Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası üç dildə nəşr olunub

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın Elm və Mədəniyyət Xadimləri" seriyasından görkəmli dövlət xadimi, Xalq yazıçısı, ədəbiyyatşünas və publisist, akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyasını Azərbaycan, rus və ingilis dillərində nəşr etdirib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, nəşrin tərtibçi müəllifləri filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və İsmət Səfərovdur. AMEA rəyasət heyətinin sərəncamına əsasən hazırlanan, professor Teymur Əhmədovun və Firəngiz Hüseynovanın redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada Mirzə İbrahimovun 1930-2011-ci illər arasında Azərbaycan, rus, türk, fars, ingilis və digər xalqların dillərində nəşr olunmuş kitabları, konqres, elmi sessiya və konfrans materialları, eləcə də dövri mətbuatda dərc edilmiş ədəbi-tənqidi və publisistik məqalələri, həmçinin müxtəlif qəzetlərdə müsahibələri yer alıb.

Göstəricidə əvvəlcə M.İbrahimovun kitabları, sonra dövri mətbuatda çıxmış əsərləri verilib. Akademikin ədəbi-tənqidi və publisistik məqalələri isə xronoloji qayda ilə sistemləşdirilib. Yazıçının həyat və yaradıcılığı haqqında, eləcə də tərcümə etdiyi əsərlər ayrıca bölmələrdə öz əksini tapıb. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə Mirzə İbrahimovun əsərlərinin və onun haqqında yazan müəlliflərin adlarının əlifba göstəricisi də verilib. Həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin M.İbrahimov haqqında fikirləri də biblioqrafik-göstəricidə öz əksini tapıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 5 dekabr. –S. 7.