nəhayət o, Vaşinqtona (Kolumbiya mahalı) yollandı və Ruzveltlə birlikdə ingilis-amerikan razılaşmalarını möhkəmləndirdi. Müharibənin bütün təhlükələrinə qarşı birləşmiş komandanlıq yaradıldı. Təməl strategiya razılaşdırıldı ki, Almaniyanın məğlubiyyəti Yaponiyanın məğlubiyyətinə görə prioritet əhəmiyyət daşıyacaqdır. Böyük alyans artıq mövcud idi. Çörçill özünü onun memarı hesab edə bilərdi. Onun qorunub saxlanması Çörçillin sonrakı üç il yarımlıq dövr üçün başlıca marağına çevrildi.

Onunla Ruzvelt arasındakı ehtiram və bağlılıq həlledici əhəmiyyətə malik idi. Çörçill təkbaşına, Stalinin aramsız təzyiqlərinə baxmayaraq, “ikinci cəbhənin” 1942-ci ildə açılması təklifindən imtina etdi. 1942-ci ilin avqustunda Moskvaya uçub Stalinlə görüşdü və onun narazılığının ağırlığını xeyli müddət daşımalı oldu. 8 avqustda Çörçill Moskvaya səfərinin yekunları barədə Britaniya parlamentində çıxış edərkən demişdi: “Rusiyanın bəxti gətirmişdir ki, aqoniya vəziyyətində olanda onun başında belə bir sərt rəhbər dayandı. O, belə ağır, çətin dövrlərə yarayan görkəmli şəxsiyyətdir. Bu adam tükənməz dərəcədə cəsarətli, hökmlü, öz rəylərində açıq və hətta sərtdir. Lakin o, yumor hissini də qoruyub saxlamışdır, bu isə bütün adamlar və xalqlar üçün, xüsusilə böyük adamlar və böyük xalqlar üçün vacibdir. Stalin özünün soyuqqanlılığı, müdrikliyi ilə, həm də hansısa bir illuziyasının tamamilə olmaması ilə mənə yaxşı təsir bağışladı. Mən ümid edirəm ki, onu inandırmağa müvəffəq oldum ki, bu müharibədə biz sədaqətli və etibarlı silahdaşlar olacağıq, ancaq bu, nəhayət etibarilə, sözlə deyil, işlərlə sübut edilir”.

1945-ci il noyabrın əvvəlində Çörçill İcmalar Palatasındakı nitqində demişdi: “Mən bu həqiqətən böyük insan barədə yüksək heyranlıqdan başqa şəxsən hansısa digər bir şey hiss etmirəm. O, öz ölkəsinin atasıdır, dinc dövrlərdə ölkənin taleyini idarə etmiş, müharibə dövründə isə qalibiyyətin müdafiəçisi olmuşdur”. Bu sözləri o, Stalinə ünvanlamışdı.

Tədqiqatçılar güman edir ki, Çörçillin Stalinə münasibəti kəskin qaydada neqativ idi. Stalin barədə tərifli sözləri isə o, müharibə vaxtı, xüsusilə 1942-ci ildə söyləmişdir, o vaxt isə situasiya tam başqa cür idi.

Çörçill vətənə atəş altında döndü. İyun ayında Şimali Afrikadakı Tobruk, onun Vaşinqtona ikinci səfəri vaxtı almanlara təslim oldu. 1942-ci il Kabinet sola tərəf bəzi dəyişikliklərə məruz qaldı.

 

(Ardı var)

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2013.- 13 aprel.- S.18.