Təbiət də gələcək qalibləri himayə edir

 

(Tarixi hadisələrə belə rakursdan baxış) 

 

İnsan təbiətinə zidd olan müharibədə qazanılan hansısa qələbə elə bir mühüm hadisə hesab olunur ki, bəzən tərifə layiq olmayanları da hörmətə mindirir, nüfuz sahibi edir. Hətta kiçik döyüşlərdə əldə edilən qələbələr iftixar mənbəyinə çevrilir, işğal iddialarının daha da böyüməsinə yol açır. Bu mənada Hitler ordularının ilk qələbələrini yada salmaq olar.  Həqiqi qələbələrin kiçiyinin izi  uzun müddət ərzində silinmir, böyüklərin əks-sədası isə əsrlərə, minilliklərə keçir. Çünki silahlı rəqabətdə bir tərəf məğlub olmaqla biabırçılıq aşağılanmaq qismətinə yiyələndiyi halda, digəri qalibiyyətin şirin meyvəsini dadmaqla, bu nailiyyətinin əhəmiyyətini şişirtməyə, onu az qala əlçatmaz kimi qələmə verməyə çalışır. Axı tarixi adətən galiblər yazır. Buna əsaslanaraq çox hallarda qaliblər haqqında əfsanələr, rəvayətlər uydurulur. Tarixin ironiyası ondadır ki, bəzən hətta qələbəsndən əziyyət çəkən xalqların dilində fatehlər tərənnüm, sitayiş obyektinə çevrilirlər. Makedoniyalı Aleksandrı, Şərqdə onun zəbt eitdiyi ölkələrin xalqları ilahiləşdirmişdilər, özünün real qəhrəmanlıqları da həmin ərazilərdəki yerli folklorda, panegirik ədəbiyyatda fantastik ölçülərə yiyələnmişdi. Çünki qələbə digər həzzlər kimi parlaq rəngləri çox sevir, zəfər özü haqqında yaradılan nəğmələrdə, şeirlərdə, nağılı xatırladan əhvalatlarda ifadə olunur, məğlubiyyət isə ar rəmzi kimi yalnız tutqun rənglərdə sığınacaq tapır.

 

 

1.Yalan, müharibənin  güclü silahı kimi

 

 

Yaxşı deyirlər ki, müharibənin ilk qurbanı həqiqət olur. Vuruşan tərəflər ən güclü silah kimi yalandan,saxtakarlıqdan geniş istifadə etməyə başlayır.Axı yalanla həm düşməni, həm öz xalqını aldatmaq mümkün olur. Müharibəni başlamaq üçün yalan, iftira ən əlverişli vasitəyə çevrilir. Qələbə haqqındakı saxta məlumat da çox vaxt öz işini görür. Müharibə yeni biliklərə, yeni ideyalara, yeni sivilizasiyalara təkan versə , bütövlükdə isə bütün tarix boyu bədbəxtlik, əraziləri viranəyə çevirmək rəmzi sayılmışdır.

 Heç vaxt tam qələbə sevincini yaşamayanlar, daim öz xalqının təqibə məruz qaldığını iddia edənlər də  başqasının köməyi ilə başa gələn kiçik bir imkandan yapışıb özünü qalib kimi qələmə verməyə çalışır. Bunu biz ermənilərin timsalında görürük. Onlar müvəqqəti işğal etdikləri ərazinin öz əcdadlarına məxsus olduğu barədə saxta ideyalar uydurub yaymağa çalışırlar. Bu isə əks tərəfdə daha böyük intiqam hissinin alovlanmasına yol açır. Bədbəxt xalq isə reallığı unudub, öz sərsəm ideoloqlarının bütünlüklə saxta olan təbliğatını bir iftixar mənbəyi hesab etməklə özünü aldatmaq, tarixi həqiqəti xoşbəxtlik vəd edən şirin yuxuya çevirmək kimi ağılsız bir yolu tutur. Özünü aldadan xalqya asanlıqla aldadılan xalq nəticə etibarilə, az keçməmiş “sınıq təknə” yanında qaldığını görür, onlarda yalanla şişirdilən “vətən” məfhumu da getdikcə  əhəmiyyətini itirir, öz lunatik mürgüləməyinə son qoyanlar bu iyrənc təbliğata artıq ayağı ilə səs verməklə, yaşadıqları, onsuz da vaxtilə başqa xalqa məxsus olan əraziləri tərk edib, bir tikə çörək arxasınca dünyanın müxtəlif guşələrinə üz tuturlar.

Tarix həqiqətlərin güzgüsü olduğu kimi, bu güzgüdə ləkəni xatırladan saxta məqamlar da yox deyildir. Bu ləkəni təmizləyib, üzə çıxarmaq xeyli vaxt aparır, yalan dərin kök saldıqda, bu alaq otunu məhv etmək də çətin bir işə çevrilir. Bizim eradan əvvəl XIV əsrdə, 1300-cü ilə yaxın Misirin məşhur faraonu II Ramzes hettlərlə Suriyadakı Oront çayının üstündəki Kadeş döyüşündə məğlub olduğu halda, vətəninə dönərkən bunu böyük qələbə kimi qələmə verdi, öz şəxsi igidlikləri barədə isə ağlasığmaz əhvalatlar uydurub yaydı və misirlilərin bir hissəsi həqiqətin necə olduğunu bildiyi halda, ümumilikdə xalq bu yalanı həzm etməyə başladı. Əhalinin gözündə II Ramzes əfsanəvi qəhrəman qiyafəsinə büründü. Əslində isə hettlərin çarının dayısının komandanlığı altında olan ordu döyüşdə qalib gəlib, Ramzesin qoşunlarını xeyli cənuba qovdu. Kadeş ətrafındakı bütün torpaqları hettlər tutdu.

Təəssüf ki, sonrakı dövrlərdə də belə saxta öyünmə, yalançı iftixar mənbəyi yaratmaq halları barədə faktlara rast gəlmək olur. 1812-ci ilin sentyabrındakı Borodino döyüşündə nə fransızlar, nə də rus ordusu həlledici qələbəyə nail olmasalar da, hər iki tərəf bunu sonralar öz parlaq zəfəri kimi qələmə verirdi. Bu məsələdə ruslar həqiqətdən daha uzaq idilər, məgər qalib gələn ordu geri çəkilib, paytaxtı da düşmənə təhvil verərdimi? Özü də döyüşdə ruslar Napoleon ordusuna nisbətən daha böyük itki vermişdilər. Qələbəyə iddia edənlər, bəzən ona guya sahib olduqları barədəki saxtakarlığa əl atmaqdan da çəkinmirlər.

 Yaxşı deyirlər ki, qələbənin yüz atası olur, məğlubiyyət isə həmişə yetimdir. Bu sözlər əslində Mussolinin faşist hökumətində xarici işlər naziri olmuş, kürəkəni və 1944-cü ildə qəsddə iştirakına görə faşistlər tərəfindən güllələnən Qaleatstso Çianoya məxsusdur. Qələbəyə hamı susayır, ona can atır. Müharibəyə başlayanların hər biri yalnız qələbə barədə düşünür, məğlubiyyətin baş verəcəyi ehtimalı isə heç nəzərə də alınmır. Zəfər əldə edildikdən sonra isə əzizlənir, şadlıq ünvanına çevrilir. Doğrudan da hər iki Dünya Müharibəsində qələbə birya bir neçə ordununya dövlətin adına yazılsa da, çoxu onun qazanılmasında öz hətta olduqca kiçik iştirakını da vurğulayır və qələbəni bölüşmək məqsədində olduğunu gizlətmir. Sonralar siyasətçilər, hətta bəzi tarixçilər də ideologiyanın təsiri altında başlıca qaliblərdən birini inkar edib, başqalarının qələbənin çalınmasında iştirakını daha vacib saymaqla, saxtakarlıq, həqiqətə, faktlara xəyanətkarlıq yolunu tuturlar. Məsələn, son illərdə Sovet ordusunun alman natsizmi üzərində qələbəsinə kölgə salmaq meylləri güclənmişdir. Zəfərin müəllifliyi yalnız onun müttəfiqlərinin adına yazılmağa başlanmışdır. Əslində isə, sovet xalqı İkinci Dünya müharibəsində daha ağır itkilər vermiş, düşmənlə mübarizədə kütləvi qəhrəmanlıq nümunələri göstərmiş və Berlini tutmaqla məhz sovet əsgəri natsizmin rəmzi sayılan Reyxstaq üzərinə qələbə bayrağını sancmışdı. Bütün Şərqi Avropa ölkələrini də alman işğalçılarından Sovet qoşunları xilas etmişdir. Bunlar isə qızğın döyüşlər, böyük qurbanlar hesabına başa gəlmişdi.

Həmin qələbənin çalınmasında Müttəfiqlərin – ABŞ və İngiltərənin mühüm rol oynadıqlarını da heç kəs inkar edə bilməz. Birləşmiş Ştatlar Sakit Okean müharibə teatrında bütün ağırlığı öz üzərinə götürüb, yapon militarizmini diz çökdürmüşdü. Bununla yanaşı, Birləşmiş Ştatlar İkinci Dünya müharibəsində öz müttəfiqlərinin ağır xərclərinin xeyli hissəsini öz üzərinə götürərək, buna nəhəng miqyasda – 300 milyard dollar məbləğində pul xərcləmişdi, İngiltərə və SSRİ-yə böyük maddi və hərbi yardım göstərmişdi. SSRİ-yə lend-liz qaydasında 9 milyard dollarlıq yardım göstərilmiş, lakin borc alınan bu məbləğ əslində sonralar geri qaytarılmamışdır.

İkinci Dünya müharibəsinin ağırlığını çiyinlərində daşımış xalqlar planeti faşizm taunundan xilas etdiklərinə görə böyük ehtirama layiqdirlər və bu məsələdə ideoloji fərqlərin ziyanlı təsirinə yol verilməməlidir. Müttəfiqlərin hər biri faşist Almaniyasının və yapon militarizminin qeyd-şərtsiz təslim edilməsində mühüm rol oynamışlar və ümumilikdə qələbəni polad kimi döyüb meydana gətirənlər layiq olduqları minnətdarlıqla yad edilməlidirlər. Burada azacıq səhv və ya ədalətsizlik halı, həmçinin mövcudluğuna şübhə edilməyən böyük xidmətin qəsdən azacıq da olsa kiçildilməsi meyli yolverilməzdir. Bütün nöqsanlarına, günahsız insanların qan çayının axıdılmasındakı dəhşətlərinə baxmayaraq (axı, hansı yeni cəmiyyətin doğulub, meydana gəlməsi qansız, əzabsız ötüşmüşdür), Sovet quruluşunu, dünyanı öz əsarəti altına almaq istəyən, 50 milyon insanın həyatının qurban getməsinin əsas baiskarı olan alman faşizmi ilə bir müstəviyə qoymağın özü böyük haqsızlıqdır. Axı indi bəyənilmyən sovet ideologiyasında natsistlərə xas olan irqçilik, başqa xalqlara nifrət, düşmənçilik hissi aşılamaq cəhdi yox idi. Alman natsizmi isə yəhudiləri yer üzündən silmək, slavyan xalqlarını qul mövcudluğuna çevirmək məqsədlərini gizlətmirdilər. Bu ilin noyabrın 10-da 70 illiyi qeyd edilən faşist Almaniyasında  1938-ci ildə keçirilən “Billur gecə”, yəhudiləri məhv etmək sahəsində Hitler siyasətinin ilk nümunəsi, Holokostun başlanğıc addımı hesab edilə bilər. SSRİ-də isə yəhudilər elm, mədəniyyət, texnologiya və idarəetmə sahəsində mühüm rol oynayırdılar, xırda istisnalar nəzərə alınmasa, onlara qarşı heç bir ayrı-seçkiliyə yol verilməmişdi.

 

2. Müharibənin nəticəsinə  təsir edən faktorlar

 

 

Müharibənin son nəticəsinə, məğlubiyyətə xidmət edən, ona köməklik göstərən faktorlar saysız-hesabsızdır. Bunlardan biri əks tərəfin iqtisadi imkanlarını və böyük resurslara malik olmasını düzgün qiymətləndirməməkdir. İstər böyük sərkərdə Hannibal, istərsə də çürük məqsədlər güdən Hitlerya yapon militarist hökuməti bunu duymaqda toyuq korluğu nümayiş etdirmişdilər. Təəssüf ki, iyrənc məqsədləri həyata keçirmək istəyənlərin bu günkü ardıcılları da həmin xəstəliyə sirayətlənməkdən yayına bilməmişlər. Nəticə etibarilə, iqtisadi cəhətdən daha yüksək qüdrət çox asanlıqla daha mükəmməl hərbi qüdrətə çevrlirbu, müharibənin taleyinin həll olunmasına yol açır. 1868-ci ildəki Meyci inqilabından az sonra Yaponiya dünyadan izolyasiyasına son qoymaqla, Qərbə yaxınlaşmaqla yanaşı həm də militarist inkişaf yolunu tutmuş, qısa müddət ərzində hərbi-dəniz və sonralar hərbi hava qüvvələrini böyük inkişaf səviyyəsinə çatdırmış, güclü və yaxşı silahlanmış orduya yiyələnmişdi. 1894-95- ci illərdə Çinlə, 1904-05-ci illərdə Rusiya ilə apardığı uğurlu müharibələr,1910-cu ildə Koreyanı özünə anneksiya etməsi, 1931-32- ci illərdə Mancuriyanı işğal etməsi, 1937-ci ildə Çinə bilavasitə müdaxilə etməsi Yaponiyanın militarist ambitsiyalarini daha da alovlandırmış, onu Sakit okean müharibəsinə başlamağa həvəsləndirmişdi. Lakin müharibədən əvvəlki onillikdə Yaponiya bir çox həyati əhəmiyyəti olan mallarla təchizatda xeyli çətinliklərlə üzləşirdi, burada dəri qıtlığı üzündən siçovulların, siçanların dərisindən də istifadə edilirdi. Axı Yaponiyanıvn feodalizmdən kapitalizm istehsal üsuluna keçməsindən də vur-tut altı-yeddi onillik keçmişdi. Vaxtilə kəndlərdə artıq ağız kimi qoca valideynlərini tənhalıqda ölümün pəncəsinə atan yaponlar XX əsrin 30-cu illərində də yaxşı ərzaq ratsionuna malik olmaları ilə öyünə bilməzdilər. Belə olan halda Birləşmiş Ştatlar kimi böyük iqtisadi və maliyyə qüdrətinə malik olan bir ölkəni özü ilə müharibəyə girişməyə sövq etmək, Asiyanın ağalığı eşqinə düşmək (bu isə əsasən Böyük Britaniya imperiyasının mənafelərinə zidd idi) yalnız siyasi daltonizmdən xəbər verirdi. Yaponların hava hücumu ilə meydana gələn amerikalıların Pyorl-Harbor hərbi bazasının 1941-ci il dekabrın 7-də darmadağın edilməsi cavabsız qoyulmayacaqdı və Birləşmiş Ştatlar bir gün sonra Yaponiyaya müharibə elan etdiİkinci Dünya müharibəsinə vuruşan tərəf kimi cəlb olundu. Yaponiyanın hərbi-dəniz qüvvələrinin komandanı admiral Yamomoto öz baş nazirinə demişdi ki, biz altı ay uğurla vuruşa bilərik, sonra isə üstünlük amerikalılara keçəcəkdir. Yamomotonun “peyğəmbərliyi” tamamilə özünü doğrultdu. Heç il yarım keçməmiş Amerika müharibədə üstünlüyə nail oldu və nəticədə Yaponiyanı 1945-ci il sentyabrın 2-də qeyd-şərtsiz təslim olmaq barədə aktı imzalamağa məcbur etdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2013.- 7 dekabr.- S.11.