Elmin və təhsilin inkişafında Estoniya təcrübəsi

Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən ölkədəki etnik azlıqların qorunması, inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır.

Təhsil sisteminə rəhbərlik Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması, dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi, o cümlədən məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri daxildir.

Təhsil naziri Misir Mərdanov deyir ki, ölkənin təhsil sistemi məktəbəqədər təhsil, əsas təhsil, orta təhsil və ali təhsil səviyyələrindən ibarətdir. Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir. Əsas təhsil pilləsi I-IX sinifləri əhatə edir. Əsas təhsilin VII-IX siniflərində də şagirdlər maraq sahələrinə uyğun olaraq peşə profili üzrə təhsil ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla X-XII sinifləri əhatə edir.

Tədris dilindən asılı olmayaraq təhsil bütün pillələrdə ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi milli kurikulum əsasında öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən azı 175 tədris günündən (35 həftə) ibarətdir. Ölkə üzrə 2008-2009-cu tədris ilində ümumi təhsil məktəblərində oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər təşkil edib. Onların 12426 nəfəri I sinif şagirdi olub.

Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən, akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı verilmir.

Nazirin dediyinə görə, məktəbəqədər təhsil məktəbəqədər təhsil müəssisələrində və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması valideynlərin istəyindən asılıdır. Estoniyada 4 növ məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sıraya 1-3 yaşlı uşaqlar üçün nəzərdə tutulan gündüz bağçaları, 1-7 yaşlı uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan bağçalar və ibtidai məktəb tipli bağçalar daxildir. Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti regionlarda fəaliyyət göstərən 1-3 yaşlı uşaqlar üçün nəzərdə tutulan gündüz bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil müəssisələrinə müraciət edənlərin sayı çox olduğuna görə həmin bağçalarda qrupların sayı 12-dən az olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər təhsil müəssisələrində qrupların maksimum sayı 6-nı keçmir. Məktəbəqədər təhsil müəssisələrində adaptasiya qrupunun yaradılması mümkün olmadığı hallarda bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar yaradır və ya xüsusi bağçalar təsis edirlər. Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin yazılı müraciəti, eləcə də məşvərət komitəsinin qərarı əsasında qəbul edilirlər.

Ölkənin digər regionları ilə müqayisədə iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinə daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb edir: Məktəbəqədər təhsil müəssisələrində oxumayan uşaqlar üçün bağçaların və məktəblərin nəzdində məktəbə hazırlıq qrupları təşkil olunur. Bu qruplarda təhsil pulsuzdur və könüllülük prinsipi əsasındadır.

M.Mərdanov bildirib ki, Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas təhsilə cəlb olunur. İcbari təhsil I-IX sinifləri əhatə edir. I-VI siniflər üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir. VII-IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə təhsil ala bilərlər. Əsas təhsil 3 mərhələdə təşkil edilir: birinci mərhələ I-III siniflər, ikinci mərhələ IV-VI siniflər, üçüncü mərhələ VII-IX siniflər. Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.

Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir: I sinifdə 20 dərs, II sinifdə 23 dərs, III-IV siniflərdə 25 dərs, V sinifdə 28 dərs, VI-VII siniflərdə 30 dərs, VIII sinifdə 32 dərs, IX sinifdə 34 dərs.

Əsas təhsil pilləsində eston dili və ədəbiyyatı, iki xarici dil, riyaziyyat, təbiət elmləri, coğrafiya, biologiya, kimya, fizika, tarix, humanitar elmlər, ictimai elmlər, musiqi, təsviri sənət, fiziki təhsil, əmək təlimi kimi icbari fənlər tədris edilir. Tədris rus və digər əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi tədris olunur. Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3 imtahanı uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən və ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə və ya yaşlılar üçün nəzərdə tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər. Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3 illik ümumi orta və ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində və ya ümumi orta təhsil verməyən, ancaq peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür.

Nazirin sözlərinə görə, orta təhsil milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir. Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər və digər sahələr üzrə dərin biliklərə və ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.

2008-2009-cu tədris ilində Estoniyanın orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011-2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta təhsil müəssisələrində tədris eston dilində təşkil olunur. Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər: peşə təhsili müəssisələrində peşə təhsili (0,5-3 il), kolleclər və ya universitetlərdə ali peşə təhsili (3-4,5 il), universitet və ya digər ali təhsil müəssisələrində bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və ya doktorantura təhsili (3-4 il).

Texniki peşə təhsili haqda söz açan M.Mərdanov vurğulayıb ki, həm əsas, həm də orta təhsil pilləsində təmayüllər üzrə texniki peşə təhsili proqramları peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini başa vurmaq tələb olunmayan peşə təhsili proqramlarında əsas təhsil pilləsini başa vura bilməyən və 17 yaşı tamam olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir. Bu zaman təhsil müddəti 0,5-2,5 ildir. Həmin proqramları seçən şəxslər peşə təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini davam etdirə bilərlər. Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil növüdür ki, burada yalnız peşə təhsili ilə əlaqəsi olan ümumi təhsil fənləri tədris edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər müəyyən peşəyə yiyələnməklə yanaşı, əsas təhsil pilləsini də bitirmiş hesab olunurlar. Orta peşə təhsilinə əsas təhsil pilləsində təhsil almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini başa vuran şagirdlər orta təhsil sertifikatına və müəyyən peşəyə yiyələnir. Orta peşə təhsilinin müddəti minimum 3 il təşkil edir. Peşə məktəblərində orta peşə təhsili kurikulumunu tamamlamış şagirdlər öz seçimlərinə əsasən əlavə olaraq 1 illik ümumi təhsil fənn proqramlarını da öyrənə və müvafiq dövlət imtahanları verə bilərlər. Bu, həmin peşə məktəblərini bitirən məzunların təhsillərini ali məktəblərdə davam etdirmələrinə imkan verir. Orta təhsil əsaslı peşə təhsilinə isə orta təhsil pilləsini tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin tədris ocaqları 0,5-2,5 il müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı yaradır.Əsas və orta məktəblərdə təşkil olunan peşə təhsili ümumi təhsil məktəblərinin şagirdləri üçün nəzərdə tutulur və peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən azı 15 tədris həftəsi müddətində təşkil olunur. Təhsili başa vurduqdan sonra şagirdlər seçdikləri peşə üzrə əsas bilik və bacarıqlara, həmçinin peşə təhsilinin tamamlanmasına dair sertifikata yiyələnirlər.

2008-2009-cu tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi fəaliyyət göstərib. Onların da 31-i dövlət, 3-ü bələdiyyə və 11 özəl əsaslı peşə təhsili müəssisələridir. Həmin təhsil müəssisələrində oxuyan 27239 şagirdin 11456 nəfəri dövlət sifarişli ixtisasları seçib.

Nazir qeyd edib ki, orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir. Tələbələr ali təhsilin birinci mərhələsində iki növ kurikulumdan birini seçə bilərlər:

nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili, praktiki prinsiplərə əsasən nəzəri biliklərin inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30 faizini təşkil edir.

Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit arasında dəyişir. Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər. Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit arasında dəyişir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Kurikulumda nəzərdə tutulan tədris yükü isə ümumilikdə 200 kredit təşkil edir.Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir. Tibb ixtisası üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 240 kredit müəyyən olunub. Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Bu ixtisaslar üzrə kurikulumda nəzərdə tutulan tədris yükü isə 200 kredit təşkil edir. Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3-4 il davam edir. Fəlsəfə doktoru proqramı üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit arasında dəyişir: Qeyd etdiyim kimi, Estoniyanın ali təhsil sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir: universitetlər və ali peşə təhsili müəssisələri. Universitetlər elmi-tədqiqat, inkişaf, təhsil və mədəniyyət əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti beynəlxalq standartlara uyğun əsas və tətbiqi tədqiqatın aparılmasından ibarətdir. Universitetləri şərtləndirən əsas cəhət bu təhsil müəssisələrində ali təhsilin ikinci və üçüncü səviyyəsi üzrə nəzəriyyəyə əsaslanan tədqiqatların və mütəxəssis hazırlığının həyata keçirilməsidir. Ali peşə təhsili müəssisələrində isə ali təhsilin birinci səviyyəsi üzrə peşə bacarıqlarına yiyələnmiş mütəxəssislər əmək bazarının tələblərinə uyğun olaraq hazırlanır. Kurikulum çevikliyi və təcrübəyə üstünlük verilməsi, eləcə də şirkətlər, peşə assosiasiyaları, ictimai tərəfdaşlar ilə əməkdaşlıq edilməsi ali peşə təhsili müəssisələrini şərtləndirən əsas cəhətlərdir. Ali peşə təhsili müəssisələrində magistratura səviyyəsi üzrə mütəxəssis hazırlığına hökumətin razılığı əsasında icazə verilir. 2008-ci ilin statistikasına görə, Estoniyada 6 ali peşə təhsili müəssisəsində magistratura pilləsi üzrə mütəxəssis hazırlığı həyata keçirilib. Müəllimlik peşəsi üzrə kadrların hazırlanması universitetlərdə və kolleclərdə həyata keçirilir. Məktəbəqədər təhsil üzrə müəllimlərin hazırlığı isə həm universitet, həm də ali peşə təhsili müəssisələrində təşkil edilir. Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən 68000 nəfər olub.Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli və ödənişli ixtisaslar arasındakı nisbət əhəmiyyətli dərəcədə dəyişib. 2008-2009-cu tədris ilində ali məktəblərə qəbul zamanı dövlət sifarişli ixtisaslara qəbul edilən tələbələr ümumi tələbə sayının 46 faizini təşkil edib.Artmaqda olan əmək bazarının tələblərinə uyğun olaraq ali təhsil pilləsi üzrə müəyyən olunmuş prioritet sahələrə-mühəndislik, istehsalat və emal, kompüter elmləri, ətraf mühitin mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri aiddir. Bu sahələrə tələbat böyük olduğuna görə, müvafiq ixtisaslara qəbul prosesi yüksək rəqabət şəraitində keçirilir.

M.Mərdanov deyir ki, yaşlıların təhsilinin təşkili üçün Estoniyada çevik sistem və geniş imkanlar yaradılıb. Yaşlıların təhsili proqramları formal, peşə təhsili və qeyri-formal peşə təhsili formalarında həyata keçirilir. Yaşlıların formal təhsilinə əsas və orta təhsil pilləsində təhsil almaq üçün distant təhsil, axşam kursları vasitəsilə yaşlıların təhsili aiddir.Peşə təhsili və ali təhsil müəssisələrində fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil olunur. Bu kurslar yaşlıların peşə və ixtisas biliklərini, bacarıqlarını, eləcə də təcrübələrini təkmilləşdirməyə və dərinləşdirməyə xidmət edir. Peşə təhsili və ali təhsil müəssisələrində yaşlıların təhsili qiyabi təhsil formasında təklif olunur.

Qeyri-formal təlim kursları tələbələrin yaradıcılığının, istedadının və sosial fəallığının inkişaf etdirilməsinə imkan yaradır. Yaşlıların qeyri-formal təhsili bir çox qeyri-formal təhsil mərkəzlərində, xalq universitetlərində (qeyri-formal təhsil müəssisələrində) və mədəniyyət mərkəzlərində təşkil olunur. Yaşlıların əsas, orta və orta peşə təhsili pulsuz olduğu halda, qiyabi ali təhsildə ödəniş tələb edilir. Dövlət sifarişli yerlərə müraciət etmək üçün əyani təhsil formasını seçmək lazımdır. Milli prioritet hesab edilən ixtisaslar üzrə yaşlıların qiyabi ali təhsili dövlət tərəfindən maliyyələşdirilir. Müvafiq qaydalara görə pedaqoji sahədə çalışanlar 5 ildə 160 saat fasiləsiz təhsilə cəlb olunmalıdırlar. Yaşlıların təhsili haqqında qanunvericilik aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili dövlət büdcəsi hesabına maliyyələşir: Xüsusi ehtiyaclı uşaqların təhsili üçün dövlət mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun olaraq xüsusi ehtiyaclı uşaqlar öz yaşadıqları ərazidəki məktəbdə oxumaq hüququna malikdir.

Dövlət və bələdiyyə məktəblərində xüsusi ehtiyaclı uşaqların təhsili üçün siniflər aşağıdakı şəkildə qruplaşdırılır: fiziki, nitq, görmə və əqli qüsurlu uşaqlar üçün siniflər, digər təlim çətinlikləri olan uşaqlar üçün motivasiya sinifləri, yüngül təlim çətinlikləri olan uşaqlar üçün siniflər, orta səviyyəli təlim çətinlikləri olan uşaqlar üçün siniflər, ciddi təlim çətinlikləri olan uşaqlar üçün siniflər.Siniflərin qruplaşdırılmasında əsas məqsəd tədrisin təşkilində fərdi xüsusiyyətlər nəzərə alınmaqla uşaqların şəxsi inkişafını təmin etməkdir. Xüsusi məktəblərdə uşaqlar üçün aşağıdakı yardımçı sistemlər təklif olunur: fərdi kurikulum, korrektiv qruplar, nitq terapiyası, uzunmüddətli qruplar, ev təhsili, davranış problemləri olan uşaqlar üçün siniflər, sosial problemləri olan uşaqlar üçün internat tipli məktəblər. Estoniyada 48 xüsusi məktəb fəaliyyət göstərir. Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu, 1-i görmə qüsurlu, 3-ü ümumi qüsurlu, 5-i davranış qüsurlu, qalanları isə digər təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub. Əqli qüsuru olan uşaqlar üçün tədris sadələşdirilmiş milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə, orta səviyyəli və ciddi təlim çətinlikləri olan uşaqların tədrisi üçün də milli kurikulum mövcuddur. Fiziki qüsurlu uşaqların tədrisi və inkişafı ilə bağlı bütün məsələlərdə valideynin razılığı tələb edilir.Səhhəti ağır olan uşaqlar valideynin razılığı ilə evdə də icbari təhsil ala bilərlər. Uzun müddət müalicə alması tələb olunan uşaqların təhsili isə xəstəxanada təşkil edilir.

Nazir bildirib ki, Estoniyada elmi tədqiqat sahəsinin müasir tələblər səviyyəsində inkişafına xüsusi diqqət yetirilir. Hökumət elmi tədqiqat və inkişaf planını hazırlayır, parlamentə təqdim edir, müvafiq proqramları təsdiq edir, nazirliklərarası əlaqələndirməni tənzimləyir. Tədqiqat və İnkişaf Şurası elmi tədqiqat və inkişaf məsələləri ilə bağlı hökumətə tövsiyələr verir. Təhsil və Tədqiqat Nazirliyi isə milli tədqiqat strategiyasını həyata keçirir, elmi tədqiqat və inkişaf müəssisələrini maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir, beynəlxalq əməkdaşlığın genişləndirilməsini təmin edir.Ölkənin elmi tədqiqat və inkişaf siyasətinin əsas məqsədləri Bilikyönümlü Estoniya 2007-2015 adlı tədqiqat, inkişaf və innovasiya strategiyasında dolğun şəkildə əks olunub. Strategiyada əsas üç məqsəd bəyan edilib: keyfiyyətin rəqabət əsasında yüksəldilməsi, elmi tədqiqat və inkişaf fəaliyyətinin məhsuldarlığının artırılması, qlobal iqtisadiyyata töhfə verən innovativ biznes fəaliyyətinin yaradılması, uzunmüddətli davamlı inkişafı təmin edəcək innovativ cəmiyyətin formalaşdırılması.

Estoniyada 18 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir. Ən böyük elmi-tədqiqat müəssisələri Tartu Universiteti, Tallin Texnologiya Universiteti və Tallin Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetlərdən kənar fəaliyyət göstərən ən böyük dövlət elmi-tədqiqat müəssisəsi Estoniya Biomərkəzi, Tartu Rəsədxanası, Estoniya Ədəbiyyat Muzeyi hesab edilir. Müstəqil fəaliyyət göstərən tədqiqat müəssisəsinə isə Milli Kimya və Biofizika İnstitutunu aid etmək olar: Ölkə üzrə 582 ümumi təhsil məktəbindən 517-si bələdiyyə, 31-i dövlət, 34-ü isə özəl məktəblərdir. 31 dövlət məktəbinin 27-si xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə tutulan, digərləri isə adi təhsil müəssisələridir. Ümumi təhsil məktəbləri əsasən yerli hökumətin büdcəsi hesabına maliyyələşir. Son illərdə Estoniyada ümumi dövlət xərclərinin 14-15 faizi təhsilə sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış xərclər ümumilikdə təhsil sisteminə yönəldilən vəsaitin yarıdan çox hissəsinə bərabərdir. Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə, 21 faizi isə ali təhsilə yönəldilir. Dövlət təhsil xərclərinin 15 faizi isə məktəbəqədər təhsil və digər təhsil xidmətləri, layihələr üçün nəzərdə tutulur. Ali təhsilə ayrılmış xərclərə nəinki dövlət sifarişi üzrə təhsil xərcləri, həmçinin investisiya, təqaüdlər və digər xərclər daxildir. Ali təhsil üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi (67 faizi) dövlət ali təhsil müəssisələrinə verilir. Dövlət sifarişi ilə oxuyan tələbələrin 66 faizi dövlət ali məktəblərində təhsil alır. Ali peşə təhsili xərcləri ümumilikdə ali təhsil üçün nəzərdə tutulan xərclərin 22 faizini təşkil edir. Estoniyada elmi tədqiqat layihələri dövlət büdcəsi, bələdiyyə və şəhər büdcəsi, ünvanlı yardımlar, qrantlar, milli tədqiqat və inkişaf proqramları, elmi-tədqiqat müəssisələrinin iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi qazanc və digər mənbələr hesabına maliyyələşir. 2007-ci ildə Estoniyada elmi tədqiqat və inkişafa ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil edib ki, bu da Avropa İttifaqı üzrə nəzərdə tutulmuş 1,84 faizlik orta göstəricidən aşağıdır.Təhsil xərclərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait dövlət büdcəsindən bələdiyyə və şəhər büdcələrinə köçürülür. Əməkhaqqı, fasiləsiz təhsil, investisiya, dərslik və əyani vəsaitlər ilə bağlı xərclər məktəb üçün ayrılan vəsaitin böyük hissəsini təşkil edir. Eyni qayda ilə özəl ümumi təhsil müəssisələrinə də vəsait ayrılır. Estoniyada son illər ərzində müəllimlərin minimum əməkhaqlarının artırılaraq orta əməkhaqqı səviyyəsinə çatdırılması təhsilin yüksək inkişaf ahəngi ilə irəliləməsinə zəmin yaradıb.

M.Mərdanovun sözlərinə əsasən, Estoniyada təhsillə bağlı qanunlar və strategiyalar parlament tərəfindən qəbul edilir. Parlament, həmçinin təhsil haqqının həcmini müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi bütövlükdə təhsil siyasəti və strategiyasının həyata keçirilməsini əlaqələndirir. 15 dairə hökumətinin tabeliyindəki təhsil idarələri yerli təhsilin idarə olunmasına cavabdehlik daşıyır. Yerli təhsil idarələri dairə üzrə təhsilin inkişaf planını hazırlayır, məktəbəqədər və ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət edir, eləcə də bələdiyyələrə təhsil məsələləri ilə bağlı tövsiyələr verir. Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı uşaqların sayını müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin rəhbərlərini təyin edir, məktəblərin tibb, təminat və təchizat xidmətlərini yerinə yetirir. Bələdiyyələr, həmçinin ümumi təhsil məktəblərinin təsis edilməsi, təkrar təşkili, bağlanması və şagirdlərin nəqliyyatla təmin edilməsi məsələlərinə cavabdehdir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2013.- 13 aprel.- S.14-15.