"Azərbaycan-Rusiya:dostluq qanadlarında" yaradıcılıq festivalı keçirilib

 

 Çelyabinsk şəhərində gənclərin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan–Rusiya: dostluq qanadlarında” devizi altında yaradıcılıq müsabiqə-festivalı təşkil edilmişdir.

Müsabiqə-festival Çelyabinsk vilayətinin mədəniyyət, elm və təhsil nazirliklərinin, Çelyabinsk Şəhər Administrasiyasının, Çelyabinsk Vilayəti İctimai Palatasının, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə dəstəyi, Çelyabinsk Vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi “Ozan” ictimai təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin Çelyabinsk vilayəti bölməsinin təşkilatçılığı ilə keçirilmişdir.

AzərTAc xəbər verir ki, BŞMTİ-nin dəvəti ilə müsabiqə-festivalın təşkilatçıları və qaliblərindən ibarət nümayəndə heyəti Bakıya gəlmişdir.

Mayın 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müsabiqə-festivalın qaliblərinin iştirakı ilə konsert proqramı təqdim edilmişdir.

Tədbirdə çıxış edən festivalın münsiflər heyətinin sədri, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının estrada kafedrasının müdiri, professor Rulan Xabibulin Bakıda doğulduğunu diqqətə çatdıraraq həmvətənlərini salamlamışdır. O, 400-dən çox gəncin iştirak etdiyi festival-müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır.

Müsabiqə-festivalın mayın 13-də keçirilmiş qala-konsertində BŞMTİ-nin dəstəyi ilə incəsənət ustalarımızdan ibarət nümayəndə heyətinin tərkibində Çelyabinskə getmiş G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin direktoru Yusif Vəliyev tədbir barədə təəssüratlarını bölüşmüşdür. Bildirmişdir ki, xoreoqrafiya, instrumental ifaçılıq, vokal, rəsm çəkmə və ədəbiyyat nominasiyalarından ibarət festival-müsabiqədə iştirakçılar Azərbaycan musiqisini, ədəbiyyatını, mədəniyyətini, təbiətini, tarixi abidələrini, adət-ənənələrini çox gözəl nümayiş etdirmişlər.

Sonra qaliblərin ifasında konsert proqramı təqdim edilmişdir.

Proqramda “Çobanlar” rəqsi, “Yallı”, Pyotr Çaykovskinin baletindən bir hissə və Azərbaycan mahnıları səsləndirilmişdir.

Çelyabinskdən gəlmiş qonaqların ifalarından sonra R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin konserti olmuşdur.

Teatrın foyesində, həmçinin müsabiqə-festival iştirakçılarının çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.

 

 

Həmidli Sevinc

 

525-ci qəzet.- 2013.- 17 may.- S.7.