“Düşmüşəm bir
dərdə kim...”- Yüz
Gözəl Sevgi Şeiri
PƏRVİNin təqdimatında
Günahların ən böyüyü sevdiyin qarşısında
günahındı. Hansı
səbəbdən, nədən
başına gəlib,
nə vaxt olub, kim
məcbur edib... nə fərqi? Günahkarsan,
cəzanı çəkməlisən.
Bəlkə də başqa,
yer işlərinə
aid səhvləri bir-iki
savab eləməklə
yuya, unutdura bilərsən. Amma səhvliyin qəlb məsələsinə aiddisə,
heç... Özünü öldürsən də, xeyri yoxdu, açdığın
yaranın üstünə
min məlhəm qoy, nə faydası?! Günahkarın yeri cəhənnəmdi
deyirlər. Sən
də cəhənnəmə
düşürsən, içərindəki
cəhənnəmə... Elə
ki xatirələrinə,
düşüncələrinə, dərinliklərinə enməyə
başladın, hər
addımın alov püskürür, yanıb
yaxılırsan... Heç
nəylə təsəlli
tapa bilmirsən! Keçmişinə qayıdıb
“bəlkə elə...”,
“yox belə...”, “bəs onda...”lar ilə
gəmirirsən özünü...
Vəfasızlığını, etibarsızlığını,
səhvlərini dərk
etdikcə gücsüzləşirsən.
Sevirsən, sevməsəydin əzab çəkməzdin.
Bir yandan ayrılıq, bir yandan tikan kimi
ürəyinə batan
xatirələrin, bir yandan da ittihamlar...
Olacağa çarə yoxdu
deyirlər. Amma belə də yaşaya bilməzsən...
Zaman heç nəyi ovudan deyil, aldatma özünü... Nədi bəs
bunların çarəsi?
Qaçmaq? Amma içindəki
cəhənnəmdən ki
qaça bilməzsən!
Bir küncə qısılıb qalırsan...
...Bilmirəm, bəlkə əsl eşq elə belə olur?! Romantik, nağılvari hissə
heç sevgi də deyilməz. Əzabsız, göz yaşlarsız,
ayrılıqsız, ölümsüz...
eşq hekayəsi olmaz yəqin. Əfsanələrdən, dastanlardan müasir
əsərlərə kimi
hamısında məhəbbət
iztirab, ittiham, dərd, bəla, hicranla bir təsvir
olunub. Həyatda
da belədi yəqin, ona görə!
Füzulinin “Leyli və Məcnun”u
sevgi hekayələrinin,
romanlarının ən
mükəmməlidi, məncə. “Leyli və Məcnun”un
poema olması aydındı. Amma az qala hər misrasında bütöv bir hekayə, ayrı-ayrı şeirlərində isə
roman mövzusu daşıyan
əsərin janrını
necə müəyyən
edəsən?! Poema qədim
əfsanəyə əsasən
nakam eşqi təsvir edir. İlk baxışdan bəlkə
də sadədi hər şey. Sevginin qadağan olunduğu bir zamanda iki
gənc görüşür,
aşiq olurlar, böyüklər, mühit
ayırır onları,
oğlan dəli olub çöllərə
düşür, sonda
ikisi də ölürlər. Vəssalam? Bütün bu əfsanəvi, romantik, ilahi hisslərin, hadisənin içərisində Füzuli
real insan münasibətlərini;
sevinci, incikliyi, iztirabı, günahı, mübahisəni... hamısını
real təsvir edib.
Əlbəttə, bu əsərə
müxtəlif yozumlar
verib. Leylini
Allah, Məcnunun eşqini
Allaha sevgi kimi təhlil edən tədqiqatçılar
da var. Yəqin ən doğru cavabı, yozumu müəllif özü verə bilərdi, ona görə istənilən təhlil, şərh mübahisəlidi.
Amma dediyim kimi, hər
misrada, yaxud poetik dialoqlardakı real insan hisslərinin təcəssümü də
göz önündədi.
Ona görə bu dəfə seçdiyim mürəbbelərə müasir
baxışla nəzər
salmağa çalışdım.
... Leyli mühitin, valideynlərinin
təzyiqlərinə tab gətirməyib
İbn Salama ərə gedir. Əhdini pozub, günahkardı.
İncidilmiş, əzilmiş Məcnun
vəfasız yarından
“Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?” – deyə
soruşur. Məcnunun dilindən verilmiş
mürəbbedə küskün
aşiqin ittihamları,
əzabları son dərəcə
poetik cizgilərlə
əks olunur. Və burada ən maraqlı məqam Məcnunun içindəki
təzadlardı. Hələ ilk misralardan sevdiyini “Qeyr”ə (başqasına)
mehr salmaqda, lütf göstərməkdə
günahlandıran aşiq
sonrakı bəndlərdə
bunun səbəblərini
də açır.
“Ləhzə-ləhzə müddəilər
pəndini guş
eylədin,
Qana-qana
qeyr cami-şövqünü
nuş eylədin,
Varə-varə əhdü peymani
fəramuş eylədin...”
Bu misralarda Məcnun Leylini rəqiblərin sözünə, öyüdünə qulaq asmaqda, əhdini unutmaqda günahlandırır. Amma şeirin ən təsirli hissəsi “Cürmümüz noldu ki bizdən eylədin bizarlıq?” misrasıyla başlanan bəndidi... Yəqin hər bir insan xəyanət, etibarsızlıq görəndə özündə də günah axtarır və tapa bilməyəndə, o iztiraba layiq olmadığını dərk edəndə ikiqat əzab çəkir. Cürmümüz noldu ki bizdən eylədin bizarlıq – günahım nəydi ki məndən bezdin?! Sizdə adət bumudur? Böylə olurmu yarlıq? – fikirlərinin çəkisini, ağrının hansı qatından gəldiyini anlamaq, Leylinin bu suallardan düşdüyü halı təsəvvür etmək çətin deyil... Daha sonra “Yaxşı adın var ikən, döndün yaman ad eylədin, Dönə-dönə bizi ğəmnak, özgəni şad eylədin...”, “Bivəfasan! Çeşmimiz yadinlə giryan olmasın...” misralarındakı qəzəbqarışıq təəssüf də insanı təsirləndirir. Və bir anlıq Qadını, Leylini düşünürsən?! Sevgidə həm günahkar, həm xəstə, həm də dərdli olmağın çətinliyini fikirləşirsən...
... Leylinin də cavabı məhz bu ovqatdan gəlir. Halını, əzablarını bütöv, tam təsvir edən Qadın sevdiyindən “Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?” – deyə soruşur və burada əfsanəvi qəhrəmanların deyil real adamların, sevgililərin ərki, umu-küsüsü açıq hiss olunur. Və nədənsə bu dialoqda Leylinin halı daha faciəvi gəlir adama. Çünki Məcnun atılmış, vəfasızlıq görmüş idisə də, ən azından özünə, içinə, təkliyinə çəkilə, hamıdan üz döndərə bilirdi. Leylininsə dərdlərinin bir hissəsi hicran, həsrət, ayrılıq idisə, digər tərəfi sevmədiyi insana getmək, onunla yaşamaq idi. Üstəgəl etibarsızlıq etməsi və bu günahın çəkisinə dözmək! Hələ el içində rüsvayçılıq, ictimai rəy, qara yaxanlar, çəp baxanlar və s. “Mənə rüsvalığımda dustlar tən etdi, düşmən həm” – dostundan da, düşmənindən də tənə görən, “Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarim yox” – əsir olmuş, əlindən ixtiyarı alınmış, “Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm?!” – hisslərindən, dərdindən özü də baş açmayan Qadının iztirablarını bundan dəqiq demək olmazdı. Və bunların hamısının kökündə sevginin durması, dərdlərin başında eşqin dayanması ən həssas, ürək yandıran misralarla ifadə olunub: “Qəmi-eşq içrə bir dərmani yox dərdə giriftarəm”, “Əzəldən var min dərdim ki, yoxdur hiç dərmani”, “Bəlavü dərdə düşdüm ruzigarım böylə, halım bu...”, “Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman”... Leylinin dəvasız dərdindən belə dönə-dönə danışmasının səbəbi çarəsizliyidi. Nə zamanı geriyə qaytarmaq, nə keçmişdəki – İbn Salama ərə getmək kimi səhvini düzəltmək, nə gələcəyi dəyişmək imkanı yoxdur. Çıxılmazlıqdı... Dairə qapanır və Leyli yalnız sona doğru gedir. Ölümünə də səbəb budur: Dərmansız dərdi...
... Leyli ürəyində sevgi, başında isə iztirabla ölür! Günahkarlıq hissindən doğan iztirabla!
Məcnun: “Böylə olurmu yarlıq?”
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,
Qana-qana qeyr cami-şövqünü nuş eylədin,
Varə-varə əhdü peymani fəramuş eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz ğəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Çərx tək bədmehrlik rəsmini bünyad eylədin?
Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
Dönə-dönə bizi ğəmnak, özgəni
şad eylədin,
Qanı,
ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Könlümüz, minbəd, zülfünçün
pərişan olmasın,
Bağrımız ləlin həvasilə
dəxi qan olmasın,
Bivəfasan! Çeşmimiz yadinlə
giryan olmasın,
Qanı,
ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Vədeyi-vəsl ilə aldın
səbrimiz, aramımız,
Olmadı
bir gün visalından müyəssər
kamımız,
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,
Qanı,
ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Leyli:
“...Dərd artırırsan
dərdimə!”
Giriban oldu rüsvalıq əlilə çak damən həm,
Mənə rüsvalığımda dustlar tən etdi, düşmən həm.
Rəhi-eşq içrə can qıldım giriftari-bəla, tən həm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmküsarım yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarim yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Olubdur əşki-xunab ilə gülgun çöhreyi-zərdim,
Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Gəhi şövqi-vüsalü, gəh bəlayi-hicr ilə zarəm,
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm,
Qəmi-eşq içrə bir dərmani yox dərdə giriftarəm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,
Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru,
Bəlavü dərdə düşdüm ruzigarım böylə, halım bu,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhani,
Məni-bimarə mütləq olmadı bir səhhət imkani,
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmani,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Füzuli, hər zaman bir tən ilə bağrım qılırsan qan.
Əcəb bilməzmisən kim, eşqdən keçmək deyil asan?
Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
PƏRVİN
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.21.