Seçim və məsuliyyət
“Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil... Bizim uğurlarımızın əsas
mənbəyi Azərbaycan xalqının
fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmiyyəti
hər bir vətəndaşına seçmək və
seçilmək hüququnu tanıyıb. Bu gün
dünyanın ən çox inkişaf etmiş bəzi
ölkələrindən daha əvvəl ölkəmizdə
istisnasız olaraq cəmiyyətin bütün üzvlərinə
və o cümlədən qadınlara seçki hüququnun
verilməsi ümumbəşəri dəyərlərin Azərbaycan
cəmiyyətində çoxdan yer aldığını və
möhkəmləndiyini göstərən qürurverici bir həqiqətdir.
İndiyədək çox seçimlər
etmişik. Uğurlusu da olub, uğursuzu da.
Bu gün də ölkəmiz seçim ərəfəsindədir.
Növbəti beş ildə Azərbaycanı
dünya siyasətinin labirintlərində məharətlə
irəliyə aparacaq, vətəndaş rifahını onun
layiq olduğu yaşam səviyyəsinə yüksəldəcək
bir ölkə başçısının seçimi
qarşısındayıq. Deməli, cəmiyyətin
hər bir üzvü üçün məsuliyyətin ən
yüksək dərki və vicdanın tələbi ilə qərar
qəbul etmək anıdır. Belə bir
anda millətimizin gələcəyi naminə dönüb
geriyə baxmaq, qazandıqlarımızla itirdiklərimizi tərəziyə
qoymaqla milli maraqlarımıza ümummilli təəssübkeşlik
aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin
ən parlaq göstəricisi olur.
Beş
illik ilk prezidentlik dövründə ona etimad göstərmiş
xalqın gözləntilərini layiqincə doğrultması
İlham Əliyevə 2008-ci il seçkilərində daha
inamlı qələbə qazandırdı. İkinci
prezidentlik dövründə İlham Əliyev Ulu öndər
Heydər Əliyevin siyasi kursuna sadiq qalmaqla bərabər, həm
də onu yeni keyfiyyətlərlə zənginləşdirmək,
heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam
etdirmək, müasir dünyanın siyasi mədəniyyətində “öz üslubunu” yaratmaq
bacarığını ortaya qoydu. İqtisadi böhranın
bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması,
ölkə miqyasında bu inkişaf
tendensiyanının davamlılığı Azərbaycanı
beynəlxalq arenada önəmli
bir dövlətə – qlobal siyasətdə söz sahibinə
çevirdi. Azərbaycanın orta və
uzunmüddətli inkişafının prioritet istiqamətləri
və bu strategiyanın uğurlu icra mexanizmləri müəyyən
edildi. Regionların sosial-iqtisadi inkişafına vüsət
verən proqramlar, əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə, təhsilin, səhiyyənin, elmin
tərəqqisinə hesablanmış fəaliyyət istiqamətləri bir-birini
tamamlamaqla ölkəmizdə bir milyondan çox iş yerinin
açılmasına və yoxsulluq səviyyəsinin kəskin
şəkildə aşağı düşməsinə
şərait yaratdı. İnsan amili dövlət siyasətinin ana
xəttini təşkil etməyə başladı. On il ərzində
ölkəmizdə ümumdaxili məhsulun həcmi 3 dəfədən
çox, dövlət büdcəsi isə təqribən 20 dəfəyədək
artdı, sənaye və kənd təsərrüfatında
müşahidə olunan yüksəliş yürüdülən
sistemli sosial-iqtisadi siyasətin uğurlu olduğunu təsdiq
etdi. Azərbaycanın əldə etdiyi iqtisadi
uğurlar, dayanıqlı iqtisadi inkişaf onun beynəlxalq
arenada yeni model dövlət kimi özünəməxsus yer
tutmasına səbəb oldu. Dünyanın
aparıcı informasiya vasitələri ölkəmizdə
baş tutan bənzərsiz tərəqqi tendensiyasını ən
maraqlı detalları ilə önə çəkərək
Azərbaycan haqqında ətraflı məlumatlar yaymağa
başladı. Azərbaycanın qısa zaman kəsiyində dünyanın sürətlə
inkişaf edən ölkələri sırasına daxil
olması, ümumdaxili məhsulun, sənaye istehsalının
dəfələrlə artımı, enerji gəlirlərinin
ölkənin çoxşaxəli inkişafına yönəldilməsi,
insan kapitalının dövlətin prioritet siyasət xəttinə
çevrilməsi Azərbaycanı yeni tipli dövlət kimi
bütün dünyaya tanıtdı.
Bu
dövrdə Azərbaycanın xarici siyasət sahəsində
qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən
fəal subyektlərindən birinə çevirdi. Azərbaycan
özünün və daxil olduğu regionun təhlükəsizlik
maraqlarını qoruya bilmək, cürbəcür təhdid və
avantüraları zərərsizləşdirmək
bacarığını nümayiş etdirdi və nəticədə
dünya birliyində etibarlı tərəfdaş nüfuzu
qazanmış Azərbaycan 155 ölkənin dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasının üzvü
seçilərək dünyanın idarə olunmasında
bilavasitə iştirak edən bir dövlətə
çevrildi. Həm birinci, həm də ikinci
prezidentliyi dövründə ölkəmiz üçün ən
ağrılı problem olan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində həyata
keçirilən ardıcıl tədbirlər İlham
Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi.
Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər təşkilatlar
tərəfindən Ermənistanın təcavüzkar dövlət
kimi tanınması, bir çox dövlətlər tərəfindən
Xocalı faciəsinin soyqırım faktı kimi qəbul edilməsi
Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan
haqlı mövqeyini bir daha təsdiq etmiş oldu.
Əsası
Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyanın ötən
onillikdə də uğurla həyata keçirilməsi Azərbaycanın
əldə etdiyi iqtisadi uğurların başlıca səbəbi oldu
və bu prosesdə ölkəmizin güclü enerji
infrastrukturu təşəkkül tapdı və onun qlobal əhəmiyyəti daha da artdı.
Nəticədə, ölkəyə sabit maliyyə
axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə
yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların
icrası təmin edildi. İkinci prezidentlik müddəti
üçün qarşıya qoyulan əsas hədəflərdən
biri – qaçqın düşərgələrinin ləğv
edilməsi, onlar üçün müasir tipli qəsəbə
və şəhərçiklərin salınması, onların
iş yerləri ilə təmin olunması uğurla həyata
keçirildi. Bununla bərabər,
ölkə iqtisadiyyatının enerji amilindən
asılılığının azaldılması da hər
zaman İlham Əliyevin yürütdüyü
iqtisadi siyasətin mərkəzində
dayandı. Ümumdaxili məhsulun həcmində
qeyri-neft sektorunun xüsusi çəkisi dəfələrlə
artırıldı, çoxşaxəli inkişaf
strategiyasının tətbiqinə başlanıldı.
Son 5 il ərzində
Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, bu
inkişafla tarazlı şəkildə həyata keçirilən
idarəetmə qurumlarının restrukturizasiyası, əhaliyə
göstərilən xidmətlərin keyfiyyətinin
artırılması baxımından da digər dövlətlər
üçün müsbət nümunəyə çevrilməkdədir.
Elektron hökumətin formalaşdırılması tədbirləri
çərçivəsində vətəndaşlara göstərilən
əksər xidmətlərin vətəndaş – məmur
qarşılaşması olmadan elektron formada həyata
keçirilməsi, ASAN Xidmət şəbəkəsinin
respublika miqyasında qurulması istiqamətində
görülən tədbirlər İlham Əliyevin öz vətəndaşına
dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmətlərin
göstərilməsində qərarlı olduğunu göstərir.
Bütün
bu uğurların kökündə 2003 və 2008-ci il
seçimlərində xalqın etimadını qazanmış və
onu layiqincə
doğrultmuş İlham
Əliyevin modernist baxışları, prinsipial siyasi
mövqeyi, öz xalqına və xalqın ümummilli Liderinin
siyasi kursuna sadiqliyi və nəhayət, onun gərgin əməyi
dayanır. Bu gün
prezident olmaga iddialı
şəxslərin siyahısında yer alan İlham
Əliyev bütün məziyyətləri ilə
başqalarından fərqlənən, eyni zamanda öz təvazökarlığı
ilə ən çox diqqəti cəlb edən və
seçicilər tərəfindən xüsusi rəğbətlə
qarşılanan bir namizəddir. Bu məqamda bir
vətəndaş və bir siyasətçi kimi İlham
Əliyev şəxsiyyətini opponentlərindən fərqləndirən
özəlliklərə nəzər salmaq yerinə
düşərdi.
Humanizm.
Hər şeydən öncə İlham
Əliyev humanist – insanpərvər bir siyasətçidir.
Demək olar ki, hər bir
çıxışında qeyd etdiyi – “Azərbaycanda dövlət
siyasətinin təməlində insan amili dayanır” prinsipi
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən bütün layihələrin başlıca
humanist ideyasıdır. Dövlətin ali
məqsədinin vətəndaşa xidmət etməkdən
ibarət olduğunu dəfələrlə vurğulayan
İlham Əliyev Prezident olduğu dövrdə ölkənin
siyasi, sosial, iqtisadi, mədəni inkişaf
proqramlarının da məhz bu prinsipdən
çıxış edərək həyata keçirilməsinə
təminat yaratmışdır. Bu baxımdan,
İlham Əliyev həm ölkəmizdə, həm də beynəlxalq
miqyasda dövlət – insan münasibətlərinin yeni
platformasını irəli sürən novator siyasətçi
kimi diqqəti cəlb edir. Dünyanın bütün
dövlət başçıları arasında İlham
Əliyev öz
xalqı ilə ən çox təmasda olan bir
ölkə başçısıdır.
Fədakarlıq və təvazökarlıq. İlham
Əliyev xalq tərəfindən seçilən, xalq
üçün seçilən və xalqın firavan gələcəyi
üçün yorulmadan çalışan bir siyasətçidir.
O, eyni zamanda, əldə olunan bütün uğurları
xalqın adına bağlayan təvazökar bir siyasətçidir.
“Bizim uğurlarımız insanların, Azərbaycan
xalqının dəstəyi və birbaşa iştirakı
olmadan mümkün deyil və bir daha demək istəyirəm
ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan
xalqının fəaliyyətidir, Azərbaycan xalqının
iradəsidir”. 2008-ci ildə yeni seçilmiş
Prezidentin andiçmə mərasimində söylədiyi bu fikirlərlə
İlham Əliyev özünəməxsus təvazökarlıqla əldə
olunmuş uğurların təməlində hakimiyyət
komandasının deyil, bütövlükdə Azərbaycan xalqının
dayandığını
göstərirdi. Faktiki olaraq, hakimiyyət komandası da
Azərbaycan xalqının siyasi-intellektual elitasından formalaşdığından prezidentin
vurğuladığı dövlət və xalq
maraqlarının vəhdəti burada bütün fəaliyyətlərin
qaynağında görülür. Bu, həm də
ölkə başçısının Ana Yasamıza
sadiqliyini nümayiş etdirir, konstitusion əsaslarda Azərbaycanda
hakimiyyətin mənbəyinin xalq olduğunu bir daha göstərir.
Çeviklik, cəsarət və qətiyyət. İlham Əliyev dünya
birliyinin dialektik inkişaf istiqamətlərini yaxşı bilən,
Azərbaycanın xarici və daxili siyasət
platformasını optimal tarazlıq müstəvisində zərgər dəqiqliyi ilə
müəyyənlişdirən
çevik, cəsarətli və qətiyyətli bir siyasətçidir.
Yaşadığımız regionda, eləcə
də beynəlxalq miqyasda bir göz qırpımında dəyişən
situasiya xarici siyasətin daha çevik olmasını və bu
siyasətin milli maraqlara adekvat yürüdülməsini tələb
edir. İlham Əliyevin rəhbərliyi ilə
yürüdülən xarici siyasəti səciyyələndirən
spesifik cəhət də məhz belə bir reallıqda
yalnız milli maraqlara əsaslanan tarazlı beynəlxalq
münasibətlər xəttini prinsipial şəkildə
yeritməsidir. Dövlət maraqlarının ən ali səviyyədə
qorunmasına xidmət edən diplomatik korpus şəbəkəsinin
genişlənməsi, beynəlxalq və regional təşkilatların
Azərbaycanın haqlı mövqeyini qəbul etdikləri qərarlarla
dəstəkləməsi, Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasına üzvlük
İlham Əliyevin yürütdüyü xarici siyasətin
milli maraqlardan qaynaqlandığını və bu siyasətin
daxili siyasətlə harmonik bağlılığını
göstərən dəlillərdir. Bu baxımdan, Azərbaycanın
ümumtürk
inteqrasiya proseslərini və türk
dünyasının
bütövlüyünü şərtləndirən təşəbbüslərin
İdeya Mərkəzinə çevrilməsi də İlham Əliyevin milli-tarixi və milli-mənəvi
köklərə bağlı olan cəsarətli bir rəhbər
olduğunu göstərir.
Sabitlik və Həmrəylik. İlham Əliyevin
prezidentliyi dövründə Azərbaycan sabitliyin, davamlı
iqtisadi inkişafın təmin olunduğu, dövlət siyasətinin
mərkəzində vətəndaş marağının
dayandığı bir ölkəyə çevrilmişdir.
Bu gerçəkliyi görməmək
mümkün deyil. Bu gün Xalq-Hakimiyyət konfiqurasiyasının
bir tərəfində – vətəndaşı
üçün layiqli həyat səviyyəsini təmin etməyi
başlıca hədəf kimi müəyyən edən
İlham Əliyev şəxsiyyəti, digər tərfində
isə əvvəlki seçkilərdə İlham Əliyevə
göstərdiyi etimadın bəhrəsini
real şəkildə hiss edən, onu yenidən öz lideri
kimi görmək arzusunda olan Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan seçicisinin ölkə
başçısına, ölkə
başçısının Azərbaycan seçicisinə
olan güvəncini sarsılmaz edən də bu tərəflər
arasındakı qarşılıqlı inamdır. Bütün ölkələr üçün ideal
sayılan bu Vəhdət Azərbaycan nümunəsində
artıq reallığa çevrilib. Azərbaycanın
çağdaş mənzərəsi məhz bunu göstərir.
Xalqın etimadını, sevgisini qazanmaq, bu etimad və sevgini
daim qoruyaraq onu ümumxalq dəstəyinə – Sosial Dayağa çevirmək
hər siyasətçiyə müyəssər olmur. Azərbaycan seçicisi üçün əldə
olunmuş uğurların davamlılığı, tərəqqi
yolunun, sabitliyin dönməz xarakter daşıması daha
çəkicidir. Burada özünün zəngin
dövlətçilik təcrübəsi ilə Azərbaycanı
dünya birliyinin aparıcı subyektinə çevirən
İlham Əliyevin siyasi
opponentlərlə müqayisədə mütləq
üstünlüyü dərhal nəzərə
çarpır və bu fərq hər bir Azərbaycan vətəndaşının seçimində həlledici olur.
Söz və Əməl. Yüksək xarizmaya, rəğbətdoğurucu şəxsi keyfiyyətlərə, üç dildə natiqlik məharətinə, əsaslı mövqeyin optimal təzahür maneralarına malik olan İlham Əliyev Azərbaycanın bir ucqar kəndində də, beynəlxalq tədbirlərin keçirildiyi yüksək tribunalarda da eyni səviyyədə yüksək məntiq və inandırıcılıq səriştəsi ilə çıxış edir. Onun çıxışları məntiqli və inandırıcıdır. Çünki onun dediyi Sözün arxasında Əməli dayanır. Prezidentliyi dövründə İlham Əliyev bir ölkə başçısının öz dövləti və xalqı üçün edə biləcəyindən daha artığını edə bilməyin mümkün olduğunu artıq öz əməlləri ilə sübut etmişdir. Malik olduğu bütün müsbət məziyyətlərini, proseslərə rasional yanaşma qabiliyyətini dövlətin daxili və xarici siyasət strategiyasına məharətlə hopduran İlham Əliyev XXI əsrin çağdaş ruhu ilə səsləşən müasir Azərbaycanı yaratmaqdadır. Bu prosesdə isə heç nə təsadüfən baş vermir, ölkənin siyasi, ictimai, iqtisadi, mədəni həyatını yönəldən proseslər onun daxili inkişaf məntiqindən, qabaqcadan ölçülüb-biçilmiş layihələrin, proqramlaşdırılmış fəaliyyətlərin ardıcıllığından irəli gəlir. Belə yaradıcı bir fəaliyyətin nəticəsində Azərbaycan kəndi tarixin heç bir zamanında görmədiyi təhsil, mədəniyyət və istehsal obyektlərinə sahib olur. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən kənd əhalisinin verdiyi sözü əməli işi ilə tamamlayan bir namizədi səmimiyyətlə dəstəkləyəcəkləri qətiyyən şübhə doğurmur. Səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-təchizat və tibbi xidmət potensialının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində davamlı siyasətin aparılması Azərbaycan həkiminin seçim etməsində əsas meyar olacaqdır. Kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş proqram və layihələrin uğurlu icrası, sahibkarlığa dövlət dəstəyinin yüksələn xətlə davam etməsi, əlverişli iş mühitinin yaradılması Azərbaycan sahibkarının seçimində həlledici amildir. Əmək şəraitinin yaxşılaşdırılması, yeni-yeni iş yerlərinin açılması kənddə və şəhərdə yaşayan zəhmətkeş insanların verilən sözə etimadını daim artırmaqdadır. Dövlət qayğısını hər zaman hiss edən, yaşayış tərzi daim yaxşılığa doğru dəyişməkdə olan Azərbaycan təqaüdçüsü öz seçimində sosial rifaha işıq yandıran namizədi tərəddüd etmədən dəstəkləyəcək.
Sadaladığım amillər seçildiyi gündən xalqın etimadını doğruldan İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurların işığında öz dolğunluğu və möhtəşəmliyi ilə görünür. Beynəlxalq təşkilatların da artıq qeyd etdiyi kimi, seçkiqabağı dövrdə namizədlərin qeydə alınması prosesinin tam şəffaf keçməsi, təbliğat və təşviqat üçün bütün namizədlərə bərabər şəraitin yaradılması və ən baçlıcası, xalqın malik olduğu seçim təcrübəsi və məsuliyyəti Azərbaycandakı növbəti prezident seçkilərinin tam demokratik şəraitdə keçəcəyinə heç bir şübhə yeri qoymur. İlham Əliyevi siyasi mübarizə meydanında alternativsiz liderə çevirən amillərdən biri də elə mövcud demokratik mühitdir. Məhz belə bir durumda prezident iddiasında olan namizədlər xalqla açıq təmasa girib öz platformalarını bəyan edərkən İlham Əliyevin şəriksiz liderliyi faktı üzə çıxır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
525-ci
qəzet.- 2013.- 3 oktyabr.- S.4.