Tahir Salahov
yaradıcılığı Əsrlərin
qovşağında
Heydər Əliyev Mərkəzində
məşhur rəssam
Tahir Salahovun Əsrlərin qovşağında
adlı fərdi sərgisi açılıb. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib.
Açılış mərasimində
Heydər Əliyev Mərkəzinin icraçı
direktoru Anar Ələkbərov sərgi
haqqında məlumat verib: Heydər Əliyev Mərkəzi son
vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin,
simpoziumların, konfransların
keçirildiyi məkana
çevrilib. Mərkəzdə bir çox sərgilər təşkil
edilib. XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində
keçirilən Həyat,
ölüm və gözəllik sərgisini
on mindən artıq insan ziyarət edib. Xalq rəssamı Tahir
Salahovun fərdi sərgisinin açılması
məhz görkəmli
fırça ustasının
85 illik yubileyinə təsadüf edir.Görkəmli
rəssamı əlamətdar
yubileyi münasibətilə
təbrik edən Anar Ələkbərov bildirib ki, bundan
sonra da onun əsərlərinin təqdim olunmasında, geniş ictimaiyyətə
çatdırılmasında əllərindən gələni
əsirgəməyəcəklər.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru,
Xalq rəssamı, akademik Ömər Eldarov Tahir Salahovun
yaradıcılıq üslubundan,
dünya şöhrətli
fırça ustasının
Azərbaycan incəsənətinə
verdiyi töhfələrdən
danışıb.
Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən yubilyar Tahir Salahov deyib: Belə bir məkanda sərgimin təşkilindən çox həyəcanlanıram. Heydər Əliyev Mərkəzində sərginin təşkili mənim üçün böyük şərəfdir. Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz yaradıcılığım üçün böyük impuls alıram. Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz.
Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, Sənə bəşəriyyət, Aydan, Neftçinin portreti, Alagöz Şərq əfsanəsi, Aydan Şərq ulduzu, Odlar yurdu triptixi Atəşgah, Xəzər bu gün, Qız qalası və digər məşhur əsərləri də yer almışdır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.
Tahir Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.
Sərgi noyabrın 6-dək davam edəcək.
Dünya şöhrətli rəssamın Neftçi, Estakada, Neft daşları, Neftçinin portreti, diplom işi olan Növbədən gələnlər əsərləri təkcə sənət adamlarının deyil, sadə insanların da marağına səbəb olur. Tahir Salahov rəngkarlıqda sərt üslub adlanan istiqamətin əsasını qoyanlardan biri olub. Bu üslub sanki Stalin dövrünün sərt qaydalarına etiraz forması idi.
Tahir Salahov Azərbaycan və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, bir çox dövlət mükafatlarının laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.
O, iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının Fransa İncəsənət Akademiyası, San-Fernando İncəsənət üzrə İspaniya Kral Akademiyası, UNESCO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidenti, Avstriya, Almaniya rəssamlar ittifaqlarının fəxri üzvü, Billinqz şəhərinin və Montana ştatının fəxri vətəndaşı və Mədəniyyət və Təhsil Fondunun üzvü, Tirenton və Santa-Fe şəhərləri, Nyu-Cersi və Nyu-Mexiko (ABŞ) ştatlarının fəxri vətəndaşı, Qırğızıstan, Qazaxıstan rəssamlıq akademiyalarının həqiqi üzvüdür. Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə Rus Pravoslav Kilsəsinin III dərəcəli Şöhrət və Şərəf ordeni ilə təltif edilib. Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Heydər Əliyev ordeni ilə təltif olunub. Tahir Salahov 2012-ci ildə Rusiya Federasiyasının dövlət mükafatlarına layiq görülüb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 3 oktyabr.- S.7.