Müasirimiz poema qəhrəmanı kimi

 

 

Xalq şairi Nəriman Həsənzadənin irihəcmli son əsəri olan “Nizami” poemasının (Bakı, 2009) qəhrəmanı AMEA-nın müxbir üzvü, Azərbaycanda  Atatürk Mərkəzinin direktoru, millət vəkili, filologiya üzrə elmlər doktoru, professor...Nizami Qulu oğlu Cəfərovdur. “Nizami” poemasının ümumi ruhu bizə doğmadır, sanki ruhumuzun bir parçasıdır. Bu da səbəbsiz deyil: birincisi, ona görə ki, poemanın müəllifi və qəhrəmanı müasirimizdir; ikincisi, poemanın müəllifinin yaradıcılığına yaxşı bələdik; üçüncüsü, poemanın qəhrəmanını yaxından tanıyırıq, onun ictimai həyatda və elmi fəaliyyətində qazandığı bütün uğurlarının canlı şahidi olmuşuq; dördüncüsü,  poemada təsvir olunan rəngarəng hadisələr, obraz müxtəlifliyi, bədii-estetik kamillik, poetik dil, ən əsası isə müəllif və qəhrəmanın bir-birinə qırılmaz tellərlə bağlılığı xoş təəssürat yaradır.

Poemada Nizami obrazının səciyyəvi cəhətləri tarixiliklə müasirliyin sintezi kontekstində, həm də daha çox onun şəcərəsinə istinad olunmaqla canlandırılır: Vedibasardan deportasiya edilən atası Qulu kişinin acılı-şirinli günləri, qaçqınlıq həyatı xatırladılır, anası Savad Kür qırağının gözəli kimi vəsf olunur:

 

 

 

Gözəllə dolsa da bütün bir ölkə,

Gözəllik taledi, yazıdı bəlkə,

Savad da qızların ən gözəliydi,

O, Kür qırağının kənd gözəliydi.

 

   

 

N.Həsənzadənin qəhrəmanı Nizaminin gözləri qıpçaq gözləridir, saçı qarışıqdır, addımları qətidir, boyu ucadır, kürəyi divar kimidir....:

 

 

 

O boy, o buxun da səndədir elə,

Divar kürəyi də hörülü durur,

Nəslin bir xalı da keçir nəsilə,

Ömrün dərkolunmaz qanunu budur.

 

                  

 

Bu bədii portret N.Gəncəvinin Fərhad  obrazını xatırladır (Böyük dağ gövdəli o dağlaryaran, Gələndə camaat qalmışdı heyran...). Yaxud İsmayıl Şıxlının yaratdığı Cahandar ağanın düşüncələri (... O, öz övladını iri palıd ağacı kimi möhkəm  görmək istəyirdi: O istəyirdi ki, oğlunun əlləri cod, barmaqları möhkəm, kürəyi enli, sinəsi və qolları tunc kimi olsun. Duranda palıd kimi əzəmətli, yıxılanda  da palıd kimi nəriltili olsun...) N.Həsənzadənin qəhrəmanında öz ifadəsini real olaraq tapır.

Nizami Cəfərovun real həyatdakı xarakterik cəhətlərini belə ümumiləşdirmək olar: yüksək intellektlidir, ensiklopedik bilik sahibidir, təsirə düşən yox, təsir edəndir, çörək itirən yox, çörək verəndir, dostluğa sadiqdir, insaflıdır, sözü kəsərlidir, incə yumoru ilə hamını heyran edir, ən əsası isə Azərbaycan dövlətinin mənafeyini hər şeydən uca tutur. Nəriman Həsənzadə Nizaminin bu keyfiyyətlərinin, demək olar ki, hamısını ustalıqla canlandırıb. Dediklərimizi arqumentləşdirmək üçün cəmi iki misranı təqdim etməklə kifayətlənirik:

 

 

 

Oturub-durduğu kimdisə, qərəz,

Təsir eləyəndi, təsirə düşməz.

 

Öz qəhrəmanı barədə “ata – vediliydi, oğul – qazaxlı”, – deyən şair soydaşlarımızı Vedibasardan, Təbrizdən didərgin salan şovinist erməniləri, aravuran farsları tənqid atəşinə tutmaqla kifayətlənmir, eyni zamanda bu qaniçənləri məhv edəcək fatehləri – Makedoniyalı İsgəndərləri haraylayır:

 

                  

 

Minbərə qalxanda fars

– Əli! – deyir,

minbərdən düşəndə

Vazgenə – qardaş...

Başı əmmaməli, ağzı dualı,

İslama layiqmi İslam yayanlar?

Hardadı İsgəndər Makedoniyalı

Təzədən diz çöksün Dara hökmdar.

 

                  

 

“Nizami”  poemasından leytmotiv kimi keçən “oğlum” xitabının (Bu günü görsəydi, ərizəsini,  O, sənin üstünə yazardı, oğlum) poetik-semantik tutumu çox dərindir: bu xitabda Nizami Cəfərovun mənəvi atası N.Həsənzadənin öz obrazı canlanır; “oğlum” xitabının leksik, xüsusən də intonativ mənası bütün parametrlərinə görə həqiqi ata-oğul münasibətlərini yada salır; şair bu xitabla öz qəhrəmanına atasızlıq dərdini unutdurmağa çalışır; bu xitab sanki “Dədə Qorqud” kitabındakı “Qarşı yatan qara dağın yüksəyi, oğul!” ifadəsindən süzülüb gəlib, onun məntiqi davamı kimi səslənir. ...Poemada “oğlum” xitabına qədərki semantik dinamika da açıq-aydın görünür: gənc şair N.Həsənzadə ali məktəb tələbəsi N.Cəfərovu kəşf edir:

 

   

 

Mən səni seçmişdim

neçə il qabaq,

Mən onda – gənc şair,

bir az da qıvraq,

Sən yeni bir nəslin

ilk nəğməsiydin,

bir ali məktəbin tələbəsiydin.

 

                    

 

Burada bəzi məqamları xatırlatmaq lazım gəlir: Azərbaycanda Nizami Cəfərovu Nəriman Həsənzadə qədər yaxından tanıyan, ona doğma olan ikinci bir şəxs tapmaq çətindir; N.Həsənzadəni ən yaxşı tanıyanlardan, onu tədqiq və təbliğ edənlərdən biri və bəlkə də, birincisi N.Cəfərovdur: N.Həsənzadənin yaradıcılığı barədə ən sanballı əsərlərdən birinin müəllifi məhz N.Cəfərovdur (Nəriman Həsənzadə: tariximizin taleyi, taleyimizin tarixi.2002); N.Cəfərova həsr olunmuş bədii əsərlər sırasında N.Həsənzadənin “Nizami” poeması poetik siqlətinə, bədii-estetik dəyərinə görə xüsusilə fərqlənir; N.Cəfərova görə, N.Həsənzadə vətəndaş-şairdir: “... O xalqın ki, Nəriman Həsənzadə kimi şairi var, onun dövləti də olmalıdır, çünki Nəriman Həsənzadə kimi şairi olan xalqın dövləti olmaya bilməz”. N.Həsənzadə də N.Cəfərovu təkcə görkəmli publisist, dil tarixçisi, tənqidçi kimi yox, həm də ictimai xadim, diplomat kimi təqdim edir: “Hələ olmamışdı uç, -deyən ona, - Zəlimxan kəndindən Vaşinqtona”; hər ikisi üçün Səməd Vurğun şəxsiyyəti, Səməd Vurğun böyüklüyü ən mötəbər istinad mənbəyidir: “Nəriman Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün, elə bilirəm ki, ən gözəl şairidir” (N.Cəfərov); “Onda Səməd Vurğun daha yoxuydu, Nizami Cəfərov gənciydi hələ” (N.Həsənzadə); hər ikisi dünyaya Kür qırağından, şairlər yurdu Qazaxdan boylanmağı bacarır...

Şair poemanın “Məni” hissəsində əlifbamızın (qrafikamızın) üç dəfə dəyişdirilməsini soyqırıma bənzədir,  üzünü dilçi Nizamiyə tutaraq tarixi keçmişimizi vərəqləyir, üç əlifbada (əski, kiril, latın) bir dildə yazmağımızı ürək ağrısı ilə ifadə edir:

 

                   

 

Biz üç əlifbada, bir dildə yazdıq,

“Əski”də

“Latın”da

“Kiril”də yazdıq.

Bu nəsli o nəslə qarşı qoydular,

Ayırıb qəsd ilə qarşı qoydular...

 

                   

 

Amma bu da var ki, N.Həsənzadə millətimizin əyilməzliyini, mənəvi dünyasının böyüklüyünü əlifbamızın üç dəfə dəyişdirilməsi müstəvisində də məharətlə canlandırır.

Nizami Cəfərov “Eposdan kitaba”, “Genezisdən tipologiyaya”, “Füzulidən Vaqifə qədər”, “Vidadidən Vaqifə qədər” və s. kimi sanballı əsərlərinə görə türkologiyada nüfuz sahibidir və bu barədə kifayət qədər bəhs olunub. Onun bu keyfiyyətləri həssas qəlbli N.Həsənzadəni də duyğulandırıb, ruhunu silkələyib:

 

   

 

Dünən Füzulidən Molla Pənaha

Allahlıq elədi , inan Allaha

 

                   

 

N.Cəfərov görkəmli tənqidçidir – İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Nəriman Həsənzadə, Anar, Elçin kimi yazıçılarımızın əsərləri ilə bağlı çoxsaylı analitik yazıların müəllifidir. Bu mənada poemanın “Epiloq əvəzi” hissəsinin son misraları olduqca təbii qarşılanır:

   

 

Şair Nizamimiz yaşayır, oğlum,

Yaşasın tənqidçi Nizamimiz də.

                   

 

Burada bir həqiqəti də qeyd etmək lazım gəlir: poemada 80-ci illər Azərbaycan tənqidində bir ulduz kimi parlayan Nizaminin bədxahlarına, onu qəbul etməyənlərə açıq-aydın işarə olunur:

 

   

 

Gələn kimdi?

Mən dedim ki,

tənqidçi gəlib,

Soruşurdu sənə görə

məni əyənlər.

Gördülər ki,

işi sevən

bir işçi gəlib,

“İttifaqda bir qazaxlı

artdı” – deyənlər.

 

       

 

“Nizami” poemasının ayrı-ayrı hissələrində millət vəkili Nizaminin obrazı canlandırılır:

 

 

 

Ya Milli Məclisin gedib adından,

“Danış” deməmişdi ulu Yaradan.

 

                   

 

Mənəvi qidasını “Dədə Qorqud” kitabından, “Koroğlu” eposundan, ümumən şifahi və yazılı ədəbiyyatımızdan alan “Nizami” poemasında Dədə Ələsgər, H.Cavid, S.Vurğun, Ə.Cavad kimi söz-sənət korifeyləri ehtiramla yad edilir ki, bu da bütövlükdə poemanın poetik çəkisini qüvvətləndirir.

Poemanın qəhrəmanı bütöv və dolğun bir obraz təsiri bağışlayır. Heç şübhəsiz ki, bu, Azərbaycan dilinin zənginliyinə söykənərək ondan məharətlə istifadə edən  Nəriman Həsənzadə kimi bir şairin poetik təfəkkürünün kamilliyi ilə bağlıdır. “Nizami” poemasında Azərbaycan dilinin zənginliyindən ustalıqla istifadə nəinki hər bənddə, hətta hər misrada, sözdə belə müşahidə olunur. Burada bəzi detalları qeyd etməklə kifayətlənirik:

poemada Nizami obrazının birbaşa assosiativliyi ilə işlənmiş söz və ifadələr üstün mövqedə görünür: Nizami (sən də  – Nizamidən bizə yadigar; Nizami Gəncəviyə işarə olunur); Nazim – şairin oğlu (Nizami sağımda, Nazim solumda şeirimin vəznidi, on bir hecamdı); nizamnamə (Onda təzə Nizamnamə yazdılar, oğlum) ...;

dilimizin frazeoloji zənginliyindən zərgər dəqiqliyi ilə istifadə müşahidə olunur: ar gəlmək, baş əymək, başa salmaq, dil tökmək, fikrin çöllərində itmək, qan ağlamaq...;

poemadakı emosionallıq və ekspressivlik həm də suç, sapand kimi arxaizmlər, eləcə də xosunlaşmaq kimi dialektizmlərlə gücləndirilmişdir;

ədəbi tələffüzün transkripsiyası poemaya əlavə çalar  gətirir, onun təbiilik və şirinliyini  artırır: taledi (taledir), əbədiymiş (əbədi imiş)...;

  Ağstafa, Qazax, Qarabağ, Poylu, Göyçə, Zəlimxan kimi toponimlər, eləcə də Araz, Kür, İsa bulağı kimi hidronimlər obrazlılığı qüvvətləndirən detallar kimi çıxış edir;

  poemada fikrin təsdiq və inkarlıq oppozisiyasında təqdiminə rast gəlinir: “üzr istədəndi, üzr istəməz”; “özündən deyənə baxar, söz deməz...”;

bir bənd, hətta həcmcə böyük olan sintaktik bütövlər daxilində semantik dinamikanın gözlənilməsinə təsadüf olunur: oxuyan ağlayır – çalan ağlayır – anam ağlayır – dünyam ağlayır – ruhlar ağlayır.

Nəriman Həsənzadə qələminin özünəməxsusluğu “Nizami” poemasındakı bədii təsvir və ifadə vasitələrində daha qabarıq görünür: assonans (buydu İrəvanın iblis hiyləsi, içi, içalatı, ödü, ciyəri: i – i – i – i); alliterasiya (Qıza salam verib, salam almayıb, bir yol saçlarını sığallamayıb: s – s – s – s ); anastrofa – sözlərin əks sıra ilə düzümü (Dərəniz düz oldu, düzünüz dərə) ; epitet (köhnə kişilər, divar kürək); təşbeh (dünyanın kardı qulağı, budaq kimi bərk əyirmək); mübaliğə (bir simdə yüz hava çalmaq, bir gün içində bir ömür yaşamaq); bədii təzad (ögey-doğma, xeyir-şər, yer-göy); inversiya (Qaynadı-qarışdı evlər-eşiklər)... Yüksək poetik obrazlılıq nümunəsi olan bu cür bədii təsvir və ifadə vasitələri məhz Nəriman Həsənzadə qələminin məhsuludur.

Həm “Nizami” poemasının müəllifi Xalq şairi Nəriman Həsənzadəyə, həm də  poemanın qəhrəmanı Nizami Cəfərova uğurlar diləyirik.

 

Əzizxan Tanrıverdi

professor,

İlham Abbasov

525-ci qəzet.- 2013.- 9 noyabr.- S.22.