Sokratın vətənində

 

 

 

Ötən ayın son həftəsi Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov,  Nazim Fərəcov və  Hacı İqbal Məmmədovla birlikdə Afinaya səfərimiz yaddaşıma dərin izlər buraxdı. Yunanıstan gənc yaşlarımdan   diqqətimi çəkən və görmək istədiyim ölkələrdən  biri olub. Amma  səfər təəssüratlarımı yazmağa  məni vadar edən təkcə  bu maraq hissi deyildi.

Daş döşənmiş küçələrinə Sokratın hikməti hopmuş,  hər guşəsi, bağı-bağçası çoxəsrlik    zəngin tarixə malik  Afinaya qısamüddətli səfərimiz rəsmi qaydada Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilirdi.

Səfər zamanı nümayəndə heyətimizin proqramında bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olmaq, yunanlı həmkarlarımızla bir sıra maraqlı görüşlər keçirmək, parlamentlərarası əlaqələrin inkişafı və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparmaq nəzərdə tutulmuşdu.

Səfərimiz Yunanıstan Respublikasının parlamenti və hökuməti ilə bir sıra əhəmiyyətli və maraqlı görüşlərlə yadda qaldı. Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dimitrios Kiriziadis  bizi səfər boyu  müşayiət edərək  yunanlı  həmkarlarımıza və  hökumət nümayəndələrinə  təqdim etdi  Məhz onun təşəbbüsüylə nümayəndə heyətimiz Yunanıstan parlamentinin sədr müavini Xristos Markoqiannakosla, Parlamentin Sosial siyasət, Milli Təhlükəsizlik və Xarici Əlaqələr, İnsan hüquqları komitələrinin sədrləri və üzvlərilə hər iki ölkə üçün yaxın gələcəkdə  uğurlu səmərə  verəcək  görüşlər keçirdik. Afinada yüksək səviyyəli icra hakimiyyətinin rəhbərləri ilə keçirilən görüşlər  daha maraqlı oldu.

Ölkənin səhiyyə naziri Adonis Qeorqiadis, İctimai Təhlükəsizlik Nazirliyinin baş katibi Patroklos Qeorqiadis, turizm naziri Olqa Kefalogianni, ətraf mühit və energetika naziri Yannis Maniatis, xarici işlər nazirinin müavini Dimitris Kurkulasla bir sıra çox vacib və  konstruktiv danışıqlar apardıq.

Yüksək səviyyəli görüşlərdə parlamentlərarası dostluq qrupunun gələcək fəaliyyətindən, gələn il Yunanıstanın Avropa İttifaqına sədrlik perspektivlərindən, TAP (Trans-Adriatik Pipeline) enerji proyektinin iqtisadi səmərəliliyindən (bu barədə ətrafli qeydlərimi aşağıda oxucularla geniş təqdim edəcəyəm), turizm sahəsində əməkdaşlığın daha da artıralacağı ilə bağlı  mövzular  önə çəkildi. Eyni zamanda, nümayəndə heyətimiz ölkə ilə daha yaxından tanışlıq məqsədilə maraqlı mədəni kütləvi  tədbirlərdə iştirak etdi.

Qərb sivilizasiyasının və qəlb fəlsəfəsinin beşiyi  hesab olunan qədim Ellada torpağında  səfərimizin yüksək səviyyədə hazırlanmasında və həyata keçirilməsində, Yunanıstan Parlamentinin,  Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev və diplomatik missiyanın digər əməkdaşları böyük mütəşəkkillik nümayiş etdirdiyini də xüsusi qeyd etmək istəyirəm.

Yunanıstanın  paytaxtı  Afinaya  səfərimiz mənim üçün hər şeydən öncə bu ölkəylə yeni tanışlıq idi. Digər tərəfdən doğma Azərbaycanımızın  dostluq münasibətlərinin arenasının son  on ildə daha da genişlənməsi  səfər yoldaşlarım  kimi  məni də sevindirirdi.  Lakin yuxarıda qeyd etdiyim kimi,  gənc yaşlarımdan görmək istədiyim Sokrat, Aristotel, Demokrit, Platon və  başqa filosofların  vətəni  barədə düşünəndə  səfər  zamanı özümə belə sual verirdim:  bəs  indiki yunanlar görəsən müasir dünyaya keçmişdə fəth etdikləri həmin müdriklik zirvəsindən boylana bilirlərmi?

Bu sualın   yaranmasının  yalnız bircə səbəbi vardi.  Açığını deyim ki,  bir müddət öncə  Qondarma DQR –in  prezidenti  Bako Sahakyanın  bu ölkədə  işgüzar səfərdə olması    parlamentdə qarşılanması xəbərini  mətbuat səhifələrində oxuyanda mənim ovqatım, sözün həqiqi mənasında,  çox korlanmışdı.  Təbii ki,  bu səfərdə həmin məsələnin önə çəkilməsi,  etirazımızı nə şəkildə deyəcəyimiz məni çox düşündürürdü. Ola bilməzdi ki, müdriklik ilahəsi Afinanın adını daşıyan, bütün dünyada azadlıq, demokratiya və incəsənətin simvolu hesab olunan  bu qədim yunan  paytaxtının son 20 il ərzində Dağlıq Qarabağın ermənilər tərəfindən işğalından xəbəri  olmasın?!. 

İndi  bu  barədə  düşüncələrimi  Bakıda  rahatca iş kabinetimdə  oturub qələmə aldığım məqamda Azərbaycanın Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin mübariz diplomat obrazı canlanır gözümün önündə.  Bəli,  Afinada rəsmi dairələr görüşlər zamanı o,  məni  çoxdan bəri  narahat edən  həmin sualı  özünəməxsus şəkildə qınaq obyekti kimi  önə çəkdi.

Qəribə olsa da yunanlı həmkarlarımız hörmətli səfirimizin  bu sualı qarşısında acizliklərini biruzə verməmək üçün  baxışlarını qeyri- məchul nöqtəyə zilləyərək yalnız bunu dedilər:

– Biz onu   (yəni  B. Sahakyanı –   H. M.) burda sadəcə bir qonaq kimi və qeyri-rəsmi şəxs olaraq qarşıladıq.  Bu jestin etika xatirinə olduğunu,  diplomatik cavabda   nə ciddi təkzib, nə də təsdiq vurğulandığını  şərh etməyə ehtiyac   yoxdur.

Çünki Bako Sahakyan Yunanıstanda səfər çərçivəsində Atenkin  Surb Astvadazin (Ana Məryəm) adlanan erməni kilsəsində  bazar günü ibadətində iştirak etdiyi, sonra  Ermənistanın  bu ölkədəki  səfirliyində,  erməni Xalq hərəkatı,  erməni-yunan ticarət – sənaye palatasının bir qrup üzvləriylə və mətbuat nümayəndələriylə görüşləri haqqında təkzibedilməz məlumatımız vardı. Onu da qeyd edim ki, ermənilərlə yunanları bir ortaq nöqtəyə gətirən əsas səbəblərdən  birincisi  şübhəsiz ki, qardaş Türkiyə ilə yaxşı olmayan münasibətlərdən  qaynaqlanır.

 

 Yunan  barmağı

 

Lakin açıq etiraf edək ki, Azərbaycan diplomatiyası da beynəlxalq müstəvidə erməni-yunan işbirliyindən az zərər görməmişdir.  2006-cı ildə qıbrıs türkləri ilə Azərbaycan arasında qarşılıqlı təmaslardan sonra yunanlar bir müddət BMT-də Bakıya diplomatik savaş açdılar: Azərbaycanın təqdimatı ilə gündəliyə salınmış “Dağlıq Qarabağda qanunsuz məskunlaşmaya dair” qətnamə ikinci dəfə müzakirədən çıxarıldı və arxivə göndərildi. Azərbaycanla Avropa Birliyi arasında yenicə təməli atılan “qonşuluq” münasibətlərinə qismən də olsa, kölgə düşdü. Bir müddət öncə isə Avropa Parlamenti yunan-erməni icmasının təsiri altında Azərbaycanın əleyhinə qərarlar çıxarmağa başladı. Qurumun Naxçıvanda guya erməni abidələrinin dağıdılması ilə bağlı qəbul etdiyi qətnamə də yunanların işi idi. Son olaraq, Azərbaycanla AB arasında imzalanmış qonşuluq planında ölkəmizin ərazi bütövlüyü ilə bağlı yaşanan anlaşılmazlıqlarda “yunan barmağının” olduğu aşkarlandı. Belə bir dönəmdə Kipr yunanlarının Dağlıq Qarabağla təmaslar qurması, separatçılarının nümayəndələrinin istər Nikosiyada,  istər Afinada rəsmi şəxs kimi qəbul olunması  normal hal aldı. İrəvanda türklərə qarşı erməni-yunan ensiklopediyasının hazırlanması təklifi də ortaya atıldı. Bu ölkələr tarixdə “türk xalqları tərəfindən üzləşdikləri haqsızlıqlara” dair saxta ittihamlar hazırlaması da artıq heç kimə sirr deyil.

Əlbəttə,  bu gün ağır iqtisadi  durumda  olan Yunanıstan üçün hansı  ölkəylə  dostluğa   üstünlük  verməsi  bu dövlətin  öz daxili işidir.

 Amma qədim yunan filosofu Sokratın belə bir kəlamı var: “Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq”.

Bu gün TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ olduğunu   layihənin reallaşmasının  qlobal böhranın fəsadlarından əziyyət çəkən  bu ölkənin iqtisadi inkişafına təkan verəcəyini əmin olduğunu  dilə gətirən yunan siyasətçiləri  məncə, Azərbaycanla  dostluğa daha çox  önəm verirlər.

Dostluqdan söz düşmüşkən qeyd edim ki, axı Azərbaycanla Yunanıstan arasında istər tarixi, istərsə də, mədəni sahədə əlaqələrin kökü qədim dövrlərə gedib çıxır. Bunu ölkəmizdə aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim yunan qabları, sikkələri, qədim yunan yazıları da sübut edir. Bu tarixi izlərin bir qisminin eramızdan əvvəl IV əsrdə makedoniyalı İsgəndərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına yürüşü zamanından qaldığı  hamıya məlumdur.

Bu əlaqələr tarixin sonrakı mərhələlərində də davam etdirilmişdir . Hazırda Azərbaycanda (əsasən Bakıda) yunan əsilli 500-dək insan yaşayır. Onların əksəriyyətinin ata-babaları XIX əsrin sonu – XX əsrin əvvəllərində  Bakıda neft sənayesinin yüksəlişi ilə bağlı gəliblər, burada çalışıblar, biznes qurublar. (“Mədəniyyət” qəzeti, 23 iyul  2010)

Müstəqillik əldə edəndən sonra  Azərbaycanın dünyanın bir çox ölkələri ilə yanaşı, Yunanıstanla əlaqələr də yeni mərhələyə qədəm qoydu.

Ölkələrimiz  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında 1992-ci ildən təmsil olunur. Bu qurumda regional əməkdaşlıq baxımından faydalı layihələr həyata keçirilir. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının üzvü olan Yunanıstan Qara dəniz, Şərqi Avropa və Şərqi Aralıq dənizi bazarlarına çıxış üçün əlverişli məkan olmaqla yanaşı, bu ölkələrlə əlaqələrin qurulmasında körpü rolunu oynayır.

İki ölkə arasında münasibətlər müxtəlif sahələrdə,  o cümlədən mədəniyyət və turizm sahəsində inkişaf edir.

Səfərimiz zamanı qədim Ellada torpağının güclü turizm potensialı olduğu, Azərbaycanla Yunanıstan arasında genişmiqyaslı iqtisadi mədəni əlaqələr çərçivəsində turizmə də geniş yer ayrılması zərurəti diqqətə çatdırıldı. Yunanıstan turistlərin daha çox ziyarət etdiyi ölkələrdən biridir. Ölkəyə ildə 11 milyon turist gəlir. Bu isə Yunanıstanın büdcəsinə  4 milyard dollar əlavə gəlir gətirir.

 

 

Gözəl mənzərələr diyarı

 

 

Yunanıstan özünün mülayim iqlimi, Aralıq dənizinin bir-birindən gözəl sahili əraziləri, klassik arxeoloji və tarixi yerləri ilə bütün dünyada məşhurdur. Irili-xırdalı gözəl və sakit adalar, əsl yunan qonaqpərvərliyi ölkəyə turist axınını artıran amillərdəndir.

Aralıq  dənizi  nəinki Yunanıstanın Avropa   sivilizasiyasının  qapısı olub.  Fransız tarixçisi  Fernand Braudel  “Aralıq dənizi” kitabında  bu barədə belə yazır:

“Nədir bu Aralıq dənizi? Min bir şeyin hamısı  birdən. Bir mənzərə deyil, saysız mənzərələr. Bir dəniz deyil, bir-birini izləyən bir çox dəniz. Bir sivilizasiya deyil, bir-biri üzərinə yığılmış bir çox sivilizasiya”. 

Onu da qeyd edim ki, Yunanıstanla Azərbaycan arasında 2005-ci ildə turizm sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Həmin sazişə əsasən ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Yunanıstanın ölkəmizdəki səfirliyi ilə birgə əməkdaşlığı sayəsində 2008-ci il noyabrın 23-dən dekabrın 1-dək Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətləri və KİV nümayəndələrindən ibarət heyətin Yunanıstana infoturu təşkil edilmişdir.

6 mart 2007-ci  ildə Azərbaycan Respublikasının  Prezidenti möhtərəm  İlham Əliyev cənabları “Azərbaycan Respublikası  ilə Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalamışdır.

2007-ci ilin iyulunda  isə belə  bir Afinada Yunanıstan tərəfindən imzalanmışdır.  Azərbaycanla Yunanıstan arasında mədəni əlaqələr genişlənməsinə dair də çoxlu faktlar göstərmək olar.

Bakı Slavyan Universitetində  müasir yunan dili və mədəniyyəti mərkəzinin yaradılması və burada Yunanıstanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, müasir dövrdə Yunanıstan-Azərbaycan əlaqələrinə dair 1000-ə yaxın qəzet, jurnal, kitab, dərslik, CD, DVD və audio materialların toplanması, bu ilin yayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvətilə Bakıda qonaq olan olunub. Afina Akropol muzeyinin prezidenti professor Dimitros Pandermalislə Milli İncəsənət Muzeyində görüş keçirilməsi iki ölkə arasında mütəmadi əlaqələrin təzahürüdür. 

Yeri gəlmişkən, nümayəndə heyətimiz üçün nəzərdə tutulmuş proqram çərçivəsində Afinanın Akropol muzeyində də olduq. Akropol (yunancadan tərcümədə “yuxarı şəhər” mənası verir) və onun başlıca tikintisi olan Parfenon  məbədi 6000 min illik tarixə malik Afinanın mərkəzində  yerləşir.  Parfenon məbədi  dünya mədəniyyətinin  şah əsərlərindən biridir.

Akropol hündürlüyü 156 metrə çatan qayalıq meydançada 2500 il tarixi olan memarlıq abidələri ilə zəngin açıq muzeydir. Qədimdə həm dövlət, həm də dini mərkəzi sayılan  Afinanın simvolu hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir. Bura yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi  Afinanın ziyarət etdiyi çoxsaylı məbədlər yerləşir. Akropol öz möhtəşəm görünüşü ilə onu görməyə gələn hər bir turistin qəlbində unudulmaz izlər buraxır. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər.

Milli arxeoloji muzey Afinanın ən əhəmiyyətli və məşhur muzeylərindən biridir. Muzeydə Neolit dövründən başlayaraq Roma imperiyası dövrünə qədər bütün qədim yunan sivilizasiyalarına aid ən gözəl rəsm əsərləri nümayiş olunur.

Akropolun aşağı hissəsində bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və xoş söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta e.ə XI ərsə aid abidələrə də rast gəlmək mümkündür.

Ümumiyyətlə, Afina şəhəri  özü Attika adlı böyük yarımadada geniş düzənliyin mərkəzində yerləşən sıldırımlı təpədə salınmışdır. Şəhər 3 tərəfdən dağlar və Saronikas körfəzi ilə əhatə olunur.

E.ə. V əsrdə Yunanıstan paytaxtında hakimiyyətin iki forması uğrunda mübarizə gedirdi. Yuxarı təbəqə oliqarxiya (azların hakimiyyəti) tərəfdarı idi. Azad əhalinin aşağı təbəqəsi demokratik hakimiyyəti (xalq hakimiyyətini) müdafiə edirdi.

Tarixə “quldarlıq demokratiyası  adlanan  ali hakimiyyət  Afinada ayda 3-4 dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəli şəxsləri seçirdi. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. 500 nəfərdən ibarət şura xalq yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini müdafiə edənləri vəzifəyə seçirdi. E.ə. 443-cü ildə strateq vəzifəsinə görkəmli dövlət xadimi Perikl seçildi. “Perikl” adı “şöhrətlə əhatələnmiş” mənasını daşıyır O, ömrünün sonuna kimi 15 il dalbadal strateq oldu. Perikl varlı ailədən olmasına baxmayaraq demokratiyanı müdafiə edirdi. Perikl dövrünün ən görkəmli elm və mədəniyyət xadimlərini müdafiə edirdi. Parfenon məbədi və digər möhtəşəm abidələr onun dövründə tikilmişdi. O, yoxsulların pullu vəzifələrə seçilməsinə nail oldu. Afinada dövlətin bu cür idarə olunması demokratiya adlanırdı, bu da “demosun hakimiyyəti” demək  idi.   Perikl dövründə demokratiya özünün ən yüksək mərhələsinə çatdı.   Dövlət xadimi olmaqla bərabər o, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə idi .Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri,  paytaxt  iqtisadi və mədəni inkişafının zirvəsinə qalxdı. Tarixə  Perikl əsri  kimi daxil olan həmin  dövrdə Afina ellin dünyasının iqtisadi, siyasi və mədəni mərkəzi oldu.

Afinada ata-anası afinalı olanlar vətəndaş sayılırdı. Qullar, Afinaya gəlmələr və onların övladları Afina vətəndaşı ola bilməzdilər, demokratiyanın bəhrəsindən istifadə etmək hüquqları yox idi.

Afinalılar “dəniz sahibləri” sayılırdılar. İran-Yunan müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət göstərdi. Afina bu ittifaqın donanma və qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə edirdi. Afinalılar öz şəhərlərinin ətrafına müdafiə divarları çəkdilər. Hətta paytaxtın 6 kilometrliyində olan körfəzdə salınan Pirey limanına qədər hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri mal üçün ticarət vergisi (gömrük rüsumu ) verirdilər. E.ə. V əsrdə Afina Yunanıstanın ən varlı şəhər dövləti  idi. Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların və başqalarının işlə təmin olunmasına şərait yaradır, hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi.

Hal-hazırda Afinada təxminən 5 milyona  yaxın əhali yaşayır. Paytaxtın  mərkəzi hissəsi  şəhərətrafı ərazilərin  kəndə bənzəyən  görünüşü ilə təzad təşkil edir.

Prezident sarayı, ənənəvi formada geyinmiş Milli Qvardiyanın qarovulu, 1896-cı ildə ilk olimpiya oyunlarının keçirildiyi Panatenian meydanı,  ağ mərmərlı Olimpiya stadionu, Olimpiyalı Zevsin məbədi, Afina Universtitetinin, Akademiyasının və Milli Kitabxanasının  binaları paytaxtın hüsnünə gözəllik verir.

Sintaqma meydanı müasir Afinanın mərkəzində yerləşir. Meydan 1840-cı ildə Kral Sarayı kimi tikilən, hal-hazırda isə “Parlament binası” adlanır. Statistikaya görə, Yunanıstanda yarım milyona yaxın müsəlman yaşayır.  Onların təxminən 150-200 mini  Afinada məskunlaşıb.

Xatırladaq ki, Afina Avropada məscid olmayan yeganə paytaxtdır.  Müsəlmanlar üçün  Yunanıstanda yeganə məscid ölkənin şimal-şərqində – Türkiyə ilə sərhəddə, Frakiya ərazisində yerləşir. Paytaxta məscid olmadığından müsəlmanlar cümə günləri mədəniyyət mərkəzləri, stadionlarda və ya mənzillərdə, bəzən də meydanlarda namaz qılmalı olurlar. Yunan Müsəlmanlar Dərnəyinin çoxsaylı müraciətinə əsasən Afina meriyası şəhərdə məscid tikintisinə  çoxdan icazə verib.

2006-cı ildə paytaxtda məscidin tikintisinə verilən   həmin  qərara hələ iki  il öncə  yunan parlametində 300 deputatdan 198-i səs vermişdi. Bu qərar paytaxtda yaşayan müsəlmanlar tərəfindən sevinclə qarşılansa da məscidin tikintisi  bəzi səbəblərə görə təxirə salındı. Afina səfərimizdə bizə məlum oldu ki, bu ilin martında baş nazir Antonis Samaras Afinada məscid inşası üçün müsabiqə elan etmək barədə sərəncam verib. Afina meri Yorqos Kaminisin sözlərinə görə, məscidlərin inşa edilməsi ölkədə müsəlmanlar üçün əsas problemlərdən birini həll edəcək. Paytaxtda ilk məscidin Votaniko rayonunda inşa edilməsi planlaşdırılır. Müsabiqə Yunanıstanın Nəqliyyat Nazirliyi tərəfindən keçiriləcək. Afinada inşa ediləcək məscid müasir ornamentləri özündə əks etdirəcək və Osmanlı dövrünün məscidlərini xatırlatmayacaq. Məsciddə eyni vaxtda 350-dən çox inanclı ibadət edə biləcək. Onun tikilməsi üçün 846 min avro ayrılıb.  İbadət ocağının tikintisi üçün lazımi vəsait yunan dövləti tərəfindən ödəniləcək. Xarici ölkə və ya özəl qurumların yardımları isə qəbul edilməyəcək.  Xatırladım ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  bəyanatlarının birində  Afinada məscidin tikilişinə icazə verilməsi halında  özlərinin inşa edəcəyini bildirmişdi.

Ümid edirik ki Afinada inşasına başlanan bu ibadət ocağı  burada fəaliyyət göstərən  Müsəlmanlar Dərnəyinin mərkəzi, eyni zamanda Yunanıstanın da ən böyük məscidi olacaq...

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəldikdə Afinada görüşlərimizin əsas mövzularından biri olan TAP lahiyəsinin Avropada gələcək perspektivlərindən danışmaq  kifayətdir.

Avropa dünyanın ən sıx əhali yaşayan qitəsidir. Son illərdə ekspertlər qitənin  enerji təchizatında Xəzər  regionu amilinə üstünlük verirlər. Xatırlatmaq yerinə düşər ki,  hələ 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xorvatiya prezidenti Stipe Mesiçlə birgə keçirdiyi mətbuat konfransında Adriatik dənizi ölkələrini energetika sahəsində əməkdaşlığa çağırmışdı.

2013-cü il fevralın 15-də Afinada Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəmərinin tikintisinə dair İtaliya, Albaniya və Yunanıstan hökumətləri arasında saziş imzalandı. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.  Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin “Axpo” şirkəti irəli sürüb. Artıq 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində  bu ideya reallığa çevrilmək üzrədir.

“Şahdəniz” Konsorsiumunun TAP layihəsini seçməsi beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi ilə qarşılanıb. Belə ki, Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb.

Aİ Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib: “Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək “Cənub” qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir”.

Bu  layihənin  reallaşması  Avropanın yeni enerji resursları əldə  etməkdə daha  uğurlu  şansıdır. TAP layihəsinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və dünyanın iri şirkətlərinin marağını cəlb etməsi heç də təsadüfi deyil. Bu layihə həm onda iştirak edən dövlətlər, həm də onun həyata keçirilməsi ilə birbaşa məşğul olan şirkətlər üçün olduqca sərfəli hesab edilir.

Hazırda TAP-ın səhmdarları İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. Lakin səhmdarların sayı arta bilər. Belə ki,  ARDNŞ-nin Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsinin səhmdarları sırasına daxil ola biləcəyi ehtimalı böyükdür. TAP-ın səhmdarları sırasına, həmçinin TANAP-da (Trans-Anadolu Qaz Kəməri) pay almaqla bağlı razılıqlarını verən BP və “Total” şirkətlərinin də daxil olması ehtimalı var. Həmçinin, Trans-Adriatik Qaz Kəməri layihəsinin tərəfdaşları Türkiyənin “BOTAŞ” şirkətinə qapılarının açıq olduğunu bildiriblər.

Ekspertlərin  fikrincə,  Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliya heç də son hədəf olmayacaq və “Şahdəniz” qazının bu ölkədən Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması nəzərdə tutulub. Bundan əlavə, bu yaxınlarda Brüsseldə Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya Adriatika-İonika Şurasının XV toplantısının yekunu olaraq bəyannamə qəbul edərək, regional enerji layihələri arasında ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd ediblər. Bu baxımdan, enerji ehtiyatlarının daşınması, nəqliyyat infrastrukturunun yaradılması və gücünün artırılması, Avropanın nəqliyyat sisteminə və şəbəkəsinə inteqrasiyasını nəzərdə tutan layihələr, xüsusilə, TANAP və TAP layihələri, eləcə də, Avropa İttifaqı tərəfindən dəstəklənən Yunanıstan-Bolqarıstan, Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan qaz şəbəkələrini birləşdirən layihələr də böyük əhəmiyyət daşıyır.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin  fikrinə istinad etsək, Azərbaycanın qaz ehtiyatlarının getdikcə artması perspektivdə “mavi yanacağ”ın nəqli üçün yeni boru kəmərlərinə ehtiyac yaradacaq.

Azərbaycanın digər qaz yataqları da nəzərə alınsa, onu demək olar ki, gələcəkdə bizə yeni qaz ixrac kəmərləri lazım olacaq. TAP-ın potensial genişlənməsi, eləcə də Bolqarıstan, Rumıniya və Macarıstan ərazisindən Avstriyaya doğru ikinci marşrutun açılması ilə Avropaya qaz ixrac həcmlərinin artması da danılmazdır. Hər iki kəmər marşrutunun inkişaf planları gələcəkdə qaz həcmlərinin artmasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan  yeni təchizat mənbələrinin “Cənub qaz dəhlizi” ilə Avropa bazarlarına çıxışının TAP-la məhdudlaşmayacağı, onun hüdudlarından kənarda da davam edəcəyi gözlənilir.

Azərbaycan “Şahdəniz”in ardınca Avropanı əlavə qazla təmin edəcək digər layihələri də inkişaf etdirmək əzmindədir. Bu baxımdan, Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsi də Türkiyə ərazisindən keçəcək TANAP ilə “Cənub qaz dəhlizi”ni təchiz etmək potensialına malikdir. Son zamanlar “Abşeron” yatağında aparılan uğurlu kəşfiyyat işləri və ARDNŞ tərəfindən “Ümid” qaz yatağının kəşfi Xəzər dənizində aşkarlanmış yeni yataqların potensialını aydın göstərir. Bu kəşflər 2020-ci illərin əvvəllərində əlavə qaz həcmləri ixrac etmək imkanı yaradır. Buna görə də, Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacaq və TAP layihəsi ilə bağlı qərar həqiqətən də qarşılıqlı mənfəətə əsaslanan yanaşmanın zaman keçdikcə xəyaldan reallığa çevrilməsi deməkdir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts “Şahdəniz” Konsorsiumunun keçirdiyi tədbirdə “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə deyib ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası “Cənub qaz dəhlizi” çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir.

Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li də “Şahdəniz” Konsorsiumunun seçimini alqışladıqlarını bildirib, bu seçimi qaz təminatı və marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb.

Layihəyə digər nüfuzlu siyasi dairələrdən də müsbət münasibət göstərilir. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger fikrincə, “mavi yanacağın” yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: “Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm”.

Öz növbəsində Rusiya tərəfi də bu layihənin seçilməsinə görə razılıq edib.

ABŞ Dövlət Departamenti isə bildirib ki, TAP qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək və ümumilikdə, qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcək. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Şahdəniz” Konsorsiumunu seçimi münasibətilə təbrik edərək, TAP-ın həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib. 

Artıq sirr deyil ki, Azərbaycan regional və qlobal miqyasda öz çəkisi və mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdə – siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. Heç şübhəsiz, Azərbaycan hazırkı uğurlara birdən-birə nail olmayıb. Müstəqil olduğu 20 il müddətində ölkəmiz bir çox ağır sınaqlarla üzləşib. Lakin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət kursu ölkənin davamlı və stabil inkişafını təmin etdi. 2003-cü ilədək artıq Azərbaycan bir çox nüfuzlu regional və qlobal təşkilatların üzvünə çevrilmişdi. Ölkəmiz beynəlxalq qurumlarla əlaqələri genişləndirmiş, bir çox dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli qaydada əməkdaşlıq münasibətləri qurmuşdu.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq siyasi nüfuzunun sürətlə artmasında ölkənin daxili və xarici iqtisadi uğurlarının mühüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli faktora çevrilib. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibidir. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.

Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının artım tempinə görə 2006-cı ilən başlayaraq dünyada ilk yerlərdə dayanır. Son on ildə Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlığın, özəl sektorun inkişafına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın sürətli inkişafını ölkənin hər bir yerində əyani şəkildə müşahidə etmək mümkündür. 

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

 Bəli,  düşünülmüş enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırır.  Adriatik dənizi ölkələri ilə energetika sahəsində əməkdaşlıq həm də Azərbaycan həqiqətlərini bu ölkələrin rəsmi dairələrinə təqdim etmək şansıdır. Afina səfəri məndə xoş təəssüratlarla yanaşı həm bu mənada, həm də yaxın  gələcəkdə Yunanıstan – Azərbaycan münasibətlərinin inkişafına böyük inam hissi yaratdı.

 

Hüseynbala MİRƏLƏMOV

Milli Məclisin deputatı,

yazıçı-dramaturq

525-ci qəzet.- 2013.- 21 dekabr.- S.16-17;30.