“İpək yolunun” sədaları və rəngləri

 

IV Beynəlxalq Şəki Musiqi Festivalından qeydlər

 

Ənənəvi, artıq 4-cü dəfə keçirilən və Bakıdan başlanğıc alan “İpək yolu” Beynəlxalq Musiqi Festivalının ilk konserti məhz belə adlanırdı. Əslində bu gözəl yay Festivalını bütövlükdə belə adlandırmaq olardı: Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sayəsində musiqisevərlər və ölkəmizin qonaqları 7 gün ərzində (28 iyun- 4 iyul tarixlərində) ən müxtəlif janr və üslubları əks etdirən rəngarəng və əlvan musiqi bayramının şahidi oldular. Festivalın rəsmi açılışı hər zaman füsünkarlığı ilə bizləri məftun edən Şəkidə olsa da, ilk konsert proqramı Azərbaycan Bəstəkarlar İttifaqının dahi Üzeyir bəyin adını daşıyan xudmani konsert salonunda baş tutdu (həmin gün isə Şəkidə Qazaxıstan, Rusiya, Tacikistan, Moldova, Ukrayna və Azərbaycanın rəqs kollektivlərinin möhtəşəm konserti ilə yadda qaldı).

Böyük marağa səbəb olmuş Bakı konsertınin Şərq və Qərbin musiqi dialoquna əsaslanmış ideyasında, ümumiyyətlə, festivalın əsas məramı əks olunmuşdu. Bu da təsadüfi deyil. Məlumdur ki, uzaq ölkələri və yad xalqları əsrlər boyu bir-birinə bağlayan Böyük İpək Yolu artıq XXI əsrdə əsl mədəniyyətlərarası dialoq və ünsiyyət rəmzinə çevrilmişdir. Firəngiz Əlizadənin yaradıcılığında və üslubunda hər zaman qabarıq şəkildə təzahür edən və aparıcı istiqamətə çevrilən ulu Şərqlə müasir Qərbin üzvi vəhdəti ideyası (əlamətdardır ki, Firəngiz xanımın hətta “İpək yolu” adlı əsəri də vardır!) onun təşəbbüsü və bədii rəhbərliyi ilə ardıcıl olaraq keçirilən bütün festivallarda olduğu kimi, bu dəfə də özünəməxsus və orijinal tərzdə üzə çıxdı.

Bakıda baş tutmuş elə ilk konsertdə Firəngiz xanım bütün yaradıcılıq və fəaliyyət məramına sadiq qalaraq, XX əsrdə Qərbdə meydana çıxmış dodekafon sistemin – ənənəvi musiqidən tamamilə fərqli bir yazı texnikasının(poeziyada bunu şərti olaraq qafiyəsiz,sərbəst vəznli şeir üslubu ilə müqayisə etmək olar) Alman – Azərbaycan qarşılığını əyani şəkildə bizlərə nümayiş etdirdi. Özü də bunu nəinki parlaq musiqi nümunələri əsasında, habelə özünün çox maraqlı və tutumlu musiqişünas şərhləri ilə bizlərə çatdırdı. Əvvəlcə Bəstəkarlar İttifaqının “Oazis” Simli kvartetinin ifasında Bakıda, ilk dəfə olaraq, dünya musiqi tarixinə dodekafon sistemin yaradıcısı kimi daxil olmuş alman bəstəkarı Arnold Şönberqin II Simli Kvartetinin bir hissəsi (əsərin mürəkkəb vokal partiyasını müasir musiqini oxumaqda püxtələşmış Fəridə Məmmədova ifa etdi) təqdim olundu. Tarixən yeni sistemin yaranması keçən əsrin 20-ci illərinə təsadüf etsə də, 1907-1908-ci illərdə qələmə alınmış bu əsər artıq Şönberqin yeni musiqiyazma texnikasının kəşfinə birbaşa yaxınlaşmasından xəbər verirdi. Xüsusi vurğulamaq istərdim ki, “Oazis” kvartetinin bu çətin əsərin öhdəsindən uğurla gəlməsi də bilavasitə Firəngiz xanımın bu gənc kollektivlə xüsusi şəkildə, saatlarla məşğul olması sayəsində mümkün olmuşdur. Nə gizlədək, Azərbaycanda müasir musiqinin ifasında ciddi problemlər hələ də yaşanmaqdadır. Ali təhsilli heç də hər bir ifaçı bu musiqini dərk edib duymaq və sonradan bəstəkar qayəsini dinləyiciyə doğru-düzgün çatdırmaq iqtidarında deyil. Hər zaman hiss etdiyimiz bu boşluqda yenə də əsas sözü mütərəqqi fikirli, müasir baxışlı yaradıcı şəxslər deyə bilir. Bu baxımdan Bəstəkarlar İttifaqı sədrinin nəinki nüfuzlu bir bəstəkar kimi beynəlxalq müstəvidə öncül yerdə duran yaradıcılığı, habelə əsl bədii rəhbər və müəllim kimi gənclərdən ibarət ifaçı kollektivi ilə gərgin çalışması da ancaq alqışa və tərifə layiqdir. Həmin axşam salona toplaşanlar böyük səbirsizliklə həm də Firəngiz Əlizadənin öz əsərinin ifasını – 25 il öncə yazılmış, lakin nəhayət bəstəkarın Vətənində ilk dəfə təqdim olunan Dilogiyanı gözləyirdilər. Sirr deyil ki, elə yuxarıda deyilən problemin nəticəsidir ki, Firəngiz Əlizadənin əsərlərini Azərbaycanda canlı şəkildə eşitmək hər deyəndə nəsib olmur. Əsərin yalnız bir hissəsi səslənsə də, ondan alınan təəssürat dolğun idi. Buna səbəb həm də ifa zamanı ekranda tədricən təzahür edən rəsm əsəri oldu: gənc rəssam Lalə Qasımın təxəyyülündə yaranmış obraz musiqini sanki görümlü etdi. Beləliklə, IV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının ilk sədaları və rənglərı müasir bəstəkarın və rəssamın əsərləri ilə başlanğıc aldı.

Festivalın Şəkidə baş tutmuş rəsmi açılışı isə yenə də əlamətdar bir yeniliklə mədəniyyət tariximizə yazıldı. İlk dəfə olaraq bu qədim diyarın Aşağı Karvansaray adlanan tarixi bir məkanında açıq səma altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı qüdrətli bəstəkarımız Qara Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdirdi. Heç şübhə etmirik ki, böyük ruh yüksəkliyi ilə ifa edilmiş bu klassik sənət incisi qonaqpərvər şəkililərin və festivala təşrif buyurmuş qonaqların xatirindən hələ uzun zaman silinməyəcək.

Builki Şəki Festivalının özəlliyindən danışarkən onun demokratikliyini, yəni təqdim olunan musiqinin janr və üslub baxımından qeyri-adi müxtəlifliyini bir daha və ayrıca vurğulamaq istərdik. Bu Festivalda hər bir dinləyici və hətta yaş kateqoriyası öz duyumuna və zövqünə uyğun musiqi janrı ilə ünsiyyət qurmaq imkanı əldə etmişdi. İlk növbədə etnik musiqi həvəskarları bu Festivalda MDB ölkələrindən, habelə qardaş Türkiyə və Cənubi Koreyadan dəvət edilmiş ən müxtəlif səviyyəli kollektivlərin çıxışını izləmək imkanı qazandılar. Bəstəkarlar İttifaqının nümayəndə heyəti Şəkiyə gələn günü elə ilk eşitdiyi xoş xəbər – bir gün qabaq olmuş çox maraqlı konsert proqramının yerli sakinlərdə yaratdığı parlaq təəssüratlar oldu. Rusiyanın məşhur “Beryozka”, Tacikistanın “Zebo”, habelə Moldova, Qazaxıstan, Ukraynanın bu kimi virtuoz rəqs kollektivləri şəkililərdə əsl bayram ovqatı yaratmışdı. Daha sonra bu estafeti layiqincə davam etdirmək Türkiyə və Cənubi Koreyadan olan iştirakçıların öhdəsinə düşürdü. Əgər Türkiyənin Şəki ilə qardaşlaşmış Giresun və Konya şəhərlərinin, habelə Meram şəhərinin rəqs kollektivləri xalq rəqsləri ilə bahəm müasir rəqs elementlərini də türksayağı tərzdə öz ifalarında göstərməyi lazım bildilərsə, milli ənənələrə daim sadiq qalan koreyalılar, zənnimcə, qədim mərasim rəqsləri və havalarını əsrlər bundan öncə necə varsa, eləcə də təqdim etməyə müvəffəq oldular. Qarşımızda Koreya xalqının bütöv bir həyat fəlsəfəsi, yaşam fəlsəfəsi musiqi və rəqs dili ilə təcəssüm olundu. Biz, qədim şaman ənənəsinin təzahürü olan mərasimlərlə yanaşı (məlumdur ki, koreya və türk soyları tarixən qohumdurlar), tarla qızlarının halaylarımıza oxşar mahnı-rəqslərinin (şübhə etmirəm ki, bu havaları öz dilimizdə oxusaq elə bizim milli musiqimiz kimi qavranılar) və gözəlliyi, zərifliyi ilə valeh edən kübar-saray səhnələrinin canlı şahidi olduq. Xüsusilə, incə qızların əlvan böyük yelpiklərlə tovuz quşlarıtək qarşımızda cilvələnməsi heyrət doğurmaya bilməzdi. Koreyalıların bu Festivala kifayət qədər ciddi şəkildə hazırlaşmasını bir də o fakt subüt etdi ki, bütün ifa olunan nömrələr aparıcı şərhləri ilə müşayiət olunurdu. Festivalın böyük zövqlə tərtib olunmuş bukletində isə bu şərhlər daha müfəssəl idi (hesab edirəm ki, bu ənənə digər çıxışlara da şamil olunmalı idi. Məsələn, ilk dəfə Şəkidə nümayiş edilən balet tamaşasının da aparıcı-musiqişünas sözünə ehtiyacı var idi). Onu da qeyd edim ki, Cənubi Koreya artıq üçüncü dəfədir ki, “İpək yolu”nda iştirak edir və artıq Festivalın bir növ daimi nümayəndəsinə çevrilmişdir.

Təbii ki, Festivalda öz milli musiqimiz də geniş əksini tapmışdı: xalq mahnıları və rəqslərdən tutmuş ciddi muğama kimi. Festivalın proqramında Alim Qasımov kimi görkəmli xanəndənin yer alması təbii ki, ona olan marağı ikiqat artırmışdı. Səbirsizliklə gözlənilən bu muğam məclisi möhtəşəm Xan Sarayının qarşısında baş tutdu və təkrarolunmaz xanəndəmiz öz istedadlı qızı Fərqanə xanımla birgə bizlərə “Şur” dəstgahını təqdim etdi. İfanın özəlliklərinə qısa yazı çərçivəsində dərindən varmaq çətin olduğuna görə, yalnız onu demək istərdim ki, bü dəfə də Alim bəy və Fərqanə xanım ulu muğam dili ilə həyat və eşq haqqında ehtiraslı hekayəti özünəməxsus bir təfsirdə məhz yaşadılar və beşyüzillik əzəmətli çinarların altında əyləşən tamaşaçılara da yaşada bildilər.

Lakin Festivalımızda muğam aləmi ilə ünsiyyət bununla bitmədi. Keçən ilki Festivalda ayrıca konsert proqramı ilə çıxış etmiş Cabbar Qaryağdı adına tanınmış muğam üçlüyü – görkəmli ifaçılarımız Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubovanın ifası bu dəfə Türkiyə müğənnilərinin estrada konsertində bir haşiyə kimi səsləndi və konsertın ümumi ovqatına bir muğam ahəngi qatdı.

Yeri gəlmişkən, Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti da festivalın yaddaqalan möhtəşəm bir musiqi axşamı oldu. Bu konsert hətta bəzi tamaşaçılara kövrək nostalji hisslər də yaşatdı. Axı vaxt var idi türk müğənnilərinin canlı ifası əlçatmaz bir arzuya bənzəyirdi. Bakıya Əməl Sain və Müşərrəf Tezcan kimi sənətkarların gəlişi isə hətta milli təhlükəsizlik orqanlarının ciddi narahatlığına səbəb olurdu. Lakin bütün görülmüş tədbirlərə baxmayaraq bu konsertlər onsuz da istər-istəməz Türkiyə – Azərbaycan sevgisinin və qardaşlığının bariz nümunəsinə çevrilirdi. Həmin illərdən bizi bir neçə onillik ayırsa da , zaman hər şeyi yoluna qoyub ulu öndərin “ bir millət-iki dövlət” məşhur şüarı dilimizdə əzbər olsa da ,etiraf edək ki, yenə də bu sayaq konsertlər uzun ayrılıqdan sonra görüşən iki qardaşın bir-birinə sevgi ifadəsinə bənzəyir. Əllərdə hər iki ölkənin bayraqları dalğalanır və yenə də türk müğənnilərinin ifasında səslənən azəri mahnıları gur alqışlarla qarşılanır...

Estrada həvəskarlarına əsl sürprizlərdən biri də Tünzalə xanım Ağayeva kimi fərqli ifa tərzinə malik  sevilən müğənninin ayrıca konsert proqramı ilə çıxış etməsi oldu. Zənnimcə, Tünzalə xanım həm səsinin, həm də rəngarəng repertuarının bütün imkanlarını göstərməyə müvəffəq oldu və elə bu səbəbdən də hətta pərəstişkarlarının ayaqüstü alqışlarına da layiq görüldü.

Builki “İpək yolu” Festivalı rok musiqi həvəskarlarının da gözünü intizarda qoymadı. Elə Festivalın ilk günü Şəkinin lap mərkəzində yerləşən Azadlıq Meydanında uzaq Amerikadan gəlmiş populyar rok-qrupunun çıxışı gənclərin sevincinə səbəb oldu. Bu qrupla birgə Şəkiyə öz super bahalı motosikletlərində təşrif buyurmuş və özünəməxsus geyim tərzi ilə yerli əhalinin marağına səbəb olan roker – baykerlər isə bütün bu orijinal şouya əlavə bir rəng qatdılar. Amerikalı qonaqlar fürsətdən istifadə edib hətta arada bilik viktorinası keçirməyə də vaxt tapdılar: Amerika Birləşmiş Ştatlarının prezidentlərindən tutmuş, bu ölkənin coğrafiyasına qədər ən müxtəlif suallara cavab vermiş gənclərə hədiyyələr də paylandı. İndi yəqin ki, həmin konsertdə olmuş hər bir şəkili gəncin fotoalbomunda amerikalı ifaçı ilə şəkillər var. Bax beləcə, konsert proqramı xalqlararası dialoq və birbaşa ünsiyyət formasına çevrildi.

Festivalımız haqqında yazımız dolğun olmazdı, əgər biz onun maarifçilik istiqamətini xüsusi qeyd etməsəydik. Hər il olduğu kimi, bu dəfə də Festivalın proqramında Şəki Musiqi Kollecində ustad dərslərin keçirilməsi nəzərdə tutulmuşdu. İnanırıq ki, Xalq artistləri pianoçu E.Axundovanın və violinaçı Z.Quliyevanın gənc şəkililərə verdikləri açıq dərslər, habelə bu sənətkarların mükəmməl ifaları onlara gələcək peşəkar həyatlarında böyük təkan olacaq.

Festivalın proqramında Kollec tələbələrinin geniş konsert proqramı ilə çıxış etməsi və bu konsertə istər dövlət orqanları tərəfindən, istərsə də ictimaiyyətin böyük maraq göstərməsi Şəkinin gələcək musiqi həyatında əhəmiyyətli irəliləyişlərin olmasına inamımızı bir daha artırdı.

Nəhayət, Festivalın yekun konserti Azərbaycan musiqi incəsənətinin təntənəsi kimi qavranıldı. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında ölməz klassiklərimizin əsərləri gənc və artıq tanınmış ifaçılarımızın təfsirində təqdim olundu. Son atəşfəşanlıq bu gözəl musiqi bayramının bitdiyini xəbər versə də, tamaşaçılar hələ uzun zaman bu ovqatdan ayrılmaq istəmirdilər.

Biz isə deyirik: Gələn il əziz və doğma Şəkimizdə Festivalımızın 5 illik yubileyində görüşənədək!

 

Lalə HÜSEYNOVA,

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas

 

525-ci qəzet.- 2013.- 13 iyul.- S.16; 21.