III Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasının yekunları müzakirə edilib
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunu ilə bağlı iclas keçirilib. İclası giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev sərgi-yarmarkanın uğurla başa çatması, xarici ölkələrin bu tədbirə böyük maraq göstərməsi, kitabın ölkəmizin mədəni həyatında artan rolunun bayram səviyyəsində qeyd edilməsi, Bakının artıq bir sıra mədəni sahələrin olduğu kimi kitab sənətinin də paytaxtına çevrilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. İclasda Nazirliyin sərgi-yarmarkanın keçirilməsi ilə əlaqədar yaradılan işçi qurupu, "Rubicon" şirkətinin, reklam və təşkilatı işlərlə bağlı cəlb edilən şirkətlərin əməkdaşları, Milli Kitabxananın rəhbəri və media nümayəndələri iştirak etmişlər. Nazirin birinci müavini sərginin yekunları barədə geniş məlumat verərək bildirib ki: "Azərbaycanın kitab mədəniyyəti günü-gündən inkişaf edir. Budəfəki sərgi-yarmarkanın ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilməsi sərginin ictimai, mədəni əhəmiyyətini daha da artırırdı. Sərgi öz fəaliyyətini uğurla başa çatdırdı. Biz artıq 2015-ci ildə keçirilməsi nəzərdə tutulan IV Bakı Kitab Sərgi-Yarmarkasına hazırlaşmalıyıq. İndi biz Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkalarının keçdiyi yola nəzər salmalı, müəyyən boşluqları aradan qaldırmalıyıq. Bilirsiniz ki, bu dəfə sərgi açıq havada keçirildi, müəyyən iqlim dəyişikliyi, yağış olsa da heç bir ciddi problem yaranmadı, təbii ki, bütün bunlar tədbirə hazırlıq səviyyəsinin göstəricisidir. Bundan başqa, bu dəfəki sərgidə media nümayəndələri əvvəlki illərdə olduğu kimi sərginin işıqlandırılmasında, sərgi-yarmarkanın təbliğində əvəzsiz rol oynadılar. Sərgi-yarmarkayla əlaqədar yaradılan, üç dildə fəaliyyət gösətərən www.bakubookfair.com saytı istər dünya, istərsə də Azərbaycan kitab mədəniyyətinin, nəşr sənətinin inkişafının operativ izlənməsi, işıqlandırması baxımından uğurlu iş sayıla bilər. Saytın daimi fəaliyyəti üçün də lazım olan addımlar atılacaq. Bildiyiniz kimi, Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə bağlı tədbirlər, eləcə də Avropa Milli Kitabxanaları Konfransı (CENL) XXVII illik iclasının və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edirdi. Milli kitabxana direktorlarının, iclas iştirakçılarının, xarici ölkə nümayəndələrinin sərgimizdə aktiv iştirakı əhəmiyyətli hadisə kimi qeyd edilməlidir. Nəzərə alsaq ki, əksər ölkə nümayəndələri öz hesablarına sərgiyə qatılmışdı, bu hal ondan xəbər verir ki, Bakı Beynəlxalq Kitab Sərgisi dünya naşirlərinin, yazarlarının maraq və diqqətindədir. Dünyada məşhur olan, Frankfut, İstanbul, Paris, London, Moskva və s. kimi böyük kitab sərgilərinin sırasına Bakının da adının əlavə olunması bizi sevindirir. Sonda bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, iştirakçısı olduğumuz beynəlxalq kitab sərgilərinin ənənələrini öyrənməli, gələcək tədbirlərimizdə uğurlu ənənələrin təmsilçisinə çevrilməliyik. Bir daha III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının uğurla başa çatdırılması münasibəti ilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm".
S.Abdullayeva
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.17.