Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

(Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi)

 

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

 

IV cild

 

(1917-aprel 1918)

 

Cəmaət idarəsi

 

Böyük Rusiya inqilabı məmləkətin idarəsini, hökumət işlərinin dolandırılmasını müstəbid padşah əlindən alıb cəmaətin özünə tapşırdı. Özünə tapşırılan bu həqdən necə ki lazımdır, faidə görə bilmək üçün cəmaət bu idarənin, yəni cəmaət idarəsinin nə kibi bir şey olduğunu və hanki əsaslar üstündə dayandığını bilməli, bu xüsusda aydın fikrə və məlumata sahib olmalıdır. Cəmaətimizin geniş qisminə bu xüsusda az da olsa, məlumat vermək üçün daha istibdad  zamanında yazdığımız “seçkilər” məqaləsini yuxarıdakı ünvan ilə bir az zamanəyə münasib dəgişərək darc ediyoruz. Bu aşağıda dərc olunan ilk məqalə senzor tərəfindən mən edilmişdi.

 

I

 

Cəmaət idarəsinin binası seçki üzərinə qurulmuşdur. Bir adamın keyfi, xahiş və buyuruğu ilə olunan idarəyə istibdad deyilər. İstibdadda fikir, təsəvvür, düşünmək, anlamaq və anladığını demək həqqi olmaz. “Ağa dedi sür dərəyə, sür dərəyə” – bu zərbül-məsəl istibdad üsul-idarəsinin qanuni, məntiqi və hikmətidir. İstibdad olan yerdə azadlıq, fikir sahibi, iradə yiyəsi olmaq olmaz. Burada ancaq sürünməli, hanki dərəyə göndərsələr, sürüləcəgiz, durmayıb getməlidir.

İstibdadın müqabili azadlıqdır. Hər kəs fikir və rəy sahibi ola bilər. Görməmək, eşitməmək mümkündür. Fəqət hiss etməmək, anlamamaq adamın öz ixtiyarında, öz əlində degildir. Bu adamın öz ixtiyarında olmayan xasiyyət insanı azadlığa, özünə ixtiyar almağa vadar eləmişdir. Qanmaq fikri, eləmək əzm və idarəsini doğurmuşdur. Bunlar artdıqda insan kor-koranə tabe olmaq istəməmiş, müstəbidlərin hökm və buyruqlarına bir sərhəd, bir ölçü qoymaq istəmişdir.

Bu ölçü zamanımızdakı dövlətlərdə məşrutiyyət və ya cümhuriyyət şəklinə girmişdir. Rusiya böyük inqilabı ilə Rusiya dəxi böylə məmləkətlər cərgəsinə girmişdir. Yalnız buradakı azadlıq hökumətinin şəkli məşrutəmi, yoxsa cümhuriyyətmi olacaq? Burasını iləridə bütün millətin şərikligi ilə yığışacaq Məclisi-Müəssisan həll edəcəkdir. Məşrutə ya cümhuriyyət idarəsində “hüquqi-bəşər” azadlığının qəbulu ən birinci şərtdir. Hüquqi-bəşər – insanın həqləri, ixtiyarları deməkdir.  Bu birinci dəfə Fransada elan olunmuşdur. Bu elana görə insanın fikri azaddır. Fikir elədigini deyə bilər, deyə bildigini yaza bilər. Deyib və yaza bildiklərini xəyaldan işə gətirə bilmək üçün cəmiyyətlər qurar, məclislər yığar, ictimailər, yığınlar çağırar.

İnsan azaddır. Zatən Allah tərəfindən də faili-muxtar yaradılmışdır. Buna görə də onun şəxsinə zor olunmaz, həqqində zülm edilməz, edilməməlidir. O başqasının buyruğundan xilas olmalı, hər cür boyunduruqdan qurtarmalıdır.

Burada özü-özligində bir məsələ çıxıyor: çox yaxşı, qəbul edirik. Hər kəs öz başına azad oldu. Faili-muxtar oldu, nə istərsə edə bildi. O zaman nə olur? Xəlq biri-birinə düşməzmi? Hərcü-mərc olmazmı? Zülm olmasın – deyə elan olunan azadlıq zülmdən daha bədtər bir anarxiyaya, başlı-başınalığa səbəb olmazmı?

Bilməlidir ki, istibdadə, yəni bir adamın hökmünə, padşahların, hakimlərin keyfinə hədd qoyan, cümhur rəisinin haraya qədər ixtiyarı olduğunu təyin eləyən azadlıq istəyənlər, haman zamanda azadlığa, yəni azad vətəndaş və insanların keyf və arzularına da bir ölçü qoyurlar. Onlarca hər kəs azaddır. Fəqət başqasının azadlığını pozmamaq şərtilə birisinin keyfi başqasının keyfini pozarsa, birisinin rəyi və fikri başqasının rəy və fikrinə meydan verməzsə, o zaman bu azadlıq degil, yenə istibdad olur. Əslində baxsan istibdad bundan başqa bir şey degildir.

Ancaq bu ölçü bəsdirmi? Bununla hər kəs öz vəzifəsini, öz həqqini, öz hədd və hüdudunu ögrənib öz işinə məşğul olarmı? Çox yaxşı, dedik hər kəs azad olsun. Hər kəsin azadlığı da başqasının azadlığına mane olmasın. Fəqət məsələni kim ayırsın. Arada hakim kim olsun. Görək bənim filan işdəki azadlığım filankəsin filan işdəki azadlığını pozuyormu, yoxsa yox? Bunu kim təyin eləsin?

İstibdad hökuməti ilə xəlq hökumətinin fərqi də buradadır. Padşah hökumətindən ibarət olan mütləqiyyət ilə xəlq hökumətindən ibarət olan cümhuriyyət də burada ayrılır.

Məlumdur ki, istibdadda da, məşrutiyyətdə də, cümhuriyyətdə də xəlqin biri-birilə olan rəftarını təyin edən qanunlar, nizamlar, qaidələr vardır. Hakimlər, sudlar bu qanun və nizamlardan çıxanları, sərkeşlik edənləri üsuli və yolu ilə cəzalandırıyorlar. İstibdad idarəsində bu nizam və qanunları qoyan padşahlar, bu nizam və qanuni aparanlar da onların dedigi adamlardır. Xəlq ancaq məhkumdur. Borcu tabe olmaqdır. Ona görə də qanunlardan, nizamlardan xəbəri yoxdur. Halbuki xəlq hökumətində, azadlıq zamanında böylə degildir. Burada nizamı, qaidəni qoyan cəmaət özüdür. Məşrutiyyət və ya cümhuriyyətlə idarə olunan məmləkətlərdə vətəndaşlar biri-birilə olan rəftarlarını, yəni azadlıqlarının dərəcəsini özləri təyin ediyorlar. Böylə məmləkətlərdə qanunlar cəmaətin şərikligi ilə, hər kəsin rəyilə yazılır və onun rizalığı ilə verilir.

Yenə anlaşılmaz bir məsələ qaldı ki, cəmaət necə öz razılığını verir, necə bu, ya o qanuni yaza bilər?

Məlumdur ki, hər kəsin könlü bir cür xoş olmaz. Birisinin arzusu o birisi üçün arzu olamaz. Hətta birinin diləgi o birinin sevmədigi bir şey də ola bilər. Madam ki, keyflər, arzular, diləklər ayrı-ayrıdır, o halda bunlardan hankisi qanun olsun. Hankisi hamısı üçün nizam və məcburiyyət hökmünə binsin?

Bunun cavabında diyorlar ki, çoxluqda olan diləklər yeriməli, azlıqda qalanlar ona tabe olmalıdırlar.

Çoxluq-azlıq. Bunu kim təyin eləsin? Misal üçün, məmləkətin bir qismi diyor ki, hökumətimiz məşrutəli padşah əlində olsun. O biri qismi diyor ki, yox, xəlq cümhuriyyəti, cümhuriyyəti-ənam təşkil olunsun. Yainki bir dəstə diyor ki, yerlər kəndlilərin arasında bölünsün. Bir cəmaət də istiyor ki, yerlər adil qiymətlə yeri işlədənlərə verilsin. Bir azı istiyor ki, millətlərə ayrı-ayrı idarələr verilsin, hər kəs özü öz yerində idarə olunsun. Başqaları diyorlar ki, vilayətlərə xüsusi muxtariyyət verilməsin, bu qədər bəsdir ki, hər millət öz dini, milli işlərində müstəqil olsun. Bu hallarda nə etməlidir? Əlbəttə, hər şeydən əvvəl bilməlidir ki, çoxluq bu rəylərin hansının tərəfindədir. Fəqət bunu nə cür bilmək olar?

Əsl mətləbə, cəmaət və xəlq hökumətinin əsl əsasına burada bu suala cavab verəndə yaxınlaşıyoruz. Xəlqin hanki rəyi üstündə çoxluq və azlığı olduğunu bilmək üçün məşrutəli və ya cümhuriyyətli məmləkətlərdə xəlq nümayəndəlikləri, məclislər, parlamanlar, Rusiyada da Duma təsis olunmuşdur və əsaslı məsələləri, hökumətin binası üçün lazım olan qanunları düzəltmək üçün ən yaxında Məclisi-Müəssisan qurulacaqdır.

Fəqət bu məclislər, nümayəndəliklər necə əmələ gəliyor. İştə, burada seçki məsələsi meydana gəliyor. Seçki xəlq və cəmaət idarəsinin dirəgidir. Bu dirək zəif olursa, bina uçular. Bütün məclislər, parlamanlar, məclisi-müəssisanlar xəlqin nümayəndəsi, seçilmişləridir. Hər kəs öz arasından özü kibi rəydə olanlardan birisini seçib millət məclisinə göndəriyor, böyük bir məmləkətin milyonlar təşkil edən xəlqi bir yerə yığılıb rəy güləşdirə bilməsə də onun seçdigi bir neçə yüz adam yığışıb söyləşə və deyişə bilər. Bunlardan hər kəs öz rəyini, mətləbini söylər, biri o birini qane etməgə çalışar: axırda bir nəticəyə gələrlər. Rəyləri yığarlar, hanki rəy çox olsa, o aparar və o rəyi yalnız məclisdəkilər degil, onları vəkil edib göndərən xəlq üçün bir nizam və qanun hökmünü alar.

Demək ki, xəlqin nizam və qanun işlərinə qarışması, hökumət işlərində xüsusi rəy sahibi olması, cəmaət müəssisələrində rəy və fikir yiyəligində bulunması üçün seçki lazımdır. İnsanlıq və vətəndaşlıq həqqindən faidələnmək üçün demək ki, insan seçki həqqinə də malik olmalıdır.

İstibdad şəklində idarə olunan məmləkətlərin hüsni-idarəsi hökmdarın şəxsi yararlığına, rəhminə, mürüvvətinə, fəzl və kamalına, ədalət və rəfətinə, xülasə, şəxsi istedadına, meylinə bağlıdır. Cəmaət hökumətindəki hüsni-idarə isə seçki üsulinin müvafiq olmasına və xəlqin seçkidən faidələnə bilməsinə bağlıdır. Buna görə də xəlq hökuməti idarə olunan məmləkətlərdə seçki üsulinin böyük əhəmiyəti, özünəməxsus elmi, fənni, nəzəriyyəsi və sənəti vardır.

 

II

 

Dedik ki, cəmaət idarəsinin binası seçkidir. Mətləbi açdıq ki, seçkinin öxünəməxsus elmi, nəzəriyyəsi və sənəti vardır.

Cəmaət idarələri seçkilərinə görə ayrılırlar. Bir cür idarə var ki, ona məşrutiyyəti-xəvas diyorlar. Bu idarədə xas siniflərin, yəni varlı və nəcabətli – deyə tanınan əyan və əşrəfin seçki həqqi çox olur. Xəlqə, ənam sinfinə, yəni qara cəmaətə, füqərayə seçki həqqi verilmiyor. İdarə cəmaətin əlində olursa da, hamısının degil, ancaq bir qisminin əlində olur.

Bəzən öylə olur ki, seçki həqqi zahirən cəmaətin hamısına verilir. Fəqət o biri tərəfdən seçki nizamnaməsində öylə şeytan fikirli maddələr, cin düşüncəli fəsillər yazılır ki, yenə də seçilmiş siniflər aparıyor, qara xəlq itirmiş oluyor. Buna görədir ki, əsl cəmaət tərəfindən olan firqələr, hürriyyəti şərtsiz və qeydsiz istəyən partiyalarsa seçkini hər bir cəhətlə ümumiləşdirməgə çalışıyorlar. Bunun çarəsini isə məşhur dörd əsasın qəbulunda görüyorlar. Həqiqi cəmaət idarəsində  seçkilər əvvəlcə ümumi, sonra müsavi, sonra xəfi, axırda da müstəqim olmalıdır. Bu dörd üsul imdiki inqilab hökuməti tərəfindən elan olunmuş və söz verilmişdir ki, Məclisi-Müəssisan seçkiləri bu üsullarla icra olunacaq.

Bu dörd əsasın nədən ibarət olduğunu əksər oxuculardan ötrü, bilxassə, müsəlman oxucusunun geniş dairəsi üçün çox aydın və aşkar bir mətləb degildir.

Seçkilər ümumi olsun demək nə deməkdir? Ümum – ərəb sözüdür. Ümumi olsun demək, hamısı üçün olsun deməkdir. Bizim köhnə idarə zamanında da seçkimiz vardı. Dumaya vəkillər seçirdik. Şəhər dumasına da qlasnılar seçilərdi. Fəqət bu seçkilər ümumi degildi. Cəmaətin hamısı bu seçkilərə şərik degildi. Əvvəl, bilaəvvəl iyunun üçündə etdigi əhdi-şikənligi ilə Nikolay hökuməti bütün Türkistanı dumaya vəkil göndərməkdən məhrum eləmişdi. Sonra arvadlar seçki həqqindən məhrum edilmiş, sair siniflər və millətlər dəxi kökündən seçkidən uzaqlaşdırılmışlardı. Demək Rusiya xəlqinin hamısı üçün dumaya vəkil göndərmək mümkün degildi. Halbuki bu dumada qoyulan qanunlar hamısının halına şamil idi. Haman bircə danə olsa da, vəkili olmayan Türkistan müsəlmanlarının, qırğızların yerləri əllərindən alınır, suları ədalətsizliklə paylanır, həqləri tapdalanıyordu. Dərdlərini deyəcək bir adamları, sözlərini bildirəcək bir vasitələri yoxdu.

İmdi isə böylə degildir. Seçkilər ümumi olacaq, yəni 21 yaşına çatmış bütün rusiyalı vətəndaşlar, sinif, silk, firqə, millət və məzhəb fərqi olmadan arvad, kişi – hamısı seçki həqqinə malik olacaq.

Cəmaət seçkisinin ikinci əsası müsavi olmaqdır. Müsavi demək bərabər deməkdir. Seçkidə hər kəs bərabər olacaqdır. Bu nə deməkdir? Necə bərabər olacaq. Böylə bərabər olacaq ki, hər bir adam ancaq bir səs verə biləcəkdir. Bu mətləb zahirdə bir az qəribə görünə bilər, nə demək? Bir adam necə ola bilər ki, artıq səs sahibi olsun. Bu təcrübədə görülmüş şeylərdəndir. Seçki istehqaqi deyən bir qaidəyə görə məsələn, evi olanın bir rəyi, zavodu olanın bir səsi, çiftligi olanın da ayrı səsi vardır. Seçki üçün seçkiçinin vətəndaş olmasından əlavə başqa bir səbəb və istehqaq mülahizə ediləndə öylə olur ki, bir adam şəhərin birində mülkədar, quberniyanın o birində zavod sahibi, digər tərəfdə də çiftlikçidir. Hər üç tərəfdə də seçki həqqi qazanıyor, birdən üç yerdə səs vermiş oluyor. Halbuki bu varlara malik olmayan vətəndaş ancaq bir səsə sahib olacaq.

Demək ki, biri üç dəfə səs vermiş olacaqdır ki, bu ədalətdən xaricdir, burada bərabərlik yoxdur. Böylə seçki vətəndaşın degil, zavodun, çiftligin, evin seçkisidir. İngiltərə cəmaət idarəsinin ən köhnə vətənidir. Oradakı cəmaət məclisinin, parlamanın 600 ildən artıq ömrü var. Qədimdə orada seçkilər mülkiyyət istehqaqına görə olmuşdur. O istehqaq qısmən imdi də vardır. Gülməli işlərdəndir ki, hər kəsin bir atı və ya bir eşşəgi varmışsa, seçkiyə iştirak edə bilərmiş. Bu il eşşəgi olub da seçkiyə iştirak edən kəndçinin gələn il eşşəgi tələf olub malsız qalsa seçkidən də məhrum olarmış. Demək ki, seçki həqqi vətəndaşın degil, eşşəgin imiş.

Seçkilər müsavi olsun demək, vətəndaşın eşşəgi oldu-olmadımı seçkiyə həqqi olub hər bir adamın ancaq bir səsi olsun deməkdir. İstər o adam müxtəlif var sahibi olsun, diplomu olsun, elmli olsun hamısı birdir. Bir adam – bir səsə malikdir.

Seçkinin üçüncü şərti gizli olmasıdır. Neçün gizli olsun, seçki vətəndaşın müqəddəs həqqidir. Bu həqdən faidələnmək gözəl şeydir. Gözəl şey də gizlədilərmi? Fəqət yaşayış məəttəəssüf şairanə degildir. Dünya məişəti insanları tamamilə hər bir qeydi-qisvədən azad edə bilməz, nə qədər siyasi azadlıq verilsə, nə qədər seçkiçinin həqqi əmin altına alınsa, əsrlərdən bəri davam edib də ikinci təbiət hökmünü alan adətlər insanı tamamilə azad olmaya buraxmaz, nə qədər iqtisadi, ticarəti ehtiyac var və insanlar cürbəcür əlaqə və riştələrlə biri-birilə bağlıdırlar. Bütün mənasilə siyasi bir azadlıq təsəvvür etmək olmaz. Nə qədər cəsur olsa da, bir əmələ aşkara gəlib də öz sahibkarı əleyhinə səs verə bilməz. Vəkilinin borcundan ehtiyat edən bir tacir bank rəisi ilə aşkara mübarizəyə çıxa bilməz. Aralarında “mən ölüm” rəsmi olan “comərd”lər dostlarının üzündən keçə bilməzlər. Seçki aşkara olursa, bu ehtimalların hamısı var, qorxuzmaq, utandırmaq, tovlamaq, nüfuz işlətmək – bunların hamısı mümkündür. Halbuki məmləkətin faidəsi, həqiqətin mənfəəti ondadır ki, vətəndaş öz rəyini azadlıqla versin, kimsənin təzyiqində olmasın. Kimsə onu cəbrləməsin. Bunun üçün lazımdır ki, seçki gizli olsun.

Dördüncü şərt seçkinin müstəqim olmasını istiyor. Müstəqim demək, düz deməkdir. Seçki necə düz ola bilər. Bu böylə olur ki, xəlq tərəfindən seçiləcək vəkil bir baş seçildigi məclisə gedər. Müstəqim seçkiyə başqa sözlə vasitəsiz seçki diyorlar. Vasitəsiz sözü müstəqim müqabilində bir də qeyri-müstəqim seçki olduğunu göstərir. Vasitəsiz seçki o deməkdir ki, xəlq tərəfindən seçilən vəkil bir başa seçildigi məclisə gedir. Halbuki vasitəli seçkidə böylə degildir. Misal üçün, götürək ki, hər 200.000 adam Məclisi-Müəssisana bir vəkil göndərəcək, Bakıda da 200.000 can var. Demək ki, buradan bir vəkil göndəriləcək. Vasitəsiz seçkidə şəhər əhli hamısı bir adam üçün səs verir, kim çox səs alarsa, o, Məclisi-Müəssisana gedir. Halbuki vasitəli seçkidə böylə degildir. İdarədə əvvəlcə seçkiçilər seçilir. Demək ki, əvvəlcə iki yüz mindən hər on min adama bir vəkil seçilər ki, cəmən 20 adam eylər. Bu igirmi adam olursa, seçkiçi sonra bu igirmi adam bir araya gəlib öz aralarından birini seçirlər ki, Məclisi-Müəssisana gedir. Hər iki surətdə də seçilənmiş zat millət və cəmaət bərgüzidəsi hesab olunur. Fəqət burada nazik bir nöqtə var ki, birinci üsulə üstünlük verir. İkinci üsul bir az asan olsa da, naqisdir. Çünki ola bilər ki, seçilmiş 20 seçkiçilərdən öylə birisi vəkil keçsin ki, əvvəlinci seçkidə az səs almışdır. Demək ki, cəmaət çoxluğunun meyli ilə müvafiq degildir. Ondan əlavə 200.000 xəlqi tovlamaq, nüfuz altına salmaq, utandırmaq, nəhayət satın almaq müşküldür. Halbuki igirmi adamla hər zaman anlaşmaq ehtimalı var.

İştə, vətəndaş rəyinin saflığını bakir saxlamaq və işə mümkün olduğu qədər qərəz daxil etdirməmək üçün tələb olunur ki, millət məclisi ilə millət arasında vasitə olmasın, seçkilər müstəqim və vasitəsiz olsun.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 5, 13 aprel 1917,

 

¹ 442, 449

 

Mən – qadağan

Faili-muxtar – öz işində ixtiyar sahibi olan

Sərkeş – itaətsiz

Xəvas – xassələr

Xəfi – gizli, məxfi

İstehqaq – haqlı olma

Bərgüzidə – seçilmiş, bəyənilmiş

 

Qafqasiya müsəlman ictimaı münasibətilə

 

Bütün Qafqasiya müsəlmanları tərəfindən çağırılan ictima neçə nəfərdən birini seçəcək. Qafqasiyanın hər tərəfindən nümayəndələr cəlb ediləcək. Bu birinci Qafqasiya ictimai hanki məsələlərlə məşğul olub ovzai-hazirə həqqindəki münasibatini nə surətlə təyin edəcək?...

İctimain dəvəti hər nə qədər Tiflisdəki icraiyə komitələrinin müsəlman nümayəndələri iclasında seçilən komisyon əzası tərəfindən vaqe olmuşsa da, təşkilat və tərtibatı Bakı müsəlman komitəsi tərəfindən dəröhdə edilmişdir.

İctimain elan olunan proqramında ovzai-hazirəyə münasibətimiz, siyasi-milli idealımız, idareyi-ruhaniyyə islahatı, mövqufat, məktəb və mədrəsə məsələləri, Qafqasiya müsəlmanlarının təşkilati, milli fond məsələsi kibi mühüm məsələlər vardır.

Məlum işdir ki, idareyi-ruhaniyyə islahatı, məktəb məsələsi kibi böyük məsələləri üç günə çağırılan yığın bütün təfsilati ilə həll edəmiyəcəkdir. Bütün təfsilati ilə həll etməgə lüzum da yoxdur. Yetişər ki, yığın bu xüsusda əsası və ümumi tələblərini bəyan eləsin.

Bilməlidir ki, tarixi və olduqca əhəmiyyətli bir zaman inqilabda çağrılan bu birinci Qafqasiya müsəlman yığınını hər şeydən əvvəl siyasi olub bütün Qafqasiya müsəlmanlarının hissiyyat və tələblərini, zəmanəyə nə nəzərlə baxdıqlarını nümayiş etdirməlidir. Bu nöqteyi-nəzərdən ictimainin ovzai-hazirəyə münasibəti olduqca aydın və aşkar bir surətdə meydanə çıxmalıdır.

Yığışmaq, danışmaq, azadlıqla öz qəsdlərini təyin edib o məqsədi tərvic eləmək Qafqasiya müsəlmanlarının sənələrdən bəri həsrətlə gözlədikləri amallarıdır. O amallarına ancaq imdi nail ola bilərlər. Bu azadlığın müsəlmanlardan ötrü nə dərəcədə əziz və qiymətdar bir tərəqqi amalı olduğunu göstərməyə kafi degilmidir?

İştə, birinci müsəlman ictimai bütün Qafqasiya müsəlmanlarından ötrü azadlığın nə dərəcədə mühüm və hava ilə su kibi lazım olduğunu siyasi qərarlar ilə göstərilməlidir.

Yeni hökumətə tərəfdar olmağı elan elədigi proqramına sadiq qaldıqca onun tərəfini saxlamağa söz verməsi ilə bərabər yığın ovzai-hazirəyə münasibətini təyin ilə müsəlmanların hanki siyasi və inqilab qüvvətlərinə daha ziyadə əmin olduqlarını da bildirməlidir. Bu xüsusda müsəlmanlarının həqiqi mənfəətlərinə müvafiq olacaq qərarı həqiqi demokratiya firqələrinin tərəfini saxlamaq həqqində alınacaq qərardır. Müsəlman fraksiyası yanındakı mərkəzi Büronun Məqsudov əzasına müqabil nəşr elədigi bəyannaməsində denildigi kibi müsəlmanlar Kadet firqəsi kibi cahangirlik ruhu ilə pərvəriş tapan liberallarla gedəməzlər. Onlar öylə firqələri iltizam edərlər, öylə siyasi firqələrə qoşuluyorlar ki, bütün millətlərlə bərabər azadlıq istiyor və bu azadlığı Avropa ilə Asiya üçün bir dərəcədə tələb ediyorlar.

Müsəlmanların faidəsi Rusiyanın həqiqi surətdə demokratik əsaslar üzərinə qurulmasındadır. Bu isə ancaq o firqələrin qələbəsi ilə mümkün olar ki, təbiətlə cümhuriyyət və cəmaətçilik tərəfdarıdırlar. Bunlar o firqələrdir ki, xaricdə cahangirlik siyasətini, daxildə də təmsil siyasətini yaxına buraxmazlar. Böylə bir qüvvət isə bu gün Fəhlə Vəkilləri Şurası ətrafında toplaşmaqdadır. Bunu bütün müsəlmanlar dərk etməli və müvəqqəti-hürriyyət hökumətinə bəyani-etimad etdikləri əsnada inqilabın həqiqi amalı və hürriyyətin səmimi tərəfdarı olan inqilab təşkilatına nisbət dəxi dostluq istədiklərini bildirməlidirlər.

 

M.Ə.

“Açıq söz”, 7 aprel 1917, ¹444

Mövqufat – vəqf üçün ayrılmış mülk

 

Hürriyyət borcu

 

Tazə cəmaət qüvvəti çürük istibdad əlindən hökumət binasını darmadağın bir halda aldı. Yollar pozulmuş, məkulat məsələsi bərbad bir halə düşmüşdür. Böylə dağıq, təbii cığırından çıxarılmış məmləkət idarəsini islah eləmək üçün yeni müvəqqəti hökumət hər şeydən əvvəl pula möhtacdır. Çünki bütün daxili islahatı əmələ gətirmək, üstümüzdə olan ağır müharibəni qurtarmaq, müharibə üzündən olan pərişanlıqları düzəltmək ancaq pul ilə ola bilər. Bu məqsədlə köhnə hökumət də cəmaətə müraciət edib istiqrazlar buraxıyor və bu istiqrazlara yazılmayı təklif ediyordu.

Ancaq o zaman istiqrazlara verilən pullar ehtiyatla titrəyə-titrəyə verilir, inanılmıyordu ki, bu pullar yerinə sərf olunacaq, millətin, vətənin dərdinə, cövrinə sərf olunacaq, rüşvətxorların cibinə getmiyəcək. Odur ki, o zaman elan olunan borcları cəmaət arasında tərvic və təşviq eləmək bir əmri-müşkül olub, hər kəs insafın əmrilə, vicdanının buyruğu ilə degil, qorxu ilə hərəkət ediyor, məcburiyyətlə iş görüyordu.

İmdi elan olunan istiqraz isə öylə degildir. Dövri-hürriyyətdə elan olunan borc hürriyyət borcudur. Bu borcu elan edən hökuməti-müvəqqətə cəmaətin etimadına məzhər bir hökumətdir. Hökumətin bütün işləri cəmaət və inqilab müəssisələri tərəfindən təftiş olunuyor. Buna görə xəlq ümidvar ola bilər ki, hürriyyət borcuna verdigi pullara haman hürriyyətin, xəlq hökumətinin qüvvətlənməsinə, əbədiləşməsinə, cəmaətin faidəsinə sərf olunacaq. İsraf edilməyəcək. Buna görə də bütün Rusiya vətəndaşlarına, əzcümlə biz müsəlmanlara lazım və vacibdir ki, bu zamanda vətənə yardım edək. Dövlət Duması rəisi Rodzyankonun dünki sayımızda nəşr elədigi xitabnaməsini can qulağımızla dinləyəlim.

Bu vəqtə qədər verdigimiz pullar ruhən bizə özgə, düşmən bir idarə əlinə düşüyordu, mənafeimiz əleyhinə sərf olunuyordu. İmdi isə öylə degildir. Rusiya hökuməti Rusiya millətlərinin şərikli bir idarəsidir. Bir şirkətdən müsavi surətdə pay aparmaq həqqinə malik olmaq üçün şirkətdəki mayaya da şərik olmalıyız. Qoy bu hürriyyət borcuna iştirakımızla biz özümüzün az mayalı degil, çox mayalı şəriklər olduğumuzu göstərəlim. Haydı, vətəndaşlar, hürriyyət borcuna iştirak etməklə borcumuzu ödəyəlim!

 

M.Ə.

“Açıq söz”, 10 aprel 1917, ¹446

 

Mühitimizdəki hərəkətlər münasibətilə

 

Hürriyyət günəş kibi bir şeydir. Bahar günəşi hər növ cücülərin, hər cür bitkilərin göyərib baş qalxızmasına nə cür meydan verirsə, hürriyyət günəşi də hər növ fikirlər, hər cür cəmiyyətlər, hər qism qərəzlərin meydana çıxıb rəngarəng bir mənzərə təşkilinə o dərəcədə səbəb oluyor.

Bahar günəşi ləzzətli şəhd ilə, dadlı balı ilə damağlarımızı şirinlədən bal arısını cana gətirdigi kibi qulaqlarımızı boş vızıltısı ilə dolduran kəlləbaş eşşək arısını da cana gətiriyor, ona da vızıltı salmaq imkanı veriyor, həmçinin baxçalarda göyərən müxtəlif rəng – bolu güllər, bu güllər üstündə uçuşan sevimli kəpənəklərlə bərabər peyinliklərdə sürünən fısıltılı dozanlar, qara qurdlar, zərərli əqrəblər vücuduna da səbəb oluyor.

Hürriyyət günəşi də öylədir. Hürriyyət elan olununca hər kəsə danışmaq, yazmaq, cəmiyyətlər təşkil etmək imkanı veriliyor, saleh ünsürlər meydana çıxıb millətin istiqbalına xidmət edən fikirlər, məqsədlər təqib elədikləri zaman, fasid ünsürlər də boş qalmıyor. Onlar da hürriyyətdən istifadə edib köhnə qərəzlərini tazə qəliblərə geyindiriyor. Bir “rəngi-novin” ilə meydani-siyasətə atılıyorlar.

Feyzi-hürriyyət feyzi-bahar kibi hər yer üçün birdir. Bütün cəmadat, nəbatat və heyvanat bahar havasından cana gəldigi kibi təşkilati-ictimaiyyənin hamısı dəxi hürriyyəti dərk ediyor və qabiliyyəti əndazəsində ondan faidələniyor.

Feyzində şübhə olmayan bahar günəşi bağda lalə, şurəzarda tikan gögərtdigi kibi, hürriyyət də bəzi yerdə həqiqi cəmaət təşkilatına, bəzi yerlərdə də tikanlı qərəz müəssisələrinə can vermiş oluyor.

Bahar feyzi ilə gögərən müxtəlif rəngli güllər və cürbəcür yuca güllər arasında faidəliləri olduğu kibi zərərliləri də var.

Hürriyyət günəşi ilə isinən cəmiyyətlər azadlıq ruhilə canlanan fikirlər və bunların təqib elədigi qərəzlər dəxi haman faidəli, zərərli olaraq başlıca iki qismə ayrıla bilir ki, bunlardan birisi səmimi bir etiqad və siyasi bir iman nəticəsində vücuda gələn güllər, digəri də şəxsi qərəzlərə bina olunub da tazə qəliblərə salınan köhnə fikirli cəmiyyətlərdir ki, tikanlardır.

Bən millətimə, mühitimə iman edənlərdənəm. İnanıyorum ki, üstümüzə axan hürriyyət işığı tikan degil, mühitimizdə lalələr gögərdəcək. Ümidvaram ki, zəminimiz lalə gögərtmək imkanındadır. Fəqət bununla bərabər geniş türk elində şurəzarlıqlar olmadığını danacaq qədər bəsirətsiz də olmaq istəməm. Gül tikanlı lalələr gögərdəcək baxçalarımız olduğu kibi qılçıxlı tikanlar becərən şurəzarlıqlarımız da yox degildir.

Cəmaət hər zaman iki cənbədən ibarət olmuş, xəlq arasında hər məkanda şeytan ilə rəhman cəhətləri üz-üzə gəlib vuruşmuşlardır. Hürriyyət yağışının bərəkəti ilə göbələk kibi artmaqda olan komitələr, cəmiyyətlər arasında şübhə yoxdur ki, rəhmaniləri olduğu kibi şeytaniləri də tapılacaqdır.

Fəqət şurəzar degil də laləzar olmaq istəyən mühit bu göbələklərə diqqət etməli, yaxşı ilə yamanı araya bilməlidir. Bunun üçün araya bilmək istedadına malik olmalı, əldə öylə bir ölçü bulundurmalıdır ki, onunla yaxşı ilə yaman, faidə ilə ziyan seçilə bilsin. Bu mizan hər şeydən əvvəl təşkil olunan cəmiyyətlərin elan elədikləri məqsədlərinə baxmaq və təşkilata başlarkən şəxsi dövrəsinə degil, məqsəd və niyət başına yığışmaqdır. Bununla bərabər diqqət etməlidir ki, həqq sözlərlə batil niyətlər güdülməsin. Bunun üçün diqqət etməlidir, yeni cəmiyyətin banilərinə, banilərin keçmişinə, elan elədikləri məqsədlərlə öz işləri arasındakı rabitə və məntiqə bunlardan sonra nəzərə almalıdır o cəmiyyətlərin tərzi-hərəkətlərini, çünki bir cəmiyyətin nə olduğunu məramnaməsi ilə əşxasından ziyadə tanıtdıran onun hərəkəti, gördügi işləridir.

Millət, əksəriyyət etibarilə fasid ünsürlərdən ibarət olamaz, salehlik hər millətdə əsldir. Bu əksəriyyət təşkil edən saleh ünsür idraklı olur və səmimi hərəkət edən ürəfa bacarıqlı və tədbirli olursa qələbə onların, salehlərindir.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 11 aprel 1917, ¹447

Şəhd – şan balı

Fasid – pozuq, fəsad törədən

Cəmadat – cansız təbiət

Şurəzar – şoranlıq

Cənbə – tərəf, yan

 

(Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 30 mart.- S.26-27.