Oralarda kimlər var

İnqilab İsaq (2)

 

–Gəncə Gəncədir və burada yəqin ki, şair demişkən daş-torpaq da ədəbiyyat və sənət qoxuyur. Bunu bilə-bilə ədəbiyyata gəlişinizin bir mənası vardımı?

Bir halda ki, Gəncə haqqında söhbət düşdü, deməliyəm ki, Gəncə tarixi günlərini yaşayır... Şəhər dəyişir, hər daş, hər kərpic təzələnir. Müasirliklə tarixilik bir-birinə nəsə pıçıldayır. Necə ki, şeirlərimin birində demişdim:

 

Bir körpə yuxusunda,

Köhnə divar oyanır.

   

Bəli köhnə divarlar oyanır!

Böyük Nizaminin Vətənində mədəni hadisələr çoxdur. Bunların hamısının canlı şahidi və iştirakçılarıyıq. Məhəbbətlə yaşa, Gəncə!Gəncə poeziya paytaxtıdı. Bu paytaxtın dahiyanə övladları Məhsəti xanım Gəncəvi, Nizami Gəncəvi, M.Ş.Vazeh neçə-neçə adlı-sanlı ədəbiyyat, elm və sənət adamları olub və yenə də var...Gəncə sözün ətridi. Belə torpaqda doğulanlar xoşbəxtdi. İndi Gəncənin özünəməxsus ədəbi mühiti var. Bu ədəbi mühitin Altay Məmmədov, Fəridə xanım Əliyarbəyli, Qərib Mehdi, Bahadur Fərman, Sahib İbrahimli, Xəzangül, Aləmzər Əlizadə, Aydın Murovdağlı, Nüşabə Məmmədova, Rəfiqə Sadıqova, Fərruxə Umarova, Suğra İbrahimqızı və s. adlı-sanlı yetirmələri var. Onların adları bugünkü Azərbaycan ədəbiyyatının çağdaş mənzərəsini yaxşı əks etdirir. Amma Gəncə ədəbi mühitinin qayğıları, dərd-səri az deyil. Bunlar kifayət qədərdi. Çox sevindirici haldır ki, Gəncə şəhər İcra Hakimiyyəti bu yaradıcı adamların üzbəüz dərdlərini çözələmək üçün görüşlər təşkil edir. Yaradıcı adamların sükuta bürünmüş problemlərinə kömək etmək istəyi baş qaldırır. Bu sahədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qayğı və diqqəti təqdirə layiqdir.

Bu gün Gəncədə Qərib Mehdi, Bahadur Fərman kimi yaşı yetmişi çoxdan adlamış sənət adamları yaşayır. Allah ömür versin! Amma bu günədək onlar ədəbi haqqını almamış sənətkardırlar. Axı, sənət adamının ürəyi kövrək olur. Onların əməyini qiymətləndirmək Allaha da, sözə də  xoş gedər.Qaldı ki, ədəbi aləmə gəlişim bunu arzu və istəyim hesab etmirəm. Bu bir tale işidi... Bu sualın da cavabını verməkdə çətinlik çəkirəm. Amma ədəbi taleylə bağlı qələm dostlarımın mənə ünvanladığı məktub və məqalələri ciddi söhbətlər, ciddi ədəbi düşüncələr hesab edirəm. Onların hər birinə ad çəkmədən sağ olun, var olun deyirəm.

Bir neçə kəlmə də ədəbi taleyimlə bağlı mənim üçün hadisə hesab etdiyim bir əhvalatı nəql etmək istəyirəm. Onlardan biri. Bildiyiniz kimi mən kənddə yaşayıram. Bir gün səhər o başdan səs-küyə oyandım. Evimin yaxınlığındakı elektrik dirəyinin ətrafında bir neçə adamın toplandığını gördüm. Bir nəfər isə beton qüllədə naqilləri təmir edirdi. Yaxınlaşıb salam verdim. Bu zaman göydə görən mantyorun xoş bir intonasiya ilə şeir deməsi məni təəccübləndirdi:

 

Ey ağlıma gəlməyən,

Könlümə xoş gəlmisən.

 

O, şeirimi axıra qədər söyləyəndə qəribə bir ovsuna düşdüm. Bu sadə insanın şeirə, sənətə məhəbbətinə heyran oldum. Və sevindim. Mənim bir şeirim onun dilində göy üzünə oxundu. Sən demə o, mənim oxucum imiş. Əlbəttə, belə xoş hisslər insanı sözə, poeziyaya möhkəm bağlayır. Amma bununla belə İnqilab İsaqdan söhbət düşəndə susmağın tərəfdarıyam... Axı mən kiməm?

6. Ədəbi aləmə münasibətin necədir, Yazıçılar Birliyinə yolunuz düşürmü? İndiki ortamda kitab çap etdirmək istəyinə necə baxırsınız?

Bu günkü ədəbi prosesi, ardıcıl izləyirəm. Ədəbi aləmdə baş verən yeniliklərdən və qalmaqallardan az-çox xəbərin olsa da yorucu-üzücü söhbətlərə qulaq asmıram. Bəzən görürsən ki, qarışqa filə təpik atır. Ümumiyyətlə, ədəbiyyat əxlaqdır. Mən isə ədəbsiz mübahisələrə vaxt ayırmıram. Amma bununla belə ədəbi həyatımızın mənzərəsi məni qane edir. İstedadlı gənclərin ədəbiyyata islahatçı kimi gəlişi məni sevindirir. İstər poeziya, istərsə də nəsrdə yeni nəsillərin ideya mübarizəsi xoşa gələndi. Amma bununla belə ədəbi həyatımızın problemləri çoxdur. Xüsusən yeni kitabların satışında və təbliğində paytaxtdan kənarda vəziyyət ürək açan deyil. Elə götürək Gəncəni. Bu şəhərin adına layiq bir dənə də kitab evi yoxdu. Gənclər yeni nəşrləri vaxtında tapıb oxuya bilmirlər. Müəlliflərlə canlı ünsiyyətə ehtiyac çoxdur. Arzum budur ki, “Oxucu” adlı bir ədəbi dərgi nəşr olunaydı. Burada yerli ədəbi proses haqqında oxucu rəyləri və təklifləri, ədəbi məktubları, müsahibələri dərc olunaydı. Bu, ədəbiyyatımıza böyük fayda verərdi.Bu gün məni düşündürən ciddi ədəbi söhbətlərdən biri poeziya haqqında danışmaqdır. Poeziya mənim üçün kimdir? Bəli, poeziya daha çox kimdi sualına cavab axtarır... Onun canı, nəfəsi insanonun yaşadığı dünyanın nağıllarıdı. Poeziya unudulmuş, xatirədə kök salmış taleyin nağılıdı. Bu nağılın pıçıltılarını (məncə yalnız pıçıltılarını) eşitmək o qədər asan deyil... Hərdən mənə elə gəlir ki, poeziyanın ağacı, kölgəsi, yolu, göyü bambaşqadı. Poeziyanın sirridir, onu açmaq hər oğulun işi deyil...Bu gün çağdaş şeirimizi nəzərdən keçirəndə adamın qəlbini fərəh hissi bürüyür. Sevinirsən ki, bu günkü şeirimizdə Musa Yaqub, Məmməd İsmayıl, Məmməd Aslan, Nəriman Həsənzadə kimi şairlər var. Onların poetik abidələri çox ucalıqda dayanır. Bu yolun Ramiz Qucarçaylı, Kəmaləddin Qədim, Əlizadə Nuri, Nurhafiz kimi ardıcılları uğurlu yol üstədirlər...

Poeziya məndən ötrü dünyanın sabahıdır. Mən o sabahın eşqiylə yaşayıram..Qaldı Azərbaycan Yazıçılar Birliyinə – yolum ara-sıra düşür... İstərdim Azərbaycan Yazıçılar Birliyi ucqarlarda yaşayan qələm adamlarına nəzər yetirsin, unudulmuşları yada salsın. Yerlərdə yaradıcı adamların dərdi-sərini eşitsin. Çünki gözümüz yoldadı...

İndi kitab çap etdirmək zor işdi. Balalarının boğazından kəsib kitab çap etdirmək o qədər də asan deyil. Amma neyləməli, zəmanənin reallığından qaçmaq olmur...

–Gəncədə nə işlə məşğulsuz? Oralarda yaradıcı adamların biri-biirnə münasibəti nəylə fərqlənir? Toplandığınız bir məkan varmı?

–Müəllim peşəsi həyatımın ayrılmaz hissəsidi. Mən gənclərlə daim ünsiyyətdəyəm. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş müəllim işləyirəm. Açıq deyim ki, pedaqoji sahənin pedaqoji proseslə yaxınlığı çoxdur. O müəllim xoşbəxtdir ki, onu dinləyirlər, ondan öyrənmək arzusunda olanlar çoxdur. Çalışıram mən də belələrindən olum. Dəfələrlə çıxışlarımda bildirmişəm ki, müəllim dərsini nəğməyə çevirməlidir. Dərsin canlı keçməsi, ürəklərə, duyğulara təsir göstərməsi isə asan məsələ deyil. Müəllimlik özüfitri istedad işidi. Gəlin görək bu işə, müəllim sənətinə bu gün yanaşma düzgün qurulubmu? Əgər müəllim kasıblıq girdabında boğulursa, o, cəmiyyətdə ən az əmək haqqı alırsa, onda müasir təhsilin problemi göz qabağındadı... Neyləməli, görünür bizim tale yazılarımızın bir həqiqəti də belədir. Bununla belə həyatımı müəllim peşəsinə bağlamışam. Gənclərlə təmasda olmaq, onların arzu və düşüncələrini hiss etmək bir müəllim kimi mənə xoşdu... Təki onlar gələcəyin yolunu düzgün müəyyənləşdirsin, haqqı-ədaləti düzgün qiymətləndirsin, oxumaqdan, öyrənməkdən yorulmasın...

...Əlbəttə, yaradıcı adamların bir-birilə görüşməsi, fikir mübadiləsi aparması xoşdur. Yaradıcı adamların görüş yerləri isə şəhərin park və xiyabanları, çayxanalarıdır. Daha doğrusu çayxanalar bizim daimi görüş yerlərimizdi. Amma baxır hansı çayxanalar? Cibimizə uyğun kasıb çayxanalar. Görüşürük, bu dünyanın hadisələrini əriş-arğac edir, ədəbi prosesin olan-olmazından bol-bol danışıb çənə döyürük... Sonra da uşaqlar demiş nağıl – hər kəs evinə dağıl. Bax, belə günlərimiz keçir...

Bu görüşlər yaradıcı adamların indiki durumu haqda heç də həmişə xoş xəbər vermir. Xəstə olanı dərmana pul tapmır, gün-güzəran qayğıları kəlmə başı ruhumuzu incidir, bizi fikrə salır... Amma neyləməli, bu bizim taleyimizdi. Belə məqamlarda Qərib Mehdinin duzlu-məzəli lətifələri kara çatır... Beləcə fikirli-fikirli çıxıb gedirik. Haraya, hansı ünvana Allah bilir...

Belə-belə işlər Tofiq müəllim, unutduğunuz sual yoxdu. Onsuz da İnqilab İsaq heç bir suala cavab vermək zorunda deyil... Bu anlarda qəlbimdən sizə minnətdarlıq hissi keçir. Unudulmuş bir insanı yada salmısınız, Tanrı Sizdən razı olsun... Görüşərik, qismət olsa...

Abdin Tofiq

525-ci qəzet.- 2013.- 17 avqust.- S.23.