Akademik Cuvarlı elm və nəcabətin vəhdəti

 

Azərbaycan elektrofizika məktəbinin banisi, dünya energetika elminin tanınmış simalarından olan Çingiz Cuvarlı müasir Azərbaycan ziyalısı ənənələrinin təməlçilərindən idi.

 

NƏSİB BƏYİN BACISI OĞLU

 

Bu ZİYAnın genetik kökü də mövcud idi. O, Azərbaycanın taleyində əhəmiyyətli rol oynamış familiyaya məxsus bir ocaqda Yusifbəylilərin ocağında, Gəncədə doğulmuşdu. Çingizin anası Xanım Azərbaycan Milli İdeyasının başlanğıcında duran bir şəxsin, yaxın yüzillik tariximizin ən güclü ictimai-siyasi simalarından olan görkəmli xadim, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin doğma bacısı idi; atası Mehdi bəy Cuvarlı əvvəlcə Sorbonna, sonra Tartu Universitetlərinin tibb fakultəsində oxumuş, Azərbaycanın ilk baytar həkimi olmuşdur.

1920-ci ilin aprelində Mehdi bəy Azərbaycan Cümhuriyyətinin Kənd Təsərrüfatı Nazirliyinin baş baytarı təyin olunur. Yeni təyinat üzrə ailəsi ilə birgə Bakıya yollanan Mehdi bəy burada artıq 28 Aprel çevrilişi ilə üzləşir. O, ailəsilə Cuvarlı kəndinə yollanır. Bir qədər sonra burada məktəb təsis edir və onun direktoru işləyir. Lakin gözlənilməz ölüm ailəni başsız qoyur. Aclıq dövrü olduğundan Çingizi Bakıda uşaq evinə verirlər. Ailə isə Gəncəyə köçərək Yusifbəylilərin böyük qardaşı Həmid bəyin himayəsinə sığınır (buradaca qeyd edək ki, Həmid bəy də hələ çar dövründən milli azadlıq hərəkatının ön sıralarında getmiş, maarifçilik fəaliyyəti ilə yanaşı 1905-ci ildə Difai milli firqəsinin özəyini təşkil edəcək Qeyrət təşkilatının yaradıcılarından olmuşdur).

1924-cü ildə Həmid bəy 11 yaşlı Çingizi Bakıdan Gəncə Uşaq evinə köçürməyə müvəffəq olur. Amansız aclıq və xəstəlik artıq onun kiçik bacısının və qardaşının həyatına son qoyduğundan, ana bununla bir balaca təsəlli tapmış olur. Həmid bəyin istintaqı isə uzun müddət davam edir. Nəhayət 1942-ci ildə onu tuturlar və Həmid bəy Bakı həbsxanasında bir neçə aydan sonra vəfat edir. Nəsib bəyin kiçik qardaşı Eyyub bəy isə Solovki adasına sürgün edilir, oradan qayıtdıqdan bir qədər sonra, 1948-ci ildə ikinci repressiya dalğası ilə Tomska sürülür, 1956-cı ildə doğma ocağa dönməyə müvəffəq olur. Bütün ömrünü sürgündə keçirən Eyyub bəy ailə də qura bilməmişdi.

1927-ci ildə Gəncə Sənaye Texnikumunda oxuyarkən 14 yaşlı Çingiz özünün elmə, eləcə də ədəbiyyat və incəsənətə həvəsi ilə burada müəllimlik edən Azərbaycan elminin gələcək korifeyi, respublika Elmlər Akademiyasının yaradıcısı olacaq Yusif Məmmədəliyevin diqqətini cəlb edir. Qətiyyətlə elm yolunu tutmağa qərar vermiş Çingiz gələcəkdə də dəfələrlə öz müəlliminin kömək və dəstəyinə arxalanacaqdı.

Yaxın qohumu Məmməd Cuvarlinskinin Respublika Kommunist Partiyasına rəhbər vəzifəyə irəli çəkilməsi də məhrumiyyətlərin bir qədər səngiməsi ilə nəticələnir. Çingiz Yusif Məmmədəliyevin təqdimatı ilə Azərbaycan Sənaye İnstitutunun tələbəsi olur. 3-cü kursdan institutun elmi-tətqiqat sektorunda çalışır, 5-ci kursdan isə artıq mühazirələr oxumağa başlayır.

1938-ci ildə gənc mühəndis Çingiz Cuvarlı Bakı şəhərində ağır nəticələr törədə biləcək qəzanın qarşısının alınmasında şəxsən iştirak edir. Bu barədə xəbər tutan respublika rəhbəri Mircəfər Bağırov bir müddət əvvəl Xalq Maarif Komissarı Məmməd Cuvarlinskini şəxsən güllələməsinə baxmayaraq, Çingiz Cuvarlını qiymətli mütəxəssis kimi qorumaq haqda göstəriş verir.

 

ELM FƏDAİSİ

 

Çingiz Cuvarlının 87 illik ömrünün 67 ili Azərbaycan energetika elminin inkişafına, xalqın tərəqqisinə sərf olunmuşdur. Azərbaycan EA həqiqi üzvü, SSRİ, Azərbaycan və Ukrayna Dövlət, SSRİ EA P.Yabloçkov adına mükafatlarının laureatı, SSRİ-nin fəxri energetiki, Azərbaycanın əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Çingiz Mehdi oğlu Cuvarlı dünya miqyasında elektroenergetikanın fiziki-texniki və fundamental problemlərinin işlənilməsində və zənginləşdirilməsində xidmətləri olan alim kimi tanınıb. Onun başçılığı ilə aparılan tədqiqatlar yüksək elmi səviyyə və nəticələrlə fərqlənməklə yanaşı, dəfələrlə SSRİ EA-nın və SSRİ Energetika Nazirliyinin yeni texnika üzrə hesabatlarında sovet elminin əsas nailiyyətləri sırasında yer alıb. Onun uzun illər rəhbərlik etdiyi, Azərbaycan EA Energetika İnstitutunun Yüksək Gərginliklər Laboratoriyası SSRİ, eləcə də bir sıra xarici ölkələrin energetikləri üçün yüksək səviyyəli məktəb hesab olunub. Ən başlıcası isə bu laboratoriyada çalışmağa gələnlər elmə təmənnasız xidmət üzrə Cuvarlı məktəbini keçmiş olurdular. Bu məktəbin yetişdirmələrindən olan akademik Arif Həşimovun sözləri alimin portretinə maraqlı cizgilər vurur:

Çingiz Mehdiyeviç yaşlı vaxtlarında da yalnız əvvəlki uğurların xatirələri ilə yaşayan alim deyildi. O, elmin sabahkı gününü, onillər sonrakı inkişaf istiqamətlərini duyur və yetişdirmələrini bu perspektivlərə yönəldirdi.

Onu da deyək ki, akademik Cuvarlı SSRİ Kosmik Uçuşlar üzdə Dövlət Komissiyasının üzvü olub. Çingiz müəllimi dəfələrlə Rusiya, Ukrayna, eləcə də İranın nüfuzlu elmi mərkəzləri böyük imtiyazlı şərtlərlə işləməyə çağırsalar da o, Vətəndə qalmağı özünün vəzifə və mənəvi borcu hesab edib.

 

AZƏRBAYCANA BÖYÜK ŞƏXSLƏR VERMİŞ MƏBƏDDƏ

 

Bu evi sözün əsl mənasında belə adlandırmaq olar. Materialımızı hazırlayarkən biz Azərbaycanın siyasi tarixinə və elm aləminə görkəmli şəxsiyyətlər vermiş bu ocaqda olmaya bilməzdik. Elə evin önünə vurulmuş, Yusifbəylilərin və Çingiz Cuvarlının barelyefləri də burdan keçənlərə bu ocağın Vətənə təmənnasız xidmət nümunəsi olan insanların yadigarı olduğunu xatırladır.

Evin hal-hazırki sahiblərindən olan Rəfat Cuvarlı Çingiz müəllimin yeganə sağ qalmış qardaşı Zillinin oğludur. Belə görünür, Rəfat müəllim Çingiz Cuvarlı üçün həm də yaxşı dost və həmsöhbət imiş. O, bizə Çingiz müəllimin dilindən eşitdiyi, onun təmiz və prinsipial şəxsiyyətini, elm aləmində çəkisini xarakterizə edən xeyli nümunələr gətirdi.

Bizi çox sayda ailə fotoları ilə tanış edən Rəfat müəllim Çingiz Cuvarlının doğma Gəncəyə bağlılığı barədə də danışdı:

Gəncə kəlməsi hər an dilində idi. Çox nadir məzuniyyətlərini də burada keçirərdi. Öz ad gününü isə mütləq Gəncədə qeyd etməli idi. Bu bir qanun idi. Elə vəsiyyətində də doğma şəhərində dəfn olmasını istəmişdi. O, 2000-ci ilin avqustunda öz son arzusuna qovuşdu.

Rəfat müəllim əmisinin qürurlu, eyni zamanda sadə və təvazökar insan olmasından da söhbət açdı:

Oxumuşam ki, Yusif Məmmədəliyev uşaqlarla nağıl-multfilmlərə baxmağı, onlarla birgə sevinməyi xoşlayırmış. Qəribədir, Çingiz Cuvarlı da müəllimi kimi uşaqla uşaq, böyüklə böyük idi. Ümumiyyətlə, bu iki böyük insan arasında oxşar cəhətlər mövcuddur. Vaxtı ilə Y.Məmmədəliyev özü haqda getmiş məqalədə guya onun əsl proletar mənşəli olduğunu yazaraq, ona xidmət göstərmək istəyən bir nəfərə açıq etiraz etmiş və demişdi ki, mənim atam Hacı Heydər heç vaxt siz yazdığınız kimi batrak yox, meyvə tədarükü ilə məşğul olaraq ortabab səviyyədə yaşayan bir adam olub; nə üçün bunu danmalıyam?

Yeri gəlmişkən, uzun müddət Həmkarlar İttifaqı təşkilatlarında çalışmış Rəfat müəllim bir neçə ay əvvəl Tərəqqi Medalına layiq görülüb. O, Yusifbəylilər nəslinin varisi olmağı ilə fəxr edir və vurğulayır ki, Çingiz Cuvarlı da o vatki bədxahların basqılarına məhəl qoymadan hansı nəslin nümayəndəsi olduğunu heç vaxt gizlətməyib:

Onun hər bir hərəkətində, sözündə, jestində bu əsilzadə mənşəyin təzahürləri görünürdü. Çingiz Cuvarlı heç zaman formal hərəkətlərə yol verməyib. O, tərif sevməz və heç kimi tərifləməzdi. Bunu lazımsız, hətta ziyanlı sayardı.

 

87 YAŞINDA İKƏN GƏNCLƏRƏ MANİFEST YAZAN ADAM

 

Sizdə elə təsəvvür yaranmasın ki, bu, ömrünün sonuna az qalmış insanın gənclərə vəsiyyəti idi. Əsla! Çingiz müəllim heç zaman ruhən qocalmayan, həmişə enerjili, gələcəyə istiqamətlənmiş bir şəxsiyyət olub. Onun fikrincə, müasir elm hesab edir ki, fəal zehni əmək, necə deyərlər, beyni cürbəcür mümkün xəstəliklərə qarşı şuntlayır və uzun ömür üçün şərait yaradır. Belə ki, akademiklər Zelinski və Qamaleya 90 yaşından sonra da əla mühazirələrlə çıxış etmişlər.

Odur ki, daim gələcək haqda düşünən bu böyük insanın sözləri də gənclərə ünvanlanıb. Biz də Çingiz Cuvarlı haqda qeydlərimizi onun elə Gənclərə müraciət adlandırdığı yazısından parçalarla bitirmək istəyirik. Çünki buradakı mülahizələrin, bu güclü şəxsiyyətin portretinin cizgilərini tamamlamaqla bərabər, hər birimizə düşüncə üçün faydalı məlumatlar verdiyinə əminik:

Böyük dünyaya daxil olmuş və daxil olan dahi həmvətənlərimiz haqda bilməli və xatırlamalıyıq. Yadıma müxtəlif adlar düşür rus şərqşünaslığını zənginləşdirən Mirzə Kazım bəy; Azərbaycanın ilk maarifçisi Həsən bəy Zərdabi; Əli bəy Hüseynzadə; Səməd bəy Mehmandarovun oğlu, SSRİ-nin baş terapevti Akademik Tuşinski; Türkiyənin ən yaxşı torpaqşünaslarından hesab olunan Mirzə bəy Göygöl (Nəsib bəy Yusifbəylinin qızı Zəhra xanımın həyat yoldaşı Z.M.) və digərləri.

Hal-hazırda yaşayan və xaricdə əsl karyera qazanmış həmvətənlərimiz də gənclər üçün işə yanaşma nümunəsi olmalıdırlar Ələsgər Lütfizadə, onun haqqında kibernetikanın atası Nobert Viner deyib ki, Mənim ölümümdən sonra kibernetika elminə böyük uğurla professor Lütfizadə rəhbərlik edə bilər; Rasim Barut (o əslən Gəncənin barıtçılar məhəlləsindəndir) hal-hazırda Amerika Nəzəri Fizika İnstitutuna rəhbərlik edir ( yeri gəlmişkən, bizim günahımız odur ki, nə Lütfizadə, nə də Barut bizim akademiyanın fəxri üzvləri deyillər); Pürhan Kərimov Moskva Dövlət Universitetində fizika kafedrasına başçılıq edir; Dubnada isə artıq uzun illərdir ki, gözəl nəzəriyyəçi-fizik Rüfət Mirqasımov çalışır...

Yekunlaşdırarkən demək istərdim ki, bizim üçün bu dünyada əsas olan öz istedadımızı, öz yerimizi, həll etməli olduğumuz sirrimizi dərk etməyimizdir. Böyük, dəyişkən dünyada bizim də öz vəzifəmiz var. Kantın sadə aforizmini tez-tez yada salın: Öz ağlından faydalanmaq cəsarətinə malik ol!. Və hazırki bəşəriyyətin problemləri nə qədər dramatikləşdirilsə də, bilin ki, irəlidə sizi çox maraqlı şeylər gözləyir, narahatlıq isə bəşəriyyəti heç vaxt tərk etməyib.

 

 

Zakir Muradov

 

525-ci qəzet.- 2013.- 11 may.- S.24.