Ömrünü xalqına və dövlətinin qorunmasına bəxş edən general!

 

Milləti millət edən onun parlaq nümayəndələridir. Belə insanlardan biri də Böyük Vətən Müharibəsi illərində ailəsi ilə birlikdə şərəfli yol keçən vətənpərvər ruhlu general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynovdur. Bahadır Hüseynov 1921-ci ilin dekabrın 15-də anadan olub. Qarşıdan gələn doğum günü ərəfəsində onun şərəfli həyat yollarını xatırlamaq, daima fəal olmasının fəlsəfi formulasını təhlil etmək yerinə düşərdi.

Onun həyat fəaliyyəti daima xalqına və dövlətinə xidmət göstərməkdən ibarət olub. Hələ sovetlər dövründə, Böyük Vətən Müharibəsi illərində ümumimilli liderimiz, mərhum Heydər Əliyevlə birlikdə uzun müddət çiyin-çiyinə çalışan Bahadur Hüseynov, Azərbaycan oğullarına xas olan tərzdə, müharibədə ağır yaralanmasına baxmayaraq şücaətli Sovet-Sərhəd qoşunlarının zabiti olaraq 1941-ci ildən 1960-cı ilə qədər şərəfli yol keçib.

1941-ci illərdən başlayaraq, Sovet dövlətinin sərhədlərinin qorunması çox ağır bir zamana təsadüf etdiyindən, Qara dənizdən Xəzər dənizinə kimi olan sərhədlərimiz onun nəzarəti altında qorunmasını xatırladıqda, dogurdan da azərbaycanlı olmağımızla fəxr edirik.

Tiflisdə yerləşən Sovet Sərhəd Qoşunlarının komandanlığında xidmət etdiyi müddətdə birneçə xarici dövlətin kəşfiyyat orqanlarının ölkəmizə qarşı pozuculuğuq niyyətlərilə göndərilən agentlərin tutularaq ifşa olunmasında Bahadur Hüseynovun fəal iştirakı olub.

Bahadur Hüseynov ordu sıralarında əla xidmət göstərdiyindən 1960-cı ildə, Azərbaycan DTK-sinin (Təhlükəsizlik Nazirliyinin) əməliyyat şöbəsi rəhbərliyinin tələbi və sorğusu ilə sözügedən qurumda işləməyə dəvət olunur.

10 il sonra, ölkəmizə rəhbərik etməyə başlayan Heydər Əliyevin qərarı ilə Naxçıvan Muxtar Respublikası DTK-sinin sədri vəzifəsinə təyin edilir. Həmin ildən də Naxşıvan O.B.K.O.M- Partiyasının büro üzvü seçilərək ardıcıl olaraq 3 dəfə Naxçıvan Ali Sovetinin deputatı seçilib.

1976-cı ildən, Azərbaycan Respublikasının rəhbərliyi və şəxsən Heydər Əliyevin göstərişi ilə Azərbaycan DTK-sinin 1-ci müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq o, Bakıya qayıdır.

Bahadur Hüseynov işlədiyi müddətdə ona tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacardığına görə, 1978-ci ildə general-mayor rütbəsinə layiq görülür. O, bu yüksək rütbənin ona şəxsən Heydər Əliyev tərəfindən təqdim olunmasından qürurlandığını bildirir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsl çekist xarakterli tələbkarlığı ilə seçildiyindən, bütün məsələlərə dəqiq yanaşdığından onunla hər adam asanlıqla işləyə bilmirdi.

Heydər Əliyevin rəhbərliyi, Bahadur Hüseynovun da iştirakı ilə dövlət əhəmiyyətli bir çox vacib siyasi və hətta təxribat xarakterli məsələlərin vaxtında qarşısı alınaraq həll olunur.

1980-cı ildə o vaxtkı Stepanakertdə (Xankəndi) kolxoz sədri Adamyanın öldürülməsini bəzi qüvvələr milli zəmində guya azərbaycanlılar tərəfindən həyata keçirildiyini iddia edirdi. Lakin bu cinayətin təcili olaraq açılmasının vacibliyi nəzərə alınaraq Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyinin göstərişi ilə Bahadur Hüseynov və daxili işlər nazirinin müavini Kamil Məmmədovun rəhbərlik etdiyi istintaq qrupu Stepanakertə gedərək tədqiqata başlamış və bir neçə gün gecə-gündüz çalışmaları nəticəsində bu ağır cinayətin üstü açılmışdı. Hadisəni çaxır zavodunun direktoru olan Paqosyanın törətdiyi sübut olunmuş və o, cinayət məsuliyyətinə cəlb edilmişdi. Millətlər arasına nifaq salmaq istəyən "yanların" o vaxtkı siyasi xarakterli növbəti bəd niyyətləri Azərbaycan Respublikasının çekistləri tərəfindən vaxtında puç edilmişdi.

Ermənilər xalqımıza qarşı olan xain niyyətlərini hələ sovetlər dövründə də ayrı-ayrı üsullarla həyata keçirməyə can atırdılar. Lakin ölkə rəhbərliyinin əzmkar çalışmaları nəticəsində bir çox belə təxribatların qarşısı dəfələrlə yerindəcə alınmışdı.

1975-ci ildə Bakı şəhərinin Nərimanov prospektində sərnişin avtobusunun partladılması bütün Sovet respublikalarının təəccübünə səbəb olan qaranlıq məqamlar yaradırdı. Lakin az müddət ərzində bu hadisəni törədən Spartak ləqəbli erməni ifşa olunaraq cinayətə cəlb edildi.

1983-cü ildə Moskvada dəfn mərasimində Heydər Əliyevlə görüşən Bahadur Hüseynova Bakıda Opera Balet Teatrının binasında yanğın törədilməsi xəbəri çatdırıldıqda Heydər Əliyevin göstərişi ilə Bahadır Hüseynov təcili olaraq Bakıya qayıdır. Az müddətdə, 3 gün ərzində bu təxribat xarakterli cinayəti törədən Avanesyan adlı erməninin olduğu təsdiqlənmişdir.

Bahadur Hüseynov işlədiyi müddət ərzində tutduğu vəzifələrin məsuliyyətini əvvəlcədən dərk etdiyindən hər bir sahədə olduğu kimi, hərdən öz düşüncələrinə də tənqidi nöqteyi-nəzərindən yanaşması, ona daim uğurlar qazandırdır. Onun fədakarcasına Vətəninə xidmət göstərməsi xalqımız tərəfindən yüksək qiymətləndirilib. O, 4 ordenlə, 30 medalla, Rusiya DTK-sinin 3 fərqlənmə döş nişanı ilə, 80 təbrik və fəxri fərmanla təltif olunmuşdur. Leonid Brejnevin Bakıya səfəri zamanı "Brejnev" qol saatı ilə mükafatlandırdığı Azərbaycanın üç fəal dövlət xadimi arasında Bahadur Hüseynov da olub.

O, xalqına xidmət göstərməklə keçdiyi bütün bu şərəfli məsafələri, həyat yoldaşı, DTK-nin zabiti olmuş mərhum Məryəm xanım Hüseynova ilə birlikdə qət edib. Və bu ailəni vətənpərvər ruhlu qəhrəmanlıq salnaməsi yazan saf zabitlər ailəsi kimi tarixə salıb. General Bahadur Hüseynovun məsləhəti ilə həyat yoldaşı Məryəm xanım da Böyük Vətən Müharibəsi illərində fəal çalışıb. O, L.Şmidt adına zavodda qadınlardan ibarət işçi briqada yaratmış, silah-sursat və kiçik çaplı tanklar hazırlayaraq müharibəyə "peredavoya" yola salaraq cəbhədə döyüşən əsgərlərimizin silah-sursatla təmin olunmasını təşkil etmişdi.

Azərbaycanımızın belə şücaətli qadını və general Bahadur Hüseynovlar ailəsinin fədakarlığı barədə rus mətbuatında da dəfələrlə fərəhləndirici məqalələr dərc olunmuşdur.

Bu gün də biz, əcnəbi müharibə veteranları ilə görüşərkən bu vətənpərvər ailə haqqında xoş təəssüratlar və maraqlı xatirələr söylənilməsinin canlı şahidləri oluruq. Böyük Vətən Müharibəsi illərində Bahadır Hüseynovun həyat yoldaşı Məryəm xanım Hüseynovanın L. Şmitd zavodunda göstərdiyi şücaətin miqyası geniş olduğundan 2001-ci ildə Rusiyanın o vaxtkı prezidenti Boris Yelsinin əmri ilə təkrarən təltif medalla təltif olunur. Medalın şəxsən Məryəm xanıma təqdim olunması məqsədi ilə Moskvadan Bakıya xüsusi olaraq iki nəfər göndərilir. Əfsuslar olsun ki, Məryəm xanım artıq həyatda olmadığından göndərilən qiymətli mükafat onun ailəsinə təqdim olunur.

Əlbəttə belə bir hadisəni yaşamaq bu ailənin doğmaları üçün nə qədər ağır olsa da, bir o qədər də fərəhləndirici sayılmalıdır. Ona görə ki, həyatın qanunlarından qaçmaq mümkün deyil! Belə hadisələrin dəfələrlə şahidi olduğumuzdan elə nəticəyə gəlinir ki, biz azərbaycanlılar öz qəhrəmanlarımızı sağ ikən qiymətləndirməyi bacarmalı və nümunə götürməliyik. Hansı ki bu gün müharibə şəraitində yaşayan xalqımıza dövlətçiliyimizin və torpaqlarımızın qorunmasında belə tarixi nümunələr, gənclərimizin tərbiyəsi üçün hava-su kimi vacib olan əsas mənbədir.

Xalqımızın sevimli vətənpərvər oğlu general-mayor Bahadur Hüseynov hər zaman hər sahədə aktiv olduğu kimi, yaşa dolduqdan sonra da, ahıl yaşlı veteran vətəndaşlarımıza vacib olan işlər həyata keçirdi. O, veteranlara dövlət qayğısının daha da gücləndirilməsi məqsədi ilə mərhum general Mustafa Nəsirovla birlikdə respublikamızın o vaxtkı rəhbərləri ilə məsləhətləşmələr apararaq, nəhayət 1987-ci ildə Respublika, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlarının Birliyinin yaradılmasına nail oldu.

1993-cü ildə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Böyük Vətən Müharibəsi iştirakçılarına dövlət qayğısı bərpa olundu. O vaxtdan başlayaraq Böyük Vətən Müharibə iştirakçıları dəfələrlə layiq olduqları yüksək orden və adlarla təltif olundular. Bu ədalətli missiya hazırda İlham Əliyev cənabları tərəfindən də uğurla həyata keçirilir. Hər il Böyük Vətən Müharibəsinin iştirakçıları ilə görüşlər təşkil etməklə, veteranlarımızı fəxri adlar, qiymətli hədiyyələrlə sevindirir. O cümlədən Bahadur Hüseynov 90 yaşı münasibəti ilə olaraq "Şöhrət" ordeni ilə təltif edilib. Belə yanaşmalar dövlətçiliyimizin və mentalitetimizin qorunmasına xidmət edən, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə və formalaşmasına yönələn bir addımdır.

Bahadur Hüseynovun Respublika Veteranlar Şurasının sədri vəzifəsində fəaliyyətə başlaması, müstəqillik qazanan ölkəmizdə iqtisadiyyatın tam formalaşmadığı bir dövrə təsadüf etdiyindən, müvəqqəti maddi çətinliklərlə üzləşən veteranlarımıza köməklik məqsədi ilə şuranın sədri Bahadur Hüseynov öz şəxsi məvacibinin hesabına aztəminatlı işçilərə və veteranlara hər ay maddi yardım göstərilməsi haqda sərəncam imzaladı. O, sədr işlədiyi müddət ərzində və sonralar da həmin sərəncamın qüvvədə qalaraq daima həyata keçirilməsinə nail oldu. B.Hüseynovun bu humanistliyi məmurlara öz xalqına ədalətlə xidmət göstərmələrinin vacibliyini aşılayan ağsaqqal nümunəsidir.

Müasir Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyev zəmanəsinin yadigarlarından olan, Azərbaycanımızın fəxri və canlı ensiklopediyası, biz veteranların da dayaq nöqtəsi olan Bahadur Hüseynov şəxsiyyəti bugünkü və gələcək gənc nəsillər üçün bir məktəbdir.

Nazim SALAHOV

Yasamal rayon Ərazi ilk Ağsaqqallar Şurasının sədri,

Almaz QASIMOVA

Respublika Veteranlar Şurası, Yasamal

Müharibə, Əmək veteranlar təşkilatının sədri,

Bəhram ŞEYDAYEV

müharibə veteranı

525-ci qəzet.- 2013.- 13 dekabr.- S.8.