Müdriklik mücəssəməsi

 

“Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük nailiyyətdir”.

 

Heydər Əliyev

 

O yüksək natiqlik məharəti, geniş erudisiyası, ensiklopedik biliyi, dərin analitik zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, müstəsna idarəçilik istedadı, peşəkar diplomatik manevrləri ilə əfsanələşərək fenomenal şəxsiyyət Olimpində qərar tutdu. Dünyanın görkəmli ictimai-siyasi xadimləri planetar miqyaslı siyasətçi Heydər Əlirza oğlu Əliyevi hələ onun sağlığında “canlı əfsanə”, “dahi şəxsiyyət”, “siyasət ustadı” adlandırırdılar. Planetimizin super dövlətlərindən birinin – keçmiş SSRİ-nin rəhbərlik piramidasının ən yüksək zirvəsinə qədər ucalan, bir qərinəyə yaxın Azərbaycana rəhbərlik edən, müxtəlif dövlətlərin ən yüksək və çoxsaylı mükafatlarını, orden, medal və fəxri adlarını alan ümummilli lider, əfsanəvi tarixi şəxsiyyət, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyev həmişə böyük qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyirdi. Onun bütün ömrü boyu çətin və keşməkeşli məqamlarda arxalandığı, güc aldığı bitib-tükənməz bu milli iftixar hissləri təmiz və qədim gen, soy, köklə yanaşı şübhəsiz ki, milli-mənəvi dəyərlərdən, təlim-tərbiyə aldığı ilk təhsil ocaqlarından da qaynaqlanırdı. Təhsilə xüsusi əhəmiyyət verən, orta və ali məktəblərdə yalnız “əla” qiymətlərlə oxuyan gənc Heydər Əlirza oğlu məktəbi, müəllimi müqəddəs sayır, millətin işıqlı gələcəyi naminə bu peşənin aparıcı missiyasını dərk edir, hətta 8-ci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Ona hörmət və ehtiramla “Heydər müəllim” – deyən pedaqoqların ciddi əsası vardı. Bu böyük şəxsiyyət 1998-ci il sentyabrın 25-də – Azərbaycan müəllimlərinin XI qurultayında sevgi ilə vurğulanan incə eyhama aydınlıq gətirərək dedi: “Mən bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.

Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. ... Mən 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə, müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim.

Bilirsiniz ki, mən pedaqoji texnikumu bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt dərs demək təcrübəm olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə, bizi o siniflərə aparırdılar, oturub baxırdıq ki, müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə, filan dərsi verməlisən. Nə qədər hazırlaşsaydım da, 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyəcan keçirirdim. Mən həmin günləri indi də xatırlayıram.”

İbtidai sinif şagirdləri qarşısında 16-17 yaşlı yeniyetmə gəncin həyəcan keçirməsi təbii və başadüşülən hisslər idi. Dünənəcən təcrübəli və nüfuzlu müəllimlərdən dərs alan, öyrənən tələbənin çox erkən müəllim, öyrədən funksiyasını daşıması məsuliyyət və sevinc hissinin həyəcanını yaşaması, məktəb, maarif, təhsil işini uca sayan, müəllim sənətini yüksək qiymətləndirən şəxsiyyət üçün gözlənilən idi. O həyəcan – müəllim hazırlıqsızlığından yaranan təlaş deyildi, o həyəcan – müəllim sənətinə sevgidən qaynaqlanan ürək çırpıntıları idi. Uzun illər keçsə də, o həyəcanlı günlər şirin bir xatirəyə, məktəb işinə, müəllim sənətinə olan sevgi isə böyük məhəbbətə çevrilmişdir. Onun təhsil işçiləri ilə hər bir görüşü bayram əhval-ruhiyyəsi yaradırdı. Açıq və səmimi söhbətlər uğurlar və qüsurlar üzərində köklənirdi. 1995-ci il fevralın 12-də də ölkənin qabaqcıl təhsil işçiləri ilə görüşündə fədakar maarif xadimlərinə sabit və dəyişməz mövqeyini həmişəki kimi çox səmimi bildirdi. “Demək istəyirəm ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. ...Ona görə də məktəb işi, müəllim sənəti mənim üçün ən doğma işdir. Müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir. 25 il bundan öncə – Azərbaycana rəhbər seçiləndə də bu mövqedə olmuşam, indi, müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam.”

Hər zaman prinsipial mövqe nümayiş etdirən Heydər Əliyevin siyasi kursunda gənc nəslin təhsilinə və tərbiyəsinə xüsusi qayğı və diqqət ayrılırdı. Çünki ən ali sərvət olan mötəbər və möhtəşəm milli dövlət quruculuğu və milli mentalitetin formalaşması gənclərin yüksək təhsilindən, milli-mənəvi dəyərlərin keşiyində dayanmaq istəyindən və peşəkarlığından çox aslıdır. Bu mənada milli kadrların hazırlanmasında və ziyalılar ordusunun yaranmasında respublikada ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin müstəsna xidmətlərini onun 50 illik yubileyində vurğulayan yenicə rəhbərliyə gəlmiş dövlət başçısı demişdi: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Bakı Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir.”

Ümummilli liderin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycanda təhsilin inkişaf istiqamətləri və milli-mənəvi dəyərlər haqqında söylədiyi proqram xarakterli yığcam və məzmunlu bu fikirlər əslində mövcud cəmiyyət üçün yeni baxışlar toplusu idi. Yeni Baş katib sovet ideologiyasını təbliğ eimək əvəzinə auditoriyanın, professor-müəllim heyətinin və gənclərin diqqətini Azərbaycan mentalitetinin etalonuna çevrilmiş mütəfəkkir şəxsiyyətlərə, elm və fikir adamlarına yönəldir, onlardan öyrənməyə və bəhrələnməyə dəvət edirdi. Əslində bu yol – milli təhsilin milli-mənəvi dəyərlər əsasında inkişafı milli müstəqilliyə və milli dövlətçiliyə aparan yollardan biri idi.

Millətin hərtərəfli tərəqqisində təhsilin rolunu və əhəmiyyətini düzgün qiymətləndirən Baş katib hakimiyyətinin ilk beş ilində respublikada beş yeni ali məktəb yaratmağa müvəffəq oldu. Həmin dövrdə keçmiş SSRİ-nin 40 şəhərinin 140 ali məktəbində təhsil almağa Azərbaycandan tələbələr göndərilirdi ki, bu da təxminən 244 ixtisası və 2500 gənci əhatə edirdi.

Ümummilli lider 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə indi öz adını daşıyan sarayda görüş zamanı gənclərə doğma ata qayğıkeşliyi ilə tövsiyə edirdi. “İxtisasa yiyələnmək, zəngin bilik qazanmaq, seçdiyiniz ali məktəbi qurtarmaq asan iş deyildir. Bunun üçün böyük səy, çalışqanlıq, dözüm, səbir və iradə lazım olacaqdır. Biliklərə mükəmməl və dərindən yiyələnmək sizin əsas vəzifənizdir.

Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır. Bilik pilləkəni ilə yorulmadan və qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbəlik həyatının hər günü bu pilləkənin bir pilləsi olmalıdır. Getdikcə zənginləşən bilik xəzinəsindən, geniş elmi məlumat axınından baş çıxarmağı öyrənməlisiniz, bir sözlə, sabahkı günün mürəkkəb məsələlərini həll edə bilən yaxşı mütəxəssis olmalısınız.

Bir çoxunuz gələcəkdə istehsalat rəhbəri və təşkilatçısı olacaq, əmək kollektivinə başçılıq edəcəksiniz. Bu mühüm və məsul işə hazır olmaq üçün iqtisadiyyatı, əməyin elmi təşkili prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rəyinə qulaq asmağı, tənqiddən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır. Tələbəlik illərindən bu keyfiyyətləri özünüzdə aşılayın, məsuliyyətə və ciddi intizama özünüzü alışdırın.”

Cənab Heydər Əliyevin ali məktəbə qəbul olunan abituriyentlərə uzaqgörənliklə və müdrikliklə ünvanladığı bu kəlamlar 30 il öncə deyilməsinə baxmayaraq, bu gün də aktual səslənir. Azərbaycanda bu il ali məktəblərə girən tələbələrin də “Biliklərə mükəmməl və dərindən yiyələnmək ... yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq” kimi vaxtında verilmiş qiymətli tövsiyələrə ehtiyacı vardır və bu fikirlər müstəqil Azərbaycanın taleyi və tərəqqisi üçün bu gün də xüsusi əhəmiyyət kəsb edir.

Bütün ömrü boyu qurub-yaratmaqla, xalq üçün cahanşümul işlər görməklə məşğul olan, müstəqil Azərbaycanın memarı adlandırılan Heydər Əliyev gözəl bilirdi ki, elmin və iqtisadiyyatın inkişafında, milli tərəqqidə, uğurlu dövlət quruculuğu prosesində təhsil sisteminin rolu əvəzsizdir. O ötən əsrin 80-ci illərin ortalarında SSRİ miqyasında təhsil islahatına rəhbərlik edirdi. Siyasi büronun üzvü və Sovetlər İttifaqı Nazirlər Soveti sədrinin 1-ci müavini kimi SSRİ Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Texniki Peşə Təhsili Komitəsi kimi üç böyük qurum beş il Heydər Əliyevin tabeliyində fəaliyyət göstərdi. O, Sovet İttifaqında məktəb islahatının keçirilməsi üzrə hökumət tərəfindən yaradılmış böyük bir komissiyanın da sədri idi. SSRİ Ali Sovetinin sessiyasında məktəb islahatı haqqında məruzə etmiş, 1984-cü ildə “Məktəb islahatı haqqında” qəbul olunmuş Ümumittifaq qanununun həmmüəllifi idi. Vaxtaşırı kollegiyalarda, yığıncaqlarda təhsil problemləri haqqında nitqlər söyləyən, bu sahəni dərindən bilən ictimai-siyasi xadim üçün müstəqil Azərbaycanın təhsil sistemini dəyərləndirmək, inkişaf yoluna nəzər salmaq, obyektiv qiymət vermək o qədər də çətin deyildi. O yaratdığı və rəhbərlik etdiyi təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının 19 aprel 1999-cu il tarixli iclasında xüsusi vurğulayırdı: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Azərbaycanda  iki milyon uşaq, gənc ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında təhsil alır... Təhsil Azərbaycanın hər yerini əhatə edibdir. Azərbaycanda savadsızlıq ləğv olunub, insanlar məktəbdə təhsil alıblar və fəaliyyətə başlayıblar. Bunun əsasında Azərbaycanın böyük elmi yaranıbdır. Elmi müəssisələr yaranıb, Azərbaycanın mədəniyyəti inkişaf edibdir. Bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsidir. İndi, burada oturanların hamısı, təkcə onlar yox, bu gün Azərbaycanda yaşayanlar – həm yaşlı, həm orta nəsil öz təhsilini, biliyini həmin bu təhsil sistemində alıbdır.

Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”

Heydər Əliyev təhsil quruculuğu prosesi ilə əlaqədar istər nəzəri görüşlərində, istərsə də müsahibələrində, söhbətlərində məntiqə əsaslanmağı, dünənə, keçmişə münasibətdə ədalətli, obyektiv fikir söyləməyi, ifrata varmamağı, tarixi təhrif etməməyi, müsbət təcrübədən faydalanmağı vacib sayırdı. O sovet təhsil sisteminin fərqli xüsusiyyətlərini, ziddiyyətli məqamlarını dəyərləndirəndə də eyni mövqedən çıxış edirdi. O, ictimai-siyasi fəaliyyəti zamanı fərqli dövlət formasiyalarında uzun illər rəhbər vəzifədə işləsə də, elmi-nəzəri baxışlarında fərqli, ziddiyyətli mövqelərdə dayanması istisna təşkil edir. Çünki onun bütün şəraitlərdə istinad nöqtəsi həqiqət olmuşdur.

Müstəqil Azərbaycanda milli tərbiyə konsepsiyasının təməl müddəalarının gənclər tərəfindən düzgün dərki və qəbulu üçün açıq-aşkarlıq, obyektivlik, ədalətlilik prinsipi mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərin qorunmasında, gənclərlə tərbiyə işinin səmərəliliyinin artırılmasında, tariximizin, dilimizin, mədəniyyətimizin, dini dəyərlərimizin tədrisinin və təbliğinin yüksəldilməsində şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu ciddi amildir. Heydər Əliyevin “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz... Bu gün mənəvi tərbiyə də keçmiş illərdən daha çox lazımdır” – kəlamları mövzunun aktuallığını daha da ön plana çəkir. Milli liderin tərbiyə konsepsiyasında gənclərə vətənpərvərlik və azərbaycançılıq hisslərinin, Vətənə, millətə, xalqa sədaqət və məhəbbət ruhunun aşılanması, dövlət rəmzlərinə – Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət və ehtiram bəslənməsi xüsusi yer tutur. Heydər Əliyev 31 avqust 1999-cu ildə təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə milli təhsilimizin başlıca məqsədlərini şərh edərkən deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır.”

Azərbaycan tarixinin, Azərbaycan dilinin orta və ali məktəblərdə tədrisinə və təbliğinə xüsusi əhəmiyyət verən, vətənsevər, millətsevər gənclərin böyüyüb layiqli təlim-tərbiyə almasına diqqət və qayğı göstərən ictimai-siyasi xadim, dövlət başçısı Heydər Əliyev işlərinin çoxluğuna, zamanının sıxlığına baxmayaraq bir valideyn, bir ata kimi övladlarının dərsləri ilə mütəmadi maraqlanmış, onların vətənpərvər şəxsiyyət kimi formalaşmasında birbaşa mühüm rol oynamışdır. O, 1 sentyabr 2001-ci ildə yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə Bakı şəhərinin Səbail rayonundakı 6 saylı məktəb-liseydə müəllim və şagirdlərlə görüşərkən ötən günləri yada salaraq  dedi: “6 nömrəli məktəb həmişə nümunəvi məktəb olub, onun böyük tarixi var. Çox məmnunam ki, o, bu adı indiyə qədər, bütün çətin dövrü yaşayaraq qoruyub saxlayıb və ümidvaram ki, bundan sonra da şərəflə qoruyacaqdır.

Bu gün xatırlayıram ki, 1977-ci ildə mənim oğlum İlham məktəbi qurtararkən mən gəlib başqa valideynlərlə birlikdə buraxılışda iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər ki, necə ola bilər ki, ölkənin başçısı gəlib burada, məktəbdə bütün  başqa valideynlərlə birlikdə mərasimdə iştirak edir. Mən hesab edirəm ki, o təəccüb edənlər səhv edirdilər. Çünki bizim özümüz də məktəbdən çıxmışıq. Bizim özümüz də məktəbin yetirmələri idik. Mənim oğlum on il burada təhsil almışdır. Əgər yaxşı təhsil alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə getməli idim, öz təşəkkürümü bildirməli idim. Keçmişi yada salaraq demək istəyirəm ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat yoldaşım Zərifə xanım valideynlərin bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcudur. Valideynlər gərək məktəblə sıx əlaqə saxlasınlar. Gəlsinlər, uşağın dediyi ilə yox, müəllimlə haradasa görüşməklə yox, məktəbdə uşağının necə oxumasını, məktəbdə olan şəraiti görsünlər. Beləliklə, onlar öz uşaqlarının yaxşı oxuması üçün yaxşı fəaliyyət göstərə bilərlər.”

Ümummilli lider, dövlət başçısı öz şəxsi nümunəsində valideyn borcundan, cəmiyyət qarşısında valideyn məsuliyyətindən söz açdı, gənc nəslin təlim-tərbiyəsində valideyn – müəllim əlaqələrinin zəruriliyini vurğuladı. Səmimi və açıq xatirələri ilə məktəbə, müəllimə valideynlər tərəfindən hörmət və ehtiram göstərməyin vacibliyini yada saldı. “Uşaqların yaxşı oxuması üçün” valideyn – müəllim təmaslarının sıxlığını tövsiyə etdi.

Təhsil ocaqlarında çoxsaylı görüşlər keçirən böyük valideyn, millət atası Heydər Əliyevin hər bir sözü, kəlməsi, təklifi hər kəs üçün təlimata, fəaliyyət proqramına çevrilirdi. Onun ölkəmizin sabahı ilə bağlı müraciətləri, söylədiyi fikirlər isə milli liderin müstəqil respublikamızın gələcəyi üçün məsuliyyət daşıyan gənc nəslə təxirəsalınmaz məsul tapşırığı, tövsiyələri kimi səslənirdi: “Gənclər, gələcək nəsil haqqında danışarkən yenə də müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər. Biz isə Azərbaycanın müstəqilliyini daimi, dönməz edəcəyik. Bizim xalqımız daim müstəqil, azad yaşayacaqdır. Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik. Ancaq bu işləri gələcəkdə aparmaq üçün daha da biliklənmək, elmə malik olmaq lazımdır. Bu isə sizin, bizim, hamımızın vəzifəmizdir.”

Cəmiyyət üçün layiqli vətəndaşların formalaşmasında milli-mənəvi təmələ söykənən yeni dərsliklərin hazırlanması həmişə dövlət başçısının nəzarətində olmuşdur. Xüsusilə orta təhsil ocaqlarının keçid mərhələsində yeni dərs vəsaitləri ilə təchizi müşkül məsələ olaraq qalmaqda idi. Çətinliklər özünü xüsusilə humanitar elm sahələrində büruzə verirdi. Azərbaycan tarixi qədim və zəngin olsa da, bir sıra siyasi hadisələrin və tarixi dövrlərin obyektiv qiymətləndirilməməsi, faktların təhrif edilməsi, konyukturaya yol verilməsi mətbuatda və ictimai fikirdə mübahisələrə səbəb olmuşdur. Milli öndər problemlərə, qaranlıq məsələlərə aydınlıq gətirilərkən müstəqil Azərbaycanın dövlətçilik prinsiplərindən obyektiv yanaşmanı tövsiyə edirdi. Vətənpərvərliyin, azərbaycançılığın və milli iftixar hissinin rişələrini şərəfli tariximizdə, onun tədqiqində, tədrisində və təbliğində arayan Heydər Əliyev tarix dərsliklərinin həm elmi, həm də poliqrafik baxımdan yüksək səviyyədə hazırlanmasına xüsusi əhəmiyyət verirdi. Ən xırda qüsur diqqətindən yayınmazdı. Bəzən tarixçilərə problemin elmi istiqamətini nişan verirdi, məsələnin həllini sürətləndirmək məqsədilə şəxsi diqqət və qayğısını nümayiş etdirirdi. Bəzən də gənclərin natiqə aludə olduğunu duyub onlara şanlı tariximizin parlaq səhifələrindən qürur hissi ilə danışırdı: “Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlərdə Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr verilmişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. Və nəhayət, XX əsrin əvvəllərində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr – 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir.

Nəhayət, 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir... Biz bununla fəxr edirik və fəxr edə bilərik. Azərbaycançılıq hissiyyatını gənclərdə yaratmaq lazımdır”.

 

(Ardı var)

 

Asif Rüstəmli,

filologiya elmləri doktoru,

ADMİU-nun professor

 

525-ci qəzet.- 2013.- 7 may.- S.4.