Təkan

 (povest)

 

 

 

Oktyabrın 3-ü Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. Bu məqsədlə tanınmış yazıçı Yusif Həsənbəyin bu yaxınlarda tamamladığı görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş “Təkan” povestindən bir hissəni oxuculara təqdim edirik.

Ah, nə gözəl! Bəxtimə gün doğdu. Qurban olum xeyirxahımı uğuruma gətirən Tanrıma. Uşaq kimi sevinirdim. Qabağına yüyürüb boynuna atılmaq istədim. Ancaq ürək eləmədim. Əsəbləşdiyi get-gedə yeyinləşən addımlarından bilinirdi. Əlbətdə, ürək yanmasa gözdən yaş çıxmaz. Məni şillələməyə haqqı var. Qayışını açıb mənə bir turşulu aş yedirməyə də ixtiyarı  çatar. Çünki əsl kişidir, üzdə bir cür, sözdə başqa cür olanlardan deyil. Əqidəsində dönüklük yoxdu. Biganəliyə nifrət əsərlərində qızıl xətlə keçir. Onun “Boy çiçəyi” pyesi insanların daşlığını, quruluğunu parçalayan bir qılıncdır. Nargilənin anası özünə ər tapır. Lakin ər olacaq şəxs “Ya mən, ya da sənin qızın” deyə şərt qoyur. Ana əri seçir. Qızcığaz didərgindir. O özündən xeyli yaşlı bir zavod direktoruna sığınır. Ona ərə getməyə də hazırdır. Müəllif zavod direktoru Həsənzadənin diliylə insan mənəviyyatını gəmirən biganəliyə nifrətini, qəzəbini bildirir. Məni qolumdan tutub ayağa qaldırıb, oturuş-duruşuma göz qoyub, yaradıcılığımı izləyib, plenumlarda şeirlərimdən nimunələr  gətirib. Yaradıcılıq səfərlərinə gedəndə məni öz qrupuna saldırıb. Əlbəttə, bu qarışıq saç-saqqalım, düymələri qırıq köynəyim, balaqları sürtülməkdən didilən şalvarım, burnu balıq ağzı kimi açılmış ayaqqabılarım məni alicənablar, şöhrətlilər, hörmətlilər cərgəsində görmək istəyən yazıçını sarsıtmaya  bilməzdi. Ata üçün kasıblıq, əli gətirməzlik bir müsibətdirsə övladını əfəl, nankor görmək gündə min bir dəfə ölməkdi.

Nizə baxışları gözlərimə dikildi. Bu baxışlar arxa tərəfimdəki əzəmətli “Qızıl qaya” dağına tuşlansaydı dağ parça-parça olub tökülərdi.

– Sədrəddin, burda nə gəzirsən? Sən axı gərək indi nəşriyyatda iş-gücdə olaydın. İslam Səfərlini nə vaxt görsəm, deyir Muzqızdən qonorar almaqdan gəlirəm. O gün Sabir bağında Süleyman Rüstəmə rast gəldim. “Durna” əsərinin librettosunu göstərib gülə-gülə dedi ki, sənin o gözəl şairin Sədrəddin çap eləyib, sağ olsun. Mən də sevindim ki, işlərin yaxşı gedir. Şairlərlə müqavilələr bağlayırsan, bəstəkarlara mahnılar sifariş verirsən, nüfuzun, hörmətin... Dayan görək, – deyə bir addım geri çəkildi. – Bu saç-saqqal nədi? Anan Sayad bacı qıvraqdımı?

– Bəli, çox sağ olun, duaçıdı.

– Burda məzuniyyətdəsən yəqin?

– Yox, nəşriyyatı bağlayıblar.

– Hə?- Əhə, əhə, – öskürdü iki ağız.- Deyirəm axı. Sazaq, şaxta ağac şivlərini daha tez vurur. Tatar şairi Musa Cəlil almanların ölüm düşərgəsində necə nikbin şeirlər yazıb. Sənin yaşıdın Xəlil Rza “Azadlığı istəmirəm zərrə-zərrə, qramm-qram” deyib Sovet İmperiyasını diz çökdürür. Ona güllə atırlar. Amma əqidəsindən dönmür, iradəsi qırılmır. Amma nəşriyyat bağlanıb, sənin qol-qanadın qırılıb! Burda niyə dayanmısan bəs?

– Münasib maşın düşsə Bakıya getmək istəyirəm.

Timuçin geri çevrilərək:

– Ata, Sədrəddin Bakıya getmək istəyirsə, gəl aparaq avtovağzala, ordan da yola salaq da, – dedi.

– Yox, – deyə bir an fikrə getdi İlyas müəllim. Sonra da – Burada məsələ bir az ciddidi, – deyə başını narazılıqla bulaya-bulaya Timuçinə yaxınlaşdı. – Arşını yüz ölç, bir biç, – deyiblər. Sən də məsələnin mahiyyətini öyrənməyə çalış. Tez-təcili başından eləmə! – Qulaqlarımı şəkləmişdim. – Eşitmişəm içkiyə də qurşanıb, – dedi. Yer yarılsaydı yerə girərdim. – Yoxsa Bakıya yola salmağa nə var ki. Amma bu çıxış yolu deyil. Görək neynərəm, ay Timuçin – deyib mənə tərəf çevrildi. – Sədrəddin, Bakıda cırcırama qabıq tökür. Bu istidə neyləyəcəksən orda?

– Yazıçılar İttifaqımızın sədri Mehdi Hüseynlə dalaşacam.

İlyas müəllimin nəzərləri sərtləşdi:

– Mehdi Hüseyn qartaldı. Adı gələndə bayquşlar tük tökür. Ölkəmizdəki durğunluq dövrlərində Yazıçılar İttifaqında bir “çalpapaqlar” qruppası yarandı. “Kora vermə, mənə ver, şilə vermə, mənə ver” deyirdi başçıları. “Rusiyada orta bir yazıçıya bağ evi, maşın, itə baxan, aşbaz, bağban da verir Litfond deyirdi: – Tolstoyun harası artıqdı məndən? Mənə də iki katibə ver, ildə bir dənə “Hərb və sülh” qoyum ortaya”. Əlbəttə, Mehdi Hüseyn də “xox”dan qorxan deyil. İpini çəkib oturtdu yerində. Nöqsanı üzə, pisə pis dediyinə görə çoxu qanlı bıçaqdı Mehdiynən. Amma yaxşı əsər yaz, ol gözünün işığı. O gün Anarın bir povestini müzakirə etdik. Şirin dili, zəngin müşahidəsi var, dedi hamı.  Mehdi də birotaqlı mənzil verdirdi ona. Ə...ə...ə, Sədrəddin... Çöhrəsi allanmışdı. – Ay bala qoç döyüşünə qoç gərəkdi. Mehdi Hüseynlə dalaşanıma bax ey. Ə... ə... kimsən axı? Nəyin var? “Məktub yetişmədi”, “Poçt qutusu”, “Şeyx Şaban” hekayələri kimi bir hekayə, Mircəlalın “Bir gəncin manifesti”, Mirzə İbrahimovun “Gələcək gün”...

Özümü saxlaya bilmədim:

– İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanı...

– Hə, heylə sanballı əsərlərin birini yazaydın. Yoxdu hələ, amma keçən il yeni şeirlərin rezonans doğuranda Mehdi məni təbrik elədi. Təəssübkeşliyimi o da yaxşı bilir. Onun nəyindən narazısan? Bəlkə hansı redaksiyadasa səni get-gələ salıblar? Bəlkə gedib Peredelkino, yaxud Yalta yaradıcılıq evində havanı dəyişəsən? Bəlkə Mehdi Moskvadakı “Xarici komissiya  şöbəsindən xahiş eləsin ki, səni Avropa ölkələrindən birinə ezam etsinlər?

– Yox! Mehdi müəllim bir qulluğa qoysun, bir iş versin, işləyim.

– Nə iş? Sənə iş veriblər də. Yazıçılar İttifaqının üzvüsən. Mehdi Hüseyn şəhərin mərkəzində üçotaqlı mənzil verib sənə. Yaxşı bişmiş qələmin var. Problem məsələlər qoy.  Yazıçısansa demək xalqın yükünə çiyin verməlisən. Oğlanlarımız yad ölkələrə çörək dalınca  qaçır, qızlarımız evdə qarıyır. Hansını deyim? İş istəyirsən, balam, yaz, yarat da.

– Yox, mən dəqiq bir əmək meydanı, front istəyirəm. Çalışım, özümü göstərim. Yaradıcılığımla fərəhlənim. Qürur hissim dəryalara sığmasın. Get-gedə artaram, ucalaram mən.

– Səni gözəl başa düşürəm, Sədrəddin – dedi İlyas müəllim. – Gələcəyin, yaradıcılığın səni narahat edir. Bu məni çox sevindirir. Sən çıxış yolu axtarırsan.

Birdən sanki qulağının dibində qırıcı təyyarə şığıdı. Diksinən kimi oldu. Başını geri ataraq:

– Topu meydandan çıxartmısan. Güvəndiyim dağlara qar yağdırmısan. Amma səni qırılmağa qoymayacağam. İstedadlı şairsən. Bəlkə hələ iliyinə tam işləməyib, qanını qaynatmır sənət atəşi? Əlindəki ağac sənə düyünlü görünür. Amma mən elə ki, bir əsərimin sonunucu nöqtəsini qoydum, sevincim yerə-göyə sığmır, məni təbrik edəcəklər, teleqramlar, telefon zəngləri gələcək. Amma bir bağlı qapı açacaqmı, kor gözə bir iynə ucu işıq olacaqmı? Əsərlərim həyəcan təbilləridir. Mən onların əks-sədalarını eşitmək istəyir,bu təbillərin daha gur səslənməsinə çalışıram. Arada İspan yazıçısı Servantesin ədəbi taleyinə küsənməyim də olur. O Servantes hələ sağlığında böyük xalq məhəbbəti qazanıb. Onun “Don Kixot” romanının qəhrəmanlarına heykəllər qoyulub. Əsər Avropa dillərinə tərcümə olunub. Bəs sən də sənətkarsan axı, ay Sədrəddin, xalqın məhəbbətini qazanıb,millətin adına şərəf gətirməkdi vəzifən. Böyük Viktor Hüqo Fransa mərkəzinin Paris yox, elə Hüqo adlandırılmasını istəyirdi. Bəlkə gələcək nəsillər böyük yazıçının həyəcan təbillərini daha yaxşı eşidər, yazıçının arzularını həyata keçirərlər. Sədrəddin, inanıram ki, sən söz sənətinin Olimp zirvəsinə qalxacaqsan.

Bilirdim, yaxşı başa düşürdüm ki, indi onu hövsələdən çıxaran mənim düşkünlüyüm, miskinliyimdi. Həyan olmaq, sığınana qucaq açmaq, quyudakına ip sallamaq, səhraya su, kor gözə işıq olmaq istəyi İlyas müəllimin xislətindəydi. O, mənim xətrimi çox istəyirdi. Başqası olsaydı indi bu “Yoxuş başı”nda məni toza-tüstüyə basıb uzaqlaşardı.

Səhnəmizə onlarla xeyirxah, insanpərvər obrazlar gətirən sənətkarın həyatı gözəl bir roman  mövzusu ola bilərdi. Hələ gənclik illərində yasaqlara, qadağalara çox məruz qalmışdı. Yaxşı ki, yaxşılardan xali deyil dünya. “Kommunist” qəzetinin redaktoru Əli Vəliyev onu dəfələrlə cəlladların əlindən alıb, cəhənnəmin qapısından geri götürmüşdü. Başı bəlalar çəkən yazıçı indi mənim miskin taleyimə biganə qala bilməzdi.

Maşına tərəf gəldiyimi görən Timuçin kabinədən çıxıb mənə yaxınlaşdı. Altdan-altdan gülümsəməyindən sözlü adama oxşayırdı.

– Nərd aləmində təzə bir şey öyrənmisən bu keçən vaxt ərzində, yoxsa yenə həmən – köhnə hamam, köhnə tasdı?

– Əşşi, yox ey! Ha çalışdım ki, zərləri cütləməyi öyrənim. Ancaq bunu özümə ar bildim. Ancaq zəri ovcumda atıb səni udmağa hazıram.

Maşına oturduq. Timuçin ayağını qaza qoydu. Sərvlər, çinarlar arasıyla uzanan “bulvar” arxada qaldı.

Yol ayrıcına çatırdıq. Timuçin sürəti azaltdı və İlyas müəllimə baxdı:

– Maşını hara sürüm, ata? Bakıya evimizə, yoxsa burda “Baharlı” qəsəbəsində  yaşayan bibimgilə? Sən axı hərdən raykomun qonaq evinə də düşürsən?barmaqlarını sükan üstdə oynatdı narahat Timuçin.

İlyas müəllim yay aylarını Kslovodsk kurortlarında keçirirdi. Ancaq Bakıya dönərkən yolüstü Qubada bacısı Məhbubəgildə bir neçə gün qalır; məktəbli uşaqlarına təzə pal-paltar, dəftər-kitab da alırdı. Sonra raykomun təşkilatçılığı ilə Susay, Buduq, Xınalıq yaylaqlarında sağıcılarla görüşür. Çoban alaçıqlarında gecələyir, obaşdan durub şehli otlar üstündə ayaqyalın gəzməyi xoşlayırdı. Qubada ləngiməyinin başlıca səbəbi də ailəsini şimalın sərt havasından Bakının bürkülərinə birdən-birə atmamaq, bu yerlərə tədricən uyğunlaşdırmaq idi.

– Maşını hara sürüm?

– Bizi qovan var, hara tələsirsən? İki gündü yollardayıq. Bir sərin yerdə nəfəsimizi dərək də. Ə, Sədrəddin, – deyə çiyninin üstündən geri qanrılanda baxışlarımız kəsişdi. – Bu tərəflərə sən daha yaxşı bələdsən, bir az harda dincələk yaxşı-yaxşı? – deyə İlyas müəllim əllərini bir-birinə çırpıb dodaqlarını islatdı. – Heyif deyil öz xörəklərimiz, makaron, borş, kotlet bezdirdi bizi. Hara sürsün Timuçin?

Mən İlyas müəllimin qulluğunda gözümü qırpmadan günlər nədi, həftələrlə durmağa hazır idim. Ona görə yox ki, kitablarımı plana saldırsın, Moskva qurultayına nüməyəndə seçdirsin.  Ona görə ki, o sözü bütöv, haqqın tərəfində duran, bununçun canından keçməyə hazır bir adamdı. SSRİ Yazıçılar İttifaqından  çox dəyərli bir məktub almışdıq. Moskva bir neçə yazıçımızı Almaniyaya yaradıcılıq ezamiyyətinə göndərmək istəyirdi. Təklif bizim Prezidium islasına çıxarıldı. Və bundan sonra da hənəklər, həngamələr başladı. Oturuşmuş, yaxşı təmin olunmuş, orden-medallı yazıçılar arasında “sən getmə, mən gedim” davası düşdü. Mən İlyas müəllimin diplomatiyasına heyran oldum. O, birinin əlindən tutur, birinin boynunu qucaqlayır, hamıya mehriban nəzərlərlə baxaraq: – Ay yoldaşlar, bəlkə ezamiyyətə bir-iki gənc yazar göndərək?! – dedi. – Öz balalarımız, gələcəyimizdilər. Modernizm, ekssentirizm və bir çox başqa ədəbi cərəyanlarla qaynayır bu günkü Avropa. Gənclik yeniliyi daha tez götürür. Onlar özlərindən nəsə təzə bir şey artıra da bilərlər bu günkü inkişafa. Nəticədə ədəbiyyat zənginləşər, oxucu qazanar. Gəlin gənc, özü də fəal  yazıçılardan göndərək, – dedi. Təklif qəbul olundu. Ancaq elə bircə bu gözütoxduğuna  görə İlyas müəllimə ürəyimin yağını yedirməyə hazır idim. Qəçrəş bulağının ən yaraşıqlı  köşkündə yeri görünürdü İlyas müəllimin.  Bəs ora da necə aparım qonaqları?

Bulağın müdiri Babayla uşaq bağçasına bir yerdə getmiş, məktəbdə   bir parta arxasında oturmuşduq. Sonralar Qubanın keçmiş birinci katibiylə buralara yolumuz düşəndə,  yüyürüb qabağımıza gələr “Hə, bu Sədrəddin uşaqlıq dostumdu” – deyə yalmanar,  özünə xal qazandırıb, yerini isti eləməyə çalışırdı.

– Ay Timuçin! Bakı nədi, sovxoz nədi? Bu istidə camaat canını alıb çölə, meşəyə qaçır. Əşşi, sür Qəçrəş bulağına. Beş günlük dünyada biz də bir gün insan kimi yaşayaq da, – dedim.

Timuçin dinmədi.

– Hə, Qəçrəş bulağı, – deyə bir an fikrə getdi İlyas müəllim. Sonra da – Gələn-gedəni, qonaq qarası çox olur o bulağın yenə?soruşdu.

– Köşklərdə yer tapılmır! Daşların, qayaların üstündə süfrə açırlar. Bəziləri bufetin, kababçıların böyründə ayaqüstü yeyib-içirlər. Hamı doğmalaşır burda. Tanıyan, tanımayan bir-birini qonaq eləyir.

Maşın “Qəçrəş” bulağına tərəf istiqamət götürdü. Uzaqda ortası yəhər kimi çökək, yanlarda iki qaşı ağaran Şahdağ görünürdü. Asfalt yolun sağında və solundakı çinarlar gəmi göyərtəsində cərgəyə düzülmüş ağ-yaşıl köynəkli matrosları xatırladırdı. Get-gedə çinarlar seyrəkləşdi. Yolətrafı xəndək kənarlarında qaratikan, böyürtkən kolları sıxlaşıb keçilməz oldu. Meşəyə girdik. İri gövdəli palıd, qovaq ağaclarının enliyarpaqlı budaqları üst-üstə təpilir, günəşin şəfəqləri bu təbii talvarın üstündə əriyib itir, meşə qaranlıqlaşırdı. Palıd qozaları təkərlərin altında tir tüfənginin pistonları kimi şaqqıldayırdı. Az sonra açıqlığa çıxdıq. Ot dizdən yuxarı, baldırğanlar adam boyu. Talanın qurtaran yerində baş-başa verən ağacların arasındakı boşluq mağara ağzı kimi qaralırdı. Bu yaşıl bir tunelin girəcəyi idi.

Yumşaq, hamar meşə yolunda maşın sakit, səssiz gedirdi. Sağ tərəfdə dəmir lövhədə nida işarəsinin “aşağı sürət” əmrini görən Timuçin ayağını əyləcə qoydu. Maşın silkələndi. İlyas müəllim:

– Nooldu, niyə yavaşıtdın?

– Ata, ora bax!

Qabaqda burnu baltalı traktorlar qayaları çapır, sarı candonlu fəhlələr külünglərlə, lomlarla xəndəklər, çalalar qazıyırdılar. Sağ tərəfdəki ekskolatorçu iri dişli çömçəsini zərblə yerə çırpır, qaldırdığı daş-torpaqı böyründəki maşının banına boşaldanda yarısı yerə tökülür, toz dumana qarışırdı.

Biz maşından düşdük. Meşədən təngnəfəs çıxan üzü təmiz qırxılı, qırmızısifət oğlan bizə tərəf gəldi:

– Adın nədi, oğlum? – deyə iş icraçısının əlindən tutdu İlyas müəllim.

– Bənna Həşimin nəvəsiyəm. Adım Zülfüqardı.

İlyas müəllim mənə tərəf çevrildi:

– Sədrəddin,burda gördüyümüz zəhmət adamlarının işindən, həyatından canlı bir oçerk yaza bilərsən. Birləşdirən, qovuşduran körpülər şairlərin romantik uçuşlarına qol-qanad verər. “Azərbaycan gəncləri” qəzeti üçün çox zəngin  material var burda.Dərələr, çaylar üstündə salınan körpülər ölkələri, xalqları, mədəniyyətləri birləşdirir. Dünyamız sabahlara, insanlıq qardaşlığa gedir körpülərdən keçib. “Zülfüqar körpüsü” ola bilər qəzetə göndərəcəyin reportajın adı.

Arifə bir işarə bəs elər. Mən də fil qulağında yatanlardan deyildim. Anlayır, yaxşı başa düşürdüm ki, İlyas müəllim bu oçerk söhbəti ilə məni təzədən ədəbi aləmə qovuşdurmaq istəyir. Tək-tək qığılcımları görünən ocağın külünü eşələyib, üfürüb alovlandırmağa çalışırdı.

 

Yusif Həsənbəy

525-ci qəzet.- 2013.- 3 oktyabr.- S.7.