Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov

 

PROFESSOR CƏMİL HƏSƏNLİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

 

Bu günlərdə tarix elmləri doktoru, professor Cəmil Həsənlinin Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov adlı kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib edilən kitab Azərbaycanın böyük dövlət xadimi Əlimərdan bəy Topçubaşovun həyat fəaliyyətindən bəhs edir. Azərbaycan Diplomatik Akademiyasının layihəsi üzrə çap edilmiş kitabda Topçubaşovun mənalı həyatı, həmçinin 50 illik zəngin ictimai-siyasi fəaliyyəti araşdırılaraq, Topçubaşov nəslinin iki əsrlik tarixinə ekskurs edilib.

Çoxsaylı arxiv materialları əsasında yazılmış kitabda Azərbaycan milli hərəkatı, Rusiya müsəlmanlarının ümmətdən millətə doğru təkamülü, Azərbaycan Rrespublikasının təşəkkülü beynəlxalq münasibətlərə daxil olmasında Əlimərdan bəyin yorulmaz fəaliyyətinə nəzər yetirilir. İlk dəfə olaraq bu əsərdə Əlimərdan bəy Topçubaşovun şəxsi arxivində saxlanılan materiallar əsasında Azərbaycan mühacirətinin Paris mərkəzinin siyasi-diplomatik addımları əhatə edilib. Nəşrdə Azərbaycan siyasi mühacirətinin ilk dəstəsinə rəhbərlik edərək, mühacir həyatının bütün ağırlığını öz çiyinlərinə çəkən Topçubaşovun Rusiya müsəlman xalqlarının azadlığı uğrunda 50 illik mübarizəsindən geniş bəhs edilərək, oxucuların həmçinin, Əlimərdan bəyin nəsli ilə bağlı da geniş məlumatlara yiyələnməsi üçün geniş faktlara yer verilib.

Əlimərdan bəy Topçubaşovun 14 illik mühacir həyatının geniş mənzərəsi məhz ilk dəfə olaraq bu kitabda yaradılıb. Əsərin sətirləri arasından bu böyük fikir adamının möhtəşəm mübarizə əzmi ilə yanaşı, Vətəni işğal olunduqdan sonra Avropada məskunlaşmaq məcburiyyətində qalan qərib bir Azərbaycan ailəsinin iztirabları da sezilir.

Oxucular kitabda Əlimərdan bəy Topçubaşovun həyat hekayəsi ilə yanaşı, onun zəmanəsi məsləkdaşları haqqında da çox qiymətli məlumatlarla tanış olacaqlar.

Kitabın redaktoru Hafiz Paşayevin nəşr barəsində ön sözü diqqətçəkicidir. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə Ə.Topçubaşovun 150 illik yubileyinin keçirldiyini qeyd edərək, Cəmil Həsənlinin üzərinə şərəfli bir məsuliyyət götürdüyünü nəzərə çatdıraraq, ilk dəfə üzə çıxardığı arxiv materialları əsasında Əlimərdan bəyin dolğun, mübarizələrlə zəngin, dramatik həyat yolunu açıqladığını oxuculara gözəl bir kitab bəxş etdiyini vurğulayıb.

Kitabda bir-birindən maraqlı məqamlara toxunan redaktor Topçubaşovun Amerika prezidenti Vudro Vilsonla görüşünü qeyd edir: qədər təəccüblü olsa da, Əlimərdan bəy yalnız dövlət xadimi kimi deyil, ümumilikdə Amerika prezidenti ilə görüşmüş ilk azərbaycanlı idi.

Həqiqətən bu kitabda bir-birindən maraqlı olduqca diqqətçəkici faktlar yer alıb. Kitab ilk baxışdan tarixi ədəbiyyat olsa da, əslində tarix üzərində qurulmuş bir detektiv qədər maraqlıdır. Müəllifin Topçubaşovla bağlı bütün faktlara nəzər yetirərək, onlara incəliyinə qədər nüfuz etməsi bütün bunları səlis dillə qələmə alması xüsusi vurğulanmalıdır.

Azərbaycan Diplomatik Akademiyası tərəfindən anadan olmasının 150 illik yubileyi ərəfəsində çoxsaylı, o cümlədən, ilk dəfə üzə çıxarılan arxiv materialları əsasında Topçubaşov haqqında yazılmış kitabın nəşrinin həvəslə həyata keçirilməsinin mənalı səbəblərindən biri Əlimərdan bəyin Azərbaycan diplomatiyasının əsasını qoyanlardan olmasıdır.

Qeyd edək ki, kitab Azərbaycanın XX əsr tarixinə maraq göstərən mütəxəssislər, diplomatiya tarixi beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr, habelə yaxın keçmişin taleyüklü məsələlərinə maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

 

 

Aqil LƏTİFOV

 

525-ci qəzet.- 2013.- 15 may.- S.3.