Qəmin dəryasın görmüşəm
Ağıl çaşıb, huş seyrəlib,
Ürək yandıqca kövrəlib.
Dünya mənimlə kəc gəlib,
Onun vəfasın görmüşəm.
Dartılıb sevda düyünüm,
Kim açacaq bu düyünü?
Mən neynirəm ta sevgini,
Onun cəfasın görmüşəm.
Asan tova yatan olduq,
Nə axdıq, nə də durulduq.
Daim arxadan vurulduq,
Namərd qisasın görmüşəm.
Yedəyimdi qəm əlimdə,
Gözüm bulud, nəm əlində.
Bir də üzmərəm dərində
Qəmin dəryasın görmüşəm.
Könül nəğməsi
Sən mənim nəğməmi oxuma, bahar!
Ürəyim doludur oxuyum bir az.
Könlümün sökülən ilmələrini,
Günəş şəfəqilə toxuyum bir az.
O nəğmə mənimdir oxuma,
bulaq,
Dinsəm sellənərsən bəbəklərimdə.
Əzəl oylaqlara yenə
qalxaraq
Səslərəm otları, çiçəkləri
də.
O qəmli nəğmənin
şirin anları,
Salxım söyüdlərin kölgəsindədir.
Mənim
qəm nəğməmin
son yadigarı,
O Dədə çinarın
gövdəsindədir.
O mənim nəğməmdir,
sən sus, ey külək!
O torpaq həsrətli qəm havasıdır.
Dağıtma sən onu qeyzə gələrək,
Sökülən şairin öz dünyasıdır.
Sən gəl bu nəğməyə
toxunma, Araz!
Çoxdan gözlərimə axıb,
dolmusan
İndi
də bu yükü mən çəkim bir az
Ağlaya – ağlaya Xəzər olmusan.
Bir ömür çatmır
Hərdənbir kövrəlib yaşdan
yazıram,
Dərələr çağırır daşdan yazıram
Nə yazsan pozuram, başdan yazıram
Ürəyimcə olub, könlümə yatmır.
Torpaq ah
çəkirsə o ah mənimdir,
Anam ağlayırsa
günah mənimdir.
Ümid,
inam dolu sabah mənimdir,
İnamsız bir sabah
ağlıma batmır.
Ata-babalardan belə
məsəl var.
“Əzəldə gülənlər,
sonradan ağlar”.
Təbimə yad gələn
sönük duyğular
Könlümü ovudub, başımı qatmır.
Torpağın üstündə həyat
duyğusu,
Altında əbədi ölüm yuxusu.
Hələ doğulmayıb sözün
çoxusu,
Nə qədər
deyirsən bir ömür çatmır.
Dağların
Zirvəsi qar sinəsində
duman – çən
Heç açılmır qaş
– qabağı dağların.
Külək əscək doymaq
olmur ətirdən
Bir cənnətdir
gül qucağı dağların.
Səsə düşdüm, kəklik,
turac oxudu,
Sarı çiçək kəklikotu
qoxudu.
Bu təbiət elə bildim yuxudu,
Göy meşədi
əl – ayağı dağların.
Göyə baxdım qartalları qıy vurur.
Dağ keçisi
şeşələnib şux
durur.
Qırov
seli bənd – bərəni uçurur
Dağılmasın bu novrağı dağların.
Ölümdən o yana
Nazik bir tordan sallanan
hörümçək tək,
Yapışmışam dünya köçündən
bərk-bərk.
Yüz ildir, min ildir izinə düşmüşəm,
Qopa bilmirəm,
yoldayam.
Qaçhaqaçda, köçhaköçdə,
qovhaqovdayam,
Gah sondayam, gah əzəldə,
bir az göydə, bir az yerdə.
Sonumu görürəm dünyaya
gəldiyim gündən
Məşhər ayağına çəkilirəm
indidən.
Ruhuma girov qaldığım
Günahlarımdan asıldığım
Dünyadan nə deyəcəyəm,
özüm də bilmirəm?
Bu yolun sonu yox.
Dünyanın “Olum”, “ Ölüm” oyunu kimi,
Torpağın ölümü ovudan qoynu kimi.
Ta ömrün sahilinə çatıram
Ölümü qarşılamağa,
Özümə baxmağa gedirəm.
Həyata
gəldiyim kimi tənhayam, təkəm
Tənhalıq içində
Yenə
özümü görürəm
dönsəm hayana,
Bilmirəm nə var ölümdən o yana.
Mən özüm-özümə bir sirr olmuşam
Mən özüm-özümə bir
sirr olmuşam,
Sirrimin səddini
çapa bilmirəm.
Dağlara dirənən qırıq
yolmuşam,
Döngə, dönümünü tapa
bilmirəm.
Ömrümü gəzişmək həvəsim
gəlir,
Öz içimə
düşüb azıram
hərdən.
Səhvlərim getdikcə gömgöy
göyərir,
Elə giley-güzar
yazıram hərdən.
Sən demə bu dünya
“azmaq yeriymiş,”
Dumanına salir, çəndə itirir.
Elə iynə ilə gor qazmaq yeriymiş
Gələn ehtiyacdan ölür-dirilir.
Əjdaha
ağzında haqqımı
görüb,
Çəkilib içimə qısılımmı
mən?
Sözüm söz olaraq qalacaqdısa,
Kəsərsiz sözümdən asılımmı
mən?
Bir payız yuxusu
Ölümü sevirəm,
Ondan qorxmuram – deyə
Özünü öyən yox,
Ölümdən qaça bilərəm deyən yox.
Ölümdə bir həyatdır.
Əgər yaşayıb, yanmısansa,
bir
ovuc külün də
Torpağa qatdır.
Yetkin yaşın astanasında
Ölüm yaxınmı, uzaqmı
Bilmək
çətin
Ya şəhid
torpağın çəkmək
həsrətin?
Ölümün bir xisləti, bir üzü var,
Vaxtlı-vaxtsızı,
Geci-tezi var.
O bir başlanğıcdır,
əzəldir
Səni
yaşadırsa,
Ölümdə gözəldir.
Ölümə vüsal kimi baxıram,
Təkcə qəfil gəlişindən
qorxuram.
Söz qırıq, fikir yarımçıq,
Eləyə bilmədiklərin
Bir xəyaldır
artıq.
Yaşamaq varkən
Nədir
bu ölüm qorxusu
Bəlkə ayrılıqlar ovudan
bir payız yuxusu?
Ayrıla bilmirəm düşüncələrdən
Ay yaşıl yarpaqlar, qönçədə güllər!
Bir gün görməyəcək
sizi gözlərim
Bir – birin qovacaq fəsillər,
illər,
Solacaq yollarda qalan izlərim.
Yenə
dəyişəcək suların
səsi,
Bülbül də budaqda dil – dil ötəcək.
Yenə
oxunacaq sevgi nəğməsi,
Sevənlər qol – qola deyib,
güləcək.
Bir vaxt çalınacaq nəvəmin toyu,
Bir evdən
birinə yol uzanacaq.
Bir pillə artacaq nəslimin boyu,
Mənim də qalacaq xatirəm ancaq.
Hanı
yaşıdlarım, hanı
taylarım,
Dörd yanım boşalıb ürəyim kimi.
Qollarıma təpər olan
qızlarım,
Yaşayın siz arzum, diləyim
kimi.
Dünya
həmin dünya, gələn insanlar,
Çarpışıb keçəcək yenə
nələrdən.
Gəlirik – gedirik dünyaya
nə var,
Ayrıla
bilmirəm düşüncələrdən.
Şövkət Zərin Horovlu
525-ci qəzet.- 2013.- 15 may.- S.7.