ELÇİN-70  

 

Sözlər 

 

Bir vaxt daş kimiydi, kərpic kimiydi

sözlər əlimdə.

Mən şeir yazmırdım ki,

sözlərdən ev tikirdim.

Bir vaxt balta kimi, çəkic kimiydi,

sözlər əlimdə.

Mən şeir yazmırdım ki,

öz içimi-çölümü

dağıdırdım-tökürdüm.

 

Sonra muma döndü

ovcumda sözlər,

Yandırdım, hərəsi bir şama döndü,

o şamların işığında

dünyaya baxdım-getdim.

Sonra quma döndü

ovcumda sözlər,

Yavaş-yavaş

o quma qarışıb axdım-getdim...

 

 

RAMİZ RÖVŞƏN

 

525-ci qəzet.- 2013.- 27 aprel.- S.16.