Yüz Gözəl Sevgi Şeiri - Ürəyim Sərsəm...

 

Zəif sevgi olmur. O ya var, ya da yoxdu. Əlbəttə, aşiqliyi  immitasiya edib hissiyyatlı adam imicini uyduranlardan söhbət getmir. “Sevgi”yə sinonim sözlərdən biri də “sevinc”di məncə... İnsan sevəndə, sevinəndə güclüdü, sağlamdı, çox şeyə qadirdi. Demək, sevgi güc verir, dağları aşacaq, zərbələrə tab gətirəcək güc. Ona görə əsl sevgi ayrılıq bilmir, qorxu tanımır, mühitin qanunlarına tabe olmur, zamana və məsafəyə meydan oxuyur. Güclü olduğuna görə! Təkcə ölümdü onun əlini-qolunu bağlayan qənimi.... Amma yalnız əlini, qolunu... Ürəyi, düşüncəni heç nə zəncirləyə bilməz. Sevirsən! Ölüm onu həyatından alıb, ovcunun içindən götürüb, köksündən ki çıxarmayıb. Xəyallarına, xatirələrinə nə mane ola bilər?! Hamısı yerindədi... Təkcə sinonimdən başqa. Dəyişilib çünki... “Kədər”lə sinonim olub Sevgin, hüznlə eyniləşib. Bütün hissin, düşüncən hüznlüdü, kədərləndirir, ağrıdır... Keçmişdə qəhqəhə çəkib güldüyünü yadına salırsan, indi də gülməlidi, gülə-gülə hönkürürsən. Dünən qəlbini sərinlədən hiss, bu gün qarşına çıxan hər şeyi silaha çevirib ürəyinə tuşlayır, səni zərrə-zərrə yeyir, dağıdır. Gördüyün hər nə varsa, keçmişdəndi. Elə Sən özün də keçmişdəsən. Çünki sevincin orda qalıb. Musiqilər, filmlər, rəsmlər, rənglər, arzular, kitablar, bölüşdüyünüz dörd divar, gülüşdüyünüz zarafatlar.... hamısı, hər şey dünənindədi... Ona görə bacarmırsan, nə bu gün, nə sabah yaşamağı... Bacarmırsan! Yalnız DÜNƏN yaşamaq istəyirsən! Anlayırsan ki, sevgi elə sevgidi... Güc, sevinc, məna isə o idi, sevdiyin. Yanıb tökülürsən. Nə maneə yaransaydı aşardın, hər günahını bağışlayardın, ərköyünlüyünü sevə-sevə qəbul eləyərdin, min il gözləyərdin, əzabını səbrlə çəkərdin, təki Var Olaydı. Amma Ölüm! Onun qarşısında acizsən. Ona çarə yoxdu...

Adi adam əvvəl sevdiklərinin ölümü ilə üzləşir, sonra sadaladıqlarımı  pillə-pillə yaşayıb anlayır, içindən keçirir. Fərqli, istedadlı insan isə öncədən görür, başa düşür. Nə itirəcəyini təxmin edir. Çünki yaşadıqlarının fərqindədi. Ona görə sevdiyi hələ sağ ikən qorxur. İstər kişi olsun, istər qadın, ağıllı adam həyatı boyu, ən xoşbəxt günlərində belə özünü xəyalında bir neçə dəfə dul görür. Qadın pərişan saçlarını qara çarşab, kişi isə çiynini tabut altda təsəvvür edir. Axı dünyanı, insan münasibətlərini dərk eləyən adamın Sonu fikirləşməməsi necə ola bilər?! Və məncə,  sevənləri mehribanlaşdıran, qədirbilən edən səbəblərdən biri də budur.

...Ölüm qorxusu içini aldımı, gözünə heç nə görünmür! Sakit yaşamaq istəyirsənsə, dəf eləməlisən o düşüncəni. Özü də tək yox, onunla birgə. Nazım Hikmət də bilirdi bunu. Hamımızdan yaxşı dərk edirdi. Sevgili Pirayəsinin ürəyini tez ovutmalıydı. Özü də uzaqdan, yazısı ilə... “Karıma məktub” adlandırdığı, həbsxanadan yazdığı şeiri ilə. Sadəcə məktub idi, şeir idi. Sevdiyinin ölümünü gözləyən, başı sızıldayan, ürəyi sərsəm qadına təsəlli kimi bu, zəif görünə bilər. Amma Nazım sözüylə sığallamağı, bağrına basıb sakitləşdirməyi bacarırdı. İpi boğazına keçirmək üçün zamanını gözləyən zavallı bir çingənə ilə burun-buruna dursa belə.

Şeirin iki nəzərəçarpan özəlliyi var. Birincisi, ovqat dəyişikliyi... İkincisi, Nazımın hansı əhvalda olmasına baxmayaraq, sevgilisinə  əvvəldən sona kimi yalnız və yalnız təsəlli verməsi. Xanımından “Səni asarlarsa, yaşayamam...” mətnli məktub alan şairin təlaşı açıq-aydın duyulur. Bir mövzudan o birinə keçməsi, rabitəsiz fikirləri ilə. Amma bu, Nazımdı... Rabitəsiz fikirləri poeziyaya çevirmək onun qələmi üçün çox sadədi. İndi isə şeir yazmaq hayında deyil şair. Bütün poeziya, fəlsəfə, estetika yalnız bir məqsədə xidmət edir: Pirayəni sakitləşdirməyə. Məncə, bəlkə hərəsi bir ayrı əsərə mövzu ola biləcək mətləbləri bir şeirə sığışdırmasının da səbəbi budu. Qəlbinin qızılsaçlı bacısını “En fazla bir yıl sürer yirminci asırlarda  ölüm acısı” – misrası ilə  düşündürən şairin “mavi gözlerimde korkuyu görmek için boşuna bakacaklar Nazıma” – deyib öz gücünü, xarakterini göstərməsi yerinə düşür... Nədənsə adama elə gəlir ki, şeir burda bitdi. Və bu məqamda Nazımın birnəfərlik, niyə birnəfərlik, bilmirəm, bəlkə də şeirdəki ilahi sehrə görə, kamerada var-gəl edib düşünməsi, vurnuxması kino kadrı kimi canlanır gözümün önündə. Həyatını azadlığa və sevdiklərinə qovuşmadan bitirmək təlaşı bir yandan, digər tərəfdən də xanımın qorxusu... Məhz belə anda insanın bütün ömrü fikrindən keçər, ona görə də Nazımın çıxardığı nəticə heç bir təəccüb doğurmur. Sanki ikinci nəfəslə şeirin, məktubun ardını yazır şair... Və burda ovqatının dəyişilməsi, duyğulanması aydın sezilir... Mavi gözlərində qorxunu gizlətməyi bacaran Kişi arxa plana keçir. Həyatının əsas mənasını anlayan, dadın, duzun nədə olmasından xəbərdar, müdrik, amma eyni zamanda ürkək bir aşiq önə gəlir. Yalnız müdrik adam son sabahının alaca qaranlığında dostlarını, sevgilisini xatırlayar. Dünya malının, şöhrətin boş və mənasız olduğunu yaxşı bilirdi Nazım... Yarıda qalmış eşq nəğməsinin acısından savayı nə götürə  bilərdi ki torpağa?! Ancaq  elə bu kədərli misraların özündə də təsəlli var... Pirayəyə təsəlli! Nazım günahkar bilir özünü, xanımın qanını qaraltdığı üçün təqsirkardı. Bu da insan hissinin qəribə, təzadlı bir tərəfidi. Dərdini bölüşmək, ürəyini  boşaldıb yüngülləşmək, sakitləşmək istəyirsən. Axı, sirrini kimə deyə bilərsən, içini kimə aça bilərsən?! Yalnız ən yaxınına, qəlbinin bir  parçasına... Ancaq ağrın onsuz da azalmayacaq bununla. Əksinə, niyə incitdim, niyə dərd verdim deyə söyəcəksən özünü. Nazım da söyürdü... Gözləri baldan dadlı xanımı əzizləyə-əzizləyə söyürdü özünü. Yalan da danışırdı hələ... Çünki Ölüm heç vaxt uzaq bir ehtimal deyil! Bir ah kimi, nəfəs kimi yaxındadı... Xüsusən vətən xaini hesab olunan məhbus üçün.

... Məktubun sonu yetişirdi. Nazım bütün təsəlli üsullarını işlədib bitirmişdi. Fəlsəfədən vurub psixologiyadan çıxmışdı. Amma zindana atılmış sevgilisi üçün təlaş keçirən qadına bunların təsir edəcəyi şübhəlidi. Nazımın aşiq kimi də, sadəcə ağıllı kişi kimi də, şair kimi də dahiliyi məhz bu məqamda, son misralarda fəvvarə vurur:

“Paran varsa eğer bana fanila bir don al. Tuttu bacağımın siyatik ağrısı. Ve unutma ki, daima iyi şeyler düşünmeli bir mahpusun karısı...”

Evdə ər yolu gözləyən xanımın fikrini bundan gözəl necə dağıtmaq olardı?! Bir də yalnız istedadlı Aşiq qadını ilə bu qədər real danışa bilər... Sanki səhər tezdən isti mətbəxdə üz-üzə oturub şirin çay içə-içə söhbət edirmiş kimi. Amma bu sadə istəyin, şirin danışığın altındakı mənanı düşünəndə havalanmaya bilmirsən. Nazım yaşamaq  planlaşdırır... Ölməyə hazırlaşsaydı, ayaqlarının ağrısı vecinə olmazdı axı... Xanımdan da heç nə istəməzdi. Həmin misraların da yazılmasında əsas məqsəd budu, məncə. Yəni bax, əgər ölüm uzaq bir ehtimal olmasaydı, mən heç ağrılarımı düşünməzdim.

Və ən sonda! Məhbus xanımına balaca bir öyüd... Xırdalamadan, səbəbi açıqlamadan... Axı bu Nazım Hikmətdi! Onun demədikləri dediklərinin arxasında durub!  Pirayə üçün isə gizlinləri duymaq çətin olmazdı... Şeirin hər misrasından saçan ölüm qoxusunu da hiss edəcəkdi sərsəm ürəyi ilə! Ürəyi Sərsəm Qadın!     

 

Nazım Hikmət: “Bu ölüme bir türlü razı olmuyor gönlüm”

 

 Bir tanem!

 

Son mektubunda:

 

“Başım sızlıyor

 

            yüreğim sersem!”

 

                                diyorsun.

“Seni asarlarsa

 

       seni kaybedersem;”

 

                            diyorsun;

 

                                    yaşayamam!”

 

Yaşarsın karıcığım,

 

kara bir duman gibi dağılır hatıram rüzgarda;

 

yaşarsın, kalbimin kızıl saçlı bacısı

 

en fazla bir yıl sürer

 

                  yirminci asırlarda

 

                                      ölüm acısı.

Ölüm

 

bir ipte sallanan bir ölü.

 

Bu ölüme bir türlü

 

                     razı olmuyor gönlüm.

Fakat

 

emin ol ki sevgili;

 

zavallı bir çingenenin

 

                 kıllı, siyah bir örümceğe benzeyen eli

 

                                                geçirecekse eğer

 

                                                 ipi boğazıma,

 

mavi gözlerimde korkuyu görmek için

 

                                           boşuna bakacaklar

 

                                                            Nazım’a!

Ben,

 

alaca karanlığında son sabahımın

 

dostlarımı ve seni göreceğim,

 

ve yalnız

 

yarı kalmış bir şarkının acısını

 

                               toprağa götüreceğim...

 

Karım benim!

 

İyi yürekli,

 

altın renkli,

 

gözleri baldan tatlı arım benim;

 

ne diye yazdım sana

 

                          istendiğini idamımın,

 

daha dava ilk adımında

 

ve bir şalgam gibi koparmıyorlar

 

                                             kellesini adamın.

Haydi bunlara boş ver.

 

Bunlar uzak bir ihtimal.

 

Paran varsa eğer

 

                       bana fanila bir don al,

 

tuttu bacağımın siyatik ağrısı,

 

Ve unutma ki

 

daima iyi şeyler düşünmeli

 

bir mahpusun karısı.

 

 

525-ci qəzet.- 2013.- 3 avqust.- S. 21.