Ucalıqdan zirvələrə (Portret-esse)

 

“Yalnız o adam xoşbəxt yaşayır ki, öz vəzifə borcunu yerinə yetirəndə sevinc tapsın”.

Siseron

 

Bizim Lerikdə şiş ucları buludlarla öpüşən, qəlbi dağların zirvəsində qərar tutan yurd yerlərindən biri də qədim Zuvand torpağıdır. Diabar adlanan çökəklikdə yerləşən Zuvandı yubanmadan, bəri başdan təqdim edib burasını da deyim ki, bu yerlər dövlət yasağıdır.

Öz əsrarəngiz, füsunkar təbiəti, çay vadilərində, kəhriz döşündə gah uzanan, gah da burula-burula dərələrin dibiylə, qayaların döşüylə qucaqlaşan, ucu-bucağı görünməyən bol mer-meyvəli bağları, suyu diş göynədən şır-şır axan bulaqları, təmiz, saf havası ilə çox yox, bircə dəfə bu yerlərə yolu düşənləri hayıl-mayıl edən bu torpağı məşhurlaşdıran həm də onun adına-sanına layiq, tən-dürüst, şöhrətləri bir elə, bir obaya sığmayan övladları olub.

Zuvandın təkcə Lerikin özündə deyil, bölgənin hüdudlarından çox-çox uzaqlarda tanınan, şöhrəti el-el gəzən kəndləri çoxdur. Ancaq tərəddüdsüz deyirdi ki, Kələxan kəndi o sırada lap başda duranlardandır. Keçən əsrin otuzuncu illərində Azərbaycanda kollektiv şəkildə savadsızlığın ləğvində əyyami-qədimdən savadlılar, ziyalılar kəndi hesab olunan Kələxan oxumuşlarının danılmaz xidmətləri olub. Bu kəndin savadlı cavanları qonşu kəndlərdə özlərindən yaşlılara müəllimlik edib, onlara yazıb-oxumaq öyrədib. Adı bu gün də ehtiramla çəkilən neçə-neçə ziyalısı dövrün, zamanın təməl prinsiplərinə uyğun vəzifə daşıyıb, idarə edib, quruculuq işlərində qulluq mövqeyi ilə fərqləniblər.

Bir yana baxanda bu, beləcə də olmalı idi! Bəlkə də bu, başdan-binədan Kələxanın qismətinə düşən bir paydır. Axı, araşdırıcıların yozumuna görə, kəndin adı güclü, böyük mənasındadır. Kələxanın da sakinləri yəqin ki, elə həmişə, hər vaxt gücdə, böyüklükdə öz ulu babalarının ənənələrini ləyaqətlə yaşadıb davam etdiriblər.

Bir vaxt paytaxta – Bakıya, eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil ardınca oxumağa yollanan leriklilərin ilk qaranquşları da elə, necə deyərlər, “güclü, böyük” kələxanlılar olublar.

 Neçə-neçə elm adamı, mötəbər vəzifə sahibi – bir sözlə, bir çox tanınmış lerikli tərcümeyi-halında anadan olduğu yerin adını göstərəndə, iftixarla “Kələxan” sözünü yazıb. Beləcə, kələxanlılar həm tanınıblar, həm də doğulub boya-başa çatdıqları o balaca vətənləri – Kələxanı tanıdıblar.

Kələxanlı Quliyevlər cənub bölgəsinin ağır-urvatlı, tanınan soyköklərindəndir və bu soykökündən adı el-obada hörmətlə çəkilən neçə-neçə comərd kişilər yetişib. Keçən əsrin 50-ci illərində, M. Bağırov rejimi dövründə Respublika prokurorunun müavini vəzifəsində çalışıb, o illərin acı ruzigarından qeyrəti, cəsarəti sayəsində sağ-salamat qurtaran Ağa Quliyev, Lerikdə hər bir ailənin indi də adını ehtiramla andığı Höcət və Adil Quliyevlər, Özbək Quliyev, elə Araz müəllimin, Qəhrəmanın, Elman müəllimin ataları Hilal Quliyev. Hələ mənim şəxsi ünsiyyətdə olmadığım daha neçə-neçə kələxanlı alim, müəllim, həkim...

Kiminə uzun, kiminə qısa portret-esse adlandırdığım bu yazıda, bəlkə də hələ ki, öz yaxın qohum-qardaşından, öz həmyerlilərindən, oturub-durduqlarından savayı çoxunun bir elə yaxşı bələd olmadığı, yalnız elmi titullarına görə tanıdıqları – axı, elmlər doktoru, professor olmaq asan iş deyil – Quliyevlərin Elman adlı bir oğlundan söz açmaq fikrindəyəm. Həm də onun alimlik şöhrətindən daha çox, bir fərd kimi şəxsi keyfiyyətlərindən, məziyyətlərindən danışmaq istəyirəm.

Burasını da deyim ki, Elman müəllimin özündən əvvəl rəhmətlik qardaşı Araz müəllimi tanıyırdım. Yoldaşlığımız, dostluğumuz da var idi. Quliyevlərin Kələxan kəndini ikiyə bölüb keçən Zuvand çayının güneyində, quzey taydakı şiş zirvəsində səthi nəhəng qranit qayalarla sanki ilahi qüdrətə malik memarın ürəyinin şirəsi ilə hörülmüş mərmər qalaça ilə üzbəüz, bağ-bağatlı, gen-geniş həyətlərində atalarının – el-obanın sayılıb-seçilən kişilərdən olan Hilal dayının hələ sağlığında da, sonralar da ara-sıra qonaq da olmuşam, xeyirdə, şərdə də iştirak eləmişəm.

O güllü-gülüstan həyətdən neçə-neçə yeni yurd yeri göyərib. İndi paytaxtda yaşayıb elmimizə xidmət etsə də Elman müəllim o yurdu unutmur, ilk fürsətdə üzünü Kələxana tutur, ürəyi ata ocağına qızınır, ürəyinin hərarətindən həyət-bacaya paylayır. Mərmər qalaça ilə üzbəüz evlərinin işığını yandırır, bağını, bağçasını solmağa qoymur.

Söhbətimi bir az da uzaqdan davam etdirsəm, deməliyəm ki, cavanca Elmanın toyu yadımdadır. Elə öz soylarına layiq bir ailənin müəllimə qızı ilə ailə qurdu və onun toyunda qol götürüb oynamasam da, yaxın ailə dostu kimi iştirak etmişəm, uca Tanrıdan ona xoşbəxtlik də diləmişəm. Sevinirəm ki, bir vaxt toyunda iştirak etdiyim səbəbkar indi üç vətənpərvər övlad atasıdır.

O da xatirimdədir ki, uzun illər kənd arası yollar idarəsində müdir işləyən, çox sevilən, deyib-gülən, xətirli-hörmətli kişini – Elman müəllimin atası Hilal dayını bütün tanıyanları, eləcə öz övladları da əzizləyə-əzizləyə “Hili”, – deyə çağırırdılar. Elman müəllimin böyük qardaşı Araz Quliyev o vaxtlar, yəni ötən əsrin 80-ci illərinin əvvəllərində Lerikdə çıxan “Bolluq uğrunda” rayon qəzetində şöbə müdiri idi və özü kimi imzası da yaxşı tanınan jurnalistlərdən idi. Dost-tanışla söz-söhbətinin bir mövzusu da, çox vaxt özündən balaca qardaşı Elmandan olardı. Qardaşının gələcəyinə inanırdı və Elmandan danışanda bu inamı onun üz-gözünü nura boyayırdı. Nə yaxşı ki, sonralar Elman Quliyev öz şərəfli ömür yolu, pedaqoji və elmi uğurları ilə qardaşının inamını doğruldub el-obasının istəklisi, iftixarı oldu. Həm də qardaşının ruhunu şad etdi.

Elman Quliyevin bir müəllim və alim kimi yetişməsi, bir növ elə gözlərimin önündə olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Elman Quliyevin təyinatı Lerikə verilmişdi. Mən o zamanlar Lerikdə çalışırdım. Yadımdadır, onu Kəlvəz kəndinə müəllim göndərmişdilər və o da tez bir zamanda rayonda savadlı, bacarıqlı bir gənc müəllim kimi hamının hörmətini qazandı.

Elman Quliyev rayonun ictimai fəallarından idi. Perspektivi olan fəal ziyalı kimi adı həmişə ehtiyat rəhbər kadrlar siyahısına daxil edilirdi. Lakin onun vəzifəyə can atdığı, karyera haqda fikirləşdiyi yadıma gəlmir. Rəhbər işçi kimi bir müddət yalnız məktəb direktorunun müavini oldu. Elmi işlərə marağı olmasaydı, şübhəsiz, vəzifə pillələrində də layiqincə yüksələcəkdi..

Elman müəllim elm, irfan yolunu seçdi. Yerli “Bolluq uğrunda” qəzetində maraqlı, oxunaqlı yazılarla çıxış edən E. Quliyevin imzası az sonra Bakıda – mərkəzi mətbuat orqanlarında da görünməyə başladı.

Quliyevlərlə səmimi münasibətlərim öz yerində. Təvazökarlığı, səmimiyyəti və ciddi iradəsi Elman müəllimi mənə daha da doğmalaşdırmışdı. Elman müəllimin aspiranturaya daxil olub Xalq yazıçısı, akademik Mirzə İbrahimovun yaradıcılığı haqqında namizədlik dissertasiyası yazmasına, həmin dissertasiyanı uğurla müdafiə etməsinə də qəlbən sevinmişdim. Elə o vaxtlar ona rəğbətimi artıran bir səbəb də bu olmuşdu ki, Elman müəllim başqaları kimi aspirantlığını əlində dəstavüz edib Bakıya qaçmamış, rayonda qalıb ailəsinə kömək edə-edə, gecəsini-gündüzünə qata-qata dissertasiya yazmışdı, müəllim işləyə-işləyə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdı.

1991-ci ildə vaxtilə təhsil aldığı ali məktəbə işə dəvət ediləndə Elman Quliyev artıq ədəbiyyatşünaslıq elmi sahəsində öz sözünü deməyi bacaran yetkin bir alim idi. Elman müəllim Bakıya köçdükdən sonra da onunla əlaqələrimiz üzülmədi və mən uzaqdan-uzağa da olsa, onun uğurlarından xəbər tuturdum. Həm müəllim, həm də bir tədqiqatçı alim kimi inkişaf edən, bu inkişafa görə yalnız öz istedadına, zəhmətinə borclu olan Elman müəllim indi təkcə Azərbaycanda deyil, qonşu İran və Türkiyədə də dəyərli bir tədqiqatçı – alim kimi tanınır və sevilir.

Ədəbiyyata, ədəbiyyatşünaslığa olan həvəsim öz yerində. Elman müəllimlə şəxsi tanışlığım həm də məni onun yaradıcılığı, elmi axtarışları ilə daim yaxından maraqlanmağa sövq edib. Nəşr olunan qalın-qalın kitablarını sətir-sətir “oxumuşam” – desəm, yəqin ki, inandırıcı, səmimi olmaz, ancaq elmi uğurlarını müntəzəm izləmişəm və bu uğurlara həm də möhkəmcə sevinmişəm.

Görkəmli sənətkarımız, nəsrimizin klassiklərindən olan Mirzə İbrahimovun ədəbi-estetik görüşlərini və sənətkarlıq xüsusiyyətlərini araşdırıb tədqiq etməklə alim adını qazanan Elman müəllim sonrakı tədqiqatlarının böyük bir hissəsini Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsinə, xüsusilə o taylı ədəbiyyatımızın klassiki olan Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr edib.

Qocalı-cavanlı elə bir azərbaycanlı tapmaq olmaz ki, bu taydan unudulmaz şairimiz Səməd Vurğunun məşhur “Azərbaycan” şeirindən heç olmazsa üç-dörd bəndi əzbər bilməsin:

 

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır,

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin...

 

Qətiyyətlə deyərdim ki, qocalı-cavanlı hər bir azərbaycanlının həm də o taylı ustad şairimiz M.Şəhriyarın “Heydərbabaya salam”ı da dilinin əzbəridir:

 

Heydərbaba, yolum səndən gəc oldu,

Ömür keçdi, gələmmədim gec oldu.

Heç bilmirəm, oğlun-qızın nec oldu.

Bilməz idim döngələr var, dönüm var.

Ayrılıq var, itkinlik var, ölüm var...

 

M.Şəhriyarın ölməz poeziyası yüksək ədəbi zövqə və elmi-nəzəri biliklərə malik Elman müəllim kimi filoloq alimin diqqətini, əlbəttə, cəlb etməyə bilməzdi. Elman müəllim faydalı və çox vacib bir iş görmüş, zəhmətə qatlaşaraq M. Şəhriyarın kitablarını ərəb qrafikasından yeni – latın qrafikasına çevirib nəşr etdirməklə kifayətlənməmiş, həm də böyük şairin həyatı və yaradıcılıq yolu barədə sanballı elmi iş yazmış, uğurla müdafiə də edərək filologiya üzrə elmlər doktoru adını almışdır.

Onun Şəhriyar yaradıcılığına müraciət etməsi, əlbəttə, təsadüfi deyil. İstər elə həyatının, istərsə də yaradıcılığının bir hissəsi Cənubi Azərbaycanla bağlı olan böyük ədibimiz Mirzə İbrahimovdan sonra Elman müəllimin Şəhriyar yaradıcılığına müraciət etməsində bir qanunauyğunluq görürəm. Şəksiz ki, bu, Elman müəllimin yaradıcılığında həm də bir Savalan istəyi, Savalan sevgisidir və burada mənim yadıma yenə də onun ömür yolunun cavanlıq illəri düşür.

Ali təhsilini başa vurub doğma rayona qayıtdıqdan sonra əlinə dərs jurnalı alan Elman Quliyev ilk dəfə müəllim kimi kəndlərinə qonşu olan Kəlvəz məktəbində sinfə girib. Burasını da deyim ki, onun doğma kəndi Kələxanla bir vaxt çalışdığı Kəlvəzin arası təxminən üç-dörd kilometr olar. Burası da var ki, Kələxandan Kəlvəzə doğru o üç-dörd kilometr yol qəlbi Qoşqara, Kəpəzə həsrət Savalan dağına sarı, bir az da cənub tərəfdədir.

Dediyim kimi, o uzun müddət Savalan dağı ilə üzbəüz Kəlvəzdə müəllim işləyib. Hər səhər evdən çıxanda üzü Kəlvəzə Savalanla göz-gözə yol gedib. Elə sinif otağının pəncərəsindən də, yəqin ki, Savalana sarı çox baxıb. Kəlvəzi qucağına alan Sahal dağı ilə qoşa qanad kimi gərilib qalan Kələxananın başında tac kimi dayanan Mərmər qalaçadan Savalanın qarlı zirvələrini seyr edib.

Mərmər qalaçadan söz düşmüşkən söhbətimin bu yerində qoy burasını da deyim ki, bu təbii sərvəti tədqiq edən görkəmli geoloq alimimiz, akademik Mirəli Qaşqay vəfat edərkən vəsiyyət etmişdi ki, məzarının üstünə bu daşdan bir parça da olsa, qoysunlar. Məşhur alimin bu vəsiyyəti yerinə yetirilib.

 Cənuba doğru o məkanda yerləşən kənd məktəbindən çox yox, vur-tut beş-altı yüz metr aralıda o tayı bu taydan, şimalı-cənubdan ayıran tikanlı sərhəd məftilləri keçir.

Bəlkə də hər gün üzü Savalana, cənuba sarı yerimək, buz kimi soyuq sərhəd məftillərinin ox kimi gözə sancıldığını görmək və hətta damarlarını donduran qanı ilə də hiss etmək – bax, bəlkə də elə bunlar Elman müəllimin cənub həsrətini, cənub nisgilini birə-beş artırıb.

 Yəqinimdir ki, Elman müəllim o taylı həsrətimizin nisgilli tərənnümçüsü M. Şəhriyarın misralarını öz-özünə pıçıldaya-pıçıldaya təsirlənib də:

 

Bir uçaydım bu çırpınan yel ilən,

Bağlaşaydım dağdan aşan sel ilən,

Ağlaşaydım uzaq düşən el ilən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

 

Düşünürəm ki, yaşadığı, içində olduğu bu mühit onu cənub ədəbiyyatının tədqiqatçısı olmağa daha çox cəlb edən amil olub.

Elman müəllimin alim kimi yaradıcılığı çoxşaxəlidir və onun elmi tədqiqatlarının bir istiqamətini də türk xalqları ədəbiyyatının problemlərinin araşdırılması təşkil edir. Bu sahədə apardığı araşdırmalar, yazdığı dərsliklər və tərtib etdiyi proqramlar onu tanınmış türkoloq alim kimi də şöhrətləndirib.

Təvazökar insan və gözəl müəllim olan Elman Quliyevin istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda çap etdirdiyi kitablar, elmi simpoziumlarda, konfranslarda oxuduğu məruzələr, tərtib etdiyi proqramlar həm də bir alim kimi onun necə bacarıq və keyfiyyətlərə malik olduğuna da dəlalət edir. İndiyə kimi aldığı mükafat və ödüllər də Elman müəllimin pedaqoji sahədə olduğu kimi, elm sahəsində də nüfuzlu söz və mövqe sahibliyinin bir sübutudur. Elman müəllimi çoxdan tanıyan və bu uğurlarına sevinən yaxın bir adam kimi yəqinimdir ki, bundan belə də onun neçə-neçə elmi-pedaqoji nailiyyətlərinin şahidi olacağıq.

Elman müəllimi neçə illərdir ki, görməsəm də, dediyim kimi, elmi-pedaqoji fəaliyyətinin sorağındaydım. Yaxın bir tanışım Elman Quliyevin son illərdə qazandığı uğurlardan bəzilərini mənə sadalayanda ürəyim dağa döndü.

Özbəkistanın Mirzə Uluqbəy mükafatı, adı ilə az qala bütöv bir türk dünyasını tanıdan Cəlaləddin Ruminin 800 illiyi ilə bağlı 2007-ci ildə YUNESKO-nun keçirdiyi beynəlxalq müsabiqənin laureatı, elə həmin 2007-ci və 2010-cu illərdə “İlin alimi” və bir il sonra ali təhsil müəllimləri arasında “İlin müəllimi” müsabiqəsinin qalibi...

Dövlətimiz də Elman müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək dəyərləndirmiş və Elman Quliyev keçən il “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Zaman-zaman turançılıq uğrunda fırtınalara sinə gərmiş görkəmli insanların adlarını qoca tarix öz yaddaşında yaşatmaqdadır. Yəqin ki, gələcək nəsillər bu sırada Elman müəllimi də xatırlayacaqlar. Axı, Elman Quliyevin türk xalqları ədəbiyyatı problemləri ilə bağlı neçə-neçə kitabı Türkiyədə, İranda, İraqda, Türkmənistanda, Şimali Kiprdə və digər türkdilli ölkələrdə də çap olunmuş, türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki xidmətlərinə görə o, “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülmüşdür.

Vallah, təltiflər adamın qəlbini dağa döndərir, dostları sevindirir və nə yazıq ki, bədxahları da kədərləndirir. Ancaq Elman kimilər bədxahları kədərləndirmək üçün yox, dostları sevindirmək üçün gecələrini gündüzə qatırlar.

Bunlar cavanca bir alimin öz haqq payıdır və nə yaxşı ki, Elman müəllim bu yaşında belə təltiflərə, ödüllərə layiq görülüb.

Məlumdur ki, görülən işi tam bəyənəndə “əla” deyirik və bu “əla”nı rəqəmlə bildirəndə “5” yazırıq.

Təsadüfən eşidib bildim ki, Elman müəllimin yaşının tamamıdır. İki 5 rəqəmi yanaşı duracaq: 55

Elman müəllimin ömür yolu da beləcə qoşa-qoşa beşlərə layiqdir.

Qədim çin hökmdarlarından birinin vannasında belə bir cümlə həkk olunub: “Özünü hər gün təzələ, dönə-dönə təzələ, təzələ, təzələ!..

Elman müəllim kimi alimlər isə öz aramsız elmi axtarışları ilə həm özlərinin, həm də saysız oxucularının beyinlərini, qəlblərini, hiss və duyğularını təzələyirlər.

Professor Elman Quliyev indi həm ömür-gün, həm də yaradıcılıq yolunun ən coşqun, ən məhsuldar çağlarını yaşayır. Bu yolda ona yeni-yeni uğurlar diləməklə yanaşı inanıram ki, bundan sonra da həmişə onun xoş sorağını eşidəcək və bir eloğlu kimi bütün bunlara sevinənlərdən biri də özüm olacağam...

 

 

Novruz Nəcəfoğlu

 

525-ci qəzet.- 2013.- 8 mart.- S.16.