Oralarda kimlər var: Akif Mirili-2

 

– Mənim üçün maraqlıdır; tələbələr qeyri-ixtisas fənlərə, məsələn, Azərbaycan dilinə necə yanaşırlar? Daha açıq desəm, ali məktəblərdə belə fənlərin olmasına tələbələr necə baxırlar?

– Mən bu suala da dolayısı ilə ötən həftəki cavablarımda toxunmuşdum. Əslində qeyri-humanitar fakültələrdə ictimai elmlərin, dillərin, informatika fənlərinin keçilməsi təbiidir. Bu günün həkimi, mühəndisi, iqtisadçısı... Sabah ən müxtəlif vəzifələrdə işləyə bilər. Ona görə o, yüksək dünyagörüşü, təşkilatçılıq, rəhbərlik bacarığı, müasir idarəçilik vərdişlərinə yiyələnməlidir: əlbəttə, bu qabiliyyəti həmin qeyri-ixtisas fənlərlə əldə etmək mümkündür. Mən belə düşünürəm ki, ali məktəblərin tədris proqramları tərtib edilərkən bütün bunlar nəzərə alınır.

– Sizin fənnin ucbatından ali məktəbdən kənarda qalan olubmu?

– Əvvəllər bu cür hallara çox az təsadüf olunurdu. Ancaq indi bizim fəndən də lazımi miqdarda bal toplamayan tələbə olur, belələri mütləq növbəti semestrdə, yaxud əlavə təşkil olunmuş semestrdə keçəri bal toplaya bilməsə yenə kəsir kimi qalır. Qurtarana kimi verə bilməsə, diplom ala bilmir. Ancaq biz çalışırıq belə hallar olmasın.

– 35 ildir ki, tibb təhsili verən ali məktəbdə çalışırsız, vaxtilə sizinlə oxumuş yoldaşlarınızdan kimləri xatırlayırsınız?

– Mən tələbə yoldaşlarımla həmişə əlaqə qurmağa çalışmışam. Ancaq ən çox Azər Abdulla ilə əlaqəm olub. Biz 1962-ci ildən ünsiyyətdə olmuşuq, bu ünsiyyət, məncə, artıq çoxdan ailəvi dostluğa çevrilib. Əli Həsənli ilə də vaxtaşırı görüşürük. Mövludu da unutmamışam, ancaq görüşə bilmirik, yəqin vaxtı olmur. Belə... Bir dostum da var idi, ancaq yeni siyasi-iqtisadi münasibətlərdən sonra əlaqələrimiz kəsildi (1991-ci ildən)...

 

– Bildiyimə görə 70 yaşınız tamam olub.Bu ömürdən razısınızmı?

– Əlbəttə, razıyam. Mən adi bir kolxozçu kişinin oğluyam. Uşaqlığım çox kasıblıqla keçib, rəhmətlik atam heç mənim ali məktəbə daxil olmağımı istəmirdi. Ancaq qardaşlarımın, digər qohumların təkidi ilə mən ali təhsil aldım, müəllim işlədim. İndi balaca da olsa, bir kollektivə rəhbərliyi mənə tapşırıblar. Elmlər namizədiyəm, dosentəm, tədrislə yanaşı elmi, bəzən də publisistik yaradıcılıqla məşğul oluram, respublikada nüfuzlu bir universitetin böyük və kiçik elmi şurasının üzvüyəm, respublikanın qabaqcıl təhsil işçisiyəm. Səmimi demiş olsam, mən rayondan gələndə bir qohumumdan 50 man borc almışdım. Ancaq 5-6 il sonra – 1978-ci ildə fərdi evim var idi. (düzdür, yeni iqtisadi münasibətlər dövründə satmalı oldum). Üç övlad atasıyam. Üçünün də diplomu var, ailə qurublar. Böyük nəvəm ıv sinifdə oxuyur (onlar Sankt-Peterburuq şəhərində yaşayırlar), ondan kiçiyi II sinifdə. 5 nəvəmin ikisi oğlandır – birinin 3 yaşı var, o biri biraylıqdır. Həyatda bundan artıq xoşbəxtlik ola bilərmi?! Əvvəlki sualların cavabında da demişdim, mən indi çox iş görmüş olmalı idim. Ona görə ömürdən yox, “özümdən narazıyam” (Allah bəxtiyar müəllimə rəhmət eləsin).

– Bu ağır zamanda uşaqlarınızın yanında başınız aşağı deyil ki? Uşaqlarınıza gün ağlaya bilmisiz?

– Bu sualınızın cavabı çoxlarını kövrəldə bilər. Mən həmişə o fikirdəyəm ki, müstəqilliyi həmişə gözləmişik, ən çox da ana dilimiz, ədəbiyyatımızla bağlı olan adamlar. Ancaq iqtisadi münasibətlərin dəyişməsi biz yaşda, bizdən bir az kiçik yaşda olanları çətin maddi duruma saldı. Məsələn, quruluş dəyişəndə mənim 50-yə yaxın yaşım var idi. Bu yaşda mən necə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərdim? Neçə adam tanıyıram, əlində olan mayanı qoyub ki, iş görsün, iş də alınmayıb, əlində olanı da batıb. Sözümün canı odur ki, uşaqlarımın yanında elə də alnıaçıq ola bilmirəm. Mən onlara heç nə verə bilməmişəm. Ancaq özləri öz ehtiyacları ilə qalmalı olublar. Biz də – valideynlər də maaşımızın imkanı dairəsində köməyimizi əsirgəmirik. Sualınızın ikinci hissəsini də müəyyən qədər əhatə etdim. Mənim uşaqlarım Bakıda doğulub, Bakıda böyüyüblər. Böyük qızım xaricdə yaşayır. Kiçik qızım Bakıda kirayənişindir. Oğlum bizim normal şəraiti olmayan üç otaqlı (iç-içə) mənzilimizdə ailəsi ilə birgə yaşamağa məcburdur. Hər ikisinin diplomu var, ancaq o diplomlar onlara iş tapmağa heç bir üstünlük vermir. Yenə Allah dövlətimizə daha da qüvvət versin, yəqin onda bütün vətəndaşlarının qayğısına qala biləcək.

– Daha hansı sualı verməyimi istəyərdiniz? Xahiş edirəm, o suala cavab verin.

 

– Mən istərdim, belə bir suala cavab verim: bu yaşınızda ən çox arzuladığınız şey nədir? Və icazə verin bu suala bir az ətraflı cavab verim. Tofiq bəy, biz qədim və şərəfli tarixi olan xalqlardanıq. Başqa dəyərlərimizi demirəm, təkcə bizim folklorumuz, şifahi ədəbiyyatımız kifayət edər ki, biz özümüzü zəngin xalq hesab edək. Mən az-çox başqa xalqların mətbəxi ilə tanışam, ancaq bizimki qədər rəngarəng, səliqə-sahmanlı, dadlı və xeyirli yeməkləri olanını təsəvvür edə bilmirəm. Ancaq belə bir xalq indi parçalanmış, didərgin düşmüş vəziyyətdədir. İndi elə bir Azərbaycan ailəsi çətin tapılar ki, onun əlili, şəhidi, qaçqını, köçkünü olmasın. İndi biz gərək şəxsi arzumuzu yox, ümumixalq arzumuzu önə çəkək. Bu da, əlbəttə, torpaqlarımızın işğaldan azad olmasıdır. Bir də mənim ən vacib saydığım arzu hörmətli prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, vətəndaşların korrupsiya, rüşvətxorluq, adambazlıq düşüncəsindən azad olmasıdır. Mən elə bir kəşf etmiş olmaram, deyim ki, cəmiyyətin inkişafını təmin edən bir əsas amil var – ədalət, bərabərlik!! İnsan öz qabiliyyətinə, əxlaq dəyərlərinə görə qiymətləndirilməlidir. Mənim Allahdan da, əlində imkanı olanlardan da təmənnam budur: işləri ədalətlə yerinə yetirin, heç vaxt yaxşını yamanın ayağına verməyin.

 

ONLAR NƏ DEDİLƏR :

 

SƏYYAD ARAN

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin

birinci müavini, filologiya elmləri namizədi

 

Akif Mirili mənə onuncu sinifdə dərs deyib – 1967-ci ildə. İlk gündən geyimi, davranışı, dərs üsulu, izahı, danışığı, jestləri ilə biz qarşımızda müasir, bənzərsiz, həsrətində olduğumuz müəllimi gördük. Sanki hamı itirdiyini tapmışdı. İntizarla sinfə girəcəyi anı gözləyirdik ki, görək bu dərsi necə keçəcək, nə cür başlayacaq. Ondan əvvəlki müəllimlərimizin “dədə-baba” qaydasında – Kim gəlib? Kim yoxdur? Və ya jurnalı başdan-ayağa oxuyub “hazır-qayıb” proseduru – Allah, sən saxla! – bizi bıkdırmışdı. Akif müəllim, demək olar ki, məktəbdə tam bir inqilab etmişdi, heç kimə bənzəmirdi, savadı, intellekti ilə açıq-aşkar seçilirdi. Yaşlı müəllimlərlə tez-tez elmi mübahisələr edir, hər zaman da haqlı, qalib olurdu.Uzun illər “hegemonluq” edən yaşlı nəsil onun sərbəstliyini, şagirdlərlə “tay-tuş” kimi davranmağını, yoldaş, sirdaş, böyük qardaş kimi “oturub-durmağını” bağışlamırdılar, “uşaqları üstümüzə qaldırırsan” deyirdilər. O isə dəlil sübutlarla şagirdləri daim qorxu altında saxlamağı, döyməyi, təhqir etməyi, sərt pedaqoji üsulları yolverilməz hal sayır, indiki terminalogiya ilə desək, onların da hüquqları olduğunu söyləyir, sözlə, məsləhətlə, məhrəmanə münasibətlə həll etməyin daha düzgün vasitə olduğunu göstərirdi, illərdən bəri davam edən ənənəvi sərt pedaqogikanı darmadağın edirdi. Məktəbdə belə bir ifadə şagirdlər arasında məşhur idi: direktorun, “zavuçun” Akif müəllimə gücü çatmır, ondan çəkinirlər.

Bu gün də Akif müəllimin RPK-nın ı katibi ilə o dövr üçün görünməmiş cəsarət nümunəsi dildə-ağızda dolaşır. Yük maşınında pambıq yığmağa gedən şagirdlərin azlığını görən  katib kimin sinifi olduğunu soruşur və sinif rəhbərini tələb edir. Akif müəllimə üzünü bozardaraq niyə davamiyyətin zəif olduğunu soruşur. Akif müəllim deyir:

– Bir aydan çoxdur dalbadal müxtəlif kolxozlara gedirlər. Yorulublar, xəstələniblər, çoxlarının evlərində axırıncı toyuq-cücə də kəsilib, çölə aparmağa bir şeyləri yoxdur. Utanırlar axı. Hər gün necə gəlsinlər? İnsanları məcbur eləmək olmaz. Bir də pambığı kim əkib, o da yığsın. Uşağın nə günahı, müəllimin nə günahı?

Məncə, yalnız o dövrü yaşamış insanlar bu cəsarətin neçəyə başa gəldiyini bilərlər.Qəzəbindən alışıb-yanan katib:

– Bura bax, səni ilim-ilim elə itirərəm ki, yerin də bilinməz! – deyib təhdid edəndə, Akif müəllim:

– Edə bilərsiniz, gücünüz, vəzifəniz çatar, amma bu o qədər asan deyil, dərəbəylik dövrü keçib – deyərək ultimativ formada cavab qaytarmışdı. Ağsaqqallar, vəzifəli şəxslər ortaya girib qızışan münaqişəni birtəhər söndürmüşdülər.

Bir müəllim kimi, əlbəttə, Akif Miriyev mənim kumirim olub. Onu çox sevmişəm, həmişə müəllim, pedaqoq kimi ona oxşamağa çalışmışam. Onun kimi mən də fəaliyyətimdə cəsarətli, istedadlı şagirdləri müdafiə edib, ədalətli olmağa səy göstərmişəm. Mən də fizika, riyaziyyat, kimya sahəsində xüsusi istedadı olan şagirdləri “mənim fənnimi niyə yaxşı oxumursan?” Deyib qiymətini namərdcəsinə kəsib “3” yazmamışam. Eyni zamanda ədəbiyyatı, tarixi, coğrafiyanı xüsusi həvəslə oxuyanları texniki fənn müəllimlərindən “müdafiə” edərək onların attestat qiymətlərinə xələl gətirəcək qiymətlər yazılmasına yol verməmişəm.Akif müəllim, səhv etmirəmsə 3-4 il pedaqoji fəaliyyətlə məşğul oldu. Müddəti bitdikdən sonra Bakıya qayıtdı, aspiranturaya girdi, namizədlik dissertasiyası müdafiə etdi. Demək olar ki, ömrünün sonrakı mərhələsini Tibb Universitetində Azərbaycan dili kafedrasında işləyərək rus bölməsində Azərbaycan dilindən dərs verdi. Hal-hazırda həmin kafedranın müdiridir.Bir maraqlı və ibrətamiz cəhəti qeyd etməklə qısa fikrimi bitirmək istəyirəm. Uzun illərdən sonra onu görənlər heyrətlənirlər ki, Akif müəllim heç qocalmayıb, əksinə, Allahın möcüzəsidir ki, getdikcə, gəncləşir, gözəlləşir, sifətinin nuru artır.Ona görə ki, içində ilan balalamır, xəbis deyil, xain deyil, başqasının sevincinə, uğuruna öz nailiyyəti kimi sevinir. Həsəd, kin, paxıllıq ondan uzaqdır. Bütün istedadlı, savadlı adamlar kimi qəlbi təmizdir, hamının qarşısında insanların gözünə dik baxmağı bacarır. Çünki qorxacaq, çəkinəcək yeri yoxdur.

 

 

 

(son)

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 8 iyun.- S.23.