“Kişi od olanda, qadın gərək
su olsun”- (Məşhurların
xanımları )
Bu yaxınlarda Azərbaycanın Xalq
şairi Məmməd Arazın ömür-gün yoldaşı
Gülxanım Fətəliqızının
“Ömürdən yarpaqlar”adlı
kitabı
nəşr olunub.
Kitab müəllifin şairlə
yaşanan ağrı-acılı,
sevincli günlərinə
işıq tutan bu xatirələr geniş oxucu marağına səbəb
olub. Qəzetimizin oxucuları üçün
də maraqlı olacağını nəzərə
alaraq, əməkdaşlarımızın
Gülxanım Fətəliqızından
aldığı müsahibəni
təqdim edirik.
–Gülxanım xanım,
ilk öncə qəzetimizə
müsahibə verməyə
razı olduğunuza görə sizə təşəkkür edirik.
Sizə ünvanlanan
ilk sualımız isə
belədir: Böyük
şairimiz Məmməd
Arazla tanışlıqdan
əvvəl onunla birgə həyat, ailə quracağınızı
heç xəyalınızdan
keçirmisdinizmi?
–Mənim şeirə, poeziyaya marağım Məmmədlə başlamayıb.
Ədəbiyyatın vurğunu idim.
Gənclər arasında belə
bir həvəs var idi, yeni
çıxan ədəbiyyat
nümunələrindən mütləq hər kəsin xəbəri olmalı idi. Bunu dövr tələb edirdi, həm də mən ədəbiyyatçı
idim axı..
Məmmədi şair olduğuna
görə seçməmişəm, bir
gün məni şeirləri ilə ovsunlayacağı fikrinə
düşməmişəm. Sadəcə
bir insan kimi bəyənmişəm,
könlümə yatıb
və beləcə bizim ailə qurmağımıza qarşı
olan bütün narazılıqlara baxmayaraq,
bütün çətinliklərə
göz yumaraq, ailəmizi qorumağa çalışmışıq. Həmişə bir-birimizin
əlindən tutmuşuq.
Çətinliklərimiz həddindən artıq
çox olub. Amma güzəştə getməyi
bacarmışıq. Səbr etmişik.
– Necə tanış
oldunuz?
–Elə oldu ki
mən Məmmədin
əmisi oğlu, bir də qardaşı
olan qrupa düşdüm. Hamısı
Allahın qismətidir...
Evləndik. Noyabr ayı idi.
Qışı keçirdik. Bizim bir evimiz var
idi, yarım zirzəmi, o yarım zirzəmidə balaca bir pəncərə həyətə çıxırdı.
Bir divan,
çarpayı, balaca
mətbəx stulu bura güclə yerləşirdi. Dörd
il mən
həmin evdə əziyyət çəkmişəm.
Mən hərdən qayıdıb
gəlirdim Bakıya, təzədən qayıdırdım
anamın yanına, kənd camaatını da bilirsiz də
xısınlaşırdılar ki, yəqin ayrılıb. 1971-ci ildə
də xəstəliyə
tutuldu, o xəstəliyi 30 ildən də çox çəkdi. Adına parkenson xəstəliyi deyilir. Mənim həyatım, əgər
buna həyat demək olarsa, ağrılar içində
keçib.Heç bir
həyat görməmişəm...
Təzə evlənmişdik ki,
Moskvaya oxumağa gedirəm, dedi. 2 il bir-birimizdən
ayrı qaldıq. O ayrılıq mənim üçün çox çətin keçdi. Qubaya anamın yanına qayıtdım.
Bu bizim ən
uzun ayrılığımız
idi. Bundan sonra təbii
ki, ezamiyyətlərə.
Amma qısa müddətə...
– Müsahibələrinizdən birində
öyrəndik ki, şeirlərini
ən birinci sizə oxuyardı, bəyənəndə “xoşuma gəldi” deyərdiz, bəyənməyəndə susardız. Zaman keçdikcə bu yanaşmanızda bir dəyişiklik oldumu?
– Xəstəliyindən
sonra xəttini məndən başqa heç kim
oxuya bilmirdi. Yəni mənim yerimdə başqa bir
qadın olsaydı bəlkə də o şeirlər yazı ömrünü yaşaya
bilməzdi və Məmməd Araz indiki Məmməd Araz qüdrətində olmazdı. Çünki mənim qənaətimcə,
o, ən yaxşı,
ən qüvvətli şeirlərini xəstə
vaxtlarında yaradıb.
Həmin
prosedur belə idi. Məsələn, hərfi yazırdı,
sonra xətt çəkirdi və mən o hərflə sözü tuturdum, tapırdım.
– Bir müddət istirahət yeri kimi tez-tez Kəlbəcəri seçərdiz. O günlər
xatirinizdə necə qalıb?
–Məmməd Kəlbəcər
bir muzeydi, deyərdi. Biz ora
ilk dəfə 1968- ci
ildə, mənim xəstəliyimə görə
müalicəyə getməli
olduq .İstisuya.
Bu kələ-kötür dağlıq yollardan elə bil ki
cənnətə düşdük.
O vaxtkı Stepanakert idi. Burada bir kəlmə
də Azərbaycan dilində danışmırdılar,
divar-bucaq da Azərbaycan hərfi də yoxudu, hamısı erməni hərfi idi. Mən təəccüblə
baxanda, Məmməd qayıdıb dedi ki, bilirsən bura haradı, dedim ki,
hə, Stepanakertdi. Dedi:“Evimizin
içində düşmən
evi”. Getdik, Kəlbəcərə dolama-dolama yollarla. Hələ Kəlbəcərə
çatmamış görürsən
qayalar sütun çəkib bir formada bir- birinin
arxasında elə dayanıb ki, adam bu möcüzəni sözlə
izah etməkdə çətinlik çəkir.
Birinci səfərdə İstisuda
onun xeyli şeirləri yarandı:
“ Daş qartal”, “Həkim çay”, “ Oxuyan Təbriz”... İstisu unudulası yer deyil, necə
mənzərəli, gözəl
idi.İstisunu, bu yeri heç bir rəssam və ya memar
yarada bilməz, bu su özünə
elə bir əzəmətli heykəl
ucaltmışdı ki...
Sonralar bir gün biz Murov dağında əsgərlərlə görüşə
getmişdik. Qayıdıb
gələndə Gəncədə
bir yataqxanada məskunlaşan kəlbəcərlilərlə
görüşdük. Hərəsi əlində bir kitabla gəldi ki, Məmməd imzalasın.
– Sevgi məktubları da varıydı, şairə gələn sevgi məktubları... Sizdən gizlətdiyi olubmu?
–(gülür) Yox məndən
gizləmirdi. Gizlədirdi
deyəndə təbii
ki məktublar iş yerinə gəlirdi. Oturub söhbət eliyirdik.
1996-cı il olardı. Məktublardan söhbət düşdü.
Dedi ki, istəyirəm, cavanlıqda
mənə gələn
sevgi məktublarını
sən çap elətdirəsən. Dedim,
sən niyə o məktubları evə gətirmirdin? Dedi, cavanıydın, qorxurdum, ürəyinə xal düşər.
– Yerinə yetirə bilmədiyiniz nəsə bir istəyi olubmu...Etməmisiz və bu, sizdə
bir niskil kimi qalıb?
–Yox, mən onun
25-26 kitabını çap
elətdirmişəm. Hamısının əziyyətini özüm
çəkmişəm. Özüm kompyuterdə yığmışam ki,pulu çox çıxmasın. Amma məqalələri
qalıb, çoxu qalıb, bir neçəsini çap elətdirmişəm. Məmməd şeir yaza bilməyəndə, məqalələr
yazırdı- təbiətə,
dostlarına aid. Orda
elə gözəl fikirlər deyirdi ki...
– Məmməd müəllim
bilirik ki, qayğıkeş ata olub...
–Şairlə yaşamaq asan deyil. Məsələn, mən 10 il işləmədim. Qoymurdu məni işləməyə. Axır bir dava ilə işləməyə başladım. Əvvəllər mən işə gedəndə adamlarla ünsiyyət qura bilmirdim, 4 divar 2 uşaq, ancaq onlarla danışırdım, ona görə ki Məmməd həmişə öz aləmində idi, yaradıcılığı ilə məşğul idi. Söhrab Tahirin bir sözü var: “Biz bir misranı yüz cürə fikirləşirik, görək harda necə səslənər bu misra”. Təbii ki qayğıkeş ata olub... Amma kim desə ki evində dava olmur, narazılıq olmur, inanmayın, yalan sözlərdi. Dava da olur, narazılıq da olur, incimək də olur, barışmaq da... Mən özüm atasız böyümüşəm deyən istəməmişəm ki, qızlarım da atasız böyüsün....Ona görə də kişi od olanda, qadın gərək su olsun.Mənim üçün həmişə hər şeydən əvvəldə ailəm dayanıb. Elə rəhmətlik üçün də...
– Məmməd müəllimlə uzun müddət bir həyatı bölüşmüsünüz. İndi Məmməd Arazsızlıqla barışa, Məmməd Arazsızlığa alışa bilmisizmi?
–Qəbrinin üstü götürülənə qədər məndə bir dəli hiss vardı. Heç dözə bilmirdim onsuzluğa. Doğrudan da zaman ən böyük həkimdi, vaxt bütün ağrıları, yaraları sağaldır...
– Məmməd müəllimin o vaxt “Ədəbiyyat və İncəsənət”qəzetindən çıxarılmasının səbəbi nə idi?
–Biz Yesentukiyə gedən kimi Məmmədi katiblikdən çıxartdılar.Əslində məzuniyyətdə olduğu müddətdə bir işçini işdən çıxarmağa heç kimin haqqı yoxdu. Bu, ədalətsizlik idi.Səbəb kimi də Nəriman Nərimanovun heykəli tikilməmiş onun şəklinin çəkilib qəzetdə dərc olunması göstərilirdi. Əslində o işdən hamının xəbəri var idi. Məsələnin kökü gedib tarix boyu bizim mənfur düşmənimiz olan ermənilərə dayanır. “Heç Leninə bu qədər yer ayrılmır, amma Nərimanova bütöv bir səhifə həsr edilir” deyərək qəzet nüsxəsi rəhbərliyə göndərilir. Əl- ayağa düşən qəzet işçiləri də bu işi Məmmədin ünvanına yazıblar. Bu haqsızlıqdan sonra laqeydliklər başladı. Məmmədin açıq fikirləri, xalq arasında olan hörməti onları narahat edirdi. ...
– Bütün Azərbaycanın sevimli şairi , sizə necə, könlünüzcə olan şeirlər yazmışdımı?
–O mənə şeir yazmırdı, bir-iki şeir var idi sadəcə. Mən gileylənərdim ki, bütün şairlər qadınlarını vəsf edir, bir səndən başqa.. Şeirlərinin birindən “..sel boğan dərələri, bir mərd qadınla keçdim...” bu misranı dedi və : “heç bir şair öz qadınını belə adlandırmayıb, bu sənin bəsindi..” deməklə cümləsini bitirdi.
Amma əvəzində Zəlimxan Yaqubun mənə həsr etdiyi bir şeir var ki, orda hər ikimizin ömür-gün yoluna işıq tutulur...
Yandır işığını Məmməd Arazın,
Yandır işığını, Gülxanım bacı!
Ürəyə köçürün,yaddaşa yazın,
Bu haqq aşığını, Gülxanım bacı!
Firəngiz Ağalar,
Məhəbbət
Hacıyeva
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.15.