Yunus İmrəni anlamaq

 

 

 

Yunus İmrəni anlamaq üçün öncə onun yaşadığı zamanı və məkanı doğru analiz etmək gərəkdir. Aramsız xristian saldırılarına məruz qalan və bu saldırılardan əziyyət çəksə də ayaqda durmağı bacaran, var olmaq uğrunda savaşan Anadolu Səlcuk dövləti yeni bir fəlakətlə qarşı qarşıyla gəlmişdi bu dəfə: monqol işgali... Monqol işgalı yıxmaq, məhvetmək anlayışı ifadə edirdi. 1243-cü ildə Kösədağ savaşından sonra çəyirtgə sürüləri kimi Anadolu torpaqlarına irəliləyən monqollar buraları güclü qasırga kimi təməlindən sarsıtdı. Hər biri elm, mədəniyyət, sənət  mərkəzlərinə çevrilən şəhərləri viranəyə, cəhənnəmə çevirdilər, ölkəni tamamilə yağmaladılar. Bu fəlakətin nəticələri çox ağır oldu. Dövlətin gücü zəiflədi, cəltənət iğtişaşları başladı, bölünmələr oldu ki, bu da üsyanların yaranmasına gətirib çıxardı. İnsanlar insanlıqdan çıxaraq güclünün zəifi əzdiyi bir dönəm başladı, ölüm, zülüm, işgəncə həddini aşdı. Xalq monqol ordusunun ehtiyaclarını qarşılamaq üçün ağır vergilərə cəlb edildi. Aclıq, qıtlıq fəlakəti ölkəni təməlindən laxlatdı. Bu olayların ən ağır təsiri isə inanclar üzərində görüldü. Çıxılmaz vəziyyətdə qalan xalq nə edəcəyini bilmir, çarəsizlik içində çırpınırdı. Bu durumdan yetərincə yararlanan hər cür qaranlıq məqsədlər və inancları məhv etməyə hesablanmış cərəyanlar Anadolu insanlarının düşüncələrinə təsir edə biləcək münbit şərait bulmuşdular. Maddi yaralar bir şəkildə sarıla, sağala bilirdi, lakin xalqın inancını, imanını, sahib olduğu dini-mənəvi dəyərlərini məhv etmək, yəni bu metofizik problemlər daha dəhşətli idi.

Belə bir mürəkkəb dövrdə yaşayan Yunus İmrə kimi könül ərlərininin vəzifəsi maddi və mənəvi ladları sarsılmış xalqa inam, iman və yaşama gücü vermək, onları yenidən inanclarına, dəyərlərinə bağlamaq idi. Əhməd Yasəvi ocağında yetişən bilgi irfanları, sufilər xaçlı və monqol müharibələrinin açdığı yaralara məlhəm olmalı, loğman kimi sarmalı, Anadolunun dörd bir yanında açdıkları təkkə və zaviyələrlə insanlara bir umut qapısı aramalı idilər. Biz burada daha çox Yunus İmrəni yetişdirən mühiti anlaya bilmək üçün Mövlanadan və ondan öncəki ibn-Ərəbidən bəhs edəcəyik. Çünki Yunus İmrənin də müdafiəçisi olduğu tövhid-“birlik” fikrinin əsl memarı Məhiyəddin Ərəbidir. 1204-cü ildə Konyaya gələn bu tarixi şəxsiyyət xeyli burada qalmış sonradan Malatyaya köçərək bir müddət vəhdəti-vücud anlayışının Anadoluda yayılmasına və mənimsənilməsinə çalışmışdır. Fikirlərini şeir ve musiqi vasitəsilə anladaraq insanların fakir və düşüncələrində geniş təsir oyadan böyük isimlərdən biri də Mövlanaydı. Yunus İmrə bu iki böyük ismin oluşdurduğu zəmin üzərində eyni düşüncə və inancın insanı olaraq yeni bir nəfəsi ürəklərə, qəlblərə köçürən mürid idi. Yunus nəfəsi, düşüncəsi o qədər güclü və anlamlı idi ki, Mövlana müridi kimi  təsavvüfə gətirdiyi yorumlarla və bunları ifadə etmə üslubuyla qısa zamanda Mövlananın türkcə söyləyən şəklinə çevrilir: “O üzdən Yunusa türkçədə Mövlananı yaşamış, Mövlananı şakımış könül əri, eşqin bülbülü deməmizdə bir yanlışlıq yoxdur”. Bu sözlər əsla Yunusu Mövlananın təqlidçisi kimi anlaşılmamalıdır. Bu iki zatın fikir və düşüncələrinin  zəmini, mayəsi eynidir, sadəcə sözləri və yorum tərzləri özünəməxsusdur. Yunus İmrənin şəxsiyyəti yaşadığı dövrdən ta günümüzə qədər heç vaxt müzakirə mövzusu olmamışdır. Xalq onu “xalq dostu”, həmçinin bir təsəvvüfçü kimi qəbul etmiş, mənimsəmiş, sevmişdi. Bu sevgi yeddi əsrdir ki, insanların ürəyini fəth etməkdədir, zaman keçdikcə sanki yenidən doğulur və yaşayır.

Zaman-zaman ona müxtəlif təriqətlər sahib çıxmaq istəmişdi. Niyyətləri Yunusun şöhrətinin və xalq arasındakı təsir gücünün yüksək olmasından öz məqsədləri üçün yararlanmaq idi. Ona görə də hər təriqət Yunusun ora aid olduğunu iddia edir, şöhrətindən və xalqın sevgisindən sui-istifadə etməyə çalışırdılar. Lakin o böyük aşiq sufi, vəhdəti-vücud davamçılarından idi, həyatı boyu heç bir təriqətin daşıyıcısı olmamışdı. Onun mənəvi tutarı təriqətlər sərhədinə də sığmazdı. Sıxıntılarla dolu bir dövrdə yaşamış Yunusa görə insan birinci növbədə nəfsinə sahib olmalı, onu tərbiyələndirməlidir. Özü heç vaxt nəfsini, maraqlarını düşünməmiş, aid olduğu toplumun, cəmiyyətin dərdlərini, qayğılarını özünə dərd etmiş, çarəsini axtarmışdır. Onun:

 

Bunca varlık var iken

Gitmez gönül darlığı

 

beyti böyük türk şairinin dövrün dərd-sərini, problemlərini öz dərdi kimi yaşadığını göstərir. Yunusun qaygısı ədalətdir, toplumun huzur və rifah halaında sağlam yaşamasıdır. İnsanların rəbbinə könül hüzuru ilə varabilməsidir.

 

Müselmanlar zamane yatlu oldu

Helal yinmez, haram kıymetli oldu

Okunan Kurana kulak tutulmaz

Şeytanlar semürdi kuvvetlü oldu

 

 İnanclarından uzaqlaşan, halallığını, imanını itirən toplumun nə hala gəldiyini anladan bir çox şeirləri var. Yunus eyni zamanda bir cəmiyyət mühəndisidir. Yaradıcılığında xalqın yaşadıqlarını o qədər dəqiq analiz edib ki, müasir dövrümüzdə də həmin zamanı öyrənmək üçün onun şeirlərindən yetərincə istifadə edirlər. O, inancını dini şəkildən ziyadə dərindən anladaraq, inanaraq ifadə edərdi. İnanca bu qədər dərin və kamil baxışı onu dinə zahirdən baxan dindarlardan ayıran böyük özəlliyi idi.

 

Bir kez gönül yıktın ise

Bu kıldığın namaz değil

Yetmiş iki millet dahi

Elin yüzün yumaz değil

 

Yunus bu kimi şeirləriylə müsəlmanlığa çatmanın yol xəritəsini çəkirdi. Düşüncə dünyası təkcə inanmaqdan və ibadət etməkdən ibarət deyildi onun. Şeirlərində islamın insanların həyatında gerçəkləşməsi və həyata keçirilməsi üçün lazım olan qaydalarla, əxlaqi dəyərlərlə bağlı təsbitləri vardı. Bunların çoxu da ayət və hədislərin yozumundan yaranmışdı. Yalan danışmamaq, səbrli olmaq, insanlarla xoş rəftar etmək, könül, qəlb qırmamaq, qənaətcil, comərd, yardımsevər olmaq aşılayırdı müasirlərinə.

 

Yaramazdır buhl-ü hased

 

Kibar mübarizdir gayet

Kökünü kaz yabana at

Fariğ olur ey qam-güzar

 

 

Ey dostunu düşman tutan

Gıybet, yalan söz söyleme

Bunda gammazlık eyleyen

Onda yeri dar olur

Gelin tanış olalım

İş kolayın tutalım

Sevelim sevilelim

Dünya kimseye kalmaz

 

Yuxarıda qeyd etdiyimiz kimi Yunusa görə ən böyük tərbiyə nəfsin tərbiyə edilməsidir. İnsanın hədəfə çatmasında birinci əngəli nəfsidir ki, əlacı yalnız mənəvi tərbiyə ilə, nəfsinə sahib olmaqla mümkündür. Mənəvi tərbiyənin sonunda, nəfsinə sahib olaraq gerçəkləşən hədəf insanın könül gözünün açılmasıdır. Nəfsinə sahib olan insan könül gözünü hər cür pisliklərdən, keçici həvəslərdən, kindən, küdurətdən, öfkədən arındıran insandır. Allah sevgisini ürəyinə, imanına, ruhuna yerləşdirmiş, könül gözləri açılmışdır. Yəni kamilliyə gedən yol birinci növbədə insanın nəfsindən keçir. Yunusa görə insan hədisi-şərifdəki ifadələrə uyğun olaraq əlindən və dilindən əmin olan kimsədir. Bu cür insanlar gözəlliyin, doğruluğun və mükəmməlliyin misalıdır. Yunus İmrənin fikir və düşüncə üfüqləri sonsuzdur. Yazıb yaratdıqlarını hər gözdən keçirəndə daha dərin qatlı xəzinənin, çox dəyərli təsəvvüf düşüncələrinin şahidi olursan.

“Yunus ürəyindəki eşq və zövq ilə yalnız Allahı deyil, Allahın işarəti olan bütün yaradılmışları sevmişdir”.

Yunus İmrənin şeirlərində sevgi, məhəbbət ən uca zirvədə dayanır. Düşüncəsinə görə sevmək və sevilmək Allahın vəsfidir. Sevginin səbəbi gözəllikdir. Gerçək gözəllik isə yaradana-Allaha məxsusdur. “Allah gözəldir, gözəli və gözəlliyi sevər” şəklindəki hadisi-şərifi təsəvvüf baxımından təhlil edən mutəsəvviflərə görə Allah öz gözəlliyini nümayiş etdirmək, göstərmək üçün kainatı yaratmışdır. Yəni aləmin yaradılma səbəbi sevgidir. “Ol” əmrində eşq vardır. Bu sevginin miqyası isə sərhədlərə sığmazdı. Çünki bu sevgi qudsal bir prinsip olaraq ərsəyə gətirilmişdir. Bu sevgi Allahdan zühur etmiş və kainatın yaradılması ilə son  nəticələnmişdir.  Dolayısı ilə bütün yaradılmışlar varlıqlarında bu ilahi sevginin cövhərini daşıyırlar. Hamısı sevgiylə təcəlli edərlər. Demək iman da, inam da ancaq və ancaq sevgiylə kamala vara bilir.

 

İnsan camalı ilə deyil, kamalı ilə insandır.

 

Yaradanı sevmək, ona qovuşmaq, ancaq yaradılanları sevməklə olabilir. İnsan oğlu bu sevgi işığıyla qaranlıqları aydınlığa çevirərək sevgi dolu, barış içində bir dünya qura bilər. İnsan ilahi mənlə bərabər şeytani ve heyvani hisslərə də sahib bir varlıqdır. Tanrı onu mələklər mərtəbəsinə yüksəldərkən şeytan onun heyvani hisslərindən bəhrələnərək ondan da aşağı səviyyəyə salmışdır.  Sevgi insanı pisliklərdən arındırıb olqunluk dərəcəsinə gətirərkən, bu müqəddəs hissdən yoxsul olanları insan olmaqdan uzaqlaşdırır. Nəticədə insanın öncə özünə, ətrafına və bütün varlıqlara qarşı  zulmünün təməli qoyulmuş olur. Sevən insan inanclı insandır.Yaradanıyla səmimi münasibət qurabiləndir, onu sevəndir. Bu səmimi münasibət ona bir tərəfdən dünyaya gəlməsinin, var olmasının anlamını öyrədir, digər tərəfdən də bir yaradılmış kimi üzərinə düşən məsuliyyətini dərk edir. Bu cür insanlar cahanı bərbad edən deyil, abad edənlərdir. Şəxsiyyəti və xarakteri Yaradanın qayəsinə uyğun təşəkkül tapar, mənfiliklərdən, çirkinliklərdən uzaq olar,  çevrəsində və mühitində olan insanlarla insanca davranar, xoşgörülü olar. Bütün canlılara, yaradılmışlara eyni sevgi gözüylə baxar, ən kiçik varlıqda belə ilahi gözəlliyi görər və bu gözəlliyi yaşayar.

Sevgisiz insan isə hamıdan, hər kəsdən öncə özü ilə savaşar. İçində daşıdığı kindən-küdurətdən çevrəsini də zəhrimara çevirər. Haqqı və doğrunu unudar, öfkəni, hirsi seçər. Bütün gözəlliklərə qarşı çıxar, onları zatən görməz. Sakit, xoşbəxt və rahat həyat bu cür insanların dünyasından çox uzaqdır. Ədaləti deyil, zülmü seçər. Gülün gözəl ətrindən zövq almaq yerinə tikanı ilə kiminsə canını yandırmağı düşünər. Çünki ürəyi susuz və bərəkətsiz tarlaya çevrilmişdir. Onun ruhunda sevgi çiçəkləri açmaz, sevgidən göz yaşı tökməz, içi hikmətdən yoxsuldur.

Bax, Yunus İmrəni əsrlərdir yaşadan və bütün zamanların fövqündə saxlayan fərqliliyi  yaradılanı və yaradanı ilahi bir anlamla sevməsi idi. Düşüncəsində daim sevgi duyğusu yaşatması idi. Hansı ki O, sevgisizliyin hakim olduğu qaranlıq bir çağda yaşayıb yaratmışdır. Xristian və monqolların işğallarıyla xalqın hər cür zülm, işgəncə və müsibətlərlə üz-üzə qaldığı bir zamanda.

 

Müasirləri Həzrəti Mövlana, Hacı Bayram, Vəli kimi sevgi qəhrəmanlarıyla birlikdə insanları sevgiyə çağırırdılar. Bu aqil insanlar yaxşı bilirdilər ki, xalqın ürəyində açılmış yaraları yalnız sevgiylə, şəfqətlə sağaltmaq mümkündür. Odur ki, bu müridlərin hər biri könül həkiminə çevrilmişdilər fikirləriylə, düşüncələriylə, buram buram sevgi ətirli şeirlərilə. Yaşadıqları zamanı eşqlə, sevgiylə tanıtdılar, yaradana və yaradılana sevgiylə...

İnsan, insanlığın mənasını qəlbində, ürəyində daşıyır, maddi, bioloji varlığı ilə deyil, könlüylə, içində daşıdığı sevgisiylə insandır. Buna görə də Yunus İmrənin şeirlərində könülə, insanın iç dünyasına çox önəm verilir. Çünki könül haqqın təcəllisinin aynasıdır. Nəzərgah-i ilahidir, Beytullahdır.

 

Gönül mü yeğ Kabe mi yeğ

Ayıt bana aklı eren

Gönül yeğdürür zir kim

Gönüldedir dost durağı

 

Kəbə sonunda maddi bir yapıdır, tikilidir, simvoldur. Əsl Kəbə könüldür. Bu üzdən könül qırmaq, könül sındırmaq, incitmək son dərəcə böyük bir yanlışlıqdır. Kəbəni uçurmaqdır.

 

Gönül çalabın tahtı

Çalab gönüle baktı

İki cihan bedbahtı

Kim gönül yıkar ise

 

Əgər bir insan könül qırmışsa ibadətlərinin bir dəyəri yoxdur, Allahın kitabında da dəyəri olmaz. Çünki ibadətlər, dualar Allaha yaxın olmağı şərtləndirən davranışlardır. Bir könül qıran, qəlb incidən insan nə qədər namaz da qılsa, istədiyi qədər ibadət də etsə Allah qatında bir dəyəri olmaz.

 

Ak sakallı pir koca

Bilmez hali nice

Emek yemesin hacca

Bir gönül yıkar ise

 

İnsan, Yerüzünə Allahın xəlifəsi olaraq göndərilmişdir. Vəzifəsi könül qırmaq, sındırmaq deyil, könül qurmaqdır, könül tikməkdir ki, bu da sevgiylə, eşqlə, şəfqətlə mümkündür. “Könül qurmaq” insanın yaradılış olaraq məqsədini və fərqini açan ən gözəl ifadədir”

 

Ben gelmedim dava için

Benim işim sevgi için

Dostun evi gönüllerdir

Gönüller yapmaya geldim

 

Yunus İmrənin şeirlərində dünya ilə bağlı məqamlar da çoxdur. Sufi şair insanın gərdişi-dövranla, dünya ilə əlaqələrinə varır, yaşadıqları qəflət yuxusundan söz açır. Qəflətdən oyanmağın yolunu gerçəyin, həqiqətin idrak edilməsi nöqtəsində görür. Təsəvvuf mənəvi tərbiyə aşılayan bir anlayış olaraq insanı hər zaman qəflət yuxusundan oyanıq olmağa çağırar. Bu çağırışın əsas məqsədi isə dünyanın bir-birindən fərqli iki üzü olduğunu göstərməkdir:

 

Bu dünyanın meseli

bir ulu şara benzer

Veli bizim ömrümüz

bir tez pazara benzer

Bu şarın evvel tadı

 şehd ü şekerden şirin

Ahır acısı gör şol zehr-i

mara benzer

 

İnsan oğlu əsasən dünyanın görünən üzünə baxar, bu üz daha cəlbedici, “şəkərdən şirindir”, çəkicidir, insana xoş gəlir. Bu zahiri gözəlliyə o qədər bağlanır ki, batini, dərinliyi, dünyanın o biri üzün görmür, hətta əbədi olacağına, heç ölməyəcəyinə inanır. Bu zəifliyi də sonda onu qəflətə sürükləyir, bataqlığa çəkir. Hər şeyin yalnız bu dünyada olduğunu zənnedir, əbədiliyə, axirətə inanmaz. İnsanın özünə və ətrafına etdiyi zülmün səbəbləri də buradan başlayır, dünyanın o biri üzünə inanmamasından. Yunus İmrə dünya ilə bağlı mövzuya müraciət etməklə yanaşı dövrün önəmli məsələlərinə diqqət çəkmiş, gündəmə gətirmiş, insanları xəbərdar etmişdir. Yunus İmrəni bu mövzularda bir uyarıcı, çağırışçı şair kimi də dəyərləndirmək olar. O, dünyanı gerçəkdən uzaq, fani dünya adlandırır, dolayısıyla bu dünya “yalan dünya”dır deyir.

 

Yürü, yürü yalan dünya;

Yalan dünya değil misin

 

Yunusun dünyanı bu şəkildə görməsi və dəyərləndirməsi dinə-imana bağlılığı ilə, Qurani-Şərifin ayələrini doğru bilməsi, dünyanın faniliyini dərk etməsi ilə əlaqəlidir.  Şair “Dünya həyatı ancaq bir oyun və oyalamadır. Dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə şüphəsiz gerçək həyatın özüdür. Elə isə insan dünyanın bu üzünü görərək ona aldanmamalı və tələsinə düşməməlidir” deyən sufi üçün önəmli olan insanın ürəyini, könlünü məhəbbətə açmasıdır. Ama nə yazıq ki, dünya sevgisi buna əngəl olur və inasanın kamala çatma yolundaki yolçuluğu heçə uğrayır. Bu baxımdan təsəvvüfdə “tərki-dünya əsasdır.

Yunus İmrə və şeirləri bu gün türkdilli xalqların elmi dairələrində, ədəbi mühitində geniş öyrənilməkdə, tətbiq olunmaqdadır. Onun şeirləri türkcənin incisi, kəlamları xalqın və sənətsevərlərin  könüllərini titrədir. Yunus şəxsiyyəti insanlığa Allahın böyük bir lutvudur.Türk mədəniyyəti artık onun adıyla beynəlxalq aləmdə özünü ifadə etməkdədir.

Yunus İmrənin məzarı haqqında müxtəlif  rəvayətlər olsa da, onun məzarı Sarıköydədir. Mənakıb-ı Evliyada bu barədə qeyd də var: “Şeyx-i məşayih-ül əzəm Yunus İmrə məqam-ı mübarəkləri Sarıköydədir”. Qısaca olaraq belə bir hekayə ilə anladılır: “Yunus dağda qarşılaşdığı dərvişlərdən haqq qatındaki dərəcəsini öyrənincə geri dönüşündə Tapdıq İmrə onu bağışlamış, ama yanında qalmasına izn verməmişdir”. “Mərtəbəni öyrəndin, artıq burada yerin yox. Çünki bir postda iki aslan keşik çəkə bilməz. Buradan gedəcək və xalqı irşad edecəksən” buyurur. Ardından da: “Əsamı atdığım yerə gedər, orada ruhunu təslim edərsən” demiş və əsasını atmışdır Tapdıq İmrə. Yunus İmrə isə tam beş il o əsanı axtarmış, sonunda Sarıköydə tapmış və orada haqq dünyasına qovuşmuşdur”. Doğumu necə Sarıköydə olmuşsa haqqa qovuşması dabu köydı gerçəkləşmişdir. Əldə olan bütün bəlgələr də bunu sübut edir. Nefahat-ül Üns, Şakaik-i Numaniye tərcümələri, Sivrihisarlı Şeyx Baba Yusufun Mevhub-ı Məhbub kitabı, Menakıb-ı Evliya, Kayd-ı Hakani kimi tarixi qaynaqlar Yunus İmrənin haqq məkanı kimi məhz Sarıköyü göstərirlər. Bu böyük sufinin, könül ərinin əsl məzarı isə türk xalqlarının ürəyində, sevənlərinin könlündədir.

 

 

Seyit Ahmet ARSLAN

Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma müşaviri

525-ci qəzet.- 2013.- 7 dekabr.- S.31.