Qəbələnin Nic kəndindəki udinlər “Pasxa” və “Kala Axsibay”ı bayram ediblər

 

Nic kilsəsinin bərpasından sonra udinlərin müqəddəs bayramlarını layiqincə qeyd etməsi tolerantlığa gözəl nümunədir”

 

Mayın 5-də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” və “Kala Axsibay” bayramlarını təntənə ilə qeyd ediblər.

Qəbələ İcra Hakimiyyətindən verilən məlumata görə, Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışaraq bayram münasibətilə insanları təbrik ediblər. Mərasimdə çıxış edənlər qeyd ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət- din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər bir kəsin dini etiqad azadlığını təmin olunur. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndiririk. Nic kilsəsinin bərpasından sonra udinlərin müqəddəs bayramlarını layiqincə qeyd etməsi   tolerantlığa gözəl nümunədir”. Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Kilsədə şamlar yandırılıb, dualar oxunub.

Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlanıb, udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilmiş süfrələr hamıda xoş əhval-ruhiyyə yaradıb.

Udin dilində mənası “böyük bayram” olan “Kala Axsibay” 1836-cı ildə bir sıra səbəblərə görə Alban kilsəsinin bağlanmasından sonra rəsmi olaraq qeyd olunmurdu. Udinlər kilsəyə getmədən ibadətlərini evlərində ediblər. Keçmiş sovet dövründə də udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Artıq 10 ildir ki, udinlər Azərbaycan dövlətinin onlara yaratdığı bu şəraitdən bəhrələnərək öz müqəddəs bayramlarını lazımi şəkildə qeyd edirlər. “Cotari“ alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan da ən əhəmiyyətli abidələrdən biridir. Sözügedən məbəd müqəddəs Yeliseyin adını daşıyır.

Alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsə dördkünc planda inşa edilib. Kilsənin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Qəsəbədə daha iki qədim alban kilsəsi var.

Hazırda Nic tolerantlığın kiçik modeli sayılır. Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdikləri 5-7 pir var. Altı min əhalisi olan kənddə 3700 udin yaşayır. Azərbaycanda 4000 udin yaşayır ki, onların da 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Udinlərin dili Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlayıb. Udi dilinin üç dialekti var: Oğuz , Nic , Oktomberi (Gürcüstanda kənd). Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz rayonu, Kirzan kəndi və Arsaxdan (Qarabağ, Seysulla kəndi, Həsənqala) olan müxtəlif udin qruplarına uyğun olaraq ayrı-ayrılıqda dialektdir. Bu tayfalar sonradan əsrlər boyu yaşadıqları ərazilərin ermənilərlə məskunlaşdırılması nəticəsində Nic və Oğuz ərazilərinə köçüblər. Dünyanın etnik xəritəsində udin adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Udin dilinin əlifbası yoxdur. Udilərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan utilər (udilər) olub. Udilər barəsində ilk məlumat hələ 2500 il bundan əvvələ aiddir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir. Qafqaz Albaniyasının paytaxtları Qəbələ və Bərdə udilərin tarixən yaşadığı yerlər olub. Təsadüfi deyil ki, Qafqaz Albaniyasının vilayətlərindən biri də Uti adlanırdı. Sonrakı tarixi sənədlərdə Şəki xanlığı ərazisində azı 4259 nəfər udinin yaşadığı barədə məlumatlar var. Amma nəzərə alınmalıdır ki, bu siyahıyaalma sənədlərində bütün müsəlmanlar “tatar”, qriqoryan xristianlar “erməni”, pravoslavlar isə “gürcü” kimi qeydə alınıb. 1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Sonralar Azərbaycanda islam dininin yayılması və türk dilinin inkişafı ilə əlaqədar, Azərbaycan xalqının uzun müddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranıb. Udinlər Azərbaycan xalqının əcdadlarından biri hesab edilir. Bəzən udinlərin erməni mənşəli olması ilə bağlı fikirlər səsləndirilir. Aparılan tədqiqatlar isə sübut edib ki, udinlərin ermənilərlə heç bir bağlılığı yoxdur. Baxmayaraq ki, hər iki xalqın nümayəndələrinin soyad sonluğu “yan”dır. Bu barədə udinlər bildirirlər ki, onların emənilərlə eyni olub-olmaması ilə bağlı onlara çoxlu suallar verilir. Onlar qeyd edirlər ki, bizim dilimizdə heç bir dənə də olsun erməni sözü yoxdur: “ Azərbaycan sözlərinə oxşar bəzi sözlərimiz var, amma erməni dilində bircə sözümüz də yoxdur. Sadəcə, bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın Qriqorian, biz isə katolik qoluna mənsubuq. Bu təbliğat Azərbaycan xalqının əcdadlarından olan udinlərin qədim tarixinin saxtalaşdırılmasına nail olmaq üçün illərlə ermənilərin özləri tərəfindən aparılmış məqsədli və çirkin siyasətdir”. Udinlər indi əminliklə bildirirlər ki, yavaş- yavaş aparılan düzgün təbliğat artıq öz işini görüb. Udin xalqının əsl kimliyini indi hamı bilir.

Qeyd edək ki, hazırda Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər də onların ana dilində icra edilir.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 7 may.- S.6.