Demokratiya və layiq olanların hakimiyyəti

 

(davamı)

 

 

Turqo ensiklopediyaya məqalələr yazırdı, sərvətin yığılması və bölünməsi barədə məşhur əsərini çap etdirmişdi. İngiltərədə XVI əsrdən başlayaraq saray vəzifələrinə görkəmli elm adamları, tədqiqatçılar cəlb olunmuşdu. Xəzinə kansleri Frensis Bekaon böyük filosof idi.

XVIII əsrdə qısa müddətdə faktiki olaraq baş nazir olmuş Böyük Uilyam Pitt imperiyanın genişlənməsi və möhkəmlənməsi üçün böyük işlər görməklə yanaşı, Demosfenlə müqayisə edilən istedadlı natiq idi. XIX əsrdə bir neçə dəfə baş nazir olmuş Uilyam Qladston həm də qədim yunan mədəniyyəti üzrə görkəmli mütəxəssis hesab olunurdu. Homer erası barədə elmi əsər yazmışdı. Süveyş kanalı səhmlərinin Misirdən alınmasının təşəbbüsçüsü və icraçısı olan digər baş nazir Bencamin Dizraeli bir sıra romanların müəllifi idi. XVIII əsr Rusiyasında imperatriça II Yekaterina Qriqori Potyomkin kimi hətta zadəgan olmayan istedadlı şəxsləri mühüm dövlət vəzifələrinə gətirmişdi.

Bəzi ölkələrdə isə meritokratiya pərdəsi altında aparılan ayrı-seçkilik siyasəti biabırçı nəticələrə səbəb olurdu. Rozeziyada (indiki Zimbabve Respublikası) 1979-cu ilə qədər mövcud olan əmlak və təhsil senzi həmin Afrika ölkəsində əhalinin qara rəngli mütləq çoxluğunu praktiki olaraq seçkilərdən kənarlaşdırmışdı. Belə iyrənc aparteidə haqq qazandırmaq üçün bu ölkənin başçısı olan Yan Smit o illərdə fəaliyyət göstərən iyrənc qaydaları öz memuarında həyasızcasına meritokratiya sistemi adlandırır.

Meritokratiya isə geniş mənada daha istedadlıların hakimiyyətidir və bu prinsipdən bütöv xalqı əzmək üçün istifadə edilməsi onu gözdən salmaqla yanaşı, antihumanist bir addımdır. Əksinə, bu konsepsiyaya uyğun olaraq cəmiyyətdə təkamülün gedişində rəhbər vəzifələrə bütün sosial təbəqələrdən seçilən ən qabiliyyətli adamların irəli çəkilməsi prinsipi bərqərar olur. Meritokratiya elə bir sistemin adıdır ki, burada hakimiyyətə, dövlətin idarə olunmasına cəmiyyətin müxtəlif təbəqələrindən ən görkəmli qabiliyyətlərə malik olan adamların irəli çəkilməsi prinsipi hökm sürür, ona görə də daha istedadlı olanların hakimiyyəti adlanır. Damarlarında axan qana və sərvətə görə adamların iri vəzifələrə təyin olunması praktikasına son qoyulur. Demokratik quruluşla öyünən respublikalarda isə klanların, tayfaların dövlət vəzifələrini ələ keçirmələri hesabına meydan sulamaları yoxa çıxmır.

Maykl Yanq özünün yuxarıda adı çəkilən kitabında XX-XXI əsrlərin sərhədində Britaniya cəmiyyətinin transformasiyasından söhbət açır, bu və digər resurslara (sosial, mənşə, var-dövlət, əlaqələr və sairə) malik olmaqla sosial ierarxiyada adamın yer tutması ilə şərtlənən klassik sinfi bölünmənin yerinə yeni ictimai quruluşun gəlməsini təsvir edir. Bu quruluşda artıq yalnız qabiliyyət və intellekt insanın sosial vəziyyətini müəyyən etməklə, daimi layiq olanların idarəçiliyi – meritokratiya tətbiq edilir. Layiq olmaq (merrit) bu vaxt intellektin (IQ) iki elementi və qüvvələrin qoyuluşunun birləşməsi kimi müəyyən edilmişdir.

Yanq sonrakı dövrdə meritokratiyanın yeni silk ayrı-seçkiliyi yaratmaq ehtimalından ehtiyat edərək, onun neqativ cəhətə malik olmasını şişirdir. Müəllif bildirir ki, 2033-cü ildə Britaniya cəmiyyətində üsyan qalxması nəticəsində meritokratiyanın sonu baş verəcəkdir. Üsyan iştirakçıları belə güman edirlər ki, hər bir adam həyatının özü tərəfindən idarə olunması üçün imkana malik olmalıdır. Ona görə də müəllif gəldiyi bu nəticəyə görə meritokratik cəmiyyətin xoşa gəlməyən mənzərəsini təsvir edir. Bu cəmiyyət guya qeyri-bərabərlk və bir qrup adamların başqaları üzərində ağalığının yeni formasına çevrilir.

İntellekt öz insaniliyini, öz humanist başlanğıcını itirir. Yanqın bu xəbərdarlıqlarına baxmayaraq, həmin sistemin əhəmiyyəti qorunub saxlanıldı. Termin sonralar yalnız pozitiv rəngə sahib oldu. Böyük Britaniyadan Sinqapura qədər bir çox ölkələrdə meritokratiyaya can atılmağa başlandı.

Digər müəllif, Amartiya Sen isə qeyd edirdi ki, ləyaqət, layiq olmaq mütləq deyil, nisbi anlayışdır. Ləyaqətin meyarları cəmiyyətdə ağalıq edən dəyərlərlə müəyyən edilir.

Məhdudiyyətlərdən, ənənələrdən, xurafatlardan azad olan zəkanın, biliyin qeyri-məhdud axtarışı, rasionalizmə və nəhayətsiz olaraq proqressə can atmaq, maarifçilik epoxasının ən başlıca irslərindən biri, bəlkə də başlıca irsidir. Burada bir ədalətli quruluş kimi meritokratiyanın populyar tərifinin mənşəyi özünü büruzə verir. Yalnız öz fəaliyyətində daha yüksək bəhrə verənlər, səmərəli fəaliyyətə, daha iri yüksəliş əldə etməyə qabiliyyəti olanlar sosial ierarxiyanın yüksək pillələrində olmalıdırlar. Axı cəmiyyətdə “dəni, alaq otu sayılan dəlicə buğdadan” ayıran yeganə vasitə dünyanın geniş tutumda mənzərəsini formalaşdıran təhsildir, konkret sahələrdəki bütöv bilik universumudur.

Vaxtilə Platon dövlətin idarə edilməsini filosoflara tapşırmaq zərurətini qeyd etmişdi. Konfutsi də öz təlimində həmçinin hakimiyyətdə təhsil görmüş hökmdarların olması zərurətini moizə edirdi. Lakin zəka və bilik qazanmaq Platonda və Konfutsidə özlüyündə qiymətli hadisələr deyildi, onlar ləyaqət və ümumi rifaha nail olmaq kimi anlayışlarla qırılmaz surətdə bağlı idi. Beləliklə, Konyutsinin təliminin əsas müddəalarından biri humanizmi, insanı sevməyi, rəhimdilliyi ifadə edən “jen” prinsipi idi. Konfutsi iki prosesin – tərbiyə və təhsilin birliyini irəli sürürdü. O, təhsilin məqsədini şəxsiyyətin ruhən yüksəlişi, onun yüksək əxlaqi keyfiyyətləri daşıyan nəcib insan idealına qədər təkmilləşməsi hesab edirdi.

Meritokratik cəmiyyətdə hər bir kəs layiq olduğu sosial vəziyyətə yiyələnir. Layiq olanların hakimiyyəti, finişdə nəticələrin bərabərliyini ön plana çəkən digər təlimdən fərqli olaraq, yarışın startındakı imkanların bərabərliyi şüarı ilə çıxış edir.

Meritokratiyanın əsasında rəqabət durur, cəmiyyətdə yüksək vəziyyətə nail olmaq və özünü yüksək həyat keyfiyyəti ilə təmin etmək üçün insan daim öz qabiliyyətlərini inkişaf etdirməli və bu sahədə digərlərini ötüb keçməlidir. Lakin meritokratiya həm də özündə təhlükə gizlədə bilər, bu sahədə heç də klassik aristokratiyadan, oliqarxiyadan və ya tiraniyadan geri qalmaya da bilər. Bu vaxt meritokratiya yalnız ideologiya kimi qalır. Bir aspekti də qeyd etmək lazımdır ki, onun mütləq, tam şəkildə həyata keçməsinin tarixi nümunələri mövcud deyildir. Çünki sosial mənşə, var-dövlət, əlaqələr və başqa resurslar əvvəllərdə olduğu kimi yenə də bu və ya digər dərəcədə insanın imkanlarını müəyyən edir və sosial pilləkən üzrə onun irəliləməsinə müvafiq qaydada təsir göstərir.

Orta əsrlərdə Suy sülaləsinin hökmranlığı epoxasında (581-681-ci illər) Çində dövlət vəzifəsini tutmaq üçün sərt və mükəmməl imtahan sistemi meydana gəldi. Tan epoxasının (618-907-ci illər) sonunda imtahan sistemi daha da inkişaf etdirildi, hətta sadə mənşəli, sakin erudisiyalı adamlar dövlət imtahanlarını müvəffəqiyyətlə vermək hesabına nüfuzlu məmur vəzifəsini tutmaq imkanı qazanırdılar. İmtahan verənlərə üç ciddi sınağa dözmək lazım gəlirdi. Birinci imtahan qəza səviyyəsində keçirdi və bir gün davam edirdi. İmtahanı müvəffəqiyyətlə verən “itilənmiş istedad” dərəcəsinə layiq görülürdü.

Bu dərəcə adama əla karyeraya başlamaq imkanı verirdi, o, qəza icra hakimiyyətində kiçik vəzifə tuta bilərdi. Üç ildə bir dəfə əyalət səviyyəsində imtahanlar keçirilirdi. Bu imtahanları uğurla verən “təmsil edən” dərəcəsini alırdı. Üçüncü, ali imtahan turu ölkənin paytaxtında, bu imtahanlar üçün olan xüsusi yerdə keçirilirdi, çox məhdud sayda adam burada iştirak etmək hüququ qazanırdı. Adətən paytaxt imtahanlarında iştirak etmək üçün dövlət aparatında vəzifə tutmaq istəyən 8-9 min iddiaçı toplaşırdı. Yalnız çox az sayda adam “təhsildə irəli çıxmış” alim dərəcəsi qazanırdı. Yaxşılardan ən yaxşısı isə imperatorun özünün iştirak etdiyi imtahan sınağına buraxılırdı. Bu imtahanlarda daha çox fərqlənənlər isə şəxsən imperatora təqdim olunmaq hüququ əldə edirdilər. Onlardan çoxu üçün bu tədbir həyatın başlıca hadisəsinə çevrilirdi.

Ümumiyyətlə, Çində təhsilə, bilik almağa böyük diqqət verilirdi. Filosof Çjan Tszayın fikrini əsas götürərək keçmiş epoxaların çinlisi daim “təhsil vasitəsilə bütün həqiqi olanların meydana gəlməsini və mövcud olmasını dərk edirdi, dinc və sakit şəraitdə yaşayırdı”. Bu gün də çinlilər artıq həmin köhnə arzunu gerçəkliyə çevirmək, reallaşdırmaq imkanına çox yaxınlaşmışlar. Onlar başa düşürlər ki, inkişafa nail olmaq mürəkkəb işdir, lakin onu qoruyub saxlamaq, böhranlara qurban verməmək daha mürəkkəbdir. Ölkənin çiçəklənməsini davam etdirmək üçün dinc inkişaf idealına sarsılmaz sədaqətə, ölkədə stabil situasiyanın saxlanmasına xüsusi əhəmiyyət vermək lazımdır.

Tan sülaləsinin ağalığı dövründə saray imtahanı səma ayı təqviminin birinci ayında ölkənin paytaxtı Çanyan (indiki Sian) şəhərində keçirilirdi. İkinci ay ərzində isə, imtahanların nəticələri elan edildikdən sonra imperator qalibləri parkda təbrik edir və onların şərəfinə ziyafət təşkil edirdi. Belə şərəflənmələrdən sonra yenicə “təhsildə irəliləyənlər” dərəcəsini qazananlar şəhərdə gəzintiyə çıxmalı idilər. Axı onların çoxu əyalətlərdən gəlmiş adamlar idi.

Onlara öz adlarını fəxri daş lövhədə nəqş etməyə icazə verilirdi.

Müxtəlif sülalələrin epoxaları vaxtı həmin şəxslərin işıq üzü görmüş yazılarını hətta bu gün də seyr etmək mümkündür.

Beləliklə, orta əsrlər Çinində meritokratiya prinsipi və “maariflənmişlərin hakimiyyəti” mövcud idi. Bu prinsipə əksər sülalələrin hökmranlığı dövründə ciddi surətdə riayət olunurdu. Bu prinsipin sferasına daim “təzə qan” axırdı. Çinin tarixindən hətta çox saylı hadisələr məlumdur ki, həmin vaxtlarda aşağı sosial təbəqələrdən çıxanlar görkəmli dövlət xadimlərinə, islahatçılara, alimlərə və müdriklərə çevrilirdilər.

Onu da qeyd etmək lazımdır ki, imtahan sistemi kasıb alim adamlar üçün dövlətin rifahı naminə xidmət göstərmək imkanı yaradırdı. Nəticədə məmurluğun inzibati səviyyəsi də yüksəlirdi. Lakin gec feodalizm dövründə imtahan sistemi tənəzzülə uğradı. İmtahan sistemində təmiz konfutsiçilik təliminə yiyələnməyin yüksək səviyyəsi göstərilməli idi.Həmin dövrdə imtahan inşa yazıları bütünlüklə bu təlimin çərçivəsi ilə məhdudlaşdı. Müdriklərin çoxu hesab edirdi ki, imtahan sistemi həmin dövrün ziyalılarının bacarıqlarını və istedadlarını güclü surətdə boğur.

Konfutsinin meritokratiya ideyası imperator Çinində dövlət imtahan sisteminin tətbiq edilməsinə gətirib çıxardı. Bu sistem, hər bir adama dövlət qulluğunu tutmaq, maddi cəhətdən təmin olunmaq və bütün ailəyə iftixar hissi qazandırmaq üçün dövlət qulluğuna girməkdən ötrü imtahandan keçməyə imkan yaradırdı. Dövlət imtahanlarının Çin sistemi, yəqin ki, öz başlanğıcını b.e.ə. 165-ci ildən götürür. Həmin vaxt dövlət qulluqçusu vəzifəsinə namizədlərin müəyyən edilməsi üçün imperator onları paytaxta çağırırdı ki, orada həm də mənəvi keyfiyyətlər üzrə sınaqdan keçsinlər. Bu sistem daim inkişaf edirdi və bir neçə yüz ildən sonra artıq qulluqçu olmaq istəyən hər bir kəs dövlət imtahanını verməklə öz qabiliyyətlərini nümayiş etdirməli idi.

Yüksək vətənpərvərlik və güclü borc hissinə malik olan dövlət xadimlərinin tərbiyə olunduğu məktəblərin tətbiq edilməsi konfutsiçiliyin nailiyyəti hesab olunmalıdır. Nəticədə konfutsiçilik imperatorun özü tərəfindən qəbul olundu. Çin imperiyasının əsasını qoyan imperator Tsin Şi Xuan-di Konfutsi təlimini nəinki qəbul etmirdi, hətta onun kitablarını yandırmaq əmrini vermiş və bu göstəriş geniş surətdə icra olunmuşdu. Sonrakı imperatorların dövründə isə bu təlimə sitayiş edən adamlar feodal aristokratiyanın qalıqlarına qarşı səmərəli əksliyə çevrildilər. Çünki həmin qalıqlar imperiya dövlətinin birliyinə təhlükə törədərdilər, axı feodalizm pərakəndəliyi mərkəzi dövlət hakimiyyətinə heç də rəğbət bəsləmir.

Digər bir cəhəti də qeyd etmək lazımdır ki, Çin mədəniyyəti yəqin ki, elə keyfiyyətlərə malikdir ki, bu günə qədər özünün qorunub saxlanmasına əsaslı qaydada kömək etmişdir, onun yaşıdları və hətta nisbətən cavan sivilizasiyaları isə tarix labirintində yoxa çıxmışlar.

 

(Ardı var)

 

Telman Orucov

 

525-ci qəzet.- 2013.- 15 iyun.- S.18.