Ədalətli ədalət keşikçisi

 

 

1 OKTYABR PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

 

Məhərrəmov Zahid Musa oğlu 1952-ci il iyul ayının 1-də Azərbaycanın səfalı guşələrindən olan Gədəbəy rayonunda doğulub. Kolxozda çalışan atası Musa kişi halal zəhməti ilə ailəsinə gün-güzəran yaratmış, övladlarını milli dəyərlərimizə, adət-ənənələrimizə hörmət, elmə məhəbbət ruhunda tərbiyə etmiş, onların cəmiyyət üçün yararlı vətəndaş kimi yetişmələri üçün gücü müqabilində lazımsa edib. Məhz buna görə , zəhməti boşa çıxmayıb, övladları ali təhsil alaraq istehsalatın müxtəlif sahələrində uğurla çalışıblar. Zahid hələ uşaq yaşlarından elmə, biliyə sonsuz marağı, nümunəvi davranışı, sakit, həlim xarakteri, böyük-kiçik yeri bilməsi ilə yaşıdlarından da, bacı-qardaşlarından da fərqlənmiş, özünə böyüklərin, müəllimlərin dərin hörmət rəğbətini qazanıb. Peşə seçimində uşaqlıq arzusu olan hüquqşünaslıq üzərində qərarlı olaraq durub, bunun üçün orta məktəbi bitirən kimi istehsalata üz tutub. O dövrdə Hüquq fakültəsinə sənəd vermək üçün ən azı iki illik stajına malik olmaq lazım idi. Zahid vaxt itirmədən zavodda fəhlə işləmiş, amma kitablardan da ayrı qalmamışdı.  Boş vaxtlarında qəbul imtahanlarına hazırlaşıb, arzusuna doğru gedən yolda daha inamlı addımlar atmaq üçün gecəsini gündüzünə qatıb. 1971-1973-cü illərdə hərbi hissələrin birində xidmət keçərək vətənə olan əsgəri borcunu şərəflə verib, ailəsinə komandanlığın təşəkkür məktublarını gətirib.

Bir neçə il istehsalatda çalışdıqdan sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) müvəffəqiyyətlə imtahan verərək Hüquq fakültəsinə daxil olub. Qaynar gənclik illəri ilə üst-üstə düşən universitet illəri də Zahidin həyatından səssiz-səmirsiz ötüşməyib, onun ömrünə yaddaqalan cizgilərini vurub. Universitetin ictimai həyatında fəal iştirakı, tələbə elmi cəmiyyətindəki uğurları ona təhsil ocağının kollektivi tərəfindən böyük hörmət qazandırıb, nüfuz sahibi edib. 1982-ci ildə universiteti yüksək göstəricilərlə bitirən kimi Zahid prokurorluq orqanlarında qulluğa qəbul olunub. 1982-ci ilin sentyabrında Bakı şəhəri Nizami Rayon Prokurorluğunda stajor kimi əmək fəaliyyətini davam etdirən Zahid Məhərrəmov təqaüdə çıxanadək  prokurorluq orqanlarında namusla çalışıb. 1983-1984-cü illərdə Laçın rayon prokurorunun köməkçisi, 1984-1988-ci illərdə Abşeron rayon prokurorluğunda böyük müstəntiq, 1988-1993-cü illərdə Nəsimi rayon  prokurorluğunda böyük müstəntiq, 1993-1998-ci illərdə Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, həmin şöbənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, istintaqa nəzarət şöbəsinin prokuroru, 2001-2008-ci illərdə istintaq idarəsinin böyük prokuroru, 2008-2012-ci illərdə prokurorluqda istintaqa nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifələrində vicdanla çalışıb. Harada çalışmasından asılı olmayaraq Zahid müəllim həmişə prokuror şərəfini, prokuror nüfuzunu uca tutmuş, işlədiyi orqanın adına xələl gəlməsinə imkan verməyib. Həmişə qanunlara hörmətlə yanaşıb, ədalət prinsipinə hörmət etmiş, istintaqını apardığı işdə son dərəcə dürüst, həm də qanunun tələb etdiyi kimi çıxış edib. İstintaq apararkən tərəfləri diqqətlə dinləmiş, heç vaxt haqqın nahaqa yenməsinə şərait yaratmayıb. Məhz buna görə də Zahid müəllim vicdanlı əməyinə, prokuror kimi fəaliyyətində qanunların aliliyini qoruduğuna görə rəhbərlik tərəfindən dəfələrlə müxtəlif səviyyədə mükafatlara – təşəkkür, qiymətli hədiyyə və pul mükafatlarına, növbədənkənar xüsusi rütbə dərəcəsinə layiq görülüb. 2002-ci ildə prokurorluq orqanlarında uzun müddətli qüsursuz xidmətlərinə görə Azərbaycan Respublikası Prokurorluğunun “Fəxri Fərmanı” ilə təltif edilib.

Zahid müəllim prokurorluq orqanlarında çalışdığı 30 il ərzində bir dəfə də olsun prokurorluğun nüfuzuna xələl gətirəcək, özünün imicini aşağı salacaq səhvə yol verməyib. O, daim ölçülü-biçili hərəkət etmiş, istintaqını apardığı işləri dəfələrlə nəzərdən keçirib, mahiyyətinə dərindən bələd olmuş, sonda günahkarın layiqlı cəza almasına nail olub. İnsanlarla ünsiyyət qurmaq, dostluğa böyük önəm vermək, verdiyi salamın qədir-qiymətini bilmək kollektivdə və dost-tanış arasında ona hörmət qazandırıb, bir ağsaqqal kimi nüfuz sahibi edib. Ciddi xarakteri, söz sahibi kimi yerini bilməsi, dəyərli məsləhətlər verməsi, darda olanlara kömək etməsi – bütün bu kimi yüksək xüsusiyyətləri Zahid müəllimə  hər zaman başucalığı gətirib.

O, həm də gözəl bir ailənin başçısıdır. Həyat yoldaşı Zenfira xanımla uzun illərdir xoşbəxt bir ömrü bərabərcə paylaşırlar. Zenfira İmanova uzun illərdir “Amil A” MMC-nin direktoru kimi vəzifə daşımasına baxmayaraq 5 uşağın tərbiyəsi ilə ciddi məşğul olub, onların ali təhsil alaraq cəmiyyətdə mövqe sahibi olmalarında böyük zəhmət və fədakarlıq göstərib. 4 bacının yeganə qardaşı olan Amil Məhərrəmli hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin 4-cü kursunda təhsil alır. 5 yaşından idmanın karate növü ilə ciddi məşğul olan Amil artıq 8 yaşında qara kəmər ustası idi. Daha sonra idmanın cüdo növü ilə müntəzəm məşğul olub, bu növdə 15-17 yaşlılar arasında keçirilmiş respublika çempionatında  dalbadal ikinciüçüncü yerləri qazanıb. Bu il isə idmanın MMA – qaydasız döyüş növü üzrə keçirilmiş yarışda respublika üçüncüsü olub. Ana dilindən savayı ingilis, rus, türk dillərini mükəmməl bilən Amil daim öz üzərində çalışır və sağlam bədəndə sağlam ruh olar prinsipini rəhbər tutaraq idmanı sevimli məşğuliyyətdən peşəkar səviyyəyə çatdırmaq üçün müntəzəm məşq edir, ustalığını artırmağa çalışır. Ailədə böyüyən 6 nəvə də sağlam köklər üzərində rişələnir. Nəvələrindən  xüsusilə Arman CahanbaniŞahin Məsimov hərə dörd dildə danışır, dərslərindən əla qiymətlər alırlar.

Ədliyyə müşaviri Zahid Məhərrəmov 2012-ci il iyul ayının 2-də prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib. Uzun illərin gərgin rejimindən sonra artıq bir ildir dincəlir, vaxtının çoxunu ailəsinə, övladlarına və nəvələrinə sərf edir. Onların çalışdığı sahələrdə və təhsildə qazandıqları uğurlara öz həyatının davamı kimi baxan Zahid müəllim özünü xoşbəxt insan sayır. Çünki geridə qoyduğu 61 illik bir ömür yolu onun adına yalnız şərəf gətirir, qazandığı nüfuzu günü-gündən artırır. Həyatda yerinimövqeyini düzgün təyin edən insanlar həmişə hədəfə doğru inamla addımlayırlar. Hədəf isə namusla, vicdanla, insani keyfiyyətlərə önəm verərək, ürəyinin səsini dinləyərək başı uca yaşadığın ömür payıdır. Zahid müəllimdə olduğu kimi.

 

Əntiqə QONAQ

əməkdar jurnalist

525-ci qəzet.- 2013.- 1 oktyabr.- S.8.