Aluendən Ağdama....

Hər kəsə doğulduğu, boya-başa çatdığı torpaq daha əziz, daha şirindi. Yaşa dolduqca hər birimizdə bu hisslər bir qədərdə qabarıq şəkildə özünü göstərir...

Ağdamda isə sözlə ifadəsi mümkün olmayan əlamətlər lap çox idi. Dostluğu, bacarığı, fərasətliyi, səmimiliyi ilə seçilən şəhər sakinləri daimi birincilik arzusuyla yaşayırdı. Hətta düşmənçilik edəndə fərqlənirdi Ağdam...

Şuşa Ağdam üçün İÇƏRİŞƏHƏR qədər əziz idisə, Qarabağda AZƏRBAYCAN üçün İÇƏRİŞƏHƏR kimi əziz bir yerdir...

Elmi mənbələri araşdırdıqda, habelə tarixin dərin qatlarına baş vurmaq istədikdə Ağdama, Şuşaya, Qarabağımıza olan qısqanclıq hissinin haradan qaynaqlandığını görmək olar. İlahi bu torpağa elə bir əsrarəngiz gözəllik vermişdi ki, onu hamı görmək duymaq eşqilə yaşayırdı...

Tarixçilərimizin Qarabağda apardıqları araşdırmalardan belə qənaətə gəlmək olar ki, bu ərazilər dünyada ən qədim yaşayış məskənlərindən biri olub...

Zaman gələcək Ağdamda, Qarabağda Azıx mağarasına bərabər tutula biləcək onlarca zəngin mədəniyyət abidələri aşkar ediləcək. Buna heç şübhəmdə yoxdur...

İslamdan əvvəl ərazilərdə hökm sürmüş atəşpərəstlik, o cümlədən xristianlıq bu ərazilərdə yaşayan əhalinin yaşam tərzinə öz təsiri göstəməsi bir fakt olaraq qalır...

Beləliklə, bu yazının əsas qayəsi Ağdam şəhərinin salınması ilə bağlıdır. Şəhərin salınması bəzi mənbələrdə 1741-ci il, bəzən isə 1752-ci il qeyd olunur. Ağdamın, xüsusəndə Qarabağ xanlığının yaranma dövründə çəkisinin artdığı göstərilir. O da faktdır ki, xanlığın inkişafı dövründə Ağdamın xüsusi çəkisi yüksəlişə doğru gedirdi. Çar Rusiyasının əsarəti dövründə isə şəhər bilavasitə ticarət mərkəzi kimi inkişaf etməyə başladı. Buna həmdə şəhərin yerləşdiyi coğrafi ərazidə imkan verirdi. İstər yayda, istərsə qışda tacirlərin şəhərə gəlişində problem yaşanmırdı. Çar Rusiyası əraziyə sakitlik gətirsədə, Yuli Sezarın parçala hökm sür ideyasını əldə rəhbər tuturdular. İmperiya qüvvələrinin, xüsusi ilə Qafqazda yaşayan xalqlar arasına düşmənçilik toxumunun səpməsi XX əsrin əvvəllərində münaqişələrin artmasına səbəb oldu. Regionda əhalinin yaşayış səviyyəsi dözülməz həddə çatdı...

Bundan xeyli əvvəl, yəni 1835-ci ildə Alban kilsəsinin ləğvi, həmin illərdə İran, Suriya Türkiyədən yüzlərcə erməni ailəsinin məqsədli şəkildə Qarabağa köçürülməsi, yerli alban tayfalarının erməniləşdirilməsinə təkan verdi. Qarabağın dağlıq zonasında yaşayan albanlar süni şəkildə erməniləşdirildi. Bu gün Qarabaga erməniləşmiş albanların antrpoloji görkəmi Ermənistanda yaşayanlardan ciddi şəkildə fərqlənir. Albanları erməniləşdirməklə Çar Rusiyası regionda erməni əhalisinin sayını artırmaq istəyirdi. Ermənilərdə Çar Rusiyasının onların üzərlərinə qoyduqları missiyanı çox ustalıqla yerinə yetirir, gələcəkdə üzləşə biləcəkləri acınacaqlı vəziyyəti belə göz önünə gətirmək istəmirdilər. Özünü humanist göstərməyə çalışan Çar Rusiyası ermənilər vasitəsi ilə yerli xalqlara, əsasən, müsəlmanlara təzyiq göstərməyə çalışır bunun üçün az qala min oyundan çıxırdılar...

İnanmıram ki, yerli erməniləşdirilmiş alban əhalisi müharibə dövründə öz xoşlarına qarşı tərəfə güllə atmış olsunlar. Onlar məhz bu günə qədər Ermənistandan gələn silahlı ziyalıların təhriki ilə bu addımı atırlar...

Qayıdaq şəhərin salınmasına...

Azərbaycan ərazisində dövlətin formalaşmağa başladığı bir dövrdə, yəni eramızdan əvvəl V-IV əsrlərdən Ağdam ərazisində alban tayfalarından biri olan Qarqarlar məskən salmışdı. Qədim yunan roma müəlliflərinin əsərlərində qarqarların özünəməxsus dilləri olduğu deyilir. Mənbələrdə göstərilir ki, onların danışığında özünəməxsus boğaz səsləri var idi. Professor Rəşid Göyüşovun araşdırmalarında qeyd olunur ki, Qafqaz Albaniyasının 26 tayfasından biri olan Qarqarlar qisməndə olsa digər tayfa qəbilələrdən seçilirmiş. Məhz bu dövrdə VII əsrdə yaşamış Alban tarixçisi Moisey Kalankaytuklu özünün Avqan tarixi əsərində göstərirdiki, Aluen (bəzən Aquen deyilir, indiki Ağdam ərazisi, o dövrdə Aluen adlanırmış V.T.) Alban çarlarının yay iqamətgahı idi. Tarixdə məhşur hadisələrdə biri olan Aluen yığıncağı 488-ci il may ayının 13-də keçirildiyi deyilir.

R. Göyüşovun tədqiqatında göstərir ki, 1958-ci ildə Alban hökmdarlarının birinin qəbri olan möhtəşəm məbədin qalığı da məhz Ağdam ərazisindəki Sofulu kəndində olan Govurqalada aşkar edilmişdi...

Şəhərin strateji cəhətdən yerləşdiyi ərazi ticarət yolunun üzərində olması burada müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdı. Bundan sonra tarixi mənbələrdə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı xilafət qoşunlarına qarşı ciddi müqavimətin göstərdiyi ərazilərdən biri məhz adıçəkilən regionun olduğu qeyd olunur. Adıçəkilən ərazi islam dinini qəbul edən əraziləndən ən sonuncusu idi. Bu fikirləri R. Göyüşov tədqiqatında bir daha təsdiq edir...

Tarixi mənbələrdə üç məqama daha çox diqqət yetirilir. Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin dağınıq vəziyyətdə olan ordusu XIII əsrdə Ağdam ərazisində məskən saldığı deyilir. İkinci məqam Əmir Teymurun Ankara döyüşündə Sultan Bəyazidə qalib gəldikdən sonra, təxminən 1402-ci ildə, iki il ərzində Ağdam ərazisində dayanmaqla qoşunlarına istirahət verməsi göstərilir. Üçüncü məqama isə Ağdamda nəşr olunan Lenin yolu qəzetində rast gəldik. Qəzetin arxivində diqqətimizi tarix elmləri namizədi Nəriman Babayevin Tarixi keçmişimizdən adlı məqaləsi çəkdi. Müəllif qeyd edirdi ki, Azərbaycan SSR Elmlər Akademiyası Böyük Britaniya muzeyindən fars dilində yazılmış Əfzələd tovarix əsərinin mikrofilmini almışdır. Əsərin müəllifi Fəzli İsfahanidir. O, uşaqlıq gənclik illərini Qarabağda keçirmiş, Bərdə Arran hakimi Peykər xanın xidmətində olmuşdur. F.İsfahani Arran Bərdə, Ağdam, Qəbələ başqa yerlər haqqında maraqlı məlumatlar verdiyi bu əsərini 1617-ci ildə qələmə almışdır. Məqalə müəllifi qeyd edir ki, tariximizin müəyyən bir dövrünü əhatə edən həmin əsərin yeganə əl yazması hazırda İngiltərədə Kral muzeyində saxlanılır. I şah Təhmasibin (1524-1576) hakimiyyəti dövründən bəhs edən həmin əsər Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli sayıla bilər. Müəllif göstərir ki, 1549-cu ildə Bərdə şəhəri yenidən bərpa olunmu, şəhərdə bir neçə karvansara, hamam, bazar tikilmiş bağ salınmışdır. F.İsfahani əsərində xidməti vəzifəsi ilə əlaqədar dəfələrlə həmin dövrdə Ağdamda olduğunu qeyd edir...

Göründüyü kimi, şəhərin salınma tarixi çox-çox uzaqlara, XIII əsrdən xeyli əvvələ gedir. Ancaq biz nədənsə şəhərimizin yaşını bilərəkdənmi ya yox azaltmağa meylliyik. Şəhərin tarixinin Qarabağ xanlığının yaranması ilə əlaqələndirmək düzgün olmazdı. Nəzərə alaq ki, Pənahəli xan İmarəti inşa etdirmək üçün torpaq sahəsini məhz Agdamda yaşayan tanınmış seyidlərdən aldığı deyilir. Demək yaşayış məntəqəsi kimi Ağdam artıq var idi. Odur ki, şəhərin salınma tarixinin 1741-ci il göstərilməsi deməklə, biz ən böyük yanlışlığa yol veririk.

Bu istiqamətdə apardığımız təhlillər göstərir ki, şəhərin salınması ilə baglı məqamın, o cümlədən Aluen adının Ağdam adlandırılmasının tarixinin ciddi şəkildə araşdırılmasına ehtiyac vardır...

Yalnız o dəqiqdir ki, şəhər statusu Ağdama 1828-ci ildə verilmişdir. Belə ki, 1974-cü ildə Moskva şəhərində SSRİ Ali Sovetinin nəşriyyatında çap edilmiş SSRİ-nin inzibati ərazi bölgüsü kitabındakı məlumatda göstərilir ki, yaşayış məntəqəsi kimi Ağdama rəsmən 1828-ci ildə şəhər statusunun verilməsi təsdiq edilmişdir...

Son olaraq belə qənaətə gələ bilərik ki, 185 yaşlı AĞDAM ŞƏHƏRİnin iki minillik tarixi vardır. Qalır sadəcə onun erməniləşmiş albanlardan deyil, məhz erməni silahlılarından azad etmək zəngin tarixi daha dərindən tədqiq etmək...

 

 

Vüqar Tofiqli

 

525-ci qəzet.- 2013.- 13 mart.- S.2.