Eh məni nə qədər incitsələr də...- Yüz Gözəl Sevgi Şeiri

 

PƏRVİNin təqdimatında

 

 

 

Bəzən sevgi balaca, ikiadamlıq bunker təsiri bağışlayır. Dünyaya fəlakət üz verəndə o kiçicik sığınacaqda rahat-rahat gizlənə bilirsən. Əlbəttə ki, tək yox, sevdiyinlə. Yaxud cümlə aləm sevgisizlik epidemiyasına, ruhsuzluq xəstəliyinə tutulanda məhz orda, o balaca məkanda daldalanırsan. Ətrafın rənglərinin də, rəngsizliyinin də  sənə bir aidiyyatı yoxdu. Qoy hər yan bomboz, ya da ağ-qara olsun. Sənə nə dəxli?! Sən ki, sevgisiz deyilsən?! Və o ikinəfərlik bunkerini haçan,  hansı rəngdə istəsən, rəngləyə bilirsən! Təki ürəyindən sevgi əskik olmasın! Yaşayırsan belə-belə... Dünya – aləm vecinə deyil, çünki qəlbin də, beynin də, həyatın da dopdoludu. Və bu arxayınlıq, rahatlıq içində başqa cür yaşamağı təsəvvür də eləmirsən. Amma elə ki, həyəcanın azaldı, ürəyin boşaldı, yerə endin, başlayırsan hamı kimi düşünməyə. Bütün adiliklərə məna verməyə çalışırsan. Hətta “ağıl”lanırsan da... Bir az da dünya işləriylə məşğul olum, gələcəyimi düşünüm deyirsən. Sanki sevgi əl-qolunu bağlamışdı bayaqdan... Nə isə! Sözümün canı başqadı! Hə, hərdən məhəbbətin yoxluğuna, müvəqqətiliyinə də inandırırsan özünü. Sanki sevgisizlik elə ümumi qanunauyğunluqdu, sənin zəifliyini, ya da bəxtsizliyini göstərmir. Fəlsəfədən vurub psixologiyadan, tibbdən  çıxırsan. “Dünya alimləri sübut edib, sevgi uzağı 5-6 ay çəkə bilər!” – deyirsən qabağına çıxan eşqbazlara. Bəzilərinə təriz edib gülürsən də hərdən... Amma bir gün gözünü açıb hər şeyin mənasız olduğunu  görürsən... Özünü yer üzünün Allahı, ya da məşğul olduğun işin dahisi elan eləsən də, mənasızdı! İntellektindən tutmuş cibindəki pula, şöhrətinə, nüfuzuna kimi, hamısıyla nə qədər qürrələnsən də, mənasızdı! Bax o zaman başlayırsan axtarmağa!

Elə Əjdər Ol da bundan danışır. Məhz bayağılıqdan, adilikdən, məişətdən bezmiş adamın hisslərini təsvir edir. Şeirin gözəlliyi ondadı ki, şair günlərini bir bezin qırağı kimi eyni yaşayan insanın  düşüncələrini tam, hərtərəfli çatdırır. şeiri oxuyan adam sevgisizliyin faciəsini bütöv təsəvvür edə bilir. Şeirin digər maraqlı cəhəti bir neçə xarakterin bir obrazda cəmləşməsidi... Bənddən bəndə ayrı-ayrı adamlar göz önünə gəlir.  Ömrünün yarısını adi, sıradan biri kimi yaşamış  pərişan, məşhur adlar sadalamaqla intellekt immitasiya edən, amma bunun da mənasızlığını anlayan, halalca haqqı ləngiyən ayrı-ayrı adamlar... Şair poetik yolla bunların hamısını bir fərddə birləşdirir bütün sadalanan dərdlərin həll yolunu göstərir. Sevgi! Yönlü ortaq tapıb (yəqin elə ən qəlizi budu: Yönlü ortaq...) sevgiylə yaşamaqdadı xilas! Adilikdən, haqsızlıqdan, böhtandan, şərdən, qəmdən, qüssədən xilas...

Şeirdəki digər orijinal tapıntı şairin millətləri iki yerə ayırmasıdı: sevməyən, birki, sevən milləti. Bu fikir əvvəlki bəndlərdə deyilmişlərdən çıxarılan nəticə kimi səslənir. Yəni bütün başqa cəhətlər sevməyən millətinə aiddi... Sevən milləti isə tamam fərqlidi! Amma bu yerdə ağıla bir sual gəlir: İki adamdan ibarət millət olurmu? Əlbəttə, Əjdər Olun dediyi kimi, bu hikməti dəb salıb insanları bir “millət”də cəm eləmək olar. Amma sevən BİRlər hamısı bütöv varlıqdı, elə şairin təbirincə desək, ayrıca millətdi...  İkinəfərlik millət!

 

Əjdər Ol: “Bir gözəl adını zikr edəm gərək!”

 

Günlərim bir bezin qırağı kimi,

Dava-dalaşlardan yorulacağam.

Mən də bir Füzuli qırığı kimi

Gedib bir gözələ vurulacağam.

 

Mənə də bu imiş Allahın əmri,

böhtan, nə də ki şər güdəcəyəm.

Yarısı zay oldu, bu yarı ömrü

Yönlü ortaq tapıb xırd edəcəyəm.

 

Beş günlük yalançı ad-sandan keçib,

Bir gözəl adını zikr edəm gərək!

Mənimkimən-mən”dən,

qan-qan”dan keçib,

Belə qalmağıma şükr edəm gərək!

 

dilə gətirib məşhur adları,

qəm-qüssəsindən danışacağam,

Bütün söhbətlərin, əhvalatların

Sevgi hissəsindən danışacağam.

 

Halalca haqqımı ləngitsələr ,

Bir gözəl nazıdır” – deyib dözərəm.

Eh məni qədər incitsələr ,

Sevgi cəzasıdır”deyib dözərəm.

 

Sonu uzaq başı qeybət olacaq,

Dəbə salacağam mən bu hikməti:

Dünyada ikicə millət olacaq: –

Sevməyən, bir ki, sevən milləti.

 

Bu torpaq həmişə aşiq yetirmiş,

Yenə sevənlər olacaq yəqin.

Məndən üstünü alaq götürmüş,

Bir aşiq məzarı qalacaq yəqin!

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 24 avqust.- S.21.