Daşkənddə Azərbaycan Mədəniyyət Günü

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində BMT-nin layihəsi olan “Dünya xalqlarının mədəniyyəti və tarixi” devizi altında Azərbaycan Mədəniyyəti Günü keçirilib. SİA-nın verdiyi xəbərə görə, Özbəkistanın “İnternationalVeteranlar Birliyi təşkilatı və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycan, onun tarixi, zəngin mədəniyyəti, turizmi və adət-ənənələrini təbliğ etmək, habelə uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərini gücləndirməkdən ibarət olub.

Nəzərinizə çatdıraq ki, iştirakçılar Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan tarixi muzeyi”, “Heydər Əliyev muzeyi” və “Azərbaycan-Özbəkistan dostluq muzeyi” ilə tanış olmuşonlara muzeylər haqqında geniş məlumat verilib.

Sonra Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və turizminə dair qısa film nümayiş etdirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizin zəngin mədəniyyəti haqqında məruzə ilə çıxış edib. O, müsəlman şərqində ilk operanın, teatrın, baletin, habelə elmlər akademiyasının Azərbaycanda yarandığını vurğulayaraq, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin əsrarəngizliyi və təkrarsızlığı haqqında danışıb.

Qeyd edək ki, çıxışlardan sonra Daşkənddəki internat məktəblərinin əlil uşaqlarının ifasında rəqslər, Azərbaycan və Şərq musiqiləri, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı və “Azərbaycanım” musiqi qrupunun ifasında milli mahnılarımız tamaşaçılara təqdim olunub.

 

S.Abdullayeva

525-ci qəzet.- 2013.- 15 noyabr.- S.7.