Şah Abbasın adına layiq roman
Hər bir xalqın ədəbiyyatında tarixi roman
mühüm yer tutur. Çünki xalqın keçmişini
öyrənmək, soykökünü bilmək gələcəyin
yolunu düzgün müəyyənləşdirmək
üçün əsas vasitədir. Azərbaycan
ədəbiyyatında da tarixi romanın qədim ənənəsi
var. Böyük Nizaminin bütün poemalarında tarixi
mövzu əsas yer tutur. “İsgəndərnamə”
poeması isə bu janrın əvəzsiz nümunəsi hesab
olunur. M.F.Axundzadə, N.Nərimanov,
Ə.Haqverdiyev, M.S.Ordubadi, Y.V.Çəmənzəminli tarixi
janrda misilsiz nümunələr yaratmışlar.
Tanınmış nasir Elçin Hüseynbəylinin
yaradıcılığında da tarixi mövzu mühüm
yer tutur.
Onun “Şah Abbas” əsəri tarixi romanın yeni tipidir. Belə ki, bu əsər
arxiv sənədləri əsasında yazılmış 47 fəsildən
ibarət roman – xronikadır. Yəni
romandakı hadisələr tarixi mənbələrə əsasən
yazılmışdır. Müəllif təxəyyülü
ilə yaradılan hadisələr və surətlər yox
kimidir.
Hər fəsildə qəhrəmanın həyatı və
fəaliyyətinin bir anı qələmə
alınmışdır. Romanı oxuduqca inanırsan ki, Şah Abbas haqqında beş əsr müddətində
yaradılmış rəvayətlər əfsanə
deyilmiş, arxiv sənədlərlə təsdiqlənən
hadisələrdir. Şah Abbasın adı ilə
bağlı məscidlər, karvansaraylar, hamamlar, körpülər,
imarətlərin çoxu günümüzə qədər
qalmışdır və bu abidələr Qafqazın
bütün bölgələrində vardır.
Romanın əvvəlində müəllif yazır
“...Siz elə bilirdiniz ki, Azərbaycan xalqı arasında “cənnətməkan”
kimi yadda qalmış, onun nağıllarını,
dastanlarını bəzəmiş Şah Abbas fars
qafalıymış? Haradan biləydiniz ki, orta əsrlərin
“qızıl dövründə” cahanın yarısına sahib
olan Şah Abbası bir Səfəvi məmləkətinin şərəfi,
bir də hökmranlıq düşündürürdü.
Haradan biləydiniz ki, həmin vaxt bir qızılbaş məmləkəti,
bir şiə məzhəbi, bir sufi təqirəti,
bir də müqəddəs Ərdəbil şəhəri
vardı. Haradan biləydiniz ki,
qızılbaşlar “müridin əlində qılınc,
altında at, qarşısında düşmən
olmalıdır” anlamı ilə yaşayırdılar.
Ona görə də mirzəliyi özlərinə
yaraşdırmır, onu qara iş sayır, yazı-pozunu
farslara, gürcülərə, ermənilərə, çərkəzlərə
buyururdular.
Bunları bilmirdiniz, heç mən də bilmirdim. Çünki
tariximizi başqa millətlər yazıb, sovetlərin
şinelindən çıxan öz tarixçilərimizin
çoxu da o yalanları təkrar eləyib. Yalnız müstəqillik dövründə sular
durulmağa başlayıb.
Sizi
çaşdırıblar, ey mənim biçarə həmvətənlərim!
Böyük bir sərkərdənizi, böyük Azərbaycan
Səfəvi dövlətini farslaşdırıblar. Mən indi əsl
həqiqəti deməkdən, böyük bir sərkərdənizi,
cənnətməkan hökmdarınızı
özümüzə qaytarmaqdan qürur duyuram” (s.7-8).
Müəllifin bu qeydləri təsadüfi deyil. Xatırladaq
ki, hətta müstəqilliyin ilk illərində İqrar
Əliyevin rəhbərliyi altında hazırlanmış və
çap olunmuş, yanlış mövqedən qələmə
alınmışdır. Bu nəşrdə
başqa ciddi səhvlər də vardır.
Sovet dövründə sosialist realizmi deyilən saxta
yaradıcılıq metodu əsasında yazılmış
bütün əsərlərdə, xüsusən tarixi
mövzuda qələmə alınmış romanlarda
keçmiş hadisələr partiya sənədlərində
verilən tələblər əsasında
yazıldığından bu əsərlərdə ciddi təhriflər
olmuşdur.
Təbiidir ki, əsl tarixi romanlarda belə təhriflərə
yol verilmir. Çünki belə təhriflər dövrün
ruhunu düzgün göstərməyə imkan vermirdi. Digər tərəfdən müasir oxucularda
keçmiş haqqında düzgün təsəvvür
yaratmağa mane olurdu.
“Şah Abbas” romanında müəllif tarixi mənbələri
dərindən öyrənərək belə
saxtakarlığa yol verməmişdir.
Müəllif tarixi mənbələrə əsasən
yazır ki, Səfəvi dövləti parçalanmaq ərəfəsində
idi. Osmanlılar Krım tatarları ilə birlikdə
bütün Azərbaycanı – Təbriz, Qarabağ, Şirvan,
Çuxursəd Bəylərbəyliyini ələ
keçirmişdi. Gəncə, Naxçıvan, Dərbənd
də osmanlıların tabeliyində idi. Osmanlılar
artıq İraqi-Əcəmi, özbəklər isə
Xorasanı hədələyirdilər.
Qoca və xəstə Məhəmməd Xudabəndə
ölkəni idarə edə bilmirdi. Qızılbaş əmirləri
vəliəhd Abbas Mirzəyə müraciət etmək qərarına
gəldilər.
Abbas Mirzə
uşaqlıqdan mükəmməl təhsil almış,
yaşa dolduqca Şərq müdriklərinin əsərlərini,
hətta Əbu Əli İbn-Sinanın təbabətə aid
məhşur “Şəfa”, Bahəddin Məhəmmədin
“Nücum” və riyaziyyata dair əsərlərini, həmçinin
başqalarını oxuyub öyrənmişdi.
Roman müəllifi Şah Abbasın portret cizgilərini
dəqiqliklə təsvir edir. Nəzərə
çatdırır ki, Şah Abbas gənc olsa da, başa
düşürdü ki, ölkəni idarə etmək
üçün ilk növbədə mükəmməl təhsil
almaq lazımdır. O, hətta səfərlərə
gedəndə də özü ilə çoxlu kitab
aparardı. Digər tərəfdən gənc vəliəhd
şəxsi şücaəti ilə seçilirdi. Ox atmaq, qılınc oynatmaq onun gündəlik məşğuliyyəti
idi. Şah olmamışdan əvvəl
iştirak etdiyi müxtəlif döyüşlərdə
şəxsi şücaəti ilə fərqlənmiş,
qoşun içərisində böyük nüfuz
qazanmışdı.
Elçin Hüseynbəylinin romanda Şah Abbas
haqqında verdiyi bir rəvayət onun əməyə
münasibətini aydınlaşdırmaq baxımından əhəmiyyətlidir.
Deyilənə görə, Şah Abbas sevdiyi
qızın təkidiylə peşə – sənət öyrənməyə
başlayıb, canamaz toxumağı öyrənib. Bu adi fakt
olduqca ibrətamizdir. Yəni insan
mövqeyindən asılı olmayaraq öz
yaşayışını təmin etnək
qayğısına qalmalı, bir sənət öyrənməyə
borcludur.
Şah Abbas rəiyyətinin təkidilə Qəzvinə
gələrkən taxti-rəvana oturmaqdan imtina edərək
qızıl yəhərli ərəb atına minib xanların
müşayiəti ilə Qəzvinə üz tutmuş, ondan əvvəl
isə, gənc şahzadə İmam Rza məqbərəsinə
gedib babalarının ruhuna dua oxutdurmuşdu.
Abbas Mirzə
vəziyyətin ağırlığını hiss edirdi. Qarşıda onu dağılmış məmləkət,
başıpozuq ordu, harınlamış əyanlar, taxta
çıxmaq arzusu ilə alışıb yanan
qızılbaş əmirləri gözlədiyini bilirdi.
Roman müəllifi nəzərə çatdırır
ki, Şah Abbas ona xəyanət edən, həddini aşan,
xalqa zülm edən vəzifə sahiblərini yeri gələndə
ən ağır cəzaya məhkum edirdi. Onun kəsdirdiyi
başların sayı minlərlədir. Lakin
Şah Abbas haqqındakı rəvayətlərin heç
birində onun kiməsə haqsız cəza verməsi
haqqında söhbət getmir. Çünki
xalq onu ədalətli hökmdar kimi tanıyır. Yazıçı diqqəti ona yönəldir ki,
Şah Abbas bir hökmdar kimi xalqa işləməyi,
çörək qazanmağı öyrətdi. Torpağa bağlılıq, Vətəni sevmək,
onun uğrunda vuruşmaq və yeri gələrsə ölməyi
şərəf bilmək Şah Abbasın fəaliyyətinin
başlıca keyfiyyətləridir. Onun
haqqında yaranmış rəvayətlər, əfsanələr,
nağıllar onun şəxsiyyətinə olan məhəbbətin
əsas göstəricisidir. Şah Abbas
oxucuların qəlbində məhz bu keyfiyyətlərilə
yaşayır.
Şah Abbas da başqa hökmdarlar kimi qəddar
olmuşdur. Yüzlərlə, minlərlə başların kəsilməsinə
fərman vermişdir. Bununla bərabər
o, həm də ədaləti tapdamamışdir. Haqqı, ədaləti bərpa etmək, xalqın vəziyyətini
yüngülləşdirmək, şəhərləri, kəndləri
abadlaşdırmaq üçün tikinti – abadlıq işlərini
də yaddan çıxarmamışdir. Onun
tikdirdiyi müdafiə qalaları, yaşayış
binaları, abad küçələr, gül-çiçəkli
bağlar göz oxşayır.
Romanda Şah Abbasın əsas xidməti – Məhəmməd
Xudabəndənin (1578-1587) dövründə
parçalanmış məmləkətin yenidən birləşdirilməsi
real boyalarla təsvir olunmuşdur. Müəllif tarixi mənbələrdən
bol-bol istifadə etməklə bu prosesi ətraflı şəkildə
qələmə almışdır.
Şah Abbas İstanbul sarayı ilə sülh
danışıqları aparıb islahatlara başladı. Ticarətin
inkişafı üçün tədbirlər gördü.
Romanda diqqəti cəlb edən əsas məziyyət əsər
boyu onun səhifələrində canlandırılan
saysız-hesabsız döyüş səhnələrindəndir. Şah Abbas 1598-ci ilin oktyabr
ayında paytaxt
məmləkətin ortasında yerləşən İsfahan
şəhərinə köçürdü. Gilan
xanlığını tabe etdikdən sonra 1599-cu ilin iyul
ayında özbəkləri döyüşdə məğlub
etdi. Məşhədi geri qaytardı.
Şah Abbas ölkədə vəziyyəti qismən
düzəltdikdən sonra Qərb ölkələri ilə əlaqələri
möhkəmləndirməklə məşğul oldu.
Romanda qəhrəmanların eşq-məhəbbət səhnələri
də diqqətdən kənarda qalmamışdır. Allahverdi
xanın gürcü gözəli Yelena ilə eşq macərası
təbii boyalarla qələmə alınmışdir.
Romanda
Şah Abbasın osmanlılarla, hakimiyyətə asi olmuş gürcülərlə
döyüşləri ətraflı təsvir olunmuşdur. Şah Abbasın oğlu və vəliəhdi Məmmədbağır
Mirzə vaxtını şərab içməklə
keçirdiyindən hökmdar ondan narazı idi. Ona görə də Şah Abbas şərabı
qadağan etdi. Lakin onu aradan götürmək
mümkün olmadı.
Roman “Şah Abbasın son günləri” fəsli ilə
tamamlanır.
Müəllif yazır ki, uzunillik
döyüşlər Şah Abbası yormuşdu. Onun yaşı 60-ı keçmişdi. Son illər o, ölkənin abadlığı barədə
düşünürdü.
lll
Romanın
son səhifələrindən bir epizod da diqqəti cəlb
edir:
Şah Abbas gözlərini yarıqaranlığa
açdı.
– Lələ,
sənsən – deyə otağa gələn adamdan soruşdu. O
da pıçıltıyla cavab verdi ki:
– Mənəm.
– Məni
aparmağa gəlmisən!
– Yox.
– Niyə
aparmırsan lələ? Günahım nədir?
Məni ora buraxmırlar?..
Lələ Mürşidqulu xan Həmzə mirzənin
öldürülməsini yada saldı.
Mürşidqulu xan bu ölümdə şahı
günahlandırır və əlavə edir ki, onu bu işdə
heç kəsin qınamaq niyyəti yoxdur. Həmzə
Mirzə ölməsəydi, paralanmış məmləkət
birləşməzdi. “Səltənətə
o yox, sən lazımdın. Ona görə
də sənin qərarın doğruydu”.
Romanda Şah Abbas surəti bütün cəhətləri
ilə canlandırılmışdır. O, ilk növbədə
dindar adam idi. Hələ gənc
yaşlarında iki dəfə Məşhədə
ayaqyalın getmiş, İmam Rzanın məzarını ziyarət
etmiş qüdrətli şah kimi diqqəti cəlb edir.
40 ildən artıq müddətdə o, səltənət
başçısı kimi ölkənin inkişafı, tərəqqisi,
təhlükəsizliyi üçün
düşünür, lazım olan tədbirlər
görür. Yeri gələndə
düşmənlərinə, ona xəyanət edənlərə
qarşı amansız, qəddar, başqa məqamda isə
günahları bağışlayan, hətta düşməninə
güzəştə gedən ağıllı, mülayim bir
məmurdur. Müəllif onu şəxsi
igidliyinə, döyüşlərdə rəşadətinə
qibtə olunan qılınc sahibi kimi təqdim etmişdir.
O, saysız-hesabsız döyüşlərdə həm
şəxsi şücaəti ilə seçilən, həm də
döyüşü ağıllı idarə edən sərkərdədir.
Ayrı-ayrı döyüşlərdə həm
hücum, həm də müdafiə prosesində onun
addımları özünü doğruldurdu.
Onun diplomatik məharəti, xarici dövlət
başçıları, səfirləri ilə
görüşlərində
ölçülüb-biçilmiş hərəkətləri,
hadisələri düzgün qiymətləndirməsi, çətin
anlarda belə təmkinini pozmaması,
düşünülmüş qərarlar qəbul etməsi
on minlərlə əsgərdən ibarət qoşunu
bacarıqla idarə etməsi təqdirəlayiqdir.
Siyasətdə
dost yoxdur, mənafe vardır. Bu gün dost hesab etdiyin sabah düşməninə çevrilir. Bunları ayırd etmək, ölkəni idarəetmə
prosesində tez-tez dəyişilən məsələlərdir.
Şah Abbasın illik idarəçilik təcrübəsində
sadə insanlarla təğyiri-libas olub evlərdə, bazarda,
küçələrdə, məclislərdə
görüşüb xalqın rəyini öyrənməsi
böyük cəsarət və qorxmazlıq tələb edir.
Şah Abbas məhz bu keyfiyyətləri ilə öz xələflərindən və sələflərindən fərqlənir. Onun haqqında yaradılmış yüzlərlə rəvayət, əfsanə, xatirə belə görüşlərin əsas mövzusu olmuşdur.
Romanda iki proloq vardır. Proloq – I 1629-cu ilə aiddir. Yəni Şah Abbasın ölüm ərəfəsidir.
Nəvəsi Şah Səfinin (Məmmədbağır
Mirzənin oğlu) taxta sahib olması ilə başlayır.
Proloq I I isə 01 oktyabr 2007-ci ilə aiddir.
Yəni romanın yazılma və nəşr
olunma tarixidir.
Şah Abbas Səfəvilər sülaləsinin I Şah
İsmayıl, I Şah Təhmasibdən sonra
üçüncü ən qüdrətli və şöhrətli
hökmdarlarından biri hesab olunur.
Elçin
Hüseynbəylinin əsəri də Şah Abbasın adına layiq, qiymətli romandır.
Romanın sonunda AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevin qiymətli məqaləsi də verilmişdir. Həmin məqalədə də ifadə olunduğu kimi, bu roman tarixi keçmişimizi bədii ustalıqla əks etdirən dəyərli əsərdir.
(Məqalə ixtisarla çap olunub)
İyun 2013,
Naxçıvan
Yavuz Axundlu
filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.22.