Min beş yüz ilin Anarı

 

Yazıçını başqa adamlardan fərqləndirən vacib cəhətlərdən biri, məncə, yaddaşdır. Bəzən nasir öz həyatının neçə il arxada qalmış ən xırda nüanslarını belə yazıya alır və onu mikroskopik dəqiqliklə yazıya gətirir. Bu, istedaddır. Əgər yazıçı sadəcə istedadlı yox, həm də intellektualdırsa, təkcə fərdi yox, milli bədii yaddaşı da öz əsərlərində yenidən canlandırır – şübhəsiz ki, müasir formatda. Anar müəllimin əsərlərində bu cəhətlərin hər ikisi var – həm fərdi, həm də milli yaddaş. Onun əsərlərinin, tərtib etdiyi kitabların təkcə elə adına nəzər salmaq bunu görməyə kifayətdir – “Min beş yüz ilin oğuz şeiri”, “Dədə Qorqud dünyası”, “Dədə Qorqud kinodastanı”, “Şairin hünəri” – Nəsimi haqqında, “Şairin zəfəri” – Xətai haqqında, “Şairin kədəri” – Füzuli haqqında, “Qəm pəncərəsi” – Mirzə Cəlil haqqında, “Uzun ömrün akkordları” – Üzeyir Hacıbəyov haqqında, “Mübarizə bu gün də var, yarın da” – Rəsul Rza haqqında, “Cavid ömrü” ...

“Kitabi-Dədə Qorqud” türklərin Quranıdır, Qorqud Dədə isə Peyğəmbəri. Onun da əsas işi söz demək – oğuz igidlərinə ad verməkdir. Qazan, Qanturalı, Beyrək, Basat... Azərbaycan ədəbiyyatında son yüz ildə yeni ad yaradan bir neçə müəllifin adını çəkmək olar – Hüseyn Cavid öz Almazı, Cəfər Cabbarlı Gülüşü, Sevili, Yaşarı, Səməd Vurğun Aybənizi, Aygünü, Xuramanı ... ilə yada düşür. Onlardan sonra isə Anar müəllim gəlir – özünün Turalı və Güneli ilə. Yarım əsrdən artıqdır ki, Anar müəllim həyatımızın ən müxtəlif cəhətlərinə öz həqiqi adını verir, tikənə iynə, sökənə tikan, doyrana ayran, ayırana gəlin demir amma. Öz Zaurunu Bamsı Beyrək kimi sevgisinə sədaqətli olmamaqda günahlandırır, meşşanlar dünyasına qarşı sevgi qılıncı çəkən iyirminci əsrin Selcanının obrazını Təhminənin timsalında yaradır. Bütün türk dünyasında Dədə Qorqud haqqında ən gözəl kinofilmin ssenarisini yazır. Sonra “Ağ qoç, qara qoç”u yazır, Dədə Qorqud müdrikliyi ilə o tay-bu taylı xalqı milli birliyə səsləyir. Və qəribə bir ziddiyyət – bu gün Anar müəllimin əleyhinə çıxan turallar, günellər fərqindədirlərmi, daşıdıqları adı onlara kim verib?! Qoy düşünsünlər, biz isə bədii düşüncə tariximizin o biri qatına keçək...

Anar müəllimin iş otağında Nizami Gəncəvinin divar boyu vurulan xalça-portreti var. Mən Anar müəllimin Nizamiyə həsr etdiyi xüsusi yazısını oxumamışam. Amma onu Şərqin bu dahisinə bağlayan daxili bağları görürəm. Nizaminin beş poeması var və bunu orta məktəb şagirdi də bilir. “Xəmsə” də beşlik deməkdir. Məncə, şairin altı poeması var. Çünki dahi şairin axırıncı poeması – “İskəndərnamə” əslində iki poema-dastandan ibarətdir: “Şərəfnamə” və “İqbalnamə”. “İqbalnamə” Nizaminin beşmərtəbəli evinin – “Xəmsə”nin altıncı mərtəbəsi, görünməyən qatıdır. “İqbal” bəxt, tale deməkdir, alın yazısı isə gözə görünməz. Nizami onun gözlə görünməsini heç istəmirdi də. Ona görə alın yazısına dair gözlə görülən, barmaqla sayılan xüsusi əsər yazmamış, onu beşmərtəbənin içində gizləmişdi. Bədəndəki beş duyğumuz ruhun dünyaya açılan pəncərələridir. Lakin insanın dünyaya açılan bacası da var – altıncı hiss. “İqbalnamə” Nizaminin altıncı hissi – “Xəmsə”nin bacası idi. Amma əksəriyyət beşmərtəbə standartlarını qırıb bu qata çıxa bilmir. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının sonunda Məmməd Nəsirin dediyi kimi:

– Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında yazıçının göstərmək istədiyi məhz “altıncı hiss” dir. Anar müəllimdə beşmərtəbə anlayışı Nizamidə “xəmsə” deməkdir. Anar müəllimin “altıncı mərtəbəsi” “iqbalnamədir”. Zaurlar, zivərlər, spartaklar, dadaşlar, firəngizlər... bu “namə”ni oxumaqdan məhrumdur. Təhminələrin faciəsi də bundadır.

Bütün böyük ədəbiyyatın son dayanacağı “iqbalnaməyə” – alın yazısına gəlib çıxır. Alın yazısını Allah yazır. Demək, “İqbalnamə”də insanın yazdığı ilə Allahın yazdığı qovuşur. Azərbaycan ədəbiyyatının ən möhtəşəm iqbalnamələrindən biri Füzulinin “Leyli və Məcnun”udur. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə hər fəslin əvvəlində Füzulinin “Leyli və Məcnun”u və “Divan”ından epiqraflar verilir. Bununla ustad yazıçı XX əsrin məhəbbət faciəsini yazdığına işarə edir. Anar müəllimi Füzuliyə bağlayan ömrün faniliyi, dünyanın vəfasızlığı düşüncəsindən doğan ümumbəşəri kədərdir. Onun Füzuliyə həsr etdiyi esse də elə belə adlanır – “Şairin kədəri”. Füzulinin Məcnunu Leylisindən, Anar müəllimin Zauru isə Təhminəsindən imtina edir. Amma bu imtinalar arasında yerlə göy qədər fərq var – Məcnun “altıncı qata” qalxa bildiyi üçün, Zaur isə qalxa bilmədiyi üçün sevgisindən üz çevirir. İyirminci əsrin kişisi qeyslikdən o yana keçmir, məcnun ola bilmir. Qeys ölçü deməkdir. Zaur cəmiyyətin bayağı düşüncə ölçülərini keçə bilmir. Altıncı qat onun üçün boşluqdan başqa bir şey deyil. O, Təhminənin iziylə hətta bu qata qalxır da – amma orda eşqbazlıq edən pişiklərdən başqa bir şey görmür...

Anar müəllim bizim ən milli, eyni zamanda ən ümumbəşəri yazıçımızdır. Onda türkçülük də var, Şərq də, Qərb də. Ədəbiyyatımızın Şərqdən Qərbə keçidi Axundovla başlayır və maraqlıdır ki, Axundovun da altı komediyası var. Bu ateist mütəfəkkirin komediyalar toplusu – “Təmsilat”ı Şeyx Nizaminin “Xəmsə”sinin astar üzüdür. O, ən faciəvi məsələlərdən gülə-gülə danışır. Onun gülüşü Füzuli kədərinin astar üzüdür. Mirzə Cəlil gülüb ağlamağı, Sabir ağlayıb gülməyi ondan öyrənib.

Axundovun altıncı komediyası Təbriz dəllallarının fırıldağını ifşa edən məhkəmə prosesinə həsr olunub. Bu Axundovun “iqbalnamə”sidir. Burda Nizamidə, Füzulidə olduğu kimi Haqqın yox, haqqın divanı qurulur. Haqq sözünü Axundov kiçik hərflə yazır. Onu öz dahi sələflərindən bircə hərf fərqi – əlifba məsələsi ayırır. Axundovda bizim dediyimiz mənada altıncı məsələsi yoxdur, amma onun əlifbası var. Çünki o, hər şeyi yenidən yazırdı, bütün yazılar isə əlifbadan başlayır. Sonralar Mirzə Cəlil, Sabir, Rəsul Rza... bu əlifbaya öz hərflərini artırdılar. Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı bu əlifbanın 33-cü hərfidir. Azərbaycan ədəbiyyatının XX əsrdə Qərb ədəbi ənənələri ilə sintezində ən böyük xidmətləri olanlardan biri, bəlkə də, birincisi məhz Anar müəllimdir. Amma Anar müəllimin axundovsayağı dillə desək, “qamışlıqdan” çıxmaqdan bir vacib məqsədi də var – Azərbaycanın mədəniyyətini dünyaya təqdim etmək. O, “Dədə Qorqud”u çəkdi və dünyaya göstərdi ki, bizim necə dərin tarixi mədəniyyətimiz var. O, “Gün keçdi” filmini çəkdi və dünyaya göstərdi ki, biz həm də müasir xalqıq və melodram çəkməkdə fransızlardan geri qalmırıq. O, “Uzun ömrün akkordları” çəkdi və dünyaya göstərdi ki, bizim şopenlərdən, verdilərdən, çaykovskilərdən geri qalmayan bəstəkarımız var.

“Mirzə Fətəli haqqında ya yaxşı yazmaq lazımdır, ya da yazmamaq”. Bu sözlər Mirzə Cəlilə məxsusdur. “Mirzə Cəlil dahidir və dahi həmişə diridir”. Bu sözlər isə Anar müəllimin Mirzə Cəlilə həsr etdiyi “Anlamaq dərdi” essesindəndir. Anar müəllimlə Mirzə Cəlil qədər daxili bağlılığı olan ikinci yazıçı tapmaq yəqin ki, mümkünsüzdür. Onun danabaşları – spartaklar, alyalar, zivərlərdir... Anar müəllimin Zeynəbi – Həmidə xaladır, Əsmərdir, Təhminədir, Novruzəlisi – Feyzulla Kəbirlinskidir.

Ölüm həyatın, “Ölülər” Mirzə Cəlilin altıncı qatıdır. Anar müəllimin “Molla Nəsrəddin-66” satirik hekayələr silsiləsi yazıçının Mirzə Cəlillə birbaşa dialoqudur. Bu, qoşa altılıqdır, altının iki mislidir. Anar müəllim bu hekayələri, ümumən bütün yaradıcılığı ilə “Ölülər” müəllifini yenidən dirildib, ona yeni ömür verib. Anar müəllimin “Azərbaycançılıq haqqında düşüncələri” Mirzə Cəlilin “Azərbaycan” məqaləsi və “Anamın kitabı” pyesindəki ideyaların yeni tarixi şəraitdəki davamı və inkişafıdır.

Anar müəllim xalqının mənəvi övladıdır, həm də Rəsul Rzanın oğludur. Rəsul Rza Azərbaycan modernist şeirinin banisidir, Anar müəllim Azərbaycan yeni nəsrinin. Rəsul Rza sərbəst, azad şeirin öndəri olub. Anar müəllimin “Ağ liman”ı və “Beşmərtəbə”si insanın mənəvi azadlığı haqqında manifestdir. Onun “Yaxşı padşahın nağılı” hekayəsi isə insanın siyasi azadlığı haqqında pamfletdir. “Macal”ı isə insanın güzəran azadlığı haqqında traktatdır. İnsanın azadlığı ideyası Anar müəllimin yaradıcılığının məhək daşıdır. O, Azərbaycan sərbəst düşüncəsinin lideridir. Azadlıq uğrunda mübarizə dünən də olub, bu gün də var, yarın da olacaq...

Altıncı – insan düşüncəsindəki azadlığının son həddidir. Onu gələcəkdə də yazanlar olacaq və artıq yazırlar. Günel Anarqızının “Altıncı” povesti bu gələcəyin ilk örnəyidir...

 Gənc Ədiblər Məktəbinin ilk toplantısında Anar müəllim də “Natəvan” klubunda idi. Gənclərə xeyir-dua verməyə gəlmişdi. Qəfildən Anar müəllimin telefonuna zəng gəldi. Telefon zəngində “Laçın” xalq mahnısı çalınırdı. Gənclər üzrə katibimiz Rəşad Məcid üzünü bizə tutub “Sonra bunun hansı mahnı olduğunu sizdən soruşacam” dedi. Mən bu sualın mənasını da, cavabını da o andaca tapmışdım. Rəşad müəllim bizi öz tarixi-mədəni kökümüzü unutmamağa və ağsaqqal yazıçımızdan örnək götürməyə çağırırdı. İstədim ki, ayağa qalxıb, – Laçın!!! – deyəm. Amma dinmədim. Təsirlənmişdim. Çünki bunu Anar müəllimin telefonuna ən azı 1500 illik tarixdən gələn səs kimi dinləmişdim...

 

Dədə Qorqud – Anarın beşmərtəbəsinin özülüdür!

Nizami – Anarın beşmərtəbəsinin

                                            birinci mərtəbəsidir!

Füzuli – Anarın beşmərtəbəsinin ikinci mərtəbəsidir!

Axundov – Anarın beşmərtəbəsinin üçüncü

                                                     mərtəbəsidir!

Mirzə Cəlil – Anarın beşmərtəbəsinin

                                        dördüncü mərtəbəsidir!

Rəsul Rza – Anarın beşmərtəbəsinin beşinci

                                                      mərtəbəsidir!

Anar – Anarın beşmərtəbəsinin altıncı mərtəbəsidir!

 

Anar 75 ilin yox, 1500 ilin Anarıdır...

1500 yaşın mübarək, Ustad!!!

 

 

Ramil Əhməd

 

525-ci qəzet.- 2013.- 16 mart.- S.24.