Oralarda kimlər var: Ənvər Məmmədxanlı-100

 

“HƏYATIM AĞRIYIR”

 

DRAMATURQ VƏ SSENARİÇİ   

 

Ənvər Məmmədxanlı anadan yazıçı doğulmuşdu. Və “Yazıçı” sözünün məsuliyyətini çox gənc yaşlarından başa düşən Ənvər Məmmədxanlının sonrakı həyatı, yaradıcılığı daima oxucuları intizarda saxlamış və bu ad, bu famil “müəmmalı” bir dünyanın “müəmmalı bir şəxsiyyəti, insanı” barədə öz oxucusuna hekayətlər söyləmişdir. Ola bilsin “hekayət” sözü yerində deyil və yaxud bu yazını yazdığımız anda həmin sözün içimizdə oyatdığı hiss və həyəcan bu məqaləni oxuyanlar üçün tam aydın deyil. Həqiqətən öz həyatı ilə bir hekayət kimi ədəbiyyata qədəm basan Ənvər Məmmədxanlının böyüklüyü onun az yazmasında və gözəl yazmasındadı.

Ənvər Məmmədxanlı cild-cild əsərlər müəllifi deyil və yaxşı ki, belədi. Onun imzası oxucunun “gözünü” göynətmir, əksinə, “Ənvər Məmmədxanlı” imzası oxucunun gözlərinə gündüz işığı kimi məlhəm olur. Böyük təəssüflə demək lazımdı ki, ədəbiyyatla təmasda olandan Ənvər Məmmədxanlının imzasını dövrü mətbuatda az görmüşəm, təkcə mən yox, elə hamı bu barədə düşünür. Şübhəsiz, bu, böyük sənətkarın şəxsi işidi. Ancaq gəlin bir şeyi etiraf edək ki, Məmmədxanlı istedadı, Məmmədxanlı ömrü təkcə onun özünün deyil, həm də xalqındı, sənindi, mənimdi. Və bu baxımdan onun hər yeni əsərini çox böyük ehtirasla və ümidlə gözləmişik.

Biz gözləmişik. Onun xəbəri olub-olmayıb, bilmirik. Ənvər Məmmədxanlı “Qaralmaz günəş” adlı hekayəsi ilə oxucu diqqətini özünə yönəltdiyi andan və 1930-cu ildə “Burulğan” adlı kitabını çap etdirəndən təmkinlə öz ürəyinin səsiylə yaşamış və heç yerə, heç yana tələsməmişdir. Sənətşünaslıq doktoru C.Cəfərov yazır: “Ənvər Məmmədxanlı gecə yarıya qədər əsər üzərində işlər, birisini qurtarmamış, digərini başlayar, heç birini bəyənmədiyindən yeni fikirlərə düşər, daha mükəmməl və gərəkli mövzular, maraqlı süjetlər, obrazlar axtarardı. Onun qəhrəmanları oxucuya çox sadədil, hətta uşaqcasına zərif və məsum görünsələr də, cazibəli və yapışıqlıdırlar”. (“Kommunist” qəzeti, 10 mart, 1963).

Ənvər Məmmədxanlı bir sənətkar kimi ilk illərdən öz düşüncəsinin və amalının əsiri olmuş, seçdiyi mövzulara, qələmə aldığı adamların taleyinə cavabdeh olmuşdur. O elə bir yazıçıdır ki, istədiyi vaxt öz qəhrəmanını oxucunun mühakiməsindən xilas eləyə bilər və ona bəraət qazandırar. Biz bu ifadəni istər onun dram əsərlərindəki, istərsə də kino yaradıcılığındakı obrazlara aid eləyə bilərik.

Hələ “Karvan dayandı” hekayəsilə özünün kinematoqrafik görüm və ifadə tərzini, yönünü sübut eləyən Ə.Məmmədxanlı otuzuncu illərdən Azərbaycan kinosunun taleyinə cavabdeh olan şəxsyiyyətlərdən biri kimi tanınır. Yaradıcılığın bu sahəsi onu özünə çəkdiyindən Ə.Məmmədxanlı kinossenarilər yazmağa başlayır. O, “Bəxtiyar”, “Yeddinci yol” adlı kinonovellaların, “Aldanmış kəvakib”, “Leyli və Məcnun”, “Alma bağları” ssenarilərinin müəllifidir. Ə.Məmmədxanlı H.Mehdiylə birlikdə “Fətəli xan” filminin də ssenarisini yazmışdır.

Kiçik hekayələr ustası kimi tanınan Ənvər Məmmədxanlı sonralar iri həcmli əsərlər-pyeslər yazmağa başlayır. 1963-cü ildə C.Cəfərovun “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi məqaləsində oxuyuruq: “Deməli, hekayə ustası Ənvər dramaturgiya və romançılıqda da yeni və mənalı söz demək iqtidarındadır. Janr məhdudluğu heç də istedad məhdudluğu demək deyildir, məhdud bir janr daxilində də dərin və gözəl görünmək olar. Lakin ədəbi təcrübə göstərir ki, istedadlı yazıçılar həyatı rəngarəng gördüklərindən bir janr daxilində qala bilmirlər, onlar müxtəlifliyə can atırlar, çünki bu halda öz istedadlarını daha yaxşı ifadə edə bilir, həyatla daha əhatəli bir təmas yaradaraq ona daha mükəmməl təsir göstərə bilirlər”.

Hekayələr, kiçik kinonovellalar, romanlarından dövrü mətbuatda çap olunan parçalar Ənvər Məmmədxanlı istedadının müdrikliyinin bariz sübutudur.

Və nəhayət, Cəfər Cəfərov demişkən, “bir janr yönündə özünü tam ifadə eləyə bilməyən” və içindəki ağrılara, xatirələrə, xatirələrin çoxluğuna tab gətirə bilməyən bu yazıçı özü öz içi ilə sorğuya, danışığa başlayır. Əslində elə onun hər bir əsəri onun özüylə danışığı idi, özünə hesabatı idi.

40-cı illərdən Ə.Məmmədxanlı dramaturgiya sahəsində çalışmağa başlayır. “Şərqin səhəri” pyesini yazır. Qarışıq və mürəkkəb bir vaxtı təsvir edən, inqilabın qələbəsinə həsr olunan bu dram parlaq və bitkin səhnə əsəri idi.

Bundan sonra müəllif “Od içində” pyesini oxuculara təqdim edir. Bu pyes 1945-46-cı illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatı və onun faciəli sonluğu barədədir.

İncə yumorla yazılan “Şirvan gözəli” əsəri Sabit Rəhmanın komediyaları fonunda boy verən gözəl əsərlərdən biridir.

Ə.Məmmədxanlı bu üç səhnə əsərilə “yazıçı” sözünə bir də “dramaturq” adını artırmış olur. Ə.Məmmədxanlının hər üç dram əsəri məhz aktual mövzulara həsr olunmuşdur. “Aktual mövzu” dedikdə biz heç də şüarçılığı nəzərdə tutmuruq. Ənvər Məmmədxanlı kimi ciddi bir yazıçının yaradıcılığına bu ifadəni şamil eləmək istəmirik. Bəzən bu “aktual” mövzunun özündə belə yaşarılıq tapırsan, əsl sənət detalları və insan taleləri tapırsan ki, bu da “şüarçılığa çəkən” “aktual mövzu” sözündən uzaqdır. Bu ifadəni Ənvər Məmmədxanlının ünvanına deyəndə həmin o əsl sənət detalları və insan taleləri kəşf eləyən sənətkarı nəzərdə tuturuq.

Ənvər Məmmədxanlı öz ilk pyesinə poetik bir ad vermişdir. Bu poetik ad pyesin məzmununa uyğundur, əsərdəki tarixi hadisənin nəticəsini tamamilə əks etdirir. Şərqin səhəri başlayır. Səhər açılanda bütün insanlar məqsədlərinin, istədiklərinin ardınca yollanırlar. Əslində heç kəs bilmir ki, bu açılan səhər onun üçün nə gətirir. İstər-istəməz gecədən sonrakı səhəri yaşamaq sanki hamının borcudur. Lakin pyesdəki şərqin səhəri — uzun əsrlərdən bəri gözlənilən səhərdir. Nəsillər həmişə belə bir səhərin arzusunda olmuş, zülmət gecələrdə onlar “qaranlığın” sinəsinə qanlarını axıtmışlar. Qaranlıq isə qan bahasına yuyulmuşdur. Böyük şairimiz Rəsul Rza demişkən “qaranlıqlar çəkilir, yola qan tökə-tökə”. Qurbansız Azadlıq yoxdur. Nazim Hikmət demişkən: “Azadlıq avtobus deyil ki, birinə gecikdin, digərinə minəsən. Azadlıq sevgilimiz kimidir. Bir dəfə aldatdın, bir daha geriyə qayıtmaz”.

Ə.Məmmədxanlının pyesini oxuyarkən bir daha əmin oluruq ki, Azadlıq öz-özünə yaranmır. O, göydən düşmür. Onu həsrət çəkən insanlar, gecə-gündüz yolunu gözləyən qocalar, cavanlar — hamı yaradır. Bəs onlar kimlərdir? Budur Ənvər Məmmədxanlının qəhrəmanları: Fərhad, Bayram, Armen, Nataşa.

“Şərqin səhəri”ndəki hadisələr 1919-1920-ci illəri əhatə edir. Bakının “qara qızılı” soyuqda ocaq başında üşüyən uşaqlar kimi hamını cəlb edir. Əbəs deyil ki, milyon kilometrlə yol gələn ingilislər Bakı neftini zəbt etməkçün bütün vasitələrə əl atırlar.

“Şərqin səhəri” pyesinin ilk quruluşunu Adil İsgəndərov vermişdir. Əsərin məzmununu və məqsədini fəhmlə tutan rejissorun ifadəli, baxımlı quruluşu teatr tənqidinin diqqətini çəkmişdir. Teatrda işlədiyi illərdə həmişə müasir mövzudan bəhs edən əsərləri tamaşaya hazırlayan A.İsgəndərovun tarixi mövzuda olan bu tamaşası alqışlanmışdır. Tənqidçi Əkbər Ağayev yazır: “Rejissor hər şeydən əvvəl əsərin inqilabi ruhunu qabarıq şəkildə ifadə etmiş, bütün digər cəhətləri bu əsas məsələ ətrafında toplamışdır. Rejissor əsərdə aktyor oyununa xüsusi diqqət yetirmişdir ki, bu da öz səmərəli nəticəsini vermişdir”.

Və məhz əsərin aktual qayəsini və gözəl poetik, canlı dilini səhnədə ifadəli canlandıran yaradıcı birlik — rejissor Adil İsgəndərov, rəssam Nüsrət Fətullayev, əsas rollarda çıxış eləyən Mərziyə Davudova, Mirzağa Əliyev, Sidqi Ruhulla, Rza Əfqanlı, Kazım Ziya, İsmayıl Dağıstanlı SSRİ Dövlət mükafatına layiq görülmüşlər.

 

“ŞƏRQİN SƏHƏRİ” TAMAŞASI HAQQINDA FİKİRLƏRDƏN

 

“İ.Dağıstanlı Kirov rolunu böyük bir müvəffəqiyyətlə ifa edir. O, öz şöhrətli oyunu ilə tamaşaçılara tanış və doğma insanın canlı surətini yaradır və haqlı olaraq tamaşaçıların təkrar-təkrar alqışını qazanır”. (“Azərbaycan gəncləri” qəzeti, 30. XI. 1947).

 

“Sidqi Ruhulla Ağalarovun daxili ehtirasını, neft sahibkarı kimi fəhlə sinifinə bəslədiyi düşmən münasibətini məharətlə ifa edir. Bu cəhətdən Ağalarovun Bakıdan gedərkən körpü qarşısında son vəziyyətini aktyor çox təbii, inandırıcı vermişdir”. (“Ədəbiyyat qəzeti”, XII. 1947).

“...Ə.Məmmədxanlının “Şərqin səhəri” pyesi Süleyman Sani Axundovun “Laçın yuvası” pyesindən sonra yazılmış sovet inqilabı illərini əhatəli göstərən ən dolğun əsərdir”. (“Ədəbiyyat qəzeti”, 13. 1. 1949).

 

ONLAR NƏ DEYİBLƏR:

 

Anarın “Şəhidlər dağı” kitabından

Rəsul Rzanın. Ənvər Məmmədxanlıya məktublardan

(Məktub cəbhəyə yazılıb)

Qardaşım Ənvər.

Məktubunu aldım. Bizi soruşsan, hələlik sağ və salamatıq. İndi buralar çox yaxşıdır, kinofabrikada sakitlikdir. Mən sənə çoxdan yazırdım, ancaq adresini bilmirdim.

Bizim evdəki camaat səndən nigarandır. Sən iş arasında olsa da, məktub yaz, xalan təşviş və nigarançılığa düşməsin. Cəbhə böyükdür, hər şey ola bilər. Görünür ki, məktubları gec gəlir. Tənbəllik etmək olmaz. İndi o zaman çox yazmaq lazımdır. Azarlı-zad yoxdur. Bizim Kamal sağalan kimi cəbhəyə gedib. Məlum deyil hardadır. Niyazidən xəbər yoxdur. Gərək indiyə qədər kağızı gələydi. Bir xəbər olsa, sənə yazaram. Çarə nədir, gözləməliyik.

 

(hər iki hissə davam edəcək)

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 16 mart.- S.23.