Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi

 

(davamı)

XIV əsrdə yaşamış Əbu Səid Abdal həzrətlərinin tərcümeyi-halından məlum olur ki, o, İmam Museyi Kazımın Bakıya pənah gətirmiş qızı həzrət Hökumə xanım ilə eyni soydan olmuşdur. Çünki Şirvanşahların iqamətgahından kənarda yaşayan Əbu Səid diqqəti cəlb etməmək və nəzarətdən yayınmaq üçün özünü dərviş adlandırırdı və tezliklə onun ətrafına toplaşanların mürşidinə çevrilmişdi.

Tarixən dərviş sözü farsca olub qapı-qapı dolaşan, dilənçi mənasında işlənir. İslam ölkələrində isə bu söz təriqət adamı, təriqətə mənsub olmaq mənasında işlənir. Oturaq həyat keçirən dərvişlərlə yanaşı, onların müsafir həyatı sürən abdal-qələndər qolları da var idi. Abdal-qələndərlər də daimi yaşayış yerləri ilə bağlı adamlar idi. Ancaq zaman-zaman mahal və vilayətləri, hətta ölkələri təriqət, yəni yol adamı kimi dolaşmalı, təriqətin ideyalarını insanlara yetirməli idilər. XIV əsrdə dərviş icmaları, xüsusilə abdal-qələndər dərvişlər Ərdəbil əyalətində və Şərqi Anadoluda böyük nüfuz qazanmışdılar.

Mənbələrdən məlum olur ki, Hülaki xanın nəvəsi Olcaytu Məhəmməd Xudabəndə Əbu Səidin şöhrətini eşidərək onun görüşünə gəlmişdir. Əbu Səidin fəzilətindən təsirlənən Məhəmməd Xudabəndə onunla qardaşlıq əhdi bağlamaqla özünü onun muridi elan edir. Şirvanşah I Xəlilullahın və ülamə Seyyid Yəhya Şirvani Bakuvinin müasiri olan Əbu Səid alim və xeyriyyəçi kimi məşhurlaşsa da, sarayla əlaqə saxlamırdı. Şirvanşahlar sarayı ilə əlaqə saxlamasa da, Şirvanda böyük hörmət sahibi olan Əbu Səid vəfat etdikdə xüsusi hal kimi öz evində dəfn edilir və qəbrinin üzərində türbə inşa edilir. Sağlığında xalqın böyük hörmətini qazanan Əbu Səid vəfat etdikdən sonra da dindarların və naumidlərin yadından çıxmır. Xalq bu yerə pir ocaq kimi ibadət etməyə başlayır, xəstələr şəfa, mömünlər nicat tapmağa gəlir. Beləliklə, Pirin yerləşdiyi məkan XIX əsrin ortalarına qədər Xəlfədəm adı ilə tanınmış və sonralar Təzəpir məscidi də bu ərazidə inşa edilmişdir.

Başqa bir tarixi sənəddə qeyd olunur ki, Bakı şəhərinin əhalisi çoxaldıqca əhalinin bir hissəsi tədricən şəhərin bayırında evlər və daha sonralar məhəllələr salmağa başladılar. İçərişəhərdən bir qədər yuxarı, indiki Təzəpir küçəsində təzə evə köçən bir nəfər özünə su quyusu qazdığı zaman yerin altından bir tikili və tikilinin içindən bir qəbr çıxmışdır. Əhalinin həssas təbəqəsi bu ərazini ziyarətgah kimi qəbul etmiş və ona Təzəpir adını qoymuşdular. Bakıdan və ətraf ərazilərdən Pirə ziyarətə gələnlərin sayı çox olduğundan Şeyx Əbu Səid adlı bir varlı dindar köhnə Türbənin içərisində kiçik məscid tikdirərək ətrafını hasarlayır. Beləliklə, bu yeni tikili el arasında Təzəpir adlandırılmağa başlayır.

Bakı əhalisinin ən böyük problemlərindən biri içməli su ilə bağlı idi. Təzəpirdə içməli su quyularının olması əhalinin buranı ilin hər fəslində ziyarət etməsi üçün şərait yaradırdı. Bakıda əhalinin artması və ziyarətə gələnlərin sayı çoxaldığı üçün şəhər əsilzadələri bu ziyarətgahı təmir etməyi və genişləndirməyi özləri üçün böyük şərəf sayırdılar.

Rusiya imperatoru I Pyotrun 1722-1723-cü illərdə Xəzər yürüşü zamanı Bakı şəhəri ruslar tərəfindən işğal olundu. I Pyotr rusların Bakıda möhkəmlənməsini təmin etmək üçün şəhərə ermənilərin və kalmıkların köçürülməsi haqqında qərar verdi. I Pyotr müsəlman əhalisinin rəğbətini qazanmaq üçün bildirirdi ki, o, İran şahının dostu olduğu üçün burada yaşayan müsəlmanların xahişlərinə də böyük hörmətlə yanaşacaqdır. Əgər müsəlman əhalisinin müqəddəs tikililərlə bağlı bir xahişi varsa, onu yerinə yetirməyə hazırdır. I Pyotr bu barədə Xəzər yürüşünü həyata keçirən general Matyuşkinə yazırdı ki, müsəlmanların ən kiçik xahişini nəzərdən qaçırma. Əks təqdirdə, biz orada xristian əhalisinin yerləşdirilməsində çətinliklərlə üzləşməli olacağıq. Çalış, müsəlmanların dini ocaqlarının bir neçəsini abadlaşdır. Müsəlmanların etimadını qazanandan sonra xristian tikililərinə rahat başlamaq olar.

Sənədlərdən məlum olur ki, rusların Xəzər yürüşü zamanı Təzəpirin təmiri ilə bağlı müəyyən işlər görülmüşdür. Çünki Bakı şəhərinə komendant təyin olunan knyaz Baryatinski mərkəzə göndərdiyi raportunda yazırdı ki, Bakı əsilzadələrini və qara camaatı öz tərəfimizə çəkmək üçün əlahəzrət imperatorun əmrinə tam riayət edirik. Bakıda Təzəpir deyilən ibadət yerinin təmirində iştirak etdik. Müsəlman əsilzadələri bizim köməyimizdən istifadə etməyə razılıq versələr də, bizim orada şəxsən iştirak etməyimizi qəbul etmədilər. Hər halda belə bir iştirak da bizi qane edir.

1806-cı ilin əvvəllərində Qafqazda rus qoşunlarının komandanı general Sisianov qurudan Bakı şəhərinə yaxınlaşdı. Sisianov Bakı xanlığının Rusiya tabeliyinə keçməsi haqqında müqavilənin layihəsini Bakı xanı Hüseynqulu xana göndərdi. Bu layihəyə görə xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan isə ildə on min manat məbləğində maaş almalı idi. Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini bildirdi. Eyni zamanda, Hüseynqulu xan təklif edirdi ki, o, Sisianovla şəxsən görüşmək və Bakı darvazasının açarlarını ona təqdim etmək istəyir. Görüşün uğurla nəticələnəcəyinə əmin olan Sisianov fevralın 8-də xanla görüşə getdi. Hüseynqulu xan açarları ona təqdim edərkən Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü.

Rus qoşunları 1806-cı ilin oktyabrında Bakını işğal edərkən Sisianovun ölümündə günahkar bilinənlərə qarşı ən sərt cəza tədbirlərini həyata keçirdilər. Rusların əlindən canını qurtaran Hüseynqulu xanın kürəkəni Qasım bəy bir müddət Təzəpir məscidində və onun həndəvərində gizlənməli oldu. Sisianovun ölümündə təqsiri olmadığını sübuta yetirən Qasım bəy əhd etdi ki, Təzəpir məscidini və Şeyx Əbusəidin türbəsini təmir etdirəcəkdir.1813-cü ildə Qasım bəy Bakı komendantı general Bulqakova Təzəpir məscidinin təmir olunmasına icazə verilməsi ilə bağlı müraciət etdi. Lakin Bulqakov Bakı xanı Hüseynqulu xanın İrana qaçmasını və Rusiyaya düşmən mövqeyində qalmasını əsas gətirərək Qasım bəyə rədd cavabı verdi. Qasım bəy ikinci dəfə Bakı camaatı adından çar orqanlarına müraciət etdi. Uzun müzakirələrdən sonra Qafqazın baş hakimi general A.Yermolov 1816-cı ildə Qasım bəyin arzusuna müsbət cavab verdi. Beləliklə, 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy Şeyx Əbu Səidin qəbrini və Təzəpir məscidini əsaslı şəkildə bərpa etdirməyə nail oldu.

1828-ci ildə Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunmasından sonra Azərbaycanda, o cümlədən Bakı şəhərində yerləşən dini abidələr, o cümlədən məscidlər və pirlər çar Rusiyasının sərt nəzarəti altına düşdü. Çar hökuməti xristian amilini əsas götürərək Tiflisi siyasi mərkəz seçdi və Cənubi Qafqazın dini mərkəzi də bu şəhərə köçürüldü.

1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçdü. Bu zaman Bakının şəhər əhalisinin sayı yeddi minə yaxın idi. Şəhər əsasən Qala divarları içərisində yerləşirdi. Küçələr darısqal, evlər bir-iki mərtəbəli idi. Şəhərdə diqqəti üç böyük bina Təpədə Şirvanşahlar sarayı, Qoşa Qala qapısı və ya Şamaxı darvazaları yanında Bakı xanlığının sarayı və əfsanəvi Qız qalası cəlb edirdi. Bakı quberniya mərkəzinə çevriləndən sonra əhalinin sayı sürətlə artır, qalanın ətrafında, pərakəndə halda olan xırda məhəllələrin arasında yeni, səliqəli məhəllələr salınırdı. Şəhər küçələri get-gedə qaydaya düşürdü. 1870-ci ildən başlayaraq şəhərdə inzibati və ictimai binaların sayı artmağa başladı.

 

(Ardı var)

 

 

Anar İSGƏNDƏROV,

Tarix elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 24 aprel.- S.6.