Geosiyasətin fundamental elmi əsasları

 

Sovet imperiyasından xilas olmaq və sovet ideoloji sistemindən imtina etmək postsovet məkanı üçün təkcə siyasi, iqtisadi, coğrafi, milli müstəqillik deyil, habelə müasir dövrdə dünyaya yeni münasibətin əsasını təşkil edən elmi-nəzəri baxışların müstəqilliyidir. Marksizmin proletar inqilabı nəzəriyyəsinin saxta mahiyyətini gizlətmək məqsədi güdən bir ciddi-cəhdlə kibernetika kimi ən müasir elm sahəsini inkar edən sovet ideoloji məktəbinin postsovet məkanına bununla nə qədər zərbə vurduğu indi bilinməkdədir. Az qala dəqiq elmlərin də ümumi qanunauyğunluqlarına ideoloji don geydirən sovet ideoloqları hər şeyin əvvəlinə “sovet” sözünü əlavə etməklə belə baryerləri çoxdan aşmış Qərb ölkələrində təəccübə, ironiyaya səbəb olurdular: sovet ədəbiyyatı, sovet incəsənəti, sovet siyasəti, sovet adamı, sovet cəmiyyəti, sovet biologiyası, sovet jurnalistikası və s. kimi onlarca soz birləşməsində “sovet” anlayışının epitet rolu oynaması bu gün bizdə təəccüb və təəssüf hissi doğurur. Marksist-leninçi düşüncənin sosiologiyaya elmi yanaşmadan çox uzaq “elmi kommunizm” anlayışı bu ideologiyada dominant mahiyyət daşıyır. Beləcə, elmi kommunizm nəzəriyyəsini inkar edən bütün sınanmış klassik nəzəriyyələr rədd edilir, onların yerini sırf ideoloji kanonlarla yüklənmiş “sovet nəzəriyyələri” tuturdu. Dünyanın bir çox qədim ölkələrində  çoxdan formalaşmış və zaman-zaman dövlət quruculuğu prosesində, idarəçilik düşüncəsində, ölkələrarası münasibətlərin tənzimlənməsində “bəşəriyyətin və ölkələrin birgəyaşayış normalarını və təhlükəsiz gələcəyini planlaşdırmaqda, habelə beynəlxalq siyasətdə müxtəlif açıq və qapalı cəmiyyətləri dəyərləndirmək, fərqli iqtisadi-sosial, ekoloji, demoqrafik, informasiya, dini, mədəni vəziyyəti olan ölkələrlə qarşılıqlı əlaqələri düzgün planlaşdırmaq və münasibətlər yaratmaqda dövlət rəhbərlərində, siyasi və ictimai xadimlərdə, idarəçilik, hərbi təhlükəsizlik və strateji planlama ilə məşğul olan məmurlarda, millət vəkillərində və bütün milli elitada geniş geosiyasi düşüncə yaratmaqda və geosiyasi təfəkkürü inkişaf etdirməkdə” çox böyük əhəmiyyəti olan geosiyasət elmi sahəsində tədqiqatlar marksist-leninçi ideologiyaya qulluq göstərən sosialist dövlətlərində, xüsusilə “SSRİ-də və Çində ABŞ və Qərb ölkələrindən fərqli olaraq xüsusi məxfi mərkəzlərdə aparılmışdır”.

Azərbaycanın müstəqilliyi üçün  ölkədə elmin, xüsusilə bu müstəqilliyin hələ təzə-təzə möhkəmləndiyi şəraitdə yeni düşüncə, yeni yanaşma tələb edən ictimai elmlərin obektiv formalaşması çox böyük siyasi əhəmiyyət kəsb edir. Bu elmlər arasında geosiyasət ayrıca yer tutur. İyirmi il bundan əvvələdək SSRİ-də “xüsusi məxfi mərkəzlərdə aparılan” tədqiqatları indi Azərbaycan alimləri geniş miqyaslı araşdırma obyektinə çevirməkdə, hətta xüsusi dərslik və dərs vəsaiti kimi ortaya qoymaqdadırlar. Bu sahədə tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” dərsliyi xüsusi əhəmiyyət daşıyır. Elə bu yazının ilk sətirlərindən deməliyik ki, “Geosiyasət” dərsliyi bizdə yeni formalaşan bu elmi-praktik sahədə fundamentallıq kəsb edən bir araşdırmadır. Bu yerdə “fundamental” epiteti qətiyyən gəlişigözəl bir söz deyil. Bu yanaşmanın arxasında Ə.Həsənovun on dörd kitabı dayanır ki, onların dördü məhz bu sahəyə yaxın və bu sahə ilə bilavasitə bağlı dərsliklərdir. “Geosiyasət” dərsliyinin müəllifinə məxsus aşağıdakı kitablara nəzər yetirmək kifayətdir ki, alimin dərsliyə aparan yolda öz yaradıcılığında hansı məsələlərə diqqət yetirdiyi aydın olsun: “Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru”, “Azərbaycan-ATƏT: Ermənistan- Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda”, “Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ”, “Azərbaycan və dünya siyasəti”, “Demokratiya və mətbuat”, “Müasir beynəlxalq münasibətlər, milli maraq və milli təhlükəsizlik”, “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”, “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” kimi kitabları və sadalamağa yer olmayan digər elmi əsərləri “Geosiyasət” kimi ciddi mahiyyət daşıyan bir dərsliyin məhz Ə.Həsənovun ortaya qoymasını şərtləndirən fakt kimi maraqlıdır. Bu kitabların və “Geosiyasət” dərsliyinin əsasında ciddi elmi-nəzəri və praktik mahiyyət dayanır. Ə.Həsənovun bu əsərdəki elmi uğurlarını bir tərəfdən onun ictimai-siyasi elmlər sahəsində dünya nəzəri fikirlərinə dərindən bələd olması faktı, digər tərəfdən müasir Azərbaycanın dövlət quruculuğu prosesindəki praktik iştirakı təmin edir.

Ə.Həsənovun “Geosiyasət” dərsliyi Azərbaycan dilində 2010-cu ildə nəşr olunmuşdur. Əlbəttə, əsl dərslik heç vaxt eksperimental xarakter daşıya bilməz, lakin bununla belə biz bir universitet əməkdaşı kimi “Geosiyasət”  dərsliyinin elmi ictimaiyyət arasındakı rezonansını da Universitetlərdə və ayrıca olaraq ictimai elmlərin beşiyi olan Bakı Dövlət Universitetində “Geosiyasət” dərsliyinin necə böyük rəğbətlə qarşılandığının və bir neçə fakültədə tədrisə necə ciddi kömək etdiyinin şahidi olduq. Dərsliyin ölkədəki ayrı-ayrı universitetlərdə yer alan “Beynəlxalq münasibətlər”, “Dövlət idarəçiliyi”, “Regionşünaslıq”, “Politologiya”, “Sosiologiya” və digər ixtisaslarda təhsil alan tələbələrə, burada dərs deyən müəllimlərə son dərəcə yararlı olduğunu nəzərə alan həmin ali məktəblərin Elmi Şuraları və Respublika Təhsil Nazirliyi onun rus dilində də nəşrini vacib saymışdır. Beləliklə, bu yaxınlarda müəllifin “Geosiyasət” dərsliyi “Qeopolitika” adı altında rus dilində də işıq üzü görmüşdür. Bu nəşr yəqin ki, təkcə adını çəkdiyimiz ixtisaslar üzrə dərs deyən müəllim və tələbə kontingenti üçün deyil, həm də müasir Azərbaycanda geosiyasət elminin nəzəri və praktik cəhətdən səviyyəsini öyrənmək istəyən rus dilli ölkələrin araşdırıcı alimləri üçün də maraqlı olacaqdır. Bu mənada “Qeopolitika” da misilsiz bir əhəmiyyət daşımaqdadır.

Misilsiz bir əhəmiyyət daşımaqdadır ona görə ki, Ə.Həsənov bu kitabı ilə Azərbaycanda geosiyasət elminin formalaşdığını və müstəqillik faktının bu formalaşmadakı praktik rolunu maraqlı illüstrativ faktlarla sübut etmişdir. Lakin əlbəttə, istər azərbaycanca, istərsə də rusca bu kitab, müəllifin öz fikri ilə desək “ilk dəfə olaraq geosiyasətin ayrıca bir elm sahəsi kimi meydana gəlməsindən günümüzə qədər olan tarixi çərçivəsində əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına qısa nəzər salır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir geosiyasi tədqiqatçıların baxışlarını təhlil edir, müxtəlif dövrləri və fərqli geosiyasi məktəbləri təmsil edən  siyasətşünasların fikirlərini və nəzəriyyələrini araşdırır, qarşılıqlı şəkildə müqayisə edir”.

Yenə də müəllifin kitaba giriş sözündəki təqdimatına müraciət etsək görəcəyik ki, müasir Qərb dövlətlərinin, Rusiya, Çin, Türkiyə və digər böyük ölkələrin tədqiqatlarına istinadən həm tarixən, həm də müasir dövrdə dünyanın ümumi geosiyasi mənzərəsi burada öz əksini tapmışdır. Bu mənzərədə planetimizin geosiyasi xarakteristikası, güc mərkəzləri, geosiyasətə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə, bəşəriyyət üçün təhlükə yaradan və yarada biləcək problemlərin aydın konturları, aydın təhlilləri vardır. Geosiyasətin qədim tarixini diqqətlə izləyən araşdırma onu da sübut edir ki, bu sahəyə tarixi etinasızlıq etmiş ölkələr necə uçuruma getmiş   gedə bilərlər. Təsadüfi deyil ki, əsərin ümumi ruhunda Azərbaycanın da daxil olduğu Avrasiya məkanındakı maraqlar, güc dövlətlərinin bu regionda yeritdikləri siyasət və s. məsələlər vardır. Məsələnin bu cəhətini nəzərə alan müəllif göstərir ki, geosiyasət bir akademik elm olaraq qalmır, o, həm də praktik fəaliyyət üçün rəhbər tutulan bir tədqiqat sahəsidir. Bu yerdə müəllifin yeni araşdırıcılara səmərəli bir  tövsiyəsi də ondan ibarətdir ki, hər bir ölkədə, o cümlədən Azərbaycan Respublikasında ölkənin geosiyasi inkişaf tarixinə, müasir milli inkişaf və təhlükəsizlik maraqlarına, onun təmin edilməsi ilə bağlı dövlət siyasətinin şərhinə, ölkəmizin geosiyasi və geostrateji kodunun, xarici və milli siyasət konsepsiyasının hazırlanması, milli maraqlar və onun çərçivəsinin müəyyənləşməsi, qorunması və s. kimi çoxsaylı geosiyasi məsələlərin araşdırılmasına da xüsusi diqqət yetirməli və bunlara ayrıca tədqiqat əsəri həsr edilməlidir. Bu məqamda xüsusi qeyd etməliyik ki, əsər əslində təkcə geosiyasət ixtisasına bağlı mütəxəssislərə və tələbələrə deyil, mahiyyəti etibarilə hər kəsə-Azərbaycanın yeni siyasi istiqaməti ilə maraqlanan və bu siyasətə öz töhfəsini vermək istəyən hər kəsə ünvanlanır.

Biz də öz növbəmizdə qeyd edək ki, Ə.Həsənovun “Geosiyasət” əsəri Azərbaycanın dünya siyasətində yerini müəyyən edəcək yeni tədqiqatlara etibarlı bir açar-kod rolunu oynayır. Zira, əlimizdəki əsərdə geosiyasətin tarixi var, nəzəriyyəsinin əsasları var, problemə elmi-tarixi-müasir yanaşma metodologiyası var, dövlətlərin siyasi tipologiyası var və bu sistemdə Azərbaycanın yeri aydınlaşdırılıb. Deməli, bütün bunlar gənc tədqiqatçılara necə işləməyi, məsələyə hansı bucaqdan yanaşmağı göstərəcəkdir.

Yuxarıdakı fikirimizə- yəni bu əsərin yeni tədqiqatlara açar rolu oynaması tezisinə qayıtsaq deyə bilərik ki, kitabda geosiyasətin ilkin mənbələri və inkişaf tarixi istiqamətində qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı, bu sırada ilkin ideya və mənbələr, Çin, Hindistan, ərəb dünyası, yunan və Roma, Avropa məktəbləri təhlil edilir. Klassik geosiyasət tədqiqatında XIX əsrin ikinci-XX əsrin birinci yarısında bu sahədə Qərb məktəbləri və onların əsas nəzəriyyələri, İkinci Dünya Müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri kimi bu gün üçün də son dərəcə maraqlı olan məsələlərə müəllifin elmi yanaşmaları diqqəti cəlb edir. Bu tarixi faktlar, hər bir müstəqil dövlət üçün, o cümlədən böyük dövlətlərin geosiyasi maraqları məkanında yerləşən Azərbaycan üçün ciddi dərs mənası daşıyır. Əslində tarix və onun öyrənilməsi daha çox bu gün üçün, həmin tarixi gedişatdan dərs almaq, təcrübədə bundan istifadə etmək üçündür. Ə.Həsənovun bütün digər əsərlərində olduğu kimi, “Geosiyasət”in də əsas mahiyyətində tarix və müasirliyin sintezi dayanır. Əsərdə tarix sadəcə konstatasiya olunmur, tarixi faktların yararlısının təcrübəyə çevrilməsi, yararsızlarından imtina edilməsi məqsədi qoyulur.

Kitabda yer alan “XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti” kimi bir fəslin elmi mahiyyəti də güc dövlətlərinin siyasi kursu və bu kursun hərtərəfli təhlilinin səmərəsini açır. O cümlədən Rusiyanın, Türkiyənin həm tarixi, həm də müasir geosiyasətinin təhlilləri bu gün bizə əhatəsində olduğumuz bu dövlətlərlə nesə davranmağı öyrədir.

Bütün bunlar geosiyasətin tarixi və müasir vəziyyəti ilə bağlı məqamlardır. Ə.Həsənov tədqiqatın xüsusilə nəzəri aspektlərinin oxucuya geniş izahı ilə bağlı ayrıca bir fəsil təqdim edir. Bu fəsil geosiyasət elminin yaranması və inkişafı, geosiyasətin kateqoriyaları, qanunları, funksiyaları və s. məsələləri ilə bağlı çox maraqlı tədqiqat işidır. Dünyanın geosiyasi strukturları və modelləri, müasir dünya sistemi və onun geosiyasi reallıqları barədə fəsillər də xüsusi maraq doğurur. Müəllif göstərir ki, “müasir beynəlxalq və geosiyasi münasibətlər mürəkkəb bir sistemə çevrilmişdir. Bu sistemdə iştirak edən aktorların sayı getdikcə artır və əhatə dairəsi genişlənir... İndiki qlobal geosiyasi prosesləri artıq nə ənənəvi geosiyasi nəzəriyyə və təsəvvürlərlə izah etmək, nə də proqnozlaşdırmaq mümkündür. Geosiyasətin əvvəlki Vestfal, Versal və Potsdam dövrünə xas olan yanaşmalar, hədəflər və koordinantlar yeni dövrdə özünü tamam fərqli çalarlarda, bölgülərdə və tarazlıqlarda göstərir. Bu da siyasətşünaslardan müvafiq yanaşma və dəyərləndirmə tələb edir”.

Xüsusi qeyd edək ki, dərslik məhz belə məqamları ilə müasirlik və praktik mahiyyət kəsb edir. Doqquz müddəa ilə klassik və müasir geosiyasətin ənənəvi-çağdaş nizamını da göstərən müəllif, dünyanın yeni dövrünün xeyli dərəcədə dəyişməsinə uyğun olaraq nəticə çıxarmağı da tövsiyə edir. Professor Əli Həsənovun dərsliyi bu sahədə dünya nəzəri mənbələrinə söykənməklə yanaşı, yeni, özünəməxsus konsepsiyaları, modelləri ilə də diqqəti cəlb edir. Bir müddət bundan əvvəl “Geosiyasət” kitabına yazdığı resenziyasında AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov belə bir maraqlı fikir söyləmişdi ki, “bir çox Qərb geosiyasət kurslarından, xüsusilə Rusiya dərsliklərindən fərqli olaraq bu dərslikdə orta əsrlərdə siyasətin İslam dünyasında formalaşan ideya əsaslarına da yer verilir. S.Xəlilovun fikrincə, kitabda Şərqin-İslam dünyasının Əl-Fərabi, İbn Xəldun kimi geosiyasət alimlərinə, müasir Türkiyənin geosiyasət kontekstində yenə də ilk növbədə tarixi mənbələrə istinad olunması, Osmanlı türklərinin geosiyasi baxışlarından söhbət açılması olduqca önəmli bir məqamdır. S.Xəlilov təkrar olaraq, Əli Həsənovun dərsliyinin təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün əhəmiyyətli olduğunu vurğulayır və bunu belə əsaslandırır: “Bölgədəki geosiyasi durumun öyrənilməsi bu bölgənin ancaq xaricdən, böyük güc mərkəzlərindən idarə olunmasına rəğmən gerçəkliyin daxildən mənimsənilməsi  şüurlu surətdə idarə olunması üçün imkanlar açır. Azərbaycan da özünü və öz coğrafi siyasi mühitini dərk etmək üçün və xarici siyasətini daha böyük miqyaslı siyasi prosesləri nəzərə almaqla həyata keçirə bilmək üçün ilk öncə müvafiq araşdırmalar aparmalı və mövcud siyasi mühitin və siyasi proseslərin aydın xəritəsindən çıxış etməldir”. Məhz bu məqamı nəzərə alan görkəmli filosof Ə.Həsənovun kitabının təkcə maarifçiliyə və təhsilə xidmət etdiyini deyil, həm də müvafiq tədqiqatların ümumiləşdirilməsinə və yekun mənzərəsinin hasil edilməsinə imkan verdiyi qənaətinə gəlir. Dərsliyin dolğun qiymətini verən S.Xəlilov yazır: “Professor Əli Həsənovun “Geosiyasət” kitabı həm də ensiklopedik səpkidə yazılmış və bu sahədə bütün başlıca terminlərin izahı ilə  bərabər, mövcud nəzəriyyələr, təlimlər, siyasi doktrinalar haqqında məlumat verilmişdir. Müəllif ancaq öz şəxsi mövqeyini şərh etməklə kifayətlənməyib, görkəmli siyasətşünas alimlərin irəli sürdüyü fərqli konsepsiyaları, alternativ siyasi kurs və modelləri müqayisəli şəkildə təhlil edir və oxucuda mövcud nəzəri fikir haqqında dolğun təsəvvür yaradır. Əlbəttə, Qərbdə siyasətşünaslığın hər bir konkret problemi ilə əlaqədar neçə-neçə kitablar çap olunduğundan və tələbələrin əlində külli miqdarda alternativ vəsait və mənbə olduğundan, ola bilsin ki, belə ümumiləşdirici kitablara ehtiyac olmaya da bilər. Amma Azərbaycan dilində bu problemlər üzrə həm monoqrafik ədəbiyyat, həm də dərs vəsaitləri yox dərəcəsində olduğundan,  belə bir kitabın əhəmiyyəti çox böyükdür. Hətta bizə elə gəlir ki, kitaba son bölmə kimi daxil edilmiş “Qısa geosiyasi lüğət” ayrıca kitab halında daha böyük tirajla çap olunsa, bu sahədə tələbat təmin edilmiş olar. Çünki bu cür əsərlərin əhəmiyyəti dərsliyin təyinat dairəsindən kənara çıxır və daha böyük oxucu kütləsi üçün maraq doğurur”.

Biz yuxarıda “Geosiyasət” dərsliyinin uğurunu həm də onun müəllifinin ixtisasca tarixə bağlı olması, yeni dünya düzəninə siyasi bələdliliyi   Azərbaycanın müasir dövlət quruculuğu prosesindəki birbaşa praktikası ilə izah etmişdik. Kitabı diqqətlə oxuyub başa çatandan sonra  oxucu bizim bu qənaətimizə yəqin ki, şərik olacaq. Çünki Əli Həsənovun yaradıcılıq və ictimai fəaliyyət dünyasında sədaqətlə söykəndiyi bir obyekt var: Azərbaycan məmləkəti və Azərbaycan dövləti.

Biz bu yazını fəlsəfi düşüncəsinə və obyektiv yanaşma meyarına inandığımız professor Səlahəddin Xəlilovun aşağıdakı fikri ilə  bitirmək istərdik: “Ümumiyyətlə, prof. Əli Həsənovun istər indi təhlil etdiyimiz “Geosiyasət” kitabı, istərsə də Azərbaycanın xarici siyasəti və siyasətşünaslığın nəzəri məsələləri ilə əlaqədar son illərdə yazdığı digər kitabları ölkəmizdə bu sahədə yeni tədqiqat istiqamətinin artıq kifayət qədər formalaşdığını söyləmək üçün yetərincə əsas verir. Müstəqil Azərbaycan dövlətinin müstəqil xarici siyasətini təmin etmək üçün bu cür əsərlərin nəşrinə bundan sonra da böyük ehtiyac vardır”.

 

 

Cahangir MƏMMƏDLİ,

Filologiya elmləri doktoru,

professor   

 

525-ci qəzet.- 2013.- 16 mart.- S.8.