Əxlaq siyasətin girovuna çevrilir

 

 

Son illərdə  Avropanın və Yeni Dünyanın bir sıra ölkələrində bircinsli nikahların müdafiəsi əvvəlki hüdudlarını aşaraq, təbiətə, ailə institutuna  belə zidd ittifaqın tam leqallaşdırılması fazasına keçmişdir. Bu vaxt əxlaqın təmizliyini ön plana çəkən bütün dinlərin mövqeləri də kənara atılmışdır. Onlar özlərinin utancaq etiraz çağırışlarının da artıq təsiri olmayan moizə xarakterindən uzağa gedə bilməməsi ilə, dünyanın bir çox hissələrində artıq tənzimləyici qüdrətə malik olmadıqları qənaətinə gəldilər, axı əslində heç onlara məhəl qoyan da yoxdur.

Əxlaq pozğunluğunun  ilkin ən iyrənc nümunəsi sayılan Bibliyadakı Sodom və Qomorra tarixçəsi də, elə bil ki, bütünlüklə unudulmuşdur. Allah Sodoma gedən Abrahama demişdi ki, Sodoma və Qomorraya qarşı dəhşətli ittihamlar vardır və onların günahı çox böyükdür. Allah eşitdiklərinin həqiqət olub-olmadığını öyrənmək istəmişdi. Bu məqsədlə iki mələyini Sodoma göndərdi,  axşam şəhərə girəndə Lot onları qarşılamış, evinə aparmış və qonaq etmişdi. Bu vaxt şəhərlilər onun evini mühasirə etdilər ki, qonaqları versin ki, onlarla cinsi yaxınlıq etsinlər. Lot mələkləri xilas etmək üçün hər cür ən agır güzəştlərə getməyə də hazır idi. Mələklər Lotun ailəsi ilə birlikdə şəhərdən çıxanda, Allah Sodomu tamamilə dağıtdı. O vaxtdan etibarən yerlə yeksan olan Sodom və Qomorra əxlaqsızlığın və ona görə ağır ən agır bir cəzaya düçar olmağın simvoluna çevrildilər.

Lakin Bibliyada  ziddiyyətli anlar da vardır. Allahın  mələklərinə, öz şəhərlilərinin biabırçı təcavüzündən xilas olmaqda kömək edən Lot özü sonralar başqa bir günahı işlətməli oldu. Birbaşa təqsiri olmasa da, qızları ilə intsest (qanqarışdırıcı) əlaqəyə girdi və onların doğduğu uşaqlar iki qədim xalqın – moabitlərin və ammonitlərin əcdadları oldular.

Bu hadisələrdən bizi min illərlə zaman məsafəsi ayırır. Ötən dövr ərzində bəşəriyyət xeyli inkişaf etmiş, bütövləşmiş, kiçik tayfalardan böyük xalqlar, dar yaşayış məkanlarından geniş ərazisi olan ölkələr əmələ gəlmişdir. Dünya xəritəsi Bibliyanın güman edə bilmədiyi rəngarənglik, müxtəliflik qazanmışdır. Tarixi inkişaf həm də tədricən ailə institutunun xeyli möhkəmlənməsi ilə müşayiət olunmuşdur, ibtidai xalqlarda isə bu ittifaq əsasən nəsli artırmaq qayğısına görə bir qədər kövrək idi. İudaizm, həmçinin dünya dinləri olan xristianlıq və islam ailənin möhkəmliyini ön plana çəkmiş, bəzən hətta hissiyyat tələbatını bütünlüklə inkar etmək yolunu tutmuşdular. Xristian rahibləri qadına qarşı ehtirasın meydana gəlməməsi üçün guşənişin həyat tərzinə üstünlük verirdilər, insan yaşamayan dağlarda və səhralarda məskunlaşırdılar. Əlbəttə, xristian dini əvvəlki dövrlərdə bu məsələdə ifrata varırdı, təbiətin sarsılmaz qanunlarına məhəl qoymurdu, kilsə xadimləri və rahiblər arasında tselibat –nikahsızlıq qaydasını bərqərar etmişdi. Müsəlmanlarda əksinə olan qayda, çoxarvadlılıq monoqamiyaya zərbə vursa da, heç də ailə institutunun dayaqlarının zəifləməsinə gətirib çıxarmırdı.

Dinlər qadınla  kişi arasındakı məhəbbət hisslərini inkar etməklə, dinə sitayiş edənlərin məhəbbətinin Allaha ünvanlandığını iddia edirdilər. Katolik rahibələr öz tselibatını, kişilərə qarşı  sevgiyə yad olmalarını yalnız İisusa məhəbbət bəslədikləri ilə izah edirdilər. Katolik dini, ailə institutunun qranit möhkəmliyini saxlamaq xatirinə bəzən nikahın pozulmasına, boşanmaya da mənfi münasibət bəsləyirdi, bunu onunla izah edirdi ki, kəbin Yerdə deyil, Göylərdə kəsilir və onu pozmaq olmaz. Ümumiyyətlə, protestanlığa qədər xristian dininin qadınla kişi arasındakı münasibətlərə dair qoyduğu sərt şərtlər, bəzi qadağalar həm də müəyyən ölçüdə əxlaqsızlıqlara yol açırdı. Din xadimləri və rahiblər arasındakı tselibat – nikahsızlıq əslində təbiətin qanununa zidd bir ehkam idi və onu qorumağa can atıldıqca, əxlaq pozğunluqları halları çoxalırdı. Təbii ehtiyacını qanuni yolla ödəyə bilməyənlər bu qaydaları pozmaqdan heç də çəkinmirdilər. Bu isə din xadimləri arasında eybəcər hərəkətlərə yol verilməsinə gətirib çıxarırdı. İtaliyan yazıçısı Covanni Bokkaççonun (XIV əsr ) “Dekameron”u, fransız dramaturqu Jan Batist Molyerin “Tartyuf”u belə keşişləri ələ salırdı. Hətta bəzi Roma Papaları da əxlaq pozğunluğu ilə məşğul olmaqdan çəkinməyərək, dünyaya bastard (haramzada) övladlar gətirirdilər. Dinin təmizliyi uğrunda inkvizisiya İspaniyada tüğyan edəndə, baş inkvizitor Torpkvemada 1492-ci ildə əsl cəlladlıqla məşğul olanda, Roma Papası VI Aleksandr (Borcia) digər əxlaqsızlıqları ilə yanaşı ( nikaha girməməli olduğu halda onun üç uşağı olmuşdu), öz doğma qızı Lukretsiya ilə də intim yaxınlıq etməkdən çəkinməmişdi, qızı bu əlaqədən ona hətta  oğul da doğmuşdu. Papanın özü və böyük oğlu Çezare Borcia qətllər təşkil etməyin ustası hesab olunurdular. Son illərdə isə bəzi ölkələrdə katolik keşişlər arasında pedofiliya (azyaşlı uşaqlarla intim yaxınlıq cinayəti) faktlarının aşkar və ifşa olunması bu dinin nüfuzuna yeni ağır zərbə vurmuşdur.

Hazırda Vatikanın  yüksək strukturlarında güclü, geniş  şəbəkəli və mərkəzləşmiş gey lobbisi  fəaliyyət göstərir. Vatikanı iki  bəla: şəhvət və tamahkarlıq dağıdır. Seminaristlərin və xor oxuyanların arasında kişi fahişəliyi barədə məlumatlar vardır. Vatikan administrasiyasında mühüm vəzifələri tutan şəxslər qeyri-ənənəvi cinsi orientasiya nümayəndələri ilə görüşmək üçün kiçik mehmanxanalara, saunalara və klublara gedirlər. İndiki Papa Fransiskin missiyası bu eybəcərlikləri kökündən çıxarmaqdır. Belə Avgi tövlələrini təmizləmək isə heç də asan məsələ deyildir.

İslam ölkələrində  mollaların da əxlaq məsələsində  sui-istifadə halları heç də az olmamışdır. Bu sahədəki biabırçılıqları klassik Azərbaycan ədəbiyyatı məharətlə ifşa etmişdir.

 Əxlaq məsələlərində daim sərt mövqeyə  malik olan dinlər Qərbdə bircinsli  nikahların leqallaşmasına, qanuni hüquqa yiylənməsinə, ən azı anlaşılmayan laqeydlik göstərirlər. Bu onların nüfuzunun xeyli aşağı düşməsinə dəlalət edir və onlar da insan haqlarının imperativ xarakter daşımasını nəzərə alaraq qeyri-ənənəvi sayılan nikahların mülki qaydada bağlanmasına müqavimət göstərə bilmirlər.

Vaxtilə katolitsizmin  qalası sayılan və Reyormasiyaya  görə vətəndaş müharibəsinə cəlb olunan Fransa artıq bircinsli nikahların qeydiyyatdan keçməsinə, tam hüquqlu  instituta çevrilməsinə, bütün proseduralara  əməl olunmaqla qəbul edilən qanun əsasında nail olmuşdur. Bu hadisə həm də geniş təbliğat kampaniyası ilə müşayiət olunmuşdur. Monpelye şəhəri meriyasında iki cavan oğlanın nikahının qeydə alınmasının təşkili əsl bayram xarakteri almışdı. Onsuz da Fransada uzun müddət ərzində bəzi hallarda əxlaqın təmizliyinə  elə bir əhəmiyyət verilmirdi. XVII əsrdə bu ölkədə çoxalan bastardlar öz qanundan kənar mənşələri ilə fəxr edirdilər. Kral sarayında kral və onun arvadı kraliça bir qayda olaraq məşuqəsiz və məşuqsuz keçinmirdilər. Bəzi məşuqələr dövlət işlərinə müdaxilədə hədd tanımırdılar, ona görə də böyük qüdrət sahiblərinə çevrilirdilər. Kral XV Luinin məşuqəsi madam Pompadur metsenat fəaliyyəti ilə məşğul olduğundan, şairlər, yazıçılar, incəsənət adamları onun himayəsinə xüsusi ehtiyac duyurdular. Fransanın ən nəcib kralı hesab edilən IV Henri iki dəfə arvad almaqla yanaşı (onun arvadları Mediçi nəslinin nümayəndələri idi), məşuqələrə malik idi. Günəş Kral adlanan XIV Luinin öz məşuqələrindən haramzada övladları var idi, onun öz anası Anna avstriyalı isə, kral az yaşlı olanda dövləti idarə edən Mazarinin məşuqəsi olmuşdu. Napoleon müqayisə olunmaz hərbi zəfərləri ilə yanaşı, qadın çarpayılarında qazandığı qələbələrlə də öyünə bilərdi.

Müasir Fransa isə, prezident seçkiləri kampaniyasında bircinsli nikahları qanuniləşdirməyə söz verən, bu yolla həmin adamların səsini qazanan və prezident seçilən Fransua Oliandın “uğurla” həyata keçirdiyi ilk böyük tədbirin məkanı oldu. Prezident  Olland orientasiyası fərqli olanların qarşısında verdiyi vədi yerinə yetirdi. Lakin bu hərəkəti ilə həm də ölkə əhalisini parçaladı, iki hissəyə – homoseksual azlığın əleyhdarlarına və tərəfdarlarına böldü. Həm də Fransa iri dövlətlər arasında bircinsli nikahları leqallaşdıran ilk dövlətə çevrildi. Demokratik ölkədə siyasət xalqa xidmət edir, onun adından həyata keçirilir. Fransada isə bu məsələdə xalqın çoxluğunun etirazları nəzərə alınmadı, onun rəyinə heç məhəl də qoyulmadı.

Fransanın təcrübəsi  təkcə bu ölkənin hüdudlarında  qapanıb qalmadı. ABŞ prezidenti Barak Obama da özünün ikinci müddətə  seçilməsi üçün apardığı kampaniyada homoseksualistlərə verdiyi vədə əməl etdi. Obama administrasiyasının müraciəti əsasında Birləşmiş Ştatların Ali Məhkəməsi bu məsələyə baxdıqda, hakimlər düşünülən qaydada bircinsli nikahlar hərəkatına təkan verdi, baxmayaraq ki, bu sferada baş verəcək müəyyən şəkildəki siyasi mübarizənin taleyini həll etməyi ştatlara həvalə etdi. Ali Məhkəmə Amerika Birləşmiş Ştatlarında “Nikahın müdafiəsi barədə Aktın” – bu mühüm federal sənədin, nikahın kişi ilə qadın arasındakı ittifaq olması barədəki müddəasını ləğv etdi. Bu o deməkdir ki, geylər və lesbiyankalar  öz münasibətlərini rəsmi qaydada qeydə aldıracaqlar və həm də kişiyə və arvada nəzərdə tutulan federal güzəştlər onlara da şamil ediləcəkdir. Məhkəmə həmçinin Kaliforniyada bir az əvvəl referendumda qəbul olunmuş bircinli nikahlara qoyulan qadağaların da üzərindən yoğun bir xətt çəkdi.

Onu da qeyd etmək  lazımdır ki, Fransada olduğu kimi, Birləşmiş  Ştatlarda da media bu tədbiri böyük razılıq və sevinclə qarşıladı. Fransadakı ilk belə nikah yerli və beynəlxalq televiziya kanalları vasitəsilə geniş şəkildə işıqlandırıldı. ABŞ-da isə “The Nyu York Times” qəzeti öz redaksiya məqaləsini “Bərabərliyin qələbəsi” başlığı altında dərc etdi. Qəzet yazır ki, amerikan geyləri və lesbiyankaları barədə dövlət ayrı-seçkiliyi üzrə olan sanksiyaların ləğv edilməsi uğrunda aparılan uzunmüddətli mübarizədə nəhəng qələbə qazanılmışdır. Lakin Ali Məhkəmənin, çox illər ərzində davam edən ədalətsizliyi bütünlüklə ləğv etmək sahəsindəki şansı bu vaxt əldən buraxdığını da qeyd edərək, qəzet göstərir ki, Amerika Femidası xeyli sayda ştatda olan geylərin yenə də ikinci sort adamlar kimi qalması qaydasını poza bilmədi. Qəzet yazır ki, güman ki, məhkəmə onu nəzərə almışdır ki, belə ümumi yaxınlaşmaya ölkə hələ də hazır deyildir, ancaq bununla həm də bu problemin ölkəni parçalamaq gücündə olduğu ehtimalına şişirdilmiş qaydada yanaşdığını nümayiş etdirdi. Lakin bunu da diqqətdən yayındırdı ki, sonrakı təxirə salınma da adamlara olduqca baha başa gələcəkdir. Bu vaxtdan etibarən artıq amerikanların 30 faizi bircinsli nikahların icazə verildiyi regionlarda yaşayır.

Aydın deyildir ki, bircinsli cütlüklər barədə yeniləşmiş federal qanun qəbul ediləcəkdimi ki, belə nikahın qanuni sayıldığı ştatda evlənmiş, lakin sonra bircinsli nikahlara icazə verilməmiş ştata getmiş adamların üzləşəcəyi problemləri asanlıqla həll etsin. Yerli məhkəmələr bu işlərə yəqin ki, öz ştatlarının xeyrinə olan qaydada baxacaqdır və bircinsli nikahları qadağan edən ştatların qanunların əleyhinə çıxacaqlar. Bu vaxt Ali Məhkəmə yenidən bu problemə qayıtmağa məcbur olacaqdır.

Bircinsli nikaha daxil olan yeni ər-arvadlar başqa ştatın sərhədini keçdikdə, onların nikahı hökmən sual altına salınacaqdır. Bu vəziyyət Vətəndaş Müharibəsindən əvvəl Birləşmiş Ştatlarda mövcud olan situasiyanı yada salır.Qul ştatlarının yerləşdiyi Cənubla, quldarlığı ləğv etmiş Şimal ştatlarının münasibətləri bu ziddiyyətə görə daha da pisləşirdi. Azadlığa can atan qullar Cənubdan qaçıb, Şimalda gizlənməyə ümid bəsləyirdilər. Lakin Cənubun təzyiqi və təhriki ilə xüsusi “Qaçmış qullar barədə qanun” qəbul olundu. Bu qanuna görə, qaçan qul Şimalda tutulub, mühakimə olunmaqla, Cənubdakı sahibinə qaytarılmalı idi. Məhkəmə hər qaçan qulu sahibinə qaytardığına görə həmin qanuna müvafiq olaraq dövlətdən 5 dollar məbləğində mükafat alırdı, bu da bütün hökmlərin birtərəfli, yəni qulların ziyanına olacağına zəmin yaradırdı.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2013.- 17 avqust.- S.24.